Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında qaydalar
Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin, Nazirlər Kabinetinin 12 mart 1994-cü il tarixli, 109 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi"nin, Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın icrasını təmin etmək məqsədilə qəbul edilir.
I. Ümumi müddəalar
1. Ümumtəhsil məktəblərinin I - VIII və X siniflərində imtahan aparılmır, şagirdlər müsbət illik qiymətlər əsasında yuxarı sinfə keçirilir.
2. Ümumtəhsil məktəblərində buraxılış imtahanları şagirdlərin əsas və orta təhsil pillələri üzrə nailiyyətlərinin səviyyəsinin dövlət standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədilə keçirilir.
3. IX və XI siniflərdə, peşə liseylərinin III kursunda buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən tərtib olunmuş test sualları əsasında mərkəzləşdirilmiş qaydada aparılır.
4. Ümumtəhsil məktəblərinin X və XI sinifləri uyğun olaraq gündüz ümumtəhsil məktəbləri nəzdindəki axşam siniflərinin (qiyabi qrupların) XI və XII sinifləri hesab edilir.
5. IX və XI siniflərdə, peşə liseylərində imtahanın sayı, imtahan aparılan fənlər, hər fənn üzrə test suallarının sayı, imtahanların aparılacağı günlər və müddət hər il Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
6. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, təsviri incəsənət, musiqi və nəğmə, informatika fənlərindən, sağlamlığının vəziyyətinə görə əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki hazırlığı fənlərindən şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçirilməsinə və ya müvafiq təhsil pilləsini bitirməsinə təsir etmir.
7. Təlim türk, gürcü, ingilis və digər dillərdə olan məktəb və liseylərin IX və XI siniflərində Təhsil Nazirliyi tərəfindən hazırlanmış test suallarının uyğun dillərə tərcümə edilməklə imtahan aparılması müvafiq rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən təşkil edilir.
8. Şagirdlərin yuxarı sinfə keçirilib-keçirilməməsi, imtahanlara buraxılıb-buraxılmaması, yay tapşırığı alması, payız imtahanlarına və təkrar sinifdə saxlanması məsələsi pedaqoji şurada müzakirə olunaraq müvafiq qərar çıxarılır.
9. Şagirdlərin imtahanlara buraxılmaması, yay tapşırığı alması, payız imtahanlarına və təkrar sinifdə saxlanması haqqında qərar barədə üç gün ərzində onların valideynlərinə (qəyyum və himayəçiyə) yazılı məlumat verilir.
10. Tədris fənləri üzrə illik qiymətlər dərs məşğələlərinin sonuna ən azı 3 (üç) gün qalmış yarımillik qiymətlər əsasında müvafiq fənn müəllimləri tərəfindən çıxarılır. IX və XI siniflərdə, peşə liseylərinin II-III kurslarında imtahan fənləri üzrə illik qiymətlər mayın 20-dək çıxarılır. İllik qiymətlər yarımillik qiymətlərin ədədi ortasına bərabər tutulur və şagirdin xeyrinə yuvarlaq qiymət çıxarılır.
11. Ümumtəhsil məktəblərində əsas və orta təhsil kursu üzrə, peşə liseylərində mərkəzləşdirilmiş buraxılış imtahanlarına hazırlıq məqsədilə yoxlama imtahanları keçirilir.
12. IX və XI siniflərin, peşə liseylərinin III kurs şagirdlərinin imtahan aparılan fənlərdən yekun qiymətləri Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq düstur üzrə çıxarılır. Təhsil sənədinə yazılacaq summativ (yekun) qiymət şagirdin fənn üzrə mikrosummativ (əsas təhsil pilləsi üzrə IX, orta təhsil pilləsi üzrə X, XI siniflərdə yoxlama imtahanının nəticələri, IX siniflərdə VIII və IX, XI siniflərdə X və XI siniflərin, peşə liseylərinin II-III kurs şagirdlərinin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətləri əsasında hesablanır.
13. Şagird yoxlama imtahanında (imtahanlarında) üzürsüz səbəbdən iştirak etmədiyi halda, onun imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən yoxlama imtahanının (imtahanlarının) nəticəsi "0" qəbul edilir. Şagird yoxlama imtahanlarında üzürlü səbəbdən iştirak etməmişsə, onun imtahan fənləri üzrə yekun qiymətləri çıxarılarkən imtahanda aldığı qiymət həm də yoxlama imtahanının (imtahanlarının) qiyməti hesab olunur.
