16.12.2015

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 29 aprel tarixli 82 nömrəli 
qərarı ilə təsdiq edilmişdir



1. Ümumi müddəa

Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmışdır və ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasını tənzimləyir.

2. Ümumi təhsil haqqında dövlət sənədləri

2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.  
2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 
- ümumi orta təhsil haqqında şəhadətnamə (adi və xüsusi nümunəli);    
- tam orta təhsil haqqında attestat (adi və xüsusi nümunəli). 
2.3. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil haqqında adi şəhadətnamə verilir. 
2.4. Tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.

3. Şəhadətnamənin və attestatın nümunəsi

3.1. Şəhadətnamənin təsviri:
şəhadətnamə 10x14sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunur. Ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamənin üzlüyü qırmızı, ümumi orta təhsil haqqında adi şəhadətnamənin üzlüyü isə yaşıl rənglidir. Şəhadətnamənin üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissə-sində isə "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ŞƏHADƏTNAMƏ" və ya "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ŞƏHADƏTNAMƏ" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinin ortasında Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri həkk olunur. Şəhadətnamənin sol səhifəsinin yuxarı hissəsində qara rənglə "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA ŞƏHADƏTNAMƏ" və ya "ÜMUMİ ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ŞƏHADƏTNAMƏ" sözləri, şəhadətnamənin seriyası və nömrəsi yazılır. Ümumi orta təhsil haqqında adi şəhadətnamənin sağ aşağı kənarında, ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamənin isə sol aşağı kənarında möhür yeri və şəhadətnamənin verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra hər iki tərəfdə mətn ümumi orta təhsil haqqında adi şəhadətnamənin və ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamənin nümunələrində göstərilən formada yerləşdirilir (1 və 2 nömrəli əlavələr). 
3.2. Attestatın təsviri: 
attestat 10x14sm ölçüdə, üz qabığı dermantin materialdan olan kitabça şəklində çap olunur. Qızıl medal ilə təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medal ilə təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), tam orta təhsil haqqında adi attestatın üzlüyü isə yaşıl rənglidir. Attestatın üz qabığının yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT" və ya "TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT" sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinin ortasında Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri həkk olunur. Attestatın sol səhifəsinin yuxarı hissəsində qara rənglə "TAM ORTA TƏHSİL HAQQINDA ATTESTAT" və ya "TAM ORTA TƏHSİL HAQQINDA XÜSUSİ NÜMUNƏLİ ATTESTAT" sözləri, attestatın seriyası və nömrəsi yazılır. Tam orta təhsil haqqında adi attestatın və gümüş medal ilə təltif olunan məzunlar üçün nəzərdə tutulmuş xüsusi nümunəli attestatın sağ aşağı kənarında, qızıl medal ilə təltif olunan məzunlar üçün nəzərdə tutulmuş xüsusi nümunəli attestatın isə sol aşağı kənarında möhür yeri və attestatın verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra hər iki tərəfdə mətn tam orta təhsil haqqında adi attestatın və ya tam orta təhsil haqqında xüsusi nümunəli attestatın nümunələrində göstərilən formada yerləşdirilir (3, 4 və 5 nömrəli əlavələr).
3.3. Şəhadətnamədə və attestatda nömrələnmə A № 000001-dən başlayaraq, hər dəfə bir say artmaqla çap edilir. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsində əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.

4. Şəhadətnamənin və attestatın hazırlanması, saxlanılması və doldurulması

4.1. Şəhadətnamənin və attestatın nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap olunur.
4.2. Şəhadətnamə və attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.
4.3. Şəhadətnamənin və attestatların uçotu Azərbaycan Respub-likasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində aparılır və onlar ciddi hesabat sənədləri kimi saxlanılır.
4.4. Şəhadətnamənin və attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisələrinin direktorları (müdirləri) məsuliyyət daşıyırlar.
 Ümumi təhsil müəssisələrində şəhadətnamənin və attestatın alınması, qeydiyyatı, saxlanılması, uçotunun aparılması üçün ümumi təhsil müəssisəsinin direktoru (müdiri) tərəfindən məsul şəxs təyin edilir.
4.5. Şəhadətnamənin və attestatın alınması və istifadəsi barədə məlumatlar ümumi təhsil müəssisələrində saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ümumi təhsil müəssisələrinin direktoru (müdirləri) tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan şəhadətnamə və attestatın qeydiyyatı aparılır. 
4.6. Şəhadətnamə və attestat kalliqrafik xətlə qara tuşla yazılır. Şəhadətnamədə və attestatda düzəlişə və qaralamalara yol verilmir. Şəhadətnamənin və attestatın möhür üçün ayrılmış yerində ümumi təhsil müəssisəsinin möhürü vurulur. Möhür aydın oxunmalıdır.
Doldurulan zaman korlanmış şəhadətnamə və attestat aktlaşdırılır və silinməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qaytarılır.
4.7. Şəhadətnamədə və attestatda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.
4.8. Şəhadətnamədə və attestatda ümumi təhsil müəssisəsinin adı onun Nizamnaməsinə uyğun yazılır.

