26.12.2015

Umumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 3 iyun tarixli 103 nömrəli
qərarı ilə təsdiq  edilmişdir
 
1. Ümumi müddəalar
 
1.1. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra - dövlət standartları) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır.
1.2. Dövlət standartları aşağıdakıları müəyyən edir: 
- ümumi təhsilin məzmununu; 
- ümumi təhsilin idarə olunmasını;
- ümumi təhsilin maddi-texniki və tədris bazasını;
- ümumi təhsilin infrastrukturunu; 
- ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;
- ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.
1.3. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.
 
2. Ümumi təhsilin məzmunu
 
2.1. Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarını, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, humanistlik, dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir.
2.2. Ümumi təhsilin məzmunu təhsilalanların yaş, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə alınmaqla, onların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, əqli, fiziki, mənəvi, estetik inkişafını, müstəqil əmək və təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir.
2.3. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:
təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönüm-lülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;
təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin etmək;
təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək.
 
3. Ümumi təhsilin idarə olunması
 
3.1. Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir.
3.2. Hesabatlılıq nəticə etibarilə ümumi təhsilin həyata keçirildiyi müəssisədə kollektivin hər bir üzvünün tapşırılmış iş sahəsində cavabdehliyini təmin edir. Ümumi fəaliyyətin müntəzəm hazırlanan və müzakirə edilən hesabatlarda əks olunması müəssisədə hər bir fərdin vəzifə funksiyalarına məsuliyyətlə yanaşmasında mühüm rol oynayır. 
3.3. Məsuliyyətin bölüşdürülməsi ümumi təhsilin idarə olunmasında demokratiklik, sistemlilik və şəffaflıq yaradan mühüm amil kimi meydana çıxır, ümumi fəaliyyətin səmərəli planlaşdırılmasına və nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin müəyyənləşdirilməsinə xidmət edir.
3.4. İnkişafın monitorinqi mövcud idarəetmə sisteminin məqsəd-yönlülük səviyyəsini aşkara çıxarmaq və irəliləyişlərin dinamikasını müəyyən etməklə, planlaşdırma və icra sistemində zəruri dəyişikliklər aparılmasını təmin edir.
3.5. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.
3.6. Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı Pedaqoji Şura hesab olunur. Pedaqoji Şuranın Əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
3.7. Pedaqoji Şura iclaslarında, əsasən, təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq, təlim-tərbiyə prosesinin təşkili və həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, innovativ pedaqoji ideyaların məktəbdə tətbiqi, müəssisədə sağlam psixoloji mühit və təhlükəsiz şərait yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi ilə əlaqədar aktual məsələlər, ümumi fəaliyyətin yaxşılaşdırılması istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilir.
3.8. İdarəetmədə demokratikliyi və şəffaflığı daha da yüksəltmək məqsədi ilə ümumi təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar, himayəçilər şuraları, metodik şura, valideyn-məktəb assosiasiyası, valideyn komitəsi, uşaq parlamenti, qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər təşkilatlarının orqanları) yaradıla bilər.
3.9. Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilmiş direktor həyata keçirir. Direktorun vəzifə funksiyaları ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
 
4. Ümumi təhsilin infrastrukturu
 
4.1. Müəyyən edilmiş dövlət standartlarına uyğun keyfiyyətli ümumi təhsil almaq üçün müvafiq infrastrukturun yaradılması mühüm şərt hesab edilir.
4.2. Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.
 
5. Ümumi təhsilin maddi-texniki və tədris bazası
 
5.1. Ümumi təhsil üzrə dövlət təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə ümumi təhsil müəssisələri zəruri maddi-texniki və tədris bazasına malik olmalıdır.   
5.2. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir.
 
6. Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri
 
6.1. Ümumi təhsilin həyata keçirildiyi müəssisələrə, bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər qəbul edilirlər.
6.2. Pedaqoji kadrlar ümumi təhsil müəssisələrində işə bilavasitə öz ixtisasları üzrə qəbul olunurlar.
6.3. Zəruri hallarda ucqar yaşayış ərazilərində yerləşən ümumi təhsil müəssisələrində pedaqoji orta-ixtisas təhsilli şəxslərin qəbuluna, habelə ixtisaslı pedaqoji kadr çatışmadığı hallarda məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir.   
6.4. Cinayət məsuliyyətinə cəlb olunmuş təhsilverənlərin pedaqoji fəaliyyəti davam etdirmələri, habelə səhhətinin vəziyyətinə görə təhsilverənlərin təlim-tərbiyə müəssisəsində fəaliyyətdən kənarlaşdırılması müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
6.5. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:
- ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə; 
- uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; 
- əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;   
- əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına;
- yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə;  
- öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına;
- ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə;             
- işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza. 
Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.
 
7. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
 
7.1. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üzrə təsdiq olunmuş təlim nəticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən edilir.
7.2. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edən təlim nəticələri və məzmun standartları aşağıdakı tələbləri ehtiva edir:
- fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi;    
- təhsilin nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında qurulmasına didaktik zəmin yaradılması; 
- təhsilalanların həyati bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi;
- keyfiyyətli təhsil almaq üçün hamıya bərabər imkanların yaradılması; 
- təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin olunması; 
- şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müvafiq standartların müəyyən edilməsi üçün etibarlı əsas yaradılması;
- təhsilalanların sağlamlığının qorunması məqsədi ilə ağırlaşdırıcı tədris materiallarının təlim prosesinə gətirilməsinin qarşısının alınması.
 