14. Orta təhsil kursu üzrə ana dili və riyaziyyatdan keçirilən imtahanların nəticələri əsasında şagirdlərə müvafiq olaraq təlim dili və ədəbiyyatdan, cəbr və analizin başlanğıcı və həndəsə fənlərindən ayrı-ayrı yekun qiymət çıxarılır.
15. Şagirdlərin ekstern yolu ilə vaxtından əvvəl yuxarı sinfə keçirilməsi və ya təhsil pilləsini bitirməsi məsələsi Təhsil Nazirliyi tərəfindən həll edilir.
16. Buraxılış imtahanlarına dair sənədlər (imtahan protokolları, yekun siyahılar) 5 il müddətində məktəbdə saxlanılır.
17. Naxçıvan Muxtar Respublikasında buraxılış imtahanlarının təşkili və aparılması Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
18. İmtahanların təşkili və aparılması haqqında hər hansı yerli Qaydaların verilməsi qadağandır.
II. Buraxılış imtahanlarına hazırlıq
19. Yoxlama imtahanlarına hazırlıq məqsədilə IX və XI sinif şagirdlərinin adlı siyahısı və digər zəruri məlumatlar (VIII və X siniflərdə aldıqları illik qiymətləri) rayon (şəhər) təhsil şöbəsi (idarəsi), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyi (II-III kurs şagirdlərinin adlı siyahısı) tərəfindən oktyabrın 20-dək Təhsil Nazirliyinə təqdim olunur. Tədris ili ərzində şagirdlərin hərəkəti ilə bağlı siyahıların dəqiqləşdirilməsi müntəzəm olaraq rayon (şəhər) təhsil şöbəsi (idarəsi) və məktəb tərəfindən həyata keçirilir.
20. IX və XI sinif, peşə liseylərinin III kurs şagirdlərinin adlı siyahısı imtahan fənləri üzrə illik qiymətlər göstərilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin müşayiətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim olunur.
21. Şagirdlərin əsas və ya orta təhsil kursu üzrə imtahan verəcəyi məktəb (imtahan mərkəzləri) Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və bu barədə imtahanlara ən azı 5 gün qalmış müvafiq təhsil orqanına məlumat çatdırılır.
22. Təhsil Nazirliyi imtahanlar üçün müəyyən edilmiş variantlarda testləri, cavab kartlarını, habelə imtahanların aparılması üçün digər zəruri materialları (zərflər, protokollar, siyahılar və s.) hazırlayır və yerlərə çatdırılmasını təmin edir.
23. Əsas və orta təhsil kursu üzrə mərkəzləşdirilmiş buraxılış imtahanlarına hazırlıq məqsədilə dərs ili ərzində müəyyən olunmuş zonalar üzrə keçirilən yoxlama imtahanlarının sayı və vaxtı Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.
24. Buraxılış imtahanlarına hazırlıq məqsədilə dərs ili ərzində Təhsil Nazirliyi tərəfindən zonalar üzrə təyin olunmuş koordinatorlar ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri, müəllimləri və valideynləri arasında izahat işi aparır.
25. Yoxlama imtahanının fənlər üzrə nəticələri sinif jurnallarına yazılır və yarımillik qiymətlər çıxarılarkən nəzərə alınır.
26. İmtahanda iştirak edəcək şagirdlər haqqında məlumat bazası rayon (şəhər) təhsil şöbəsi (idarəsi) və müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin təqdim etdiyi məlumatlar əsasında formalaşdırılır.
III. Şagirdlərin imtahanlara buraxılması
27. Bütün fənlərdən müsbət illik, həmçinin bir-üç fəndən qeyri-kafi illik qiyməti olan IX sinif şagirdləri əsas təhsil kursu üzrə imtahanlara buraxılırlar.
28. Dərs ilinin hər hansı bir yarımilində məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən IX və XI sinif, peşə liseylərinin II-III kurs şagirdlərinin imtahanlara buraxılıb-buraxılmaması məsələsinə məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul olunur.
29. Bütün fənlərdən yalnız müsbət illik qiyməti olan XI sinif, peşə liseylərinin III kurs şagirdləri orta təhsil üzrə imtahanlara buraxılırlar.