5. Şəhadətnamənin və attestatın verilməsi

5.1. Şəhadətnamə və attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə verilir.
5.2. Şəhadətnamənin, attestatın və ya onların dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, sənədlər məzunun qanuni nümayəndəsinə (qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər əsasında) və ya məzunun adından çıxış edən digər şəxsə (müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında) verilir.
5.3. Şəhadətnamənin və attestatın surəti məzunun şəxsi işində saxlanılır.
Hər il sentyabrın 15-dək məzunlara verilməyən şəhadətnamə və attestat doldurulmuş halda ümumi təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şəhər (rayon) təhsil şöbələrinə qaytarılır.
5.4. Ümumi təhsil müəssisəsi ləğv olunduqda şəhadətnamə, attestat və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.
Ümumi təhsil müəssisəsinin yenidən təşkili hallarında, bu və ya digər səbəbdən şəhadətnamə və attestat almayan şəxslərə şəhadətnamə, attestat və ya onların dublikatları yenidən təşkil edilən ümumi təhsil müəssisəsinin hüquqi varisi olan təhsil müəssisəsi tərəfindən verilir. 
5.5. Şəhadətnamənin və attestatın verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və daimi olaraq ümumi təhsil müəssisəsində saxlanılır.  
Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: 
- sıra nömrəsi; 
- şəhadətnamənin və attestatın seriyası və nömrəsi; 
- şəhadətnamə və attestat alanın soyadı, adı və atasının adı;  
- şəhadətnamənin və attestatın verilmə tarixi; 
- şəhadətnamə, attestat alan və şəhadətnamə, attestat verən şəxslərin imzası.
Şəhadətnaməni və attestatı itirmiş şəxslərə şəhadətnamənin və attestatın dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır. 
5.6. Şəhadətnaməni və attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna (müdirinə) müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, şəhadətnamənin və attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir. 
5.7. Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində şəhadətnamənin və attestatın dublikatını verir.    
Ümumi təhsil müəssisələrində şəhadətnamənin və attestatın dublikatı arxiv sənədləri əsasında verilir.
5.8. Dublikat kimi verilən şəhadətnamənin və attestatın sağ səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur.  
5.9. İtirilmiş şəhadətnamənin və attestatın əvəzinə arayış vermək qadağandır.    
5.10. Şəhadətnamənin, attestatın və ya onların dublikatlarının hazırlanması və verilməsinə görə şəhadətnamə və attestat alanlardan heç bir ödəniş tələb edilə bilməz.


Orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 29 aprel tarixli 82 nömrəli 
qərarı ilə təsdiq edilmişdir


1.     Ümumi müddəa

Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və orta ixtisas təhsili pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını tənzimləyir.

2. Orta ixtisas təhsili haqqında diplomların nümunəsi

2.1. Orta ixtisas təhsili pilləsində aşağıdakı növ diplomlar müəyyən-ləşdirilir:
- diplom (adi);
- diplom (fərqlənmə).
2.2. Orta ixtisas təhsili haqqında diplomun təsviri:
Diplom 15x21sm ölçüdə kitabça şəklində çap olunur. Orta ixtisas təhsili müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun üz qabığı dermantin materialdan hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə "DİPLOM" sözü həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinə Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan və orta ixtisas təhsili diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Mətn həmin səhifələrdə yazılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə "AZƏRBAYCAN RESPUBLİKASI" və "DİPLOM" sözləri və bundan sonra mətn yazılır. Sol tərəfin yuxarı hissəsində "DİPLOM ORTA İXTİSAS TƏHSİLİ HAQQINDA DÖVLƏT SƏNƏDİDİR" sözlərindən sonra diplomun seriyası və nömrəsi yazılır. Sağ tərəfin aşağı kənarında möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır (1 nömrəli əlavə).
2.3. Orta ixtisas təhsili müəssisələrini fərqlənmə ilə bitirənlər üçün səhifənin sağ hissəsində qara rənglə yazılan "DİPLOM" sözünün altında qırmızı rənglə "Fərqlənmə" sözü yazılır (2 nömrəli əlavə).
2.4. Nömrələnmə AA № 000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparılır. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsində əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.
2.5. Məzunlara nümunədə göstərilən formada diploma əlavə verilir (5 və 6 nömrəli əlavələr). Diploma əlavə qoruyucu nişanlı xüsusi kağızda çap edilir. Birinci səhifənin yuxarı hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunur, sonuncu səhifənin sol tərəfində möhür yeri saxlanılır. Daha sonra səhifələrdə mətn əlavənin nümunəsində göstərilən formada yerləşdirilir.