8. Təhsil proqramı (kurikulum)
 
8.1. Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatəli şəkildə göstərilir:
- ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları;
- ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər;
- ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı;
- ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri;
- təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.
8.2. Baza tədris planları və proqramları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
 
9. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri
 
9.1. İbtidai təhsil üzrə ümumi təlim nəticələri
İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:
yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;
oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;
 lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;
öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi;   
məntiqi düşünməyi, fikir irəli sürməyi, başqasının fikrinə münasibət bildirməyi;
zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi;
müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;
ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi;
sadə mədəni davranışı, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;
müəyyən olunmuş normativlər çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini nümayiş etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;
öz hüquqlarını müdafiə etməyi, başqasının hüquqlarına hörmət etməyi;
insanlara, təbiətə, şəxsi və dövlət əmlakına, başqasının əməyinə həssas, qayğıkeş və ədalətli münasibət göstərməyi;  
Azərbaycan xalqının əxlaqi-mənəvi dəyərləri, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında qazandığı ilkin bilikləri, habelə ölkəsinə qarşı əks mövqedə olan qüvvələri sadə formada təqdim etməyi;
xarici dildə sadə ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi.
 
 9.2. Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri
 
Ümumi orta təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:
dinlədiyi və oxuduğu müxtəlif üslubda və janrda olan mətnləri təhlil etməyi, onların məzmununu yığcam, həm də qismən geniş formada başqasına çatdırmağı;
nitqin monoloq və dialoq formalarından istifadə etməyi;  
plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı;
nümunələr və dəlillər vasitəsilə fikirlərini məntiqi cəhətdən əsaslandırmağı, müxtəlif fikirlərdə ifadə olunan başlıca məqamları ümumiləşdirməyi;    
hesablamalar və proqnozlaşdırma aparmağı, riyazi dildən istifadə etməyi, alqoritmlər qurmağı, ehtimallar irəli sürməyi; 
ətraf aləmi dərk etmək üçün müşahidə, ölçmə, hesablama, təcrübə, qiymətləndirmə üsul və vasitələrindən istifadə etməyi;
təbiətdəki əsas qanunauyğunluqların mahiyyətini və onların qarşılıqlı əlaqəsini izah etməyi;
müxtəlif fakt, mülahizə və dəlilləri müqayisə, təsnif və təqdim etməyi; 
təlim prosesində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi;
təlim tapşırıqlarını yerinə yetirmək üçün müxtəlif informasiya mənbələrindən (lüğətlər, ensiklopediyalar, kompüter, internet, dövri mətbuat və s.) istifadə etməyi;   
öz imkanlarını, meyil və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi;
gördüyü işlərin nəticəsini qiymətləndirməyi, qarşılaşdığı problemlərin optimal həllini tapmağı;
sadə formada icraçılıq, təşkilatçılıq və idarəetmə bacarıqlarını nümayiş etdirməyi;
ictimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi;
milli, əxlaqi-mənəvi, hüquqi, etik, estetik dəyərlərə, vətəndaşlıq mövqeyinə, liderlik keyfiyyətlərinə malik olduğunu nümayiş etdirməyi;
problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi;
xarici dildə ünsiyyət qurmağı;
ana dilində yazılı və şifahi ünsiyyət bacarıqlarına yiyələndiyini, ölkəsinin ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri barədə, habelə vətəninə qarşı əks mövqedə dayanan qüvvələr haqqında müvafiq məlumatlara malik olduğunu nümayiş etdirməyi. 
 
9.3. Tam orta təhsil üzrə ümumi təlim nəticələri
 
Tam orta təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:
dinlədiklərinə və oxuduqlarına tənqidi və yaradıcı münasibət bildirməyi, maraq dairəsinə görə onları yeni məlumatlarla zənginləşdirməyi; 
nitqin müxtəlif formalarından məqamına görə istifadə etməyi;
fikirlərini yazılı formada ifadə etməyi, yaradıcı yazılar (esse, müşahidə və təəssürat xarakterli yazılar və s.) yazmağı;
ictimai həyatda baş verən hadisələrə və sosial-mədəni sahələrdəki yeniliklərə yaş səviyyəsinə uyğun olaraq münasibət bildirməyi;
maraq dairəsinə görə müstəqil məlumatlar toplamağı, onları sistem­ləşdirməyi, təhlil və tətbiq etməyi;
informasiya-kommunikasiya texnologiyalarından həyat fəaliyyətinin təşkili istiqamətində istifadə etməyi;
qarşılaşdığı həyati problemləri qiymətləndirməyi və onların həlli isti­qamətində optimal qərarlar qəbul etməyi;
potensial imkanları daxilində mövcud bilik və bacarıqlarını təkmilləşdir­məyi, mədəni və intellektual səviyyəsini yüksəltməyi; 
insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi, milli əxlaqi-mənəvi dəyərlərə, habelə ümumbəşəri dəyərlərə həssas və tolerant münasibət bəsləməyi;
xarici dildə (dillərdə) ünsiyyət saxlamağı;
icraçılıq, təşkilatçılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi və bu proseslərdə liderlik xüsusiyyətlərini nümayiş etdirməyi;
ana dilində yazılı və şifahi nitq mədəniyyətinə yiyələndiyini, ölkəsinin ədəbiyyatı, tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, habelə Vətənin mənafeyinə qarşı olan əksqüvvələr haqqında ətraflı məlumatlara malik olduğunu nümayiş etdirməyi. 
 
10. Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları
 
10.1. İbtidai təhsil səviyyəsində məzmun standartları
"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), "Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə) fənləri üzrə şagird:
danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;
düzgün, sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir;
kiçikhəcmli rabitəli mətnlər qurur;
lüğətlərdən, məlumat kitablarından istifadə edir;
Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incə­sə­nə­ti, adət-ənənələri haqqında öyrəndiyi məlu­mat­ları sadə formada təqdim edir;
yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələn­diyini nümayiş etdirir.
"Azərbaycan dili"(dövlət dili kimi)* fənni üzrə şagird:
dinlədiyi fikirləri anladığını nümayiş etdirir;
müşahidə etdiyi əşya və hadisələri təsvir edir; 
kiçikhəcmli mətnləri düzgün və sürətli oxuyur, məzmununu izah edir;
söz birləşməsi və cümlə modellərindən kiçikhəcmli şifahi və yazılı mətnlər qurur;
dialoqlarda zəruri nitq etiketlərinə yiyələndiyini nümayiş etdirir;    məlumat xarakterli kiçikhəcmli mətnləri lüğət vasitəsilə tərcümə edir.
"Xarici dil" fənni üzrə şagird:
dinlədiyi fikrin məzmununu izah edir; 
gündəlik həyatda və məişətdə istifadə olunan əşyaları, onlara aid əlamət və hərəkətləri adlandırır;
sadə nitq etiketləri əsasında ünsiyyət yaradır, süjetli şəkillər üzrə nitq nü­mu­nələri qurur;
ana dili ilə müqayisədə öyrəndiyi dilin fərqli səslərini ayırır və tələffüz edir;
kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir;
öyrəndiyi söz birləşməsi və cümlə modelləri əsasında kiçikhəcmli şifahi və yazılı mətnlər qurur;
qarşılaşdığı yeni sözlərin mənasını lüğət vasitəsilə müəyyən edir.  
"Riyaziyyat" fənni üzrə şagird:
sıfır da daxil olmaqla, milyon dairəsində natural ədədlər üzərində hesab əməllərini yerinə yetirir;
kəmiyyətlərdən (uzunluq, sahə, həcm, zaman, kütlə, dəyər) həyati məsələlərin həllində istifadə edir;
sadə müstəvi fiqurlar və fəza cismlərinin xüsusiyyətlərini müəyyən edir və onların əsasında ölçmə və hesablamalar aparır;
məlumatları toplayıb sistemləşdirir, təhlil edir və nəticələri şərh edir.
"İnformatika" fənni üzrə şagird:
eynicinsli obyektlər qrupunda əşyanı artıq seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;
hərəkətlər ardıcıllığında buraxılmış addımı müəyyən edir;
qanunauyğunluqları müəyyən edir və onların əsasında modellər qurur;    
sadə riyazi alqoritmlər və layihələr tərtib edir;
kompüterdə sadə əməliyyatları icra edir;
qrafik redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur;
mətn redaktorunda sadə mətnlər yığır, redaktə edir və onlara rəsmlər daxil edir.
 "Həyat bilgisi" fənni üzrə şagird:
öz hüquqlarını dərk etməsini, başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, insanlara, təbiətə, ekologiyaya həssas və qayğıkeş münasibət bəsləməsini nümayiş etdirir, həmin məsələlərlə bağlı şəxsi fikirlərini bildirir;         
insan həyatı və sağlamlığının qorunması ilə bağlı ən zəruri təhlükəsizlik qaydalarını izah edir;
mənəvi keyfiyyətlərin (düzlük, ədalətlilik, humanistlik, rəhmdillik) mahiyyəti barədə mülahizələrini şərh edir, şəxsi həyatında bu keyfiyyətlərə əməl etdiyini nümayiş etdirir;
iqtisadi biliklərdən məişətdə istifadə edir;
təbiət hadisələri üzərində müşahidələr aparır və onlara münasibət bildirir;
cəmiyyətdə baş verən hadisələri, insan-təbiət, insan-cəmiyyət münasi­bət­lərini öz yaş səviyyəsinə uyğun şərh edir.
"Texnologiya" fənni üzrə şagird: 
materialları müqayisə edir və çeşidləyir, müvafiq texnologiyalardan (ölçmə, kəsmə, biçmə, tikmə, toxuma, qatlama, yapma, birləşdirmə və s.) və texnoloji vasitələrdən istifadə edir, sadə məmulatlar hazırlayır;      
sadə məişət xidmətlərini yerinə yetirir;
birgəfəaliyyət bacarıqları nümayiş etdirir, özünün və başqalarının hazırladığı məmulatlara münasibət bildirir;
təhlükəsizlik texnikası və sanitariya-gigiyena qaydalarını şərh edir və praktik fəaliyyətdə onlara riayət etdiyini nümayiş etdirir;
yaradıcılıq tələb edən sadə model və layihələr qurur.
"Fiziki tərbiyə" fənni üzrə şagird:
hərəki qabiliyyətlərini formalaşdıran oyunları və hərəkət komplekslərini icra edir, müəyyən edilmiş normativləri yerinə yetirir; 
hərəki vərdiş və bacarıqları formalaşdıran müxtəlif statik və dinamik hərəkətləri sadə üsullarla icra edir;
idman oyunlarını, o cümlədən milli idman oyunlarını və onların növlərini təqdim edir;
şəxsi gigiyena və təbii vasitələrlə orqanizmi möhkəmləndirmək qaydalarını izah edir;
fiziki tərbiyə prosesində intizam və rejim qaydalarına əməl edir, birgəfəaliyyət bacarıqlarını nümayiş etdirir.
"Musiqi" fənni üzrə şagird:
mahnı oxumaq qaydalarından istifadə edir, mahnıların mətnlərini məzmu­nuna görə səh­nə­ləşdirir;
musiqi alətlərini səslənməsinə, musiqi əsərlərini xarakterinə görə fərq­lən­dirir və onlara münasibət bildirir;
musiqini emosional qavramasını onun xarakterinə uyğun ritmik hərəkətlər etməklə nümayiş etdirir;
musiqi notlarını adlandırır və oxuyur, onları sadə musiqi alətlərində ifa edir.
"Təsviri incəsənət" fənni üzrə şagird:
əşyaları və hadisələri praktik yolla təsvir edir; 
yaş səviyyəsinə uyğun təsviri sənət nümunələrini izah edir, onları fərq­ləndirir;
əşyanın məzmunu və forması arasındakı əlaqəni şərh edir;