30. Əvvəlki dərs ilində imtahanlara buraxılmayan və ya imtahanlarda qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin müşayiətedici məktubu və ilkin mərhələ imtahanlarının qiymətləri mayın 20-dək Təhsil Nazirliyinə təqdim edilir.
31. Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün imtahanlara buraxılmayan XI sinif, peşə liseylərinin III kurs şagirdləri, habelə müxtəlif səbəblərdən əsas və ya orta təhsil pilləsini vaxtında başa vura bilməyən və buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər ekstern yolu ilə imtahanlara buraxılırlar.
32. Orta təhsil kursu üzrə ekstern imtahanlara yalnız əsas təhsil pilləsini başa vurub şəhadətnamə almış şəxslər buraxılırlar.
33. Ekstern yolu ilə imtahan vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşayiətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.
IV. Buraxılış imtahanlarının aparılması
34. IX və XI siniflərdə, peşə liseylərinin III kursunda mərkəzləşdirilmiş buraxılış imtahanları saat 10.00-da başlayır və 3 saat davam edir.
35. İmtahan başlandıqdan 30 dəqiqə keçəndən sonra gələn şagird imtahana buraxılmır.
36. Test kitabçaları olan zərflər saat 9.45-də imtahan keçirilən otaqlarda şagirdlərin qarşısında nəzarətçi tərəfindən açılır və şagirdlərə paylanır.
37. Cavab kartı şagirdin soyadı, adı, atasının adı, oxuduğu məktəb, imtahan verəcəyi məktəb, otaq, yer, oxuduğu bölmə, variantı və kodu haqqında məlumatlar göstərilməklə Təhsil Nazirliyi tərəfindən verilir.
38. İmtahanlara mobil telefon, peycer, dərslik və digər tədris materiallarının gətirilməsinə icazə verilmir.
39. İmtahanlarda kalkulyatordan istifadə etməyə icazə verilir.
40. Cavab kartı üzərində işini bitirmiş şagirdlər onu nəzarətçiyə təhvil verib otaqdan çıxırlar. İmtahan üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra cavab kartı üzərində işini tamamlamayan şagirdlər onu yarımçıq təhvil verirlər.
41. Ekstern yolu ilə imtahan verən şəxslər ilk mərhələdə mayın 15-dək musiqi və nəğmə, təsviri incəsənət, əmək hazırlığı, fiziki tərbiyə, rəsmxət, gənclərin çağırışaqədərki hazırlığı, informatika fənləri istisna olmaqla, mərkəzləşdirilmiş qaydada imtahan aparılmayan fənlərdən imtahan verirlər. İmtahanlar təhsil orqanının əmrilə təşkil edilmiş sədr və 3 nəfər üzvdən ibarət komissiya tərəfindən test sualları əsasında əvvəlcədən müəyyən olunmuş məktəbdə keçirilir. İmtahanların nəticələri protokollaşdırılır, komissiyanın sədri və üzvləri tərəfindən imzalanaraq rayon (şəhər) təhsil şöbəsi (idarəsi) rəhbərinin imzası və möhürü ilə təsdiq edilir və Təhsil Nazirliyinə təqdim olunur. İlk mərhələ imtahanlarından müsbət qiymət almış şəxslər Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş fənlərdən mərkəzləşdirilmiş qaydada imtahan verirlər.
42. Bu və ya digər səbəbdən məktəbi dəyişən VIII-XI sinif şagirdləri yeni gəldikləri məktəbdə digər xarici dil tədris olunursa, özlərinin və valideynlərinin müraciətinə əsasən, əvvəl öyrəndikləri xarici dildən buraxılış imtahanı verirlər. Şagird yeni gəldiyi məktəbdə tədris olunan digər xarici dili müstəqil öyrənmişsə, öz arzusuna görə bu dildən buraxılış imtahanı verə bilər.
43. İmtahan aparılan bütün fənlərdən suallar cavablandırılır və hər bir fənn üzrə şagirdin biliyi qiymətləndirilir.
44. IX sinifdə imtahan aparılan fənlər üzrə şəhadətnaməyə yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanının nəticəsi) qiymətləri əsasında müvafiq düsturla hesablanır.
