Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil
olan normativ hüquqi aktlar
Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi:
- bu Məcəllədən;
- Azərbaycan Respublikasının müvafiq
qanunlarından;
- müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan;
- əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar
Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və
prinsipləri
1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər
arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət
hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən
digər hüquq münasibətlərini tənzim edir.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək
hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların
minimum normalarını müəyyən edir.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq
hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin:
- hüquq bərabərliyinin təmin edilməsi;
- mənafelərinin haqq-ədalətlə və qanunun
aliliyinin təmin olunması ilə qorunması;
- maddi, mənəvi, sosial, iqtisadi və digər həyati
tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından
sərbəst istifadə etməsinin təmin edilməsi;
- əsasən əmək müqaviləsi (kontraktı) üzrə
öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə
əsaslanır.
Maddə 3. Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas
məfhumların anlayışları
1. Müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və
fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə
müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin
filialı, nümayəndəliyi.
2. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontraktı)
bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi
(kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək
hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin
rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
4. Əmək kollektivi — işəgötürənlə əmək münasibətlərində olan, bu Məcəllə
ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi
hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halında
müdafiə etmək səlahiyyətinə malik müvafiq iş yerlərində çalışan işçilərin
birliyi.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək
müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək
münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən
yazılı müqavilə.
6. Kollektiv müqavilə — işəgötürənlə, əmək kollektivi və ya həmkarlar
ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi,
məişət və digər münasibətləri tənzimləyən müqavilə.
7. Kollektiv saziş — müvafiq icra hakimiyyəti orqanı, həmkarlar
ittifaqlarının və işəgötürənlərin birlikləri arasında bağlanan, işçilərin əmək
şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və
digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə
fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşma.
8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək
müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə
vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin)
məcmusu.
10. Əməyin mühafizəsi — işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək
hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi
aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində
nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena,
müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemi.
11. Əmək şəraiti — işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə
yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək
müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özlərinin müəyyən
etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu.
12. İşçilərin nümayəndəli orqanı — əmək, sosial, iqtisadi hüquqlarını və
qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib
yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən
həmkarlar ittifaqları təşkilatları (birlikləri).
13. İşəgötürənlərin nümayəndəli orqanı — sahibkarlıq fəaliyyətləri ilə
əlaqədar sosial-iqtisadi hüquqlarını, mülkiyyət, istehsal və əmək münasibətləri
ilə bağlı mənafelərini müdafiə etmək məqsədi ilə işəgötürənlərin könüllü
birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət
göstərən birliklər.
14. Kollektiv tələblər — kollektiv müqavilələrin, sazişlərin bağlanması,
onlara dəyişikliklərin edilməsi və icrası, habelə digər əmək, sosial və
iqtisadi məsələlərlə bağlı işçilərin, ya da həmkarlar ittifaqları orqanının
işəgötürən, onların birlikləri və ya müvafiq icra hakimiyyəti orqanları
qarşısında irəli sürdüyü tələblər.
15. Kollektiv əmək mübahisəsi — kollektiv tələblərdən törəyən fikir
ayrılığı.
16. Fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin,
sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu
Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada
işəgötürənlə işçi arasında yaranan fikir ayrılığı.
17. Tətil — kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədi ilə
işçilərin (işçinin) müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya
qismən könüllü imtina etməsi.
Maddə 4. Bu Məcəllənin tətbiq edildiyi iş yerləri
1. Bu Məcəllə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin
təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq
respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda
(bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə
yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun
hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının
səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan
Respublikasının bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş
yerlərində tətbiq edilir.
2. Bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal
vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən
işçilərə də şamil edilir.
Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular
1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla
bağladığı müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq
xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq
təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada
dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt
qoyulmadan tətbiq edilir.
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər
hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən
normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil
edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və
iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş
müvafiq normalar onlara tətbiq edilir.
Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər
Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir:
a) hərbi qulluqçulara;
b) məhkəmə hakimlərinə;
c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və
bələdiyyələrə seçilmiş şəxslərə;
ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb
əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə
(filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə;
d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr
üzrə işləri yerinə yetirən şəxslərə.
Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla
tənzimlənməsi
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının
minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi
aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.
3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək
qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi,
maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula
bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə,
kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi
yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və
digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
4. Bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri
prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa
yiyələnmə müqaviləsi bağlanıla bilər.
5. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri,
qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında
bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir.
Maddə 8. Bu Məcəllə ilə müəyyən olunmuş müddətlərin hesablanması qaydaları
1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması,
dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan
müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir.
2. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi
günündən hesablanır.
3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin,
ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə
hesablanan müddətə qeyri-iş günləri də daxildir.