rəng çalarlarını ayırır, rəngləri emosional məna çalarlarına görə müqayisə edir;
sadə kompozisiyalar qurur və onların ayrı-ayrı hissələrini mütənasib qaydada yerləşdirir;
sadə tərtibat xarakterli işləri yerinə yetirir.
10.2. Ümumi orta təhsil səviyyəsində məzmun standartları 
"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), "Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə) fənləri üzrə şagird:
dinlədiyi mətnlərə münasibət bildirməklə, mövqeyini əsaslandırır;
mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlil edir;  
dil vahidlərindən istifadə etməklə, müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) mətnlər qurur, onları təkmilləşdirir;     
müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir;
şifahi və yazılı nitqində zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.
 "Azərbaycan dili" (dövlət dili kimi) fənni üzrə şagird: 
dinlədiyi mətnin məzmununu izah edir, ona münasibət bildirir; 
şüurlu və ifadəli oxu bacarıqlarını nümayiş etdirir;
müxtəlif formalı rabitəli mətnlər qurur və təqdim edir; 
öz fikirlərini sərbəst, ardıcıl və aydın ifadə edir;  
nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif mənbələrdən istifadə edir, tərcümə bacarığını nümayiş etdirir.
"Ədəbiyyat" fənni üzrə şagird:
ədəbi-bədii nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir; 
yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqli ifadə edir, ümumiləşdirmələr aparır;
ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir;
müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;   
şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;
ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;
ədəbi əsərlərin müzakirəsi zamanı tolerantlıq, obyektivlik, ədalətlilik, əsaslandırma və ümumi rəyə gələ bilmək bacarıqlarını nümayiş etdirir.
"Xarici dil" fənni üzrə şagird:
dinlədiyi və oxuduğu mətnlərin məzmununa münasibət bildirir;    
dialoji və monoloji nitq bacarıqlarını nümayiş etdirir;
dilin öyrənilməsi prosesində ünsiyyət etiketi qaydalarına əməl edir, yoldaş­larının nitqinə münasibət bildirir;
fikirlərini yazılı ifadə edir;
lüğətlərdən, əlavə materiallardan, texnoloji vasitələrdən istifadə edir, sadə mətnləri tərcümə edir.
"İkinci xarici dil" fənni üzrə şagird:
dinlədiyi fikrin məzmununu izah edir;
əşya və hadisələri, onlara aid əlamətləri ifadə edir;
sadə nitq etiketləri əsasında ünsiyyət qurur;
yeni sözlərin mənasını lüğət vasitəsilə müəyyən edir;
kiçikhəcmli mətnləri oxuyur və məzmununu izah edir;
kiçikhəcmli şifahi və yazılı mətnlər qurur.
"Riyaziyyat" fənni üzrə şagird:
ölçmə və hesablama ləvazimatlarından istifadə edir, şifahi, yazılı formada dəqiq və ya təqribi hesablamalar aparır;
simvollarla ifadə olunmuş cəbri dildən istifadə edir;
rasional ifadələr üzərində eynilik çevrilmələri aparır, xətti və kvadrat tənlikləri, xətti bərabərsizliklər sistemini həll edir;
funksiya anlayışından və qrafiklərdən real asılılıqların öyrənilməsində və şərhində istifadə edir;
müstəvi fiqurlarının və sadə fəza cismlərinin xassələrini praktik həndəsi məsələlərin həllində tətbiq edir, sadə həndəsi qurmalar və ölçmələr aparır;
riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir;
statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır;
mühakimələrini məntiqi əsaslandırır, yazılı və şifahi nitqində fikirlərini dəqiq, aydın və yığcam ifadə edir; 
müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir;
fəaliyyətini layihələndirir, onların əsasında alqoritmlər qurur, nəticələri yoxlayır və qiymətləndirir.
"İnformatika" fənni üzrə şagird:
informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;
gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;
kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir; 
mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;
qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;
obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;
obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;   
informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsini və ötürül­mə­sini nümunələr əsasında izah edir; 
şəbəkə növləri vasitəsilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə edir;
müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir;
elektron cədvəllərdən istifadə etməklə, yeni sənədlər tərtib edir; 
müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından istifadə edir, sadə "Web" səhifələr yaradır.
"Azərbaycan tarixi" fənni üzrə şagird:
tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah edir;
sivilizasiyaların formalaşmasında, dünya mədəniyyətinin, incəsənətinin in­kişafında Azərbaycanın rolu və mövqeyi barədə mülahizələrini şərh edir;
tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə müna­sibət bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir.
"Ümumi tarix" fənni üzrə şagird:
tarixi dövrləri və sivilizasiyaları xarakterik əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri və faktları dövr baxımından qiymətləndirir, onlara münasibət bildirir; 
tarixi paralellər aparmaq yolu ilə ayrı-ayrı dövlətlərin inkişaf tendensiyalarını, ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir;
müxtəlif tarixi mənbələri araşdırmaqla, lazımi materialları toplayıb sistemləşdirir və təqdim edir.