45. XI siniflərdə, peşə liseylərinin III kursunda imtahan aparılan fənlər üzrə attestata yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (X və XI siniflərdə aparılan yoxlama imtahanının nəticələri, X və XI siniflərin, peşə liseylərinin II-III kurs şagirdlərinin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanının nəticəsi) qiymətləri əsasında müvafiq düsturla hesablanır.
46. İmtahanın başa çatmasına 30 dəqiqə qalanadək cavab kartını təhvil verən şagirdlərin test kitabçası imtahan bitdikdən sonra verilə bilər.
47. Cavab kartları optik oxuyucu vasitəsilə oxunur və qiymətləndirilir, imtahanın nəticələri 5 gündən gec olmayaraq elan edilir, nazirliyin veb-saytında yerləşdirilir.
48. Buraxılış imtahanının nəticələri ilə bağlı şikayətlərə baxılması məqsədilə nazirlikdə Apelyasiya Komissiyası yaradılır və nəticələr elan olunduqdan sonra bir həftə müddətində fəaliyyət göstərir.
49. Hər bir məktəbdə buraxılış imtahan protokolları və yekun siyahılar fənlər üzrə imtahan və summativ (yekun) qiymətlər göstərilməklə, Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş siyahılar əsasında tərtib olunur.
50. Buraxılış imtahan protokolları, yekun siyahılar mövcud qayda üzrə hər bir məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, müvafiq fənn müəllimləri tərəfindən imzalanır və məktəbin möhürü ilə təsdiq olunur. Protokolların və yekun siyahıların bir nüsxəsi Təhsil Nazirliyinə təqdim olunmaqla, digər nüsxələri məktəbdə və rayon (şəhər) təhsil şöbəsində (idarəsində) saxlanılır.
V. Yay tədris tapşırıqları, payız imtahanları və şagirdlərin
təkrar sinifdə saxlanılması
təkrar sinifdə saxlanılması
51. Yay tədris tapşırıqları ən çoxu üç fəndən illik "qeyri-kafi" qiymət alan II-VIII, X sinif şagirdlərinə verilir.
52. İmtahan aparılan fənn olub-olmamasından asılı olmayaraq, 1-3 fəndən illik "qeyri-kafi" qiymət almış IX sinif şagirdləri imtahanlara buraxılır. Onlar illik "qeyri-kafi" qiymət aldıqları imtahan aparılmayan fəndən (fənlərdən) yay tapşırığı verirlər. İllik "qeyri-kafi" qiymət aldıqları imtahan aparılan fəndən (fənlərdən) buraxılış imtahanı vermirlər, payızda imtahan verirlər. İmtahanlarda "qeyri-kafi" qiymət aldıqları fəndən (fənlərdən) payızda imtahan verirlər.
53. İllik və ya imtahan qiyməti 4 və daha çox fəndən "qeyri-kafi" olan və imtahana buraxılmayan, həmçinin üzürsüz səbəbdən imtahanlarda iştirak etməyən, yay tədris tapşırığı və payız imtahanının ən azı birindən "qeyri-kafi" qiymət alan IX sinif şagirdləri təkrar sinifdə saxlanılırlar.
54. IX siniflərdə payız imtahanları sentyabrın 2-dən 12-dək Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş məktəblərdə mərkəzləşdirilmiş qaydada keçirilir. Payız imtahanlarının keçiriləcəyi gün Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və imtahanların nəticələri elan olunduqdan sonra 3 gün müddətinə müvafiq rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən şagirdlərə və valideynlərə çatdırılması təmin olunur. Payız imtahanlarına gələ bilməyən şagirdlərin məsələsinə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin təqdim etdiyi sənədlər əsasında Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir.
55. Üzürlü səbəbdən payız imtahanında iştirak etməyən IX sinif şagirdləri sentyabrın 20-dək Təhsil Nazirliyinin müəyyən etdiyi yerdə mərkəzləşdirilmiş qaydada payız imtahanı verirlər. üzürsüz səbəbdən payız imtahanlarına gəlməyən şagirdlər təkrar sinifdə saxlanılırlar.
56. IX siniflərdə şagirdlərin payız imtahanlarına və təkrar sinifdə saxlanması, imtahanlara buraxılmaması məsələlərinin müzakirəsi zamanı valideynlər yazılı şəkildə məlumatlandırılır və onlar pedaqoji şuraya dəvət olunurlar. Həmin məsələlərin müzakirəsində məktəbin rəhbərliyi ilə valideynlər arasında mübahisə doğuran hallar yaranarsa, məsələyə müvafiq rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) şurasında baxılıb müvafiq qərar qəbul edilir.