3. Orta ixtisas təhsili haqqında diplomun hazırlanması, saxlanılması və doldurulması

3.1. Orta ixtisas təhsili pilləsinin diplomlarının nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (təhsil müəssisələrinin ehtiyacları nəzərə alınmaqla) əsasında çap olunur.
3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün orta ixtisas təhsili müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.
3.3. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və orta ixtisas təhsili müəssisələrində ciddi hesabat sənədləri kimi saxlanılır.
3.4. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün orta ixtisas təhsili müəssisələrinin rəhbərləri məsuliyyət daşıyırlar.
Orta ixtisas təhsili müəssisələrində diplomun alınması, qeydiyyatı, saxlanılması, uçotunun aparılması üçün təhsil müəssisəsinin rəhbəri tərəfindən məsul şəxs təyin edilir.
3.5. Diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar orta ixtisas təhsili müəssisələrində saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tərəfindən təsdiq edilir.
Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan blankların qeydiyyatı aparılır.
3.6. Diplom kalliqrafik xətlə qara tuşla yazılır. Diploma əlavələr kompüterdə çap oluna bilər. Diplomda düzəlişə və qaralamalara yol verilmir. Diplom blanklarının möhür üçün ayrılmış yerində orta ixtisas təhsili müəssisəsinin möhürü vurulur. Möhür aydın oxunmalıdır.
Doldurulan zaman korlanmış diplom blankları xüsusi aktla silinir.
3.7. Diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır.
3.8. Diplomda orta ixtisas təhsili müəssisəsinin adı onun Nizam-naməsinə uyğun yazılır.
3.9. Diplomda məzunların təhsil aldığı ixtisasların adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların təsnifatına uyğun yazılmalıdır.

4. Diplomların verilməsi

4.1. Diplomlar məzunlara orta ixtisas təhsili müəssisəsini bitirdikdən sonra 10 gün müddətində verilir.
4.2. Diplom və onun əlavəsi və ya onların dublikatları sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında verilir.
4.3. Diplom və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır.
4.4. Orta ixtisas təhsili müəssisəsi ləğv olunduqda diplom və onun əlavəsi və ya dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli orta ixtisas təhsili müəssisəsi tərəfindən verilə bilər.
Orta ixtisas təhsili müəssisəsinin yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən orta ixtisas təhsili müəssisəsinin hüquqi varisi olan orta ixtisas təhsili müəssisəsi tərəfindən verilir.
4.5. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq orta ixtisas təhsili müəssisəsində saxlanılır.
Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:
- sıra nömrəsi;
- diplomalanın soyadı, adı, atasının adı;
- diplomun seriyası və nömrəsi;
- ixtisasın adı;
- Dövlət Attestasiya Komissiyasının qərarının nömrəsi və tarixi;
- diplomun verilmə tarixi;
- diplomalan və diplomverən şəxsin imzası.
Diplomu itirmiş şəxslərə diplomun və ona əlavənin dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.
4.6. Diplomu və ona əlavəni itirən şəxs ərizə ilə orta ixtisas təhsili müəssisəsinin rəhbərinə müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi" qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, diplomun və onun əlavəsinin adı, seriyası və nömrəsi, onu verən orta ixtisas təhsili müəssisəsinin adı və sənədin verilmə tarixi göstərilir.
4.7. Orta ixtisas təhsili müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində diplomun və onun əlavəsinin dublikatını verir.
Orta ixtisas təhsili müəssisələrində diplomun və onun əlavəsinin dublikatı arxiv sənədləri (əmr, dövlət imtahan komissiyasının protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında verilir.
4.8. Dublikat kimi verilən diplomun və onun əlavəsinin sağ səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur.
4.9. İtirilmiş diplomun və onun əlavəsinin əvəzinə arayış verilməsi qadağandır.
4.10. Diplomun və onun əlavəsinin və ya onların dublikatlarının hazırlanması və verilməsinə görə diplomalandan heç bir ödəniş tələb edilə bilməz.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.