4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən
yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
İkinci fəsil. Əmək müqaviləsinin tərəflərinin əsas
hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi
hüquqi təminatları
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları
Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:
a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti
növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;
b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün
işəgötürənə müraciət etmək;
c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə
qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin
öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;
ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək
şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək
haqqı almaq;
e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və
ya onun verilməsini tələb etmək;
ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan
işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri
icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;
f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin
yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq;
g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində
qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;
h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən
istifadə etmək;
x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan
ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz,
təhsil məzuniyyətlərindən istifadə etmək;
ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını
artırmaq;
i) əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən
ziyanın ödənilməsini tələb etmək;
j) işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi
sosial sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından
istifadə etmək;
k) qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlar ittifaqlarının,
ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək
kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və
qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;
q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi
müdafiə olunmaq;
l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta
hüququndan istifadə etmək;
m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;
n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə
bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq.
Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:
a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə
yetirmək;
b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
c) əməyin təhlükəsizliyi normalarına əməl etmək;
ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş
qaydada və şərtlərlə gizli saxlamaq;
e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını
(qətnamələrini) yerinə yetirmək;
f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Maddə 11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları
vardır:
a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri
bağlamaq, onların şərtlərini dəyişdirmək;
b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini
ləğv etmək;
c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə
uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək;
d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam
qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam
məsuliyyətinə cəlb etmək;
e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün
qanunvericiliyə müvafiq tədbirlər görmək;
ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə
əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək,
ştatları, struktur bölmələri ləğv etmək;
f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqı təşkilatı ilə kollektiv
müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət
etmək;
g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və
müddətə sınaq müddətini müəyyən etmək.
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata
keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi
aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və
maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə
edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan
qaydada müvafiq məsuliyyət daşıyır.
Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri
aşağıdakılardır:
a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə
əməl etmək;
b) bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi
aktların tələblərini yerinə yetirmək;
c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada
pozmaq;
ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş
öhdəliklərə əməl etmək;
d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını
(qətnamələrini) yerinə yetirmək;
e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada baxmaq;
ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah
halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə),
kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək;
f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa
yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən,
işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər
imkanlar yaratmaq;
g) cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş
şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi
tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual
qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək.
2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini
yerinə yetirməyən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən
qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.
Maddə 13. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun
tənzimlənməsi
1. Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının
vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu
hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.
2. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda
nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.
3. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına
nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların
müəyyən edilməsi yolverilməzdir.
4. İşəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, onlara
qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazə
verildikdən sonra işə cəlb edə bilərlər.
Maddə 14. Əmək münasibətləri sahəsində dövlət hakimiyyəti orqanlarının
vəzifələri
1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində:
- qanunvericiliyin tələblərinə əmək
münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst
əməl olunmasını;
- sağlam və təhlükəsiz əmək şəraitinin təmin
olunmasını;
- işçilərin və işəgötürənlərin hüquqlarının
pozulmasının qarşısının alınmasını;
- işçilərin və işəgötürənlərin pozulmuş
hüquqlarının bərpa olunmasını;
- səlahiyyətləri çərçivəsində əmək
qanunvericiliyinin təkmilləşdirilməsini;
- əmək münasibətləri sahəsində Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və
azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini
təmin etməlidirlər.
2. Dövlət, işçi qüvvəsindən səmərəli istifadə olunmasını təmin etmək,
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VIII hissəsinə
müvafiq olaraq işsizliyin aradan qaldırılması məqsədi ilə vətəndaşların
peşəkarlıq səviyyəsini, əmək vərdişlərini, çoxillik təcrübəsini nəzərə almaqla
müvafiq ixtisaslar, sənətlər, peşələr üzrə ölkədə mövcud olan işçi qüvvəsindən
istifadə olunmadan xarici ölkələrdən əsassız olaraq mütəxəssislərin işə cəlb
olunmasının qarşısının alınmasını, işsizlik, əhalinin məşğulluğu və miqrasiyası
məsələlərini tənzimləyir.
3. Əmək münasibətləri sahəsində dövlət siyasətinin həyata keçirilməsi
müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi] tərəfindən təmin edilir. Həmin icra hakimiyyəti orqanı:
- səlahiyyətləri çərçivəsində müəyyən edilmiş
hallarda əmək münasibətlərinin tənzim edilməsinin təmin olunması üçün
müvafiq normativ hüquqi aktlar qəbul edir;
- əməyin ödənilməsi, və əmək münasibətləri, əməyin
mühafizəsi, əmək ehtiyatlarından istifadə, əmək miqrasiyası, əhalinin
sosial müdafiəsi, əlillərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud
olan işçilərin reabilitasiyası problemləri sahəsində dövlət
siyasətini həyata keçirir.
Maddə 15. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata
keçirən orqan
1. Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi
aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti
orqanı [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
həyata keçirir.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
orqan [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar
şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb
etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə
müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər
məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq
hüququna malikdir.
3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
orqanın [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
hüquqları, vəzifələri və fəaliyyət qaydaları müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabineti]
tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzim edilir.
4. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
orqan [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)] bu
Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan
məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz.
5. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
orqanın [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər
normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri
çərçivəsində qəbul etdikləri qərarların, göstərişlərin işəgötürənlər və
işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası
məcburidir.
6. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
orqanın [Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
vəzifəli şəxslərinin qərarlarından və göstərişlərindən inzibati qaydada və
(və ya) məhkəməyə şikayət verilə bilər.
Qeyd: Bu Məcəllədə «əmək münasibətlərinin iştirakçıları» dedikdə, işəgötürənlər,
işçilər, mülkiyyətçi, işəgötürənin tabeliyində olan vəzifəli şəxslər, əməyin
mühafizəsi xidmətlərinin nümayəndələri, işçinin öz hüquqlarını müdafiə etmək
üçün müvəkkil etdiyi nümayəndəsi, həmkarlar ittifaqlarının nümayəndələri və
işəgötürənlərin nümayəndəli orqanlarının səlahiyyətli vəzifəli şəxsləri başa
düşülməlidir.
Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə,
milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial
mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar
ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə,
həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin
nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı
ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı
ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların
məhdudlaşdırılması qəti qadağandır.
2. Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı
olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə
təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci
hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki
şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
4. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi
ilə məhkəməyə müraciət edə bilər.
Maddə 17. Məcburi əməyin qadağan edilməsi
1. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə
xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi
(xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb
edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə
cəlb edilirlər.
2. Hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik
əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı
müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi
əməyə yol verilir.
Maddə 18. Fərdi və kollektiv əmək mübahisəsi hüququ, onun qanunvericiliklə
tənzimlənməsi
1. Özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə
işçinin, işəgötürənin, əmək kollektivinin, həmkarlar ittifaqları təşkilatının
fərdi və ya kollektiv əmək mübahisəsi aparmaq hüququ vardır. Bu hüququn həyata
keçirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada
məhdudlaşdırıla bilər.
2. İşəgötürənlə işçi, habelə əmək kollektivi arasında əmək
qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək
mübahisələrinin həlli bu Məcəllənin XI bölməsində nəzərdə tutulan qaydada
tənzimlənir.
Maddə 19. Həmkarlar ittifaqları
1. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə
alınmadan, sırf könüllülük prinsipləri əsasında müəssisədə həmkarlar
ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi
hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar
ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola
bilərlər.
2. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri
«Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların
nizamnamələri ilə müəyyən edilir.
Maddə 20. İşəgötürənlərin nümayəndəli orqanları
1. İşəgötürənlər iqtisadi, maliyyə maraqlarını, sahibkarlıq fəaliyyəti ilə
bağlı mənafelərini müdafiə etmək, habelə həmkarlar ittifaqları ilə
münasibətlərdə sosial tərəfdaşlıq etmək üçün könüllü şəkildə müvafiq təşkilat
yaradaraq birləşə bilərlər.
2. İşəgötürənlərin nümayəndəli orqanının hüquqları, vəzifələri, fəaliyyət
istiqamətləri və qaydaları müvafiq normativ hüquqi aktlarla və onun nizamnaməsi
(əsasnaməsi) ilə tənzim edilir.
3. İşəgötürənlərin nümayəndəli orqanının fəaliyyəti işçilərin və
işəgötürənlərin hüquq bərabərliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada
əmək münasibətlərinin müvafiq müqavilələr, sazişlər bağlamaqla tənzimlənməsi
prinsipində qurulmalıdır.
4. İşəgötürənlərin nümayəndəli orqanı üçün işçilərin nümayəndəli
orqanlarına nisbətən hər hansı üstün hüquqların, güzəştlərin, imtiyazların
müəyyən edilməsi yolverilməzdir.
Maddə 21. Müəssisələrdə ictimai özünüidarə orqanlarının fəaliyyəti
1. Müəssisələrdə həmkarlar ittifaqları təşkilatları ilə yanaşı,
qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan işçilərin digər nümayəndəli
ictimai özünüidarə orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanı
nizamnamələrinə (əsasnamələrinə) uyğun fəaliyyət göstərə bilər.
2. Müəssisənin mülkiyyətçisi, işəgötürəni həmkarlar ittifaqları
təşkilatlarının və işçilərin digər nümayəndəli ictimai özünüidarə orqanlarının
fəaliyyəti üçün kollektiv müqavilələrdə nəzərdə tutulan və ya bu təşkilat və
ictimai özünüidarə orqanlarının işəgötürənlə qarşılıqlı razılığı, yaxud onların
arasında bağlanmış müqavilə əsasında müəyyən edilən müvafiq şəraitin
yaradılmasını təmin edir.
3. Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol
verilmir.
Qeyd: Bu maddədə «ictimai özünüidarə orqanları» dedikdə, əmək kollektivi şurası,
sədrlər (direktorlar) şurası, ixtiraçılar, səmərələşdiricilər, yaradıcılıq,
qadınlar, veteranlar cəmiyyətləri və müvafiq normativ hüquqi aktlar əsasında
əmək münasibətləri iştirakçılarının təsis etdikləri digər ictimai birliklər
başa düşülməl
0 коммент.:
Отправить комментарий