57. Hər bir məktəbdə yay tədris tapşırıqlarının qəbul olunacağı günlər yay tətilinə ən azı üç gün qalmış şagirdlərə və onların valideynlərinə yazılı formada çatdırılır.
58. Yay tədris tapşırıqları bir qayda olaraq, həmin fəndən şagirdə dərs demiş müəllim tərəfindən qəbul edilir.
59. Dörd və daha çox fəndən illik "qeyri-kafi" qiyməti olan, həmçinin ən azı bir fəndən yay tədris tapşırığını yerinə yetirməyən II-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılırlar.
60. Yay tədris tapşırıqları fənn müəllimi tərəfindən hazırlanır və məktəbin direktoru tərəfindən təsdiq olunduqdan sonra valideynin (qəyyum və himayəçinin) iştirakı ilə şagirdə verilir. Yay tədris tapşırığının bir surəti məktəbdə saxlanılır. Yay tədris tapşırığı yazılı formada yerinə yetirilir, şifahi formada təqdim olunur və nəticəsi protokollaşdırılır.
61. Yay tədris tapşırıqlarının qəbul olunması müddəti sentyabrın 2-dən 12-dəkdir. Göstərilən müddətdə yay tədris tapşırıqlarını yerinə yetirməyən şagirdlərlə bağlı müraciətlərə sentyabrın 20-dək rayon (şəhər) təhsil şöbələri (idarələri) tərəfindən fərdi qaydada baxılır, həmin müddət bitdikdən sonra bu barədə heç bir şagirdlə bağlı müraciətə baxılmır və onlar təkrar sinifdə saxlanılırlar.
62. Yay tədris tapşırığı almış və payız imtahanına saxlanılmış şagirdlərin yuxarı sinfə keçirilməsi və ya əsas məktəbi bitirməsi onların yay tədris tapşırıqlarını yerinə yetirməsindən və payız imtahanlarının nəticəsindən asılı olaraq pedaqoji şurada həll edilir.
63. I sinif şagirdləri müstəsna hallarda (uzun müddətli xəstəliyə görə proqram materiallarını yerinə yetirmədikdə, müxtəlif səbəblər üzündən təhsildən kənarda qaldıqda və s.) təkrar sinifdə saxlanılırlar. Əqli inkişafında gerilik müəyyən edilmiş I sinif şagirdləri mövcud qaydalar üzrə məktəb direktorunun təqdimatı əsasında psixoloji-tibbi-pedaqoji komissiyanın (psixonevroloji dispanserin) qərarı ilə yardımçı siniflərə (məktəb və internat məktəblərə) keçirilirlər.
64. Biliyi qiymətləndirilməyənlər istisna olmaqla, imtahana buraxılmayan, ən azı bir fəndən imtahan qiyməti "qeyri-kafi" olan, habelə üzürsüz səbəbdən imtahanda iştirak etməyən XI sinif şagirdlərinə orta məktəbdə oxumalarına dair Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş vahid formada arayış verilir. Arayışda bütün fənlər üzrə illik və imtahan qiymətləri yazılır.
65. Əvvəlki dərs ilində ən azı bir fəndən illik "qeyri-kafi" qiymət aldığı üçün imtahana buraxılmayan XI sinif şagirdləri növbəti dərs ilində imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Əvvəlki dərs ilində XI sinif şagirdi imtahana düşməyən fəndən (fənlərdən) illik "qeyri-kafi" qiymət almışsa, növbəti dərs ilində əvvəlcə oxuduğu məktəbdə həmin fəndən (fənlərdən) imtahan verir. Bu fənn (fənlər) üzrə imtahandan müsbət qiymət aldığı halda, o, müəyyən edilmiş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir.
66. Əvvəlki dərs ilində XI sinif şagirdi, sayından asılı olmayaraq, imtahan aparılan fənlərdən illik "qeyri-kafi" qiymət almışsa, bu halda növbəti dərs ilində müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verir.
67. İmtahanlarda "qeyri-kafi" qiymət alan XI sinif şagirdləri növbəti il yalnız həmin fəndən (fənlərdən) müəyyən olunmuş mərkəzlərdə imtahan verirlər.
