Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir.
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün,idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırkı dövrdəmillidəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir.
Hazırkı vaxtda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların məşğulluq və maraq dairəsi, ilbəil təkmilləşən texniki informasiya vasitələri ilə məlumatlanmaq imkanları genişlənsə də, mütaliə inkişafetdirici amillər arasında öncül mövqeyini saxlamaqdadır.
Bununla belə, aparılan pedaqoji müşahidələr və təhlillər göstərir ki, son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləmişdir. Bununla əlaqədar şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.
Qeyd olunanlara əsasən, ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə istiqamətləndirilməsi işində səmərəli sistemin yaradılması məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki:
1.1.Bu əmrin məzmununun pedaqoji kollektivlərə çatdırılmasını təmin etsinlər.
1.2.Aşağıda qeyd olunan istiqamətlər əsasında şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb icrasını təmin etsinlər:
- hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanması;
- məktəb kitabxanalarının yeni nəşrlərlə zənginləşdirilməsi, bunlarda dərs ili ərzində bədii əsərlərin oxusunun və müzakirəsinin təşkili;
- məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş yazıçıların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onların bu əsərləri mütaliə etməyə istiqamətləndirilməsi;
- şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşlərinin keçirilməsi, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılması, müvafiq təbliğat işlərinin həyata keçirilməsi;
- şagirdlərin oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşalarına aparılması və onların müzakirəsinin keçirilməsi;
- oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələrinin təşkili;
- şagirdlər tərəfindən oxunan və tamaşa olunan əsərlərin onların iştirakı ilə müzakirəsinin keçirilməsi, bu əsərlər əsasında yuxarı sinif şagirdlərinin təəssürat, rəy və mülahizə xarakterli inşa yazmalarının təşkil edilməsi;
- məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsi;
- məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqinin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət mühitinin yaradılması;
- mütaliə etdikləri kitablar barədə rəy və mülahizələrinin digər həmyaşıdları ilə onlayn mühitdə paylaşmalarına şagirdlərin istiqamətləndirilməsi və bununla əlaqədar onlara lazımi mənəvi və texniki dəstək göstərilməsi;
1.3.Əmrin yerinə yetirilməsinin gedişi barədə 2015-ci ilin aprelində Nazirliyə hesabat göndərsinlər.
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) bu əmrlə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin təmin olunması istiqamətində davamlı təşkilati işlər həyata keçirsin, təqdim edilən hesabatların təhlilini aparıb müvafiq təkliflər hazırlasın.
3. İqtisadiyyat şöbəsi (R.Orucov), Əsaslı tikinti və təchizat idarəsi (A.Axundov) ümumtəhsil məktəb kitabxanalarının davamlı olaraq bədii əsərlərlə zənginləşdirilməsi üçün müvafiq ədəbiyyatın alınmasını təmin etsinlər.
4.İnformasiya şöbəsi (E.Əliyev) şagirdlərin mütaliəsi işinin təşkili ilə bağlı görülən tədbirlərin KİV-lərdə işıqlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5.Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
16 dekabr 2014-cü il
№1279
0 коммент.:
Отправить комментарий