"Fizika" fənni üzrə şagird:
təbiət hadisələrini xarakterinə görə qruplaşdırır və onların başvermə səbəblərini fiziki qanunlar əsasında izah edir; 
təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib şərh edir; 
fiziki hadisələri müşahidə edir, nəticələri ümumiləşdirir və onlar haqqında mülahizələrini təqdim edir;
fiziki kəmiyyətləri ölçür və nəticələrindən gündəlik həyatda tətbiq üçün istifadə edir, bu prosesdə təhlükəsizlik qaydalarına əməl edir; 
fizika elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizik-alimlərin yaradıcılığı barədə təqdimatlar edir.
"Kimya" fənni üzrə şagird:
kimyəvi hadisələrin mahiyyətini dərk etmək üçün müşahidələr və təcrübələr aparır, alınmış nəticələr əsasında onlara münasibət bildirir;
maddələrin quruluşunu, xassələrini, onların çevrilməsinin səbəblərini izah edir;
maddələrin çevrilməsini tətbiq və idarə edir;
ətraf aləmə həssas və qayğıkeş münasibət nümayiş etdirir, müşahidə etdiyi hadisələri ümumiləşdirib təqdim edir;
kimya sahəsində görkəmli alimlər və onların xüsusi əhəmiyyətə malik elmi kəşfləri, nailiyyətləri haqqında məlumatların ötürülməsi və yayılmasında iştirak edir.
"Biologiya" fənni üzrə şagird:
canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə müqayisə edir, bu barədə mülahizələrini şərh edir;
bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə edir, nəticələri ümumiləşdirir, onları şərh edir;
canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir;
bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir;
fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri biliklərdən ekoloji problemlərin aradan qaldırılmasında istifadə edir;
zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.
"Coğrafiya" fənni üzrə şagird: 
təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiətdəki coğrafi hadisələrin başvermə səbəblərini və yerləşmə qanunauyğunluqlarını izah edir, onların əsasında müqayisələr aparır, nəticələri ümumiləşdirir, yazılı və şifahi təqdim edir;
coğrafi təbəqənin əhəmiyyətini və onun mühafizəsinin həyat üçün vacibliyini müvafiq dəlillər əsasında şərh edir;
müxtəlif şərait və vəziyyətlərdə ətraf mühitin öyrənilməsində coğrafi cihazlardan istifadə edir;
müəyyən ərazinin kartoqrafik təsvirini verir, xəritə və plan üzrə təhlillər aparır, xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə edərək, müvafiq hesablamalar aparır və nəticələrə dair diaqramlar, cədvəllər qurur;
Azərbaycanın, eləcə də müxtəlif ölkələrin təbiəti, təbii ehtiyatları, əhalisi, iqtisadi inkişaf meyilləri haqqında əlavə məlumatlar toplayır, sistemləşdirir, onların əsasında təqdimatlar edir.
"Həyat bilgisi" fənni üzrə şagird:
müvafiq normativ hüquqi sənədlərdə təsbit olunmuş insan hüquq və azadlıqlarına dair müddəaların mahiyyətini konkret tarixi hadisələrin, faktların, ədəbi əsərlərin nümunəsində şərh edir, özünün və başqalarının hüquqlarına hörmətlə yanaşdığını nümayiş etdirir;
zərərli vərdişlərin insan həyatı üçün təhlükəli olduğunu və ağır nəticələr verdiyini konkret nümunələr əsasında şərh edir, sağlam həyat tərzi keçirdiyini gündəlik fəaliyyətində nümayiş etdirir;
həyat fəaliyyətinin təhlükəsizliyi qaydalarına yiyələndiyini yazılı və şifahi təqdimatlarında, təlim-məşq tədbirlərində nümayiş etdirir; 
mənəvi-əxlaqi mövzulara həsr olunmuş müzakirələrdə, diskussiya-larda və digər tədbirlərdə müvafiq problemlərlə bağlı rəy və mülahizələrini bildirir, hadisə və faktları mahiyyətinə görə qiymətləndirməklə şəxsi mövqeyini və münasibətini büruzə verir;   
gündəlik həyatda iqtisadi səmərəliliyə dair kiçik layihələr qurur, onları təqdim və tətbiq edir;
təbiət və cəmiyyət hadisələri ilə bağlı qanunauyğunluqların mahiyyətini izah edir, həmin məsələlərlə əlaqədar bu fənn daxilində əldə etdiyi məlumatları digər fənlərdəki eyni məzmunlu məlumatlarla müqayisə edir, onları sistemləşdirir və ümumiləşdirmələr aparır.
"Texnologiya" fənni üzrə şagird:
müstəqil həyatda zəruri sayılan ilkin texniki və texnoloji bilikləri tətbiq edir, təhlükəsizlik texnikası qaydalarına riayət etməklə, gündəlik məişətdə vacib olan texnoloji işləri yerinə yetirir, sadə məmulatlar hazırlayır; 
sadə layihələr tərtib edib onları həyata keçirir, məmulatların hazırlanmasında dizayn tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-tikinti işlərini yerinə yetirir;
texnoloji proseslərə aid informasiyaları toplayıb sistemləşdirir, məmulatların hazırlanmasında onlardan istifadə edir;
şəraitə və təbii imkanlara uyğun olaraq becərmə, bəsləmə, tədarük və emaletmə bacarıqlarını nümayiş etdirir;
əmək fəaliyyətini planlaşdırır və idarə edir;
iş prosesində birgəfəaliyyət bacarıqlarını nümayiş etdirir.
"Fiziki tərbiyə" fənni üzrə şagird:
ayrı-ayrı hərəki qabiliyyətlərinin inkişafı üçün hərəkətlər kompleksi seçir və onları müvafiq rejim və üsullarla yerinə yetirir;
fiziki hazırlığını təkmilləşdirmək və sağlamlığını möhkəmləndirmək üçün vasitə və tədbirlər müəyyənləşdirib icra edir, hərəki qabiliyyətləri üzrə müəyyən edilmiş normativləri yerinə yetirir;
hərəki fəaliyyət prosesində müvafiq təhlükəsizlik qaydalarına, tibbi-gigiyenik tələblərə, gün rejiminə əməl edir; 
kollektiv fəaliyyət zamanı öz yerini və rolunu müəyyənləşdirir, zəruri məqamlarda qabaqcıl və həlledici mövqe tutur, hərəki potensialını reallaşdırır, əməkdaşlıq bacarıqlarını nümayiş etdirir.
"Musiqi" fənni üzrə şagird:
Azərbaycanın görkəmli klassik və müasir musiqi xadimləri, dünya musiqi sənətinin ta­nınmış nümayəndələri, onların geniş yayılmış məşhur əsərləri haqqında təqdimatlar edir;
folklor musiqi nümunələrini, aşıq havalarını, muğamları və onların tərkib hissələrini tanıyır, musiqi əsərlərini ifa vasitələrinə görə müqayisə edir, onları janr və formasına görə fərqləndirir;
musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir;
musiqi melodiyalarını notla oxuyur;
fərdi, qrup və kollektiv daxilində ifaçılıq bacarığını nümayiş etdirir.
"Təsviri incəsənət" fənni üzrə şagird:
təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini izah edir;
Azərbaycanın, dünya incəsənətinin görkəmli nümayəndələri və onların əsərləri haqqında məlumatları şərh və təqdim edir; 
təsviri sənət növlərini, onları təşkil edən əsas janrları ayırır, bunların xarakterik xüsusiyyətlərini izah edir;
həyati görüntüləri real, habelə abstrakt tərzdə təsvir edir;
bədii sənət əsərlərini milli-üslubi cəhətlərinə görə müqayisə və izah edir;
bədii tərtibat və dizayn bacarıqlarını nümayiş etdirir.
10.3. Tam orta təhsil səviyyəsində məzmun standartları
"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), "Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə) fənləri üzrə şagird:
müxtəlif mənbələrdən aldığı məlumatları təhlil edir və onlara münasibət bildirir;
mətnləri üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir və qiymətləndirir;
mənbələrdən istifadə etməklə, müxtəlif üslublu mətnlər qurur;  
müzakirə, görüş, diskussiya və s. tədbirlər üçün məruzə, təqdimat və ssenarilər hazırlayır; 
nitqin dəqiqliyi, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normaları şifahi və yazılı nitqində tətbiq edir.
"Azərbaycan dili" (dövlət dili kimi) fənni üzrə şagird:
dinlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırır; 
Azərbaycan dilində aparılan tədbirlərdə çıxış və təqdimatlar edir; 
oxuduğu mətnlərin məzmunu və üslubu haqqında rəy və mülahizələrini bildirir;
nitqin müxtəlif üslub və tiplərində mətnlər qurur;
sərbəst tərcümə bacarığını nümayiş etdirir.
"Ədəbiyyat" fənni üzrə şagird:
oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;
ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar təqdim edir;
mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nümunələr üzərində araşdırmalar aparır;
ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;
ədəbi əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;
ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir;
mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır.
"Xarici dil" fənni üzrə şagird:
dinlədiyi nitqin məzmununa münasibət bildirir;
müxtəlif cümlə konstruksiyalarından istifadə etməklə fikirlərini izah edir;
müzakirə və diskussiyalarda fikirlərini əsaslandırır;
oxunmuş mətnin planını tərtib edir, qısa məzmununu yazır;
sadə süjetli yazılı mətnlər qurur;  
dilin öyrənilməsi prosesində müxtəlif mənbələrdən istifadə edir.
 "İkinci xarici dil" fənni üzrə şagird:
dinlədiyi və oxuduğu mətnlərin məzmununa münasibət bildirir;    
dialoji və monoloji nitq bacarıqlarını nümayiş etdirir; 
mətnləri oxuyur, planını tərtib edir, qısa məzmununu yazır;
öz fikrini şifahi və yazılı ifadə edir; 
sadə mətnləri lüğətlər vasitəsilə tərcümə edir.
"Riyaziyyat" fənni üzrə şagird:
riyazi materiallara aid alqoritmləri yerinə yetirir, real həyatda riyazi anlayış və düsturlardan istifadə edir; 
kəmiyyətlər arasındakı asılılığı müəyyənləşdirir və riyazi dillə ifadə edir;
cəbri çevrilmələrdən və funksional asılılıqlardan yaxın fənlərin öyrənilməsində və ətraf aləmin mövcud qanunauyğunluqlarının araşdırılmasında istifadə edir;
genişləndirilmiş fəza təsəvvürlərindən çertyoj, şəkil və sxemlərin çəkilməsində, ətraf aləmdəki əşyaların təsvirində istifadə edir;    
ətraf aləmdəki ehtimal və statistikanın qanunauyğunluqlarının mövcudluğu haqqında məlumatları izah edir, ehtimalın klassik modelinə əsasən hadisələrin baş verməsini proqnozlaşdırır;
ölçmə və hesablama vasitələrindən istifadə edir, yazılı və şifahi əməliyyatlar aparır;
mühakimələrini riyazi faktlarla əsaslandırır və məntiqi nəticələrini şərh edir, isbat olunmuş təklifi ehtimal və fərz olunandan fərqləndirir.
"İnformatika" fənni üzrə şagird:
informasiyaları ölçür, təsvir edir və informasiya daşıyı­cıları ilə işləyir; 
sadə məsə­lələrin həlli üçün müx­təlif strukturlu alqoritm­lər tə­rtib edir, proq­ram­lar hazırlayır və icra edir;
sadə informasiya model­lə­rinə uyğun in­forma­siya­ların işlən­mə­si alqo­ritm­lər­ini qurur və qurulmuş modeli kompüterdə tədqiq edir; 
kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir və lazımi əməliyyatları icra edir;
qrafik redaktorda müxtəlif təsvirlərin hissələrindən istifadə edərək yeni təsvir yaradır, mətn redaktorunda cədvəl-mətnlər yığır, format­laşdı­rır, cədvəllər üzərində hesablamalar aparır, sənədləri çap edir;
müxtəlif təqdimatlar hazırlayır, re­daktə edir və ona multimedia effektlərini əla­və edir;
elektron cədvəl prosessorunda və verilənlər bazasında müvafiq əməliyyatları icra edir;
nternetin əsas xidmətlərindən istifadə edir, müxtəlif dizaynlı "Web" səhifələr yaradır.
"Azərbaycan tarixi" fənni üzrə şagird:
Azərbaycanın tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliklərə malik olduğunu nümayiş etdirir;
tarixi hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;
tarixi informasiyaları toplayır, sistemləşdirir, təhlil edir və nəticələr barədə təqdimatlar hazırlayır; tarixi hadisələrlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar verir;
debatlarda, diskussiyalarda, müzakirələrdə Azərbaycan haqqında ictimai rəy formalaşdıran təkliflərlə çıxış edir, Azərbaycan cəmiyyətində hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət azadlığı və s.) reallaşmasına münasibət bildirir. 
"Ümumi tarix" fənni üzrə şagird: 
mənbələr əsasında müxtəlif tarixi hadisələri təhlil edir, onlar arasındakı oxşarlıq və ziddiyyətlərin səbəblərini izah edir, konkret tarixi hadisələrə dair əlavə məlumat toplayır, onları sistemləşdirir və təqdim edir, şəxsi mülahizələri əsasında referat, məruzə, tezislər hazırlayır;        
dünya tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrləri ilə tarixi kontekstdə müqayisə edir, təhlillər aparır və öz mülahizələrini bildirir;
tarixi mövzulardakı dialoqlarda, keçmiş və müasir dövrün hadisə və proseslərinin müzakirəsində öz mövqeyini bildirir və əsaslandırır;
cəmiyyətlərin inkişafında islahat və inqilabların rolunu fərqləndirir, onlara öz münasibətini bildirir;
aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, onların xarakterik cəhətlərini izah edir; 
tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirir;
müasir dövrün qlobal problemlərini şərh edir, onların aradan qaldırılması ilə bağlı öz fərziyyələrini bildirir.
"Fizika" fənni üzrə şagird:    
fiziki qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini izah edir;
fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh edir;
nəzəri biliklərin həyatda reallaşdırılması imkanlarını nümayiş etdirir.
"Kimya" fənni üzrə şagird:
qeyri-üzvi və üzvi maddələri fərqləndirir, onların xarakterik cəhətlərini izah edir;
kimyəvi hadisələri məişətdə tətbiq edir; 
kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini dərk etmək üçün eksperimentlər və müşahidələr aparır, nəticələrini ümumiləşdirir və bu barədə şifahi və yazılı təqdimatlar hazırlayır;
ekoloji problemlərin həlli ilə bağlı kiçik layihələr hazırlayır və təqdim edir.
"Biologiya" fənni üzrə şagird: 
bioloji varlıqların yaranması və inkişafı ilə bağlı, habelə canlı orqanizmlərdə gedən bioloji prosesləri şərh və izah edir; 
insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji problemlərin başvermə səbəbləri və aradan qaldırılması yolları barədə materiallar toplayır, sistemləşdirir, müqayisə və təhlil edərək qiymətləndirir;  
irsiyyətin qanunauyğunluqlarını məsələ həlli yolu ilə əsaslandırır və nəticələrini şərh edir;  
seleksiyanın nailiyyətlərinin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah edir.
"Coğrafiya" fənni üzrə şagird: 
coğrafi təbəqənin tərkib hissələrinin inkişaf qanunauyğunluqlarını, onların qarşılıqlı əlaqəsini, ətraf mühitə təsirinin nəticələrini izah edir, təbii komplekslərin müqayisəli təhlilini aparır, onlarda baş verən dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edir;
ətraf mühitin dəyişilməsi prosesini müşahidə etmək üçün təcrübələr aparır, sınaqlar keçirir, onların nəticələrini ümumiləşdirib təqdim edir; 
müvafiq nəzəri biliklər əsasında iqtisadi səmərəliliyin təmin olunması ilə bağlı fərdi qaydada, habelə qrup daxilində kiçik layihələr hazırlayır, hesablamalar aparır, nəticələrin tətbiqi üzrə mülahizələr irəli sürür;
müxtəlif məzmunlu plan və xəritələr hazırlayır, ayrı-ayrı sahələr üzrə coğrafi hesablamalar aparır və müvafiq diaqramlar, sxem və cədvəllər tərtib edir;
geosiyasi dəyişiklikləri təhlil edir və ümumiləşdirmələr aparır, bu dəyişikliklərin ölkəmizə təsiri barədə mülahizələr irəli sürür; 
öz biliyini və məlumat dairəsini genişləndirmək üçün əlavə materiallar toplayır, onları sistemləşdirib yazılı və şifahi təqdim edir.
"Fiziki tərbiyə" fənni üzrə şagird:
hərəki qabiliyyətlərin inkişafı üzrə müəyyən edilmiş normativləri yerinə yetirir;
fiziki tərbiyə prosesinə aid nəzəri məlumatları izah edir və bu məlumatlardan praktik fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir;
seçdiyi idman növünün xüsusiyyətlərinə uyğun hərəkətlər kompleksi müəyyənləşdirir və icra edir;
fərdi, yaxud komanda tərkibində fəaliyyət zamanı təşkilatçılıq, psixoloji dayanıqlıq, dözümlülük, mübarizlik, ümumi mənafeyə xidmət etmək keyfiyyətlərini nümayiş etdirir; 
fiziki hazırlıq və sağlamlığın möhkəmləndirilməsi ilə bağlı zəruri vasitələri seçir və tətbiq edir;
zəruri şəraitdə ilk tibbi yardım göstərir.
"Çağırışaqədərki hazırlıq" fənni üzrə şagird:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, tərkibi, inkişafı haqqında məlumatları, hərbi xidmət barədə qanunun tələblərini şərh edir;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istifadə olunan hərbi texnika və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamna-mələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;
qeyri-müəyyən şərait və hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün üsul və vasitələrdən istifadə edir;
mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.
 
11. Ümumi təhsil pilləsində tədris edilən fənlər
 
11.1. Ümumi təhsil pilləsində tədris edilən fənlər aşağıdakılardır:
11.1.1. İbtidai təhsil səviyyəsində:
"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), "Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Xarici dil", "Riyaziyyat", "İnformatika", "Həyat bilgisi", "Texnologiya", "Fiziki tərbiyə", "Musiqi", "Təsviri incəsənət";
11.1.2. ümumi orta təhsil səviyyəsində: 
"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), "Gürcü dili" (təlim gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Ədəbiyyat", "Xarici dil", "İkinci xarici dil", "Riyaziyyat", "İnformatika", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Həyat bilgisi", "Texnologiya", "Fiziki tərbiyə", "Musiqi", "Təsviri incəsənət";
11.1.3. tam orta təhsil səviyyəsində:
"Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), gürcü dili (təlim gürcü dilində olan məktəblərdə), "Azərbaycan dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Xarici dil", "İkinci xarici dil", "Riyaziyyat", "İnformatika", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Fiziki tərbiyə", "Çağırışaqədərki hazırlıq".
 
 
                
12. Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının maksimum miqdarı
 
 
Həftəlik dərs saatlarının maksimum miqdarı
Tədris dilləriibtidai təhsil səviyyəsi I-IV siniflər 
ümumi orta təhsil səviyyəsi
V-IX siniflər
 
tam orta təhsil səviyyəsi X-XI siniflər 
yekun
I-XI siniflər
 
Azərbaycan dili91/8149/1566/8306/31
Digər dillər99/8159/1570/8328/31

 
Qeydlər:
1. Kəsrin surətindəki ədəd dərs saatlarının, məxrəcindəki ədəd isə dərsdənkənar məşğələ saatlarının miqdarını əks etdirir.     
2. Zəruri hallarda dərsdənkənar məşğələ saatlarından digər fənnin (fənlərin) tədrisinə ayrıla bilər.
 
12.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumi təhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər.
 
13. Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
 
3.1. Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur: 
13.2. pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəkildə (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir; 
13.3. təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
13.4. şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
13.5. inkişafyönümlülük - şagirdlərin əqli fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;   
13.6. fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
13.7. dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
 
14. Təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi
 
14.1. Təlim nailiyyətlərinin qiymətləndirilməsi:
təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi ardıcıl və sistemli xarakter daşıyır, təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və yüksəldilməsinə xidmət edir, təhsilin keyfiyyəti və inkişafı haqqında müvafiq məlumatların (şagirdlərin təlimə münasibətləri və onların nailiyyətləri, müəllimlərin hazırlıq səviyyəsi, kurikulumların məqsədəmüvafiqliyi, təlim resursları ilə təminatı və idarəetmə üsulları) toplanması və onların təhlili ilə müşayiət olunur;
məqsədəmüvafiqlik, qarşılıqlı dəyərləndirmə və etibarlılıq, inkişafyönümlülük, şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır;
test tapşırıqlarının verilməsi və yoxlanması, sinifdə müşahidələrin aparılması, fənn kurikulumlarının icra vəziyyətinin, şagird və müəllimlərin fəaliyyətinin müşahidə olunması, qiymət cədvəllərinin və digər məktəb sənədlərinin təhlili və digər üsullarla həyata keçirilir; 
məktəbdaxili, milli və beynəlxalq istiqamətlərdə aparılır;
14.2. Məktəbdaxili qiymətləndirmə 3 komponent üzrə həyata keçirilir:   
şagird irəliləyişinin monitorinqi - məktəb səviyyəsində müəllim və məktəb rəhbərləri tərəfindən həyata keçirilir, bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davamlı), mikrosummativ (bəhs və bölmələr üzrə) və makrosummativ (yarımilliklər üzrə) formalarda yazılı və şifahi aparılır;    
kurikulum üzrə qiymətləndirmə - şagirdlərin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə aparılır;
təhsil səviyyələri (orta və tam orta) üzrə yekun qiymətləndirmə - mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədinin verilməsi ilə başa çatır. Tam orta təhsil pilləsində şagirdlərin müvafiq təmayüllər üzrə təhsil almaları ümumi orta təhsil səviyyəsində keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə görə müəyyən olunur;
14.3. Milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir keçirilir. Təhsil prosesinin təşkili, planlaşdırılması və aparıldığı şərait haqqında toplanmış məlumatlar vasitəsilə kurikulumların keyfiyyətini və ümumi təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədi ilə aparılır; 
14.4. Beynəlxalq qiymətləndirmə aşağıdakı məqsədlərlə aparılır:
bir qayda olaraq, hər üç ildən bir seçmə yolla şagirdlərin təlim göstəriciləri əsasında təhsilin vəziyyəti barədə təsəvvür əldə etmək;     
müvafiq məlumatları təhlil etməklə problemləri aşkara çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək; 
mövcud vəziyyəti digər ölkələrlə müqayisə etmək və perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq; 
14.5. Toplanmış məlumatların təhlili aparılır, nəticədə ölkədə təhsil sisteminin qurulması və gələcək inkişaf perspektivlərinin müəyyən-ləşdirilməsi məqsədi ilə istifadə edilir.
 
* Təlim digər dillərdə aparılan məktəblərdə tədris edilir.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.