68. İmtahanlara buraxıldığı halda, imtahanlarda iştirak etməyən XI sinif şagirdləri növbəti il müəyyən olunmuş mərkəzdə imtahan aparılan bütün fənlərdən imtahan verirlər. Həmin şagirdlərə orta təhsil haqqında attestat oxuduqları məktəb tərəfindən verilir.
69. Əvvəlki dərs ilində illik "qeyri-kafi" qiymətlər aldığı üçün imtahanlara buraxılmayan və ya imtahanlarda "qeyri-kafi" qiymətlər alan şəxslər növbəti dərs ilində keçirilən imtahanda ən azı bir fəndən "qeyri-kafi" qiymətlər aldıqda, yaxud üzürsüz səbəbdən imtahanlarda iştirak etmədikdə, gələcəkdə yalnız ekstern yolu ilə imtahan verə bilərlər.
70. Üzürlü səbəblərdən imtahanda iştirak edə bilməyən IX və XI sinif, həmçinin peşə liseylərinin III kurs şagirdlərinin məsələsinə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyinin təqdimatı əsasında, fərdi qaydada Təhsil Nazirliyində baxılır. İmtahanda üzürlü səbəbdən iştirak etməməsi təsdiq olunan şagirdlər (o cümlədən imtahan zamanı xəstələnən şagirdlər) iyunun 25-dək Bakı şəhərində müəyyən edilmiş məktəblərdə mərkəzləşdirilmiş qaydada imtahan verirlər.
VI. Şagirdlərin buraxılış imtahanlarından azad edilməsi
71. Şagirdlərin buraxılış imtahanlarından azad edilməsinə əsas verən xəstəliklər Təhsil və Səhiyyə nazirliklərinin birgə əmri ilə təsdiq olunmuş siyahıda müəyyənləşdirilir.
72. Bütün fənlərdən illik qiymətləri müsbət olan IX və XI sinif şagirdləri, peşə liseylərinin III kurs şagirdləri səhhətinin vəziyyətinə görə müvafiq surətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əmri ilə buraxılış imtahanlarından azad olunurlar. Bununla əlaqədar mayın 15-dən gec olmayaraq, rayon (şəhər) təhsil şöbəsi (idarəsi), müvafiq hallarda ümumtəhsil məktəbi və peşə liseyi tərəfindən nazirliklərə müşayiətedici məktub və müvafiq sənədlər təqdim edilməlidir. Məktuba aşağıdakı sənədlər əlavə olunur:
a) məktəb direktorunun imzası və məktəbin möhürü ilə təsdiq olunmuş pedaqoji şuranın qərarından çıxarış;
b) məktəb direktorunun imzası və məktəbin möhürü ilə təsdiq olunmuş buraxılış sinfi üzrə bütün fənlərdən illik qiymətlərin cədvəli;
c) həkim-nəzarət komissiyası sədrinin imzası və möhürü ilə təsdiq olunmuş arayış.
Mayın 15-dən sonra Təhsil Nazirliyinə təqdim olunan sənədlərə baxılmır.
73. Sağlamlıq vəziyyəti ilə əlaqədar şagirdin buraxılış imtahanında iştirakını məhdudlaşdıran digər fövqəladə hal baş verdikdə, təqdim edilən sənədlər əsasında məsələyə fərdi qaydada Təhsil Nazirliyində baxılır və imtahandan azad olunub-olunmaması barədə müvafiq qərar qəbul edilir.
74. Səhiyyə müəssisəsində (xəstəxana, sanatoriya) müalicə olunmaqla yanaşı, mövcud proqramlar üzrə dərs məşğələləri keçən IX, XI sinif şagirdləri oxuduqları məktəbin şagird kontingentindən azad edilmir və onlara yarımillik (illik) qiymətlər çıxarılarkən həmin səhiyyə müəssisəsində aldığı qiymətlər əsas götürülür. Bu kateqoriyadan olan şagirdlər buraxılış imtahanlarından azad edilirlər.
75. İllik qiymətləri müsbət olduğu halda, fənn olimpiadalarının respublika turunda birinci yeri tutmuş şagirdlər, həmçinin imtahanlar dövründə məktəblilərin dünya fənn olimpiadalarında və digər beynəlxalq səviyyəli idman və bilik yarışlarında iştirak edən şagirdlər Təhsil Nazirliyinin əmri ilə imtahanlardan azad edilirlər.
76. Beynəlxalq idman yarışlarına göndəriləcək şagirdlərin illik qiymətləri müsbət olduğu halda, imtahanlardan azad olunması üçün Gənclər və İdman Nazirliyi imtahanların başlanmasına ən azı 10 gün qalmış yarışın keçirildiyi yer və müddət, iştirakçı şagirdlərin adı, soyadı, atasının adı, oxuduğu məktəb və sinif göstərilməklə Təhsil Nazirliyinə rəsmi məktubla müraciət etməlidir.
77. Evdə fərdi təhsilə cəlb olunmuş IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarından azad edilməsi məsələsinə Təhsil Nazirliyi tərəfindən aprelin 30-dan gec olmayaraq, yerlərdə fərdi qaydada baxılıb müvafiq qərar qəbul edilir.
VII. Əsas və orta təhsil haqqında sənədlərin tərtibi və verilməsi
78. Müəyyən edilmiş qaydalar əsasında IX sinfi bitirmiş şagirdlərə əsas təhsil haqqında şəhadətnamə, XI sinfi bitirmiş şagirdlərə orta təhsil haqqında attestat, peşə liseylərini bitirmiş şagirdlərə peşə haqqında diplom və diploma əlavə oxuduqları məktəb tərəfindən verilir.
79. Səhiyyə müəssisəsində (xəstəxana, sanatoriya) müalicə olunmaqla yanaşı, mövcüd proqramlar üzrə tədris məşğələləri keçən IX və XI sinif şagirdlərinə şəhadətnamə və attestat həmin səhiyyə müəssisəsində aldıqları qiymətlər əsasında daimi oxuduqları məktəb tərəfindən verilir.
80. Əsas təhsil haqqında şəhadətnamə və orta təhsil haqqında attestat şəxsiyyət vəsiqəsi, şəxsiyyət vəsiqəsi olmadıqda, doğum haqqında şəhadətnamə əsasında doldurulur.
81. Təhsil sənədləri qara tuş və ya qara mürəkkəblə məktəbdə doldurulur.
Attestatlarda məktəbin direktoru, direktorun təlim-tərbiyə işləri üzrə müavini, azı üç nəfər müəllim, şəhadətnamələrdə isə məktəbin direktoru və üç nəfər müəllim soyadları göstərilməklə imza edirlər. İmzalar da qara tuş və ya qara mürəkkəblə çəkilməlidir.
82. Təhsil sənədləri aydın xətlə yazılır, doldurulmamış qrafaların qalmasına, düzəliş və qaralamalara yol verilmir, sənədi verən məktəbin adı, nömrəsi və olduğu yer tam göstərilir. Doldurulmuş təhsil sənədləri müvafiq rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən yoxlandıqdan sonra, blankların möhür üçün ayrılmış yerində müəssisənin dövlət gerbli möhürü vurulur, möhür aydın oxunmalıdır.
83. Təhsil sənədlərində doldurulmamış qrafalarda xətt çəkilir.
84. Doldurulan zaman korlanmış təhsil sənədinin əvəzinə mövcud qaydalar əsasında yenisi verilir və bu sənəd dublikat hesab olunmur.
85. Şəhadətnamədə və attestatda, peşə liseylərində diploma əlavədə hər bir fənn üzrə qiymət rəqəmlə, mötərizədə isə sözlə yazılır: 5 (əla), 4 (yaxşı), 3 (kafi).
86. Əsas təhsil haqqında şəhadətnamə, orta təhsil haqqında attestat, peşə liseylərində diploma əlavə doldurularkən şagirdin özündən asılı olmayan səbəbdən öyrənmədiyi fənnin qarşısında "öyrənilməmişdir", səhhətinə görə azad olunduğu fənnin qarşısında isə "azad edilmişdir" sözləri yazılır.
87. İmtahanlardan azad edilmiş şagirdlərin təhsil sənədlərinə illik qiymətləri yazılır.
88. IX və XI siniflərdə, peşə liseylərinin III kursunda imtahan aparılan fənlər üzrə təhsil sənədinə summativ (yekun) qiymət, imtahan aparılmayan fənlərdən illik qiymətlər yazılır.
89. Təhsil sənədləri məzunlara təhsil müəssisəsini bitirdikdən sonra ən geci 10 gün müddətində müvafiq rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən verilir.
90. Gündüz ümumtəhsil məktəblərinin nəzdindəki axşam sinifləri və ya qiyabi qrupların məzunlarına verilən təhsil sənədində məktəbin adından sonra mötərizədə uyğun olaraq "axşam sinfi" və ya "qiyabi qrup" sözləri yazılır.
91. Ekstern yolu ilə imtahan verən şagirdlər imtahanlardan müsbət qiymət aldıqları halda, həmin şəxslərə əsas təhsil haqqında şəhadətnamə və ya orta təhsil haqqında attestat ərazi üzrə təhsil şöbəsinin müəyyən etdiyi məktəb tərəfindən verilir.
Şəhadətnamə və ya attestata ilk və sonrakı mərhələdə keçirilən imtahan qiymətləri yazılır, təhsil sənədlərində "bitirmişdir" sözündən əvvəl "ekstern yolu ilə" sözləri əlavə olunur. Bu Qaydaların 41-ci bəndində göstərilən fənlərdən imtahan verilmədiyi üçün təhsil sənədlərində həmin fənlərin qarşısında xətt çəkilir.
Şəhadətnamə və ya attestata təhsil sənədini verən məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini və ilk mərhələdə imtahanları keçirən komissiyanın 3 nəfər üzvü imza edirlər. Sənəd həmin məktəbin möhürü ilə təsdiq olunur.
92. Əsas təhsil pilləsini bitirən şagirdlər təhsilini həmin məktəbdə davam etdirdikləri halda, əsas təhsil haqqında şəhadətnamə məktəbdə saxlanılır. Şagird orta təhsil kursunu bitirdikdə şəhadətnamə özünə verilir.
93. Təhsil sənədləri sahiblərinə şəxsən təqdim edilir, təhsil sənədi başqa şəxsə etibarnamə əsasında verilə bilər.
94. Əsas təhsil haqqında şəhadətnamələr əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabında, orta təhsil haqqında attestatlar orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında, peşə liseylərində diplomlar diplomların alınması və verilməsi qeydiyyatı jurnalında qeyd olunur.
VIII. Şagirdlərin təltif edilməsi
95. Əsas təhsil haqqında şəhadətnaməyə yazılan bütün fənlərdən illik və yekun qiymətləri "5" olan IX sinif məzunlarına fərqlənmə şəhadətnaməsi verilir.
96. Orta təhsil haqqında attestata yazılan bütün fənlərdən illik və yekun qiyməti "5" olan XI sinif məzunlarına fərqlənmə attestatı verilir.
97. Məzunlara əsas təhsil haqqında fərqlənmə şəhadətnaməsi və orta təhsil haqqında fərqlənmə attestatı verilməsi barədə qərarı məktəbin pedaqoji şurası çıxarır.
98. Əsas təhsil və ya orta təhsil buraxılış imtahanlarından azad edilən məzunlara fərqlənmə şəhadətnaməsi və ya attestatı verilmir.
99. Özlərindən asılı olmayan səbəblərə görə xarici dilləri öyrənməyən məzunlara fərqlənmə şəhadətnaməsi və ya attestatı, səhhətinə görə fiziki tərbiyə və əmək hazırlığı fənlərindən azad edilən IX sinif şagirdlərinə fərqlənmə şəhadətnaməsi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənlərindən azad edilən XI sinif şagirdlərinə isə fərqlənmə attestatı bu təlimatın 95-ci, 96-cı və 97-ci bəndlərinin tələbləri gözlənilməklə verilə bilər.
100. IX və XI sinif şagirdlərinin şəhadətnamə və attestatına, peşə liseylərinin III kurs şagirdlərinin diploma əlavəyə yazılan illik və yekun qiymətlərinə yenidən baxılmasına icazə verilmir.
101. IX və XI sinif məzunlarına fərqlənmə şəhadətnaməsi və attestatı təntənəli şəraitdə təqdim edilir.
102. Fərqlənmə şəhadətnaməsi və attestatlarının verilməsinə nəzarət Təhsil Nazirliyi, müvafiq rayon (şəhər) təhsil şöbəsi (idarəsi) və təhsil müəssisələri tərəfindən həyata keçirilir.
103. Orta ümumtəhsil məktəbini fərqlənmə attestatı ilə bitirmiş məzunların adları məktəbin şərəf lövhəsinə yazılır.
0 коммент.:
Отправить комментарий