09.12.2015

Müasir tərbiyə sistemində yeniliklərin tətbiqi

Pedaqogikada tərbiyə anlayışının məzmununu qısaca aydınlaşdırsaq, xüsusi vurğulamalıyıq ki, tərbiyə şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesidir.Tərbiyə dialektik prosesdir. Bu, onun fasiləsiz inkişafında, dinamikliyində, dəyişkənliyində özünü göstərir.Tərbiyə prosesi müəyyən səbəblərə uyğun olaraq inkişaf edir. O, şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq dəyişir, müxtəlif şəraitlərdə və konkret situasiyalarda başqa cür olur. Elə olur ki, eyni tərbiyəvi vasitə bir şəraitdə şagirdlərə güclü, digər şəraitdə isə zəif təsir göstərir. Tərbiyə prosesinin dialektikası onun daxili və xarici ziddiyyətləri ilə bağlıdır. Məhz bu ziddiyyətlər tərbiyə prosesinin fasiləsiz baş verməsi üçün zəruri olan qüvvəni yaradır. Daxili ziddiyyətlər şəxsiyyətin təşəkkülünün bütün mərhələlərində özünü göstərir. Bunlar şəxsiyyətdə yeni yaranan tələbatlarla onları ödəmək imkanları arasında ziddiyyətlərdir. Bu zaman yaranan uyğunsuzluq insanı öz təcrübəsini genişləndirməyə, yeni biliklərə və davranış formalarına yiyələnməyə, yeni norma və qaydaları mənimsəməyə sövq edir. Burada hər şey şəxsiyyətin fəaliyyətindən, fəallığından və həyat mövqeyindən asılıdır. Xarici ziddiyyətlər də tərbiyə prosesinin istiqamətinə və nəticələrinə güclü təsir edir. Məsələn: ailə ilə məktəb arasında ziddiyyətlər tərbiyə prosesinə olduqca mənfi təsir göstərir. Tərbiyə prosesinin düzgün təşkili demək olar ki, qlobal problemə çevrilib. Müasir dövrdə ümumilikdə bütün dünyada ekoloji tarazlığın pozulması, urbanizasiya prosesləri ilə bağlı uşaqların ünsiyyət sferasının daralması tərbiyədə ciddi problemlərin üzə çıxmasına səbəb olur. Müasir sivilizasiya gənclər arasında bədbinlik, antihumanizm yaratmaqla yanaşı, onların etik və mənəvi səviyyələrini aşağı salır.Yeniyetmələr arasında narkomaniya, alkoqolizm, əxlaqsızlıq, cinayətkarlıq günü-gündən artır. Böyüyən nəslin, gənclərin mənəvi inkişafındakı bu nöqsanlar bir çox amillərin təsiri ilə yaranır ki, onların da arasında tərbiyə prosesindəki çatışmazlıqları xüsusi qeyd etmək lazımdır. Bəs bu problemin həlli yolları varmı? Varsa nədir? Sözsüz ki, tərbiyənin əsas stimullaşdırıcı tərəfi, tərbiyə-təlim-təhsil prosesinin birgə vəhdət təşkil etməsi prosesini təmin etməkdir. Sözsüz ki, illərdən bəri pedaqogika elminə məlum olan müxtəlif tərbiyəetmə üsul və vasitələri mövcuddur. İstər dərs prosesində, istərsə də dərsdənkənar tərbiyənin müxtəlif forma və metodları pedaqoqlar, müəllimlər tərəfindən tətbiq olunur. Lakin müasir dövrdə dövrün tələblərini və zəmanə gənclərinin, böyüyən nəslin istək və maraqlarına uyğun tərbiyə üsullarının seçilməsi ən aktual məsələdir.
Bu gün artıq bəzi tərbiyə problemlərinin həllinə İKT-nin tətbiqi ideyası praktiki texnologiya səviyyəsinə çatmışdır. Hal-hazırda tədris prosesində İKT-nin tətbiqi ilə əldə olunan müsbət nəticələr, təlimin keyfiyyətinin yüksəldilməsi ilə eyni zamanda şagirdlərin maraq dairələrini daha çox cəlb etməkdə və onları komputerdən səmərəli istifadəyə yönəltməkdədir. Bu baxımdan artıq mütəxəssislərin fikrincə proqramlaşdırmanın və komputerləşdirmənin nəzəri və praktik cəhətdən tərbiyə prosesinə tətbiqi vaxtı da çoxdan yetişmişdir. Bu gün artıq bəzi tərbiyə problemlərinin həllinə İKT-nin tətbiqi ideyası praktiki texnologiya səviyyəsinə çatmışdır.  
Komputerin köməyi ilə tərbiyə texnologiyasının əsasında tərbiyəvi təsirlərin dəqiqliyi, özünütərbiyənin xarici təsirlə uyğunlaşdırılması, tərbiyə prosesinin gedişinə vaxtında kömək və onun korreksiya edilməsi durur. İnsan tərbiyəliliyin real faydasını görəndə tərbiyəli olmağa çalışır. Sırf buna görə də tərbiyə prosesini təşkil edəndə bu vasitədən bacarıqla istifadə etmək, prosesi şagirdlərin şəxsi tələbatlarının ödənilməsinə yönəltmək lazımdır. Bu zaman iki mühüm prinsip meydana çıxır: 1)Tərbiyənin şəxsiyyət yetişdirmək istiqamətində qurulması;  
2)Şagirdin müstəqil fəaliyyəti  
Birinci prinsipin mahiyyəti belədir: insan bu və ya digər bir şeyin özü üçün vacibliyini, əhəmiyyətini hiss etməsə, ona laqeyd münasibət bəsləyəcəkdir. Əgər biz müvəffəqiyyət qazanmaq istəyiriksə, həmin keyfiyyətin şagird üçün əhəmiyyətini göstərməliyik. Onu inandırmaq lazımdır ki, əgər o, təhsilli, ziyalı insan olsa, mütləq uğur qazanacaqdır.  
İkinci prinsipin mahiyyəti belədir: məktəb tərbiyəsi şagirdi fəaliyyətlə, terminlərlə lazimi həcmdə təmin etməlidir. Buna tərbiyəvi işləri, situasion oyunları təşkil etməklə nail olunur. Məhz komputer texnologiyaları bu prinsipləri həyata keçirmək üçün əlverişli şərait yaradır. Uşaq hiss edir ki, elektron tərbiyənin yeganə və başlıca qəyyumu yalnız özüdür. “Elektron müəllim” şagirdi situasiyalardan çıxış yolunu axtarmağa, baxışları, fikirləri, hissləri saf-çürük etməyə, davranışın müxtəlif variantlarını seçməyə və yoxlamağa, həmin anda bu və ya digər hərəkətlərin nəticələrini görməyə məcbur edir. Göründüyü kimi, bu gün tərbiyə işinin düzgün qurulması üçün müəllimlərin və valideynlərin əlində güclü bir vasitə var. Komputer və müxtəlif proqramlaşırmaların tərbiyə prosesinə tətbiqi tərbiyənin şəxsiyyət yetişdirmək istiqamətini həyata keçirməyə imkan verir. Gülnaz ƏLİYEVA, AMİ Zaqatala filialının Humanitar fənlər kafedrasının baş müəllimi


0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.