09.12.2015

Azərbaycan  Respublikasının Təhsil Naziri M. C. Mərdanov və Azərbaycan  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Respublika Komitəsinin sədri S. S. Mehbalıyev tərəfindən 26 noyabr 2008-ci ildə təsdiq edilmişdir. 
  
Ümumtəhsil,  peşə və orta ixtisas təhsili müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair
  
T Ö V S İ Y Ə L Ə R


Bu Tövsiyələr ümumtəhsil,  peşə və orta ixtisas məktəblərində işəgötürənlə işçi arasında əmək münasibətlərinin tənzimlənməsini, həmçinin pedaqoji işçilərin hüquq və maraqlarının müdafiəsi məqsədi ilə hazırlanmış, metodiki yardım və geniş istifadə üçün təklif edilir.

I Ümumi müddəalar
1. İşəgötürənlə pedaqoji işçi arasında əmək müqaviləsinin bağlanması ilə əlaqədar tövsiyələr müqavilə bağlanarkən  praktiki və metodik yardım məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsi (bundan sonra AR ƏM), Azərbaycan Respublikasının Təhsil Qanunu və digər müvafiq normativ hüquqi aktlar əsasında hazırlanmışdır.
Pedaqoji işçilər üçün hazırlanmış əmək müqaviləsinin nümunəvi forması bu tövsiyələrə əlavə olunur. (Bax: əlavələr)
2. Bu tövsiyələrdə AR ƏM 3-cü maddəsinə uyğun olaraq aşağıdakı əsas anlayışlardan istifadə olunur:
İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub, işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
İşçi -  işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs
3. Əmək müqaviləsinin bağlanması işəgötürənlə işçinin əmək mü­na­si­bət­lə­rinin  yaranmasını təsdiq edir. AR ƏM-nin 12-ci və 46-cı maddələrinə  müvafiq olaraq bağlanmış əmək müqaviləsinə əsasən  işəgötürən işçiyə əmək funksiyasına uyğun olaraq iş təklif etməyi öhdəsinə götürür. Əmək qanunvericiliyinə,  kollektiv müqavilələrə, razılaşmalara və digər normativ aktların tələblərinə uyğun olaraq  işəgötürən işçiyə iş şəraiti yaratmalıdır və vaxtında  tam miqdarda  əmək haqqı ödəməlidir. İşçi isə öz növbəsində əmək müqaviləsində qeyd olunmuş  funksiyaları icra etməli, müəssisə daxili nizam intizam qaydalarına riayət edilməlidir.
4. Əmək müqaviləsi yazılı şəkildə bağlanır və iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
5. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin razılığı ilə müəyyən edilir.
6. Müəllimlə əmək müqaviləsi bağlanan zaman aşağıdakı  şərtlər mütləq qeyd olunur: təhsil müəssisi və ya onun struktur bölməsində iş yeri, işə başlama tarixi, əmək funksiyaları; dərs yükünün həcmi, əmək müqaviləsinin müddəti,  əməyin ödənmə şərti, iş və istirahət vaxtının müddəti, əməyin mühafizəsi, məcburi sosial sığorta şərtləri, Əmək Məcəlləsi  və normativ-hüquqi aktlarla əmək fəaliyyətini tənzimləyən digər şərtlər;
Pedaqoji işçinin dərs yükü onun əmək funksiyasının   tərkib hissəsidir və işçi tərəfindən mütləq yerinə yetirilməlidir. Dərs yükünün həcmi və ondan irəli gələn şərtlər əmək müqaviləsinin əsas tələbləri hesab edilir.
7. Əmək müqaviləsində əlavə şərtlər də nəzərdə tutula bilər. Bu  zaman  Azərbaycan  Respublikasının  qanunvericiliyi,  kollektiv  müqavilələr  və   razılaşmalarla   işçiyə  verilən  və həmçinin aşağıda qeyd olunan hüquqlar  pozulmamalıdır.
- iş yerin dəqiqləşməsi (struktur bölmənin müəyyənləşməsi və onun  yerinin göstərilməsi);
- təhsil prosesi ilə bağlı olan və  əlavə əmək haqqı tələb edən vəzifələr  (sinif rəhbərliyi, yazı işlərin yoxlanması, kabinet idarə olunması və s.);
- ixtisasartırma kurslarından istifadə olunması;
- işçinin əlavə sığortasının növləri və şərtləri;
- işçinin və onun ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması;
8. AR ƏM  43-cü  maddəsinə  müvafiq  olaraq  əmək müqaviləsində aşağıdakılar qeyd olunmalıdır:
- işçinin soyadı, adı, atasının adı və ünvanı;
- təhsil müəssisinin Nizamnaməsi ilə müəyyənləşən  təşkilatı-hüquqi formasının  tam  adı, işəgötürənin  soyadı, adı, atasının adı;
- İşçinin şəxsiyyətini müəyyən edən məlumatlar (şəxsiyyət  vəsiqəsi  və   ya  onu  əvəz  edən  sənəd);
- İşçinin iş yeri, vəzifəsi (peşəsi);
- Əmək müqaviləsinin müddəti;
- İşçinin əmək funksiyası;
- İşçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
- Tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
- Tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar;
- Əmək müqaviləsinin bağlandığı tarix və yer.
- Tərəflər haqda tam məlumat almaq məqsədi ilə əmək müqaviləsində işçinin yaşadığı ünvan (qeydiyyat və faktiki yaşadığı yer), işəgötürənin dövlət qeydiyyatı ilə müəyyənləşən  yeri və digər məlumatlar qeyd olunur.
9. Müəllimin əmək funksiyalarının əsaslarından birini təhsil alanın öyrədilməsi və tərbiyəsi ilə bağlı olan konkret işlər  təşkil  edir.
Müəllimin əmək funksiyası, ixtisasının və işin xüsusiyyətlərinə görə dəqiqləşdirilərək əmək müqaviləsində qeyd olunur. İşçinin peşəkarlıq  səviyyəsi, onun ixtisası, təhsili, pedaqoji iş stajı, attestasiya ilə müəyyənləşən ixtisas dərəcəsi ilə ölçülür.
10. İşçinin  işə  başlama  tarixi  əmək müqaviləsində  qeyd olunmalıdır, yəni  vəzifəsini  icra  etdiyi dəqiq gün, ay, il göstərilməlidir.
11. Qanunvericiliyin  tələblərinə  əsasən  müəyyən  müddətə  bağlanılan əmək müqaviləsinin   səbəbləri və  şərtləri  göstərilməlidir.
AR ƏM-nin  45-ci  maddəsinin  4-cü  bəndinə  əsasən  əmək  funksiyasının  yerinə  yetirilməsi  şərtlərinə  görə  işin  və  ya  göstərilən  xidmətlərin  daimi  xarakterə  malik  olduğu  qabaqcadan  bəlli  olduğu  hallarda, əmək  müqaviləsi  müddəti  müəyyən  edilmədən (müddətsiz) bağlanmalıdır.
Müəllim  boş  (vakant)  vəzifəyə  işə  qəbul  olunarkən onunla  işəgötürən  arasında  müddətsiz  əmək  müqaviləsi  bağlanmalıdır.        
AR ƏM-nin 51-ci maddəsinə uyğun olaraq əmək müqaviləsi İşçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə 3 aydan artıq olmamaq şərti ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.                                                                       
12. Müəllim vəzifəsinə qəbul zamanı onun  qarşısına  bir sıra əlavə tələblər də qoyulur. Bu tələblər müəllimin təhsil senzi  ilə təhsil müəssisəsinin tipi və növü ilə müəyyənləşir. Təhsil senzi dedikdə müəllimin dövlət sənədi ilə təsdiqlənən ixtisası və peşəkarlıq səviyyəsi nəzərdə tutulur.
Müəllimin təhsili (ixtisası) diplomla, yenidənhazırlanma və digər təhsil sənədləri ilə müəyyənləşir.
AR Təhsil qanununun  49-cu  maddəsinə əsasən məhkəmənin qərarı ilə yaxud hökumət tərəfindən təsdiq olunmuş siyahıda göstərilən tibbi səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi  qadağan olan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Səhhəti  ilə bağlı olan qadağalar AR ƏM 74-cü maddəsinə və Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında həyata keçirilir.
13. AR ƏM 46-cı maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsinə dəyişikliklər və əlavələr daxil edilir. Həcmcə çox olduğuna görə həmin əlavə şərtlər və dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda, ilkin əmək müqaviləsi yenidən tərtib edilməli və ya ayrılıqda tərtib edilib təsdiqlənməlidir.
14. Əgər müəllimlə işəgötürən arasında müəyyən səbəblərə görə işə qəbul zamanı əmək müqaviləsi bağlanmayıbsa, bu zaman  tərəflərin hüquqlarının qorunması məqsədi ilə müddətsiz əmək müqaviləsi yazılı formada bağlanılır və işə qəbul olunan tarix qeyd olunur. Əmək müqaviləsinin yazılı şəkildə tərtibatı tərəflərin bir-biri ilə münasibətlərini rəsmiləşdirilir.

II İşəgötürənin və  işçinin  hüquq və vəzifələri
15. Əmək normalarını özündə əks etdirən normativ hüquqi aktlara, kollektiv müqaviləyə və razılaşmalara  əsasən  əmək müqaviləsində işəgötürənin və İşçinin hüquq və vəzifələri göstərilir.
Müəyyən səbəblərdən əmək müqaviləsində qeyd edilməmiş hüquq  və  vəzifələr  işəgötürəni  və  işçini  bu  şərtlərin  yerinə  yetirilməsindən  azad  etmir.
16. Tövsiyəyə əlavə olunmuş nümunəvi əmək müqaviləsində işəgötürənin  və  işçinin   ən vacib hüquq və vəzifələri qeyd olunmuşdur.

III Əməyin ödənilməsi və sosial zəmanət
17. Əmək müqaviləsində işçinin  əməyinin  ödənilməsi  əsas  şərtlərdən  biridir.
Müəyyən edilmiş dərs saatlarına görə əməyin ödənilməsi, həmçinin  müəssisə  tərəfindən  işçiyə  verilən əlavələr, mükafatlar və həvəsləndirici pul  vəsaiti əmək  müqaviləsində  göstərilməlidir.
Dövlət  və  qeyri  dövlət  təhsil müəssisələrində  işçilərin  əməyinin  ödənilməsi, tarif  dərəcəsinin  müəyyən edilməsi  AR ƏM  156-cı  maddəsinə, kollektiv  müqavilələrə, razılaşmalara  və  digər  normativ-hüquqi  aktlara  uyğun  olaraq  müəyyənləşdirilir.
18. Aşağıda  qeyd  olunanlar  müəllimin əmək haqqının hesablanmasında nəzərə alınmalıdır:
- Həftə ərzində  müəyyən edilmiş  faktiki dərs yükünün  tədrisi.
- Ödəniş  dərəcəsindən  irəli  gələn  əmək  haqqı.
- Müəllimin əsas vəzifəsinə  aid  olmayan, lakin  təhsil prosesi  ilə  bağlı  işlərin  aparılması (sinif rəhbərliyi, yazı işlərinin yoxlanması, kabinə  müdirliyi, dərnək  rəhbərliyi və s.)
- Kompensasiyalar və stimullaşdırıcı ödəmələr.
19. Müəllimin ödəniş dərəcəsi onun təhsil səviyyəsi, pedaqoji iş stajı, keçirilmiş attestasiyanın nəticəsi və digər şərtlər əsasında müəyyən edilir. Əməyin  ödəniş  dərəcəsi  əmək  müqaviləsində  mütləq  qeyd  olunmalıdır.
20. İşçiyə  təyin  edilmiş müxtəlif növ həvəsləndirici mükafatların  verilməsi əmək müqaviləsində əks oluna bilər. Eyni  zamanda mütəmadi xarakterli ödəmələr, əlavələr, pul mükafatları birbaşa əmək müqaviləsində qeyd olunmalıdır. Qeyd olunmuş şərtlərlə işçilər şəxsən tanış olmalı və  öz  imzaları  ilə  bunu təsdiq  etməlidirlər.
21. İşçinin əsas vəzifələrinə  daxil olmayan işlərə görə ödəmələrin həcmi və ödəmə qaydaları müəssisənin  imkanları daxilində, bağlanmış kollektiv müqavilə və  təhsil müəssisəsinin normativ aktlarına əsasən  müəyyənləşdirilir.
22. Pedaqoji işçinin əmək haqqının həcmi onun iş stajının artması, əlavə təhsil alması, ixtisas dərəcəsinin dəyişilməsi, fəxri və ya elmi ad alması  və digər səbəblərdən dəyişə bilər.
23. Müəyyən olunmuş normadan (həftədə 12 saat) aşağı və ya artıq işin aparılması, müəllimin şəxsi razılığı ilə həyata keçirilə bilər. Bu zaman işçinin əmək haqqı ona təyin olunmuş dərs yükünə proporsional olaraq ödənilir.
24. Tədris ili ərzində məktəbin sinif komplektlərinin, qruplarının sayının azalması nəticəsində ümumi dərs yükü dəyişə bilər . Bu halda işəgötürən işçini  2 ay qabaqcadan məlumatlandırmalı və bu 2 ay müddətində müəllimin əmək haqqı dəyişməməlidir.
İki ay müddəti bitəndən sonra müəllimin əmək haqqı ilin sonuna kimi aşağıdaki qaydada ödənilməlidir:
- Qalmış dərs yükü  həftədə 12 saatdan az deyilərsə əmək haqqı faktiki tədris yükünə görə müəyyən olunmuş dərəcə ilə ödənilməlidir.
- Qalmış dərs yükü həftədə 12 saatdan az  olarsa və müəllimə əlavə pedaqoji iş  vermək mümkün  deyilsə, onun əmək haqqı həftədə 12 saatla müəyyənləşmiş ödəniş dərəcəsi ilə verilməlidir.
- Tədris müəssisənin imkanları daxilində, kollektiv müqaviləyə və razılaşmalara əsasən tədris ilinin əvvəlində  müəyyən olunmuş həcmdə əmək haqqı ödənilə bilər.
25. Azərbaycan Respublikası qanunvericiliyinə və yerli özünüidarəetmə orqanlarının normativ hüquqi aktlarına əsasən müəllimlərin iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə onlara güzəştlər, zəmanətlər və kompensasiyalar verilə bilər.

IV İş və istirahət vaxtı
26. Təhsil müəssisələrində pedaqoji işçilərin dərs yükünün müəyyənləşdirilməsində aşağıdakı  normativ hüquqi aktlar və müvafiq sənədlər əsas götürülməlidir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
Azərbaycan Respublikasının Təhsil  Qanunu;
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün nümunəvi Əsasnaməsi;
Təhsil müəssisələrində çalışan pedaqoji işçilərin iş vaxtının və iş rejiminin təşkili ilə bağlı normativ hüquqi sənədlər;
Təhsil müəssisənin daxili intizam qaydaları;
27. AR ƏM-nin 93-cü maddəsinə əsasən pedaqoji işçilər üçün  həftədə 36 saatdan çox olmamaq şərti ilə iş vaxtı müəyyən edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, pedaqoji işçilərin iş vaxtının müddəti onun vəzifəsi və ixtisasından asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli qərarı ilə təsdiq edilmