Əsl Azərbaycan (türk) sözləri və alınma sözlər haqqında ilkin məlumatla şagirdlər orta məktəb kursunda V sinifdə tanış olurlar. X sinifdə isə bu məlumat
bir qədər də dərinləşmiş şəkildə yenidən tədris olunur. Çox zaman şagirdləri maraqlandıran bir sıra suallar meydana çıxır: İndi belə zəngin olan dilimiz qədimdə necə olmuşdur? Onun keçmişini, daha doğrusu, qədim mənzərəsini öyrənmək olarmı? O, necə zənginləşmiş və inkişaf etmişdir? Dilin tarixi ilə insan cəmiyyətinin tarixi arasındakı əlaqə nə ilə izah olunur?
Şagirdlərlə birgə apardığım araşdırmaları sizinlə də bölüşmək istəyirəm.
Vaxtilə dilimiz yoxsul olmuşdur. Qədimdə ana dilimiz bu gün işlətməkdə olduğumuz sözlərin bir qismindən məhrum idi.
Dilimizdə işlənməkdə olan pəncərə sözünü götürək. Uzaq keçmişdə evlər pəncərəsiz olduğu üzündən həmin sözü babalarımız işlətməmişlər. O zaman insanlara ev və qapı sözləri məlum idi. Bütün xalqlarda ibtidai evlərin ancaq qapısı vardı. Sonralar pəncərəyə kəskin ehtiyac hiss olunduğundan pəncərə və onu ifadə etmək üçün müstəqil söz yaranır. Fars dilində bu söz pənc (beş) və arə (ara) kimi müstəqil sözlərə parçalanır. Əvvəllər istiot insanlara məlum deyildi. O, xalqın məişətinə girəndən sonra həmin mədəni bitkini adlandırmaq üçün ehtiyac doğur. Burada sözün özünün xüsusiyyəti köməyə gəlir, yəni acı, yandırıcı olduğu üçün ona məlum olan isti sifətini əlavə etməklə yeni məfhum alınır. Deməli, dil meydana çıxmaqda olan yenilikləri əks etdirir. Qədimdən bu günə qədər xalqımız bir sıra xalqlarla əlaqə və münasibətdə olmuşdur. Buna uyğun olaraq dilimizə başqa dillərdən bir sıra sözlər keçmişdir. Samovar sözü rus dilindən alınmışdır. Rus dilində onun mənası öz-özünə qaynayan (само-вар) deməkdir. Dilimiz başqa dillərdən söz almaqla zənginləşir. Sual yaranır ki, niyə biz başqa dillərdən sözlər götürürük? Məgər dilimizdə onları ifadə etmək üçün sözlər əmələ gələ bilməzdimi? Bəli, əmələ gələ bilərdi. Vaxtilə torpaqlarımızda zəfəran yetişmirdi. Onu tacirlər Ərəbistandan gətirərdilər. Zəfəranla bərabər onu bildirən söz də hazır şəkildə dilimizə gəlir. Xalq onu ifadə etmək üçün başqa bir sözə ehtiyac hiss etmir. Beləliklə, zəfəran sözü dilimizə daxil olur. Bizim ana dilimizdə ən çox ərəb, fars və rus dillərindən keçmiş sözlər vardır. Onlar xalqımız tərəfindən qəbul olunaraq işlənir. Alınma sözlər dilə daxil olan ilk dövrlərdən dilimizin xüsusiyyətlərinə uyğunlaşmışdır. Bizdə olan adam (adəm), mağaza (maqazin), qəzet (qazeta), maşın (maşina), rezin (rezina), vedrə (vedro), fayda (faidə), qayda (qaidə) və s. kimi sözlər dilimizin quruluşuna uyğun şəkildə tələffüz olunur. Bu sözlər get-gedə işlənərək dilimizin doğma sözlərinə çevrilir, daha doğrusu, dilimizdə vətəndaşlıq hüququ qazanır. Dilimizdə ilk baxışda bizə rus sözləri kimi görünən, lakin əslində rus sözləri olmayan bir sıra sözlər də vardır. Məsələn: “курорт “ sözü alman dilinə məxsus kur və ort sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, bunun da mənası müalicə yeri deməkdir. Alman dilində belə bir sadə mənası olan bu söz rus dilində və bizim dilimizdə başqa mənada işlənir, yəni onun mənası bir qədər genişlənmişdir. Dilimizdə işlənməkdə olan pomidor sözünün rus dilindən alındığına şübhə yoxdur. Təəccüblü burasıdır ki, həmin söz rus dilinə italyanlardan keçmişdir. İtalyanların dilində pomidor sözü vaxtilə iki sadə və müxtəlif mənalı pomi (qırmızı) və doro (alma) sözlərinin birləşməsindən alınmışdır, yəni qırmızı alma. Həm bizim dilimizdə, həm də rus dilində karandaş sözünün işləndiyini hamımız bilirik. Keçmişinə görə karandaş mürəkkəb sözdür. O, qara və daş sözlərinin birləşməsindən əmələ gəlmişdir. Vaxtilə ruslar karandaş ixtira edildiyi zaman bizim dilimizdən qara daş ifadəsini götürərək işlətmişlər. Həmin sözlərdən alınan söz onların dilində yeni məna vermişdir. Ay adları ilə də bağlı maraqlı mülahizələr var. Onlar əvvəllər Roma təqviminə aid olmuş, sonralar bütün dünyaya yayılmışdır. Yanvar ayını bildirən söz Romada hər bir başlanğıcın allahı Yanusun adından alınmışdır. Bu ayın birinci günü Yanusa həsr edilərdi. Fevralın adını bildirən sözün mənası təmizlik ayı deməkdir. Həmin ayın ortasında romalılar yazın gəldiyi üçün bayram keçirərdi. Mart Romanın müharıbə allahı Marsın adındandır. Aprel ayının adı latın dilindəki aparire felindən əmələ gəlmişdir ki, bu da açmaq mənasını verir. Həmin ayda Romada yaz açılarmış. May romalıların yaz ilahəsi Mayinin adından götürülmüşdür. İyun adının əmələ gəlməsi haqqında iki rəvayət var. Birinci rəvayətə görə, o, kəbin və doğum hamisi olan Roma ilahəsi Yunonun adındandır. İkinci rəvayətə görə, iyunun adı ilk Roma konsullarından biri olan Yuni Brutun adı ilə əlaqələndirilir. İyul ilk dəfə köhnə təqvimi islah etmiş Roma imperatoru Yuli Sezarın adı ilə bağlıdır. Yuli Sezar həmin ayda anadan olmuşdu. Avqust ayını bildirən söz Roma imperatoru Avqustun adındandır. Sentyabr ayının adı latın dilində yeddini bildirən septem sözündəndir. Sentyabr mart ayından başlayan qədim Roma təqviminin yeddinci ayı idi. Oktyabr latın sözü olan okto (səkkiz) sözündən əmələ gəlmişdir. Həmin ay qədim Roma təqvimində səkkizinci ay sayılırdı. Noyabr latınca doqquzu bildirən novem sözündəndir. Vaxtilə noyabr ilin doqquzuncu ayını bildirərdi. Dekabr ayının adı isə latın dilində desem (on) sözündəndir. Keçmişdə həmin ayda ilin onuncu ayı bildirilirdi. Dünyada elə bir dil yoxdur ki, onun lüğət tərkibində bu və ya digər dərəcədə alınma sözlər olmasın. Bütün dillərdə alınma sözlərə təsadüf edilir. Eyni zamanda bir sıra dillər dolayı yollarla öz sözlərini başqa dillərə verir. Söz götürmə və söz vermə ancaq bir-birilə qonşuluqda və münasibətdə olan dillərə deyil, uzaq dillərə də aiddir. Bəzi sözlər başqa dillərdən gələrkən dilimizdə öz ilk mənalarında deyil, yeni mənada işlənir. Dilimizdə olan afərin sözü fars dilindəki afəridən felindəndir, mənası yaratmaq, xəlq etmək deməkdir. Fars dilində afərin sözü yaradan, xaliq mənalarını verir. Bizim dilimizdə isə o, başqa mənada işlənir. Azar sözü fars dilində azurdən felinin köküdür. Həmin dildə o, təhqir, qəm, qüssə mənalarında işlənir. Bizim dilimizdə isə azar sözü xəstəlik mənasını verir. Azərbaycan dilində ləyaqət, bacarıq mənasında işlənən dəyanət sözünün kökü din sözü sayılır. Dəyanət sözü ərəb dilində isə dini qaydaları düzgün və dəqiq yerinə yetirməyi bildirir. Bizim dilimizdə isə o, yeni məna ifadə edir. Belə qəribə keçmişi olan sözlər dilimizdə çoxdur. Bir dildə müəyyən məna verən söz başqa dilə keçdikdə bəzən ilk mənasını itirir. Rus dilinə keçmiş elə türk sözləri var ki, onların izah edilməsinə ehtiyac duyulmur. Məsələn: айва – heyva, арбуз – qarpız, караул – qaravul, очак – ocaq, туман – duman, кочевать– köç etmək və s. Bunlar özlüyündə aydındır. İndi isə geniş açıqlama tələb edən sözlərin izahına başlayırıq. 1. Rusca “таскать” sözü türkcə “taşımaq” (daşımaq) sözü ilə bağlıdır. Rusca “тащи”, türkcə “daşı” (“taşı”) – “çək apar” sözlərini tutuşduraq. “Dəyirmana dən daşı” deyimi bəllidir. 2. Rusca “сунуть” sözü türkcə “sunmaq” (uzatmaq, təqdim etmək, vermək) sözü ilə bağlıdır. Böyük Füzuli deyir: “Saqiya, cam sun ol aşiqə kim, qayğuludur”. 3. Rusca “тыль” sözü türkcə “arxa” mənasında işlədilən “dal” (tal, tıl) sözü ilə bağlıdır. “Daldan atılan daş topuğa dəyər” məsəli bəllidir. 4. Rusca “толстый” sözü türkcə “dolu-tolu” (kök, dolğun, yoğun) sözü ilə bağlıdır. 5. Rusca “сыпать” sözü türkcə “səpmək” sözü ilə bağlıdır. 6. Rusca “бок “ sözü türkcə “bögür”(əsli: bokur) “böyür” sözü ilə bağlıdır. 7. Rusca “искра” (qığılcım) sözü türkcə “isti sözünün qədim şəkli sayılan “issık” (issıkraq –isticə, ən isti) sözü ilə bağlıdır: issıkraq – iskra. Qığılcım odun zərrəsi, çınqasıdır. Qırğızıstandakı İssıkkul (İstigöl) gölünün adı bəllidir.
8. Rucsa “пища” sözü türkcə “bişmə” (bişmiş) sözü ilə bağlıdır: (b-p əvəzlənməsi)
Tutuşduraq: baba-papa.
9. Rusca “чертеж” sözü türkcə “çərtmək” (cızmaq) sözü ilə bağlıdır. “Çərtmək”
sözünə feldən isim düzəldən “-ış” şəkilçisi artırıldıqda “çərtiş” (çertiş) sözü
yaranmışdır. Ruslar “çertiş” sözünü deyilişdə “çertej” şəklinə salmışlar:
чертиш- чертеж.
10. Rusca “кусок” sözü türkcə “kəsik” sözü ilə bağlıdır.
11. Rusca “гореть” (yanmaq), “горячий”(isti, qaynar) sözü türkcə “qor”
(odun qoru-qığılcım) sözü ilə bağlıdır. Qədim türklər ildırım tanrısını Quar
adlandırmışlar. “Quar” sözünün “qor” şəklinə düşməsi təbii sayılmalıdır.
12. Rusca “крайний” sözü türkcə “qıraq” (kırak) sözü ilə bağlıdır.
13. Rusca “платить” (ödəmək) sözü türkcə “pul atmaq” deyimi ilə bağlıdır. “Pul
atmaq”, “pul saymaq” deyimlərini “ödəmək” mənasında anlamalıyıq.
14. Rusca “область” (vilayət) sözü türkcə “oba” , “obalaştı” sözü ilə bağlıdır.
“Elim-obam” deyimi bəllidir.
15. Rusca “пост” sözü türkcə “pusmaq” (güdmək) sözü ilə bağlıdır. Post – “pusqu
yeri”, “güdük yeri” deməkdir. Rusca “post” sözü orucluq, pəhriz (əsli:pakriz)
mənası da bildirir. Oruc – post tutan adam öz nəfsi üzərində nəzarəti
gücləndirir. Oruc tutan adam öz nəfsinin istəklərini cilovlamaqla Tanrıya
yaxınlaşır.
Alınma sözlərin əksəriyyətinin elmin müxtəlif sahələrinə aid olan terminlərdən ibarət olduğunu bilirik. Elmin inkişafı yeni anlayışların yaranmasına səbəb olur.
Milli təhsilimizin beynəlxalq sistemə inteqrasiya etməsi dilimizin yeni təhsil terminləri ilə zənginləşməsinə səbəb olur. Bir sıra yeni termin və anlayışlar var ki, onlar Azərbaycan dilinin leksikasında hələ tam sabitləşməmişlər.
Müasir milli təhsil prosesində istifadə edilən termin və anlayışların bəzilərinin tərcüməsi və izahını da sizlərə təqdim etmək istəyirəm.
1. Blum təsnifatı – Bilik, anlama, tətbiqetmə, təhlil, sintez və dəyərləndirmə kimi
dərketmə proseslərinin iyerarxiyasını təsvir etmək üçün Benjamin Blum
tərəfindən təklif edilmiş ardıcıl nizamlanmış sxem.
2. Dekonsentrasiya – səlahiyyətlər və məsuliyyətlərin idarəetmə sistemində
müxtəlif səviyyələri arasında bölünməsi və yuxarıdan aşağıya doğru
paylanılması.
3. Diaqnostik test – Güclü, yaxud zəif cəhətlərin müəyyənləşdirilməsi və təhlili
üçün tətbiq olunan test. Təhsildə problemləri olan şagirdlərin müəyyənləşdirilməsi
məqsədi güdən diaqnostik testin nəticələrinə əsaslanaraq problemin aradan
qaldırılması istiqamətində tədbirlər görülür.
4. Didaktik təlim – Nəqletmə vasitəsilə təlim. Didaktik təlim prosesində müəllim
şagirdə mövzu üzrə nə düşünməli olduğunu çatdırır. Şagirdin vəzifəsi isə
müəllimin dediklərini yadda saxlamaq və tələb olunanda ondan istifadə etməyi
bacarmaqdır.
5. Disleksiya – oxu qabiliyyətinin pozulması – Oxu, yazı, orfoqrafiya və s.
sahəsində bir-birinə təsir edən çətinliklərin birləşməsi. Bu çətinliklər sürətdə,
qısamüddətli yaddaşda, uzlaşmada, dinləmə və görmə qabiliyyətində, nitqdə
və s. görünə bilər.
6. Distant təhsil – Tədris prosesinin virtual rejimdə, ayrı-ayrı məkanlardan
müəllim və şagird arasında informasiya texnologiyalarının köməyi ilə
yazışmalar əsasında təşkil olunduğu formal təhsil üsulu.
7. Esse (Kiçik inşa testi) – Bu janrda yazılan əsər müəyyən qədər etiraf, (xatirədəki
kimi) müəyyən qədər düşüncə (məqalədəkitək) və müəyyən qədər də təhkiyəni
(hekayə kimi) özündə cəmləşdirir. Esseni xarakterizə edən prinsipial cəhət onun
bu cür janrdankənar xüsusiyyətidir. Göstərilən janrlara xas hər hansı əlamətin
üstünlüyü essenin asanlıqla xatirəyə, məqaləyə və ya hekayəyə çevrilməsinə
gətirib çıxarır.
8. Formativ qiymətləndirmə - tədris prosesi zamanı baş verən qiymətləndirmə
növüdür. Formativ qiymətləndirmə müəyyən olunmuş göstəricilər əsasında
şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini müəyyənləşdirməyə
imkan yaradır və tədris prosesinin düzgün istiqamətləndirilməsinə kömək edir.
Formativ qiymətləndirmə zamanı şagirdin daha irəliyə addım atması üçün
müəllimlər tərəfindən ehtiyaclar müəyyənləşdirilir.
9. İnnovasiya – müxtəlif təşəbbüs və elmi tədqiqatlar əsasında formalaşan
mütərəqqi xarakterli, səmərəli yenilik və ixtiralar.
10. Kampus – müvafiq maddi-texniki baza və infrastruktura malik tələbə şəhərciyi
strukturunda təhsil kompleksi.
11. Karusel metodu – Bu üsula Fırlanğıc (Karusel) Metodu adının verilməsi, bir
neçə şagird və ya tələbədən ibarət işçi qrupların müəyyən bir məsələnin həlli
üzərində növbə ilə işləyərək öz rəylərini ifadə etməsi ilə izah edilir. Məqsəd –
müzakirələrdə bütün şagirdlərin fəal iştirakını təmin etməklə daha çox nəticələr
əldə etməkdir.
12. Kommunikativ yanaşma – Səhvlərin düzəldilməsindən daha çox fəal
ünsiyyətə cəlb etmə prinsirinə əsaslanan, həmçinin xarici dillərin tədrisi zamanı
geniş istifadə edilən öyrətmə üsulu.
13. Kurikulum –mənşəcə latın sözü olub, lüğəvi mənası “yol”, “istiqamət”
deməkdir. Kurikulum təlim-tədris prosesilə bağlı bütün fəaliyyətlərin təşkilini
əks etdirən konseptual sənəddir.
14. Portfolio(Qovluq) – Dərs ili ərzində öyrənən və öyrədənin fəaliyyətinə,
təhsildə və şəxsi yaradıcılıqda əldə etdiyi nailiyyətlər, eyni zamanda
uğursuzluqlara dair materialları, müəyyən tapşırıqları, fərdi işləri əks etdirən
sənədlər toplusu. Qiymətləndirmə alternativ üsul kimi həmin məsələlər və
sənədlər üzrə də aparıla bilər.
15. Mentor – Təhsil müəssisələrində pedaqoji təcrübə keçən tələbə-müəllimlərə,
həmçinin pedaqoji fəaliyyətə yeni başlayan müəllimlərə kömək üçün təhkim
edilən bilikli və təcrübəli məsləhətçi-müəllim.
16. Resurs mərkəzi – Audio-vizual materialların nümayişinə imkan yaradan texniki
vasitələrə, çap və digər materiallar toplusuna, müəyyən məlumat bazasına
malik olan mərkəz.
17. Sertifikat – İmtahan nəticələri əsasında tədris kursunun məzununa təqdim
edilən və onun təhsil nailiyyətlərini təsdiqləyən rəsmi sənəd.
18. Standartlar – Şagird nəticələrinin keyfiyyətini, təlim-tədris metodları və
proqramını dəyərləndirmək üçün istifadə olunan razılaşdırılmış meyarlar və
normalar.
19. Treninq (təlim) – Müəllim və ya hər hansı bir şəxsin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü təhsilvermə və tərbiyəvermə prosesi. Bu proses
öyrədən və öyrənənin qarşılıqlı fəaliyyətinin vəhdətinə əsaslanır.
20. Ziqzaq – Birgə öyrənmə strategiyası. İlk mərhələdə öyrənənlər təcrübəli qrupda
iştirak edərək fənnin ayrı-ayrı aspektləri haqqında öyrənir, öz komandalarına
qayıdaraq əldə etdikləri məlumatı qrupun hər bir üzvü ilə paylaşır və onu
ümumi məqsəd üçün tətbiq edirlər.
Sınaq və qəbul imtahanlarında alınma sözlərlə bağlı test tapşırıqlarında bəzən şagirdlər çətinlik çəkirlər. Bu məqsədlə bir neşə testn izahını verməyi də məqsədəuyğun hesab edirəm.
TEST 1. Alınma sözlərdən ibarət cərgəni göstərin:
A) Ramiz, şahin, biz
B) təşkil, duyğu, hörgü
C) inanc, nəzm, bahar
D) şagird, alim, pəncərə
E) gömgöy, briqada, namaz
İzahı: Şagird bilməlidir ki, sadə fellər, əvəzliklər (filan, bəzi və s.istisna olmaqla), rəng bildirən sifətlər, saylar (həştad, milyon, milyard və trilyon istisna olmaqla) milli mənşəlidir. A bəndində biz, B bəndində duyğu, hörgü, C bəndində inanc,
E bəndində gömgöy sözləri milli mənşəli sözlər olduğu üçün həmin bəndlər kənarlaşır. D bəndindəki sözlər isə alınmadır. Şagird və alim sözlərində ahəng qanunu pozulmuşdur. Pəncərə sözü fars mənşəli, öz sözlərimizdən seçilməyən alınma sözdür. Doğru cavab: D bəndi
TEST 2. Hansı misradakı sözlərin hamısı alınmadır?
A) Adam gərək görsün həqqi aradə. (M.P.Vaqif)
B) Mədənisən felin, nazü qəmzənin.(Q.Zakir)
C) Bülbül mənim əfqanimə qatlanmadı, uçdu. (Q.Təbrizi)
D) Tanrı səni xoş camala yetirmiş. (Qurbani)
E) Durna uçuban həvaya düşdü. (Ş.İ.Xətai)
İzahı: Bu test tapşırığında şagirdlərin fikrini fellərə yönəltmək kifayətdir. A, C, D, E variantlarında olan fellər həmin misrada milli mənşəli sözlərin olduğunu göstərir. B variantı isə tamamilə alınma sözlərdən ibarətdir.
Doğru cavab: B bəndi.
TEST 3. Əsl Azərbaycan sözlərindən ibarət cərgəni göstərin.
A) narazı, nainsaf, naşükür
B) bisavad, baməzə, narahat
C) yurd, torpaq, oğul
D) bixəbər, zülmkar, zalım
E) katib, kitabxana, Rəna
İzahı: Bu test tapşırığı da şagirddən diqqət istəyir. Belə ki, dilimizdə olan ön şəkilçili sözlər ( nakişi, nadinc və natəmiz istisna olmaqla) A, B, D variantlarında işlənib. Deməli, alınma söz var. E variantındakı katib, Rəna sözləri uzun tələffüz olunan, kitabxana isə həm ahəng qanununa tabe olmayn, həm də 1 cür yazılan alınma şəkilçisi olan sözdür.
Doğru cavab: C bəndi.
Alınma sözlərin bir çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək dili korlamağa aparıb çıxarır.
Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərini buna ən gözəl sübut kimi göstərə bilərik.
İstifadə olunan mənbə:
1.Ş.Sədiyev . “Dil haqqında hekayələr”.
2.Təhsil lüğəti. Bakı 2011
3. ABİTYRİYENT. Azərbaycan dili. Test bankı I hissə 2001
4.Məmməd Elli “Rus dilində türk sözləri” məqaləsi.
0 коммент.:
Отправить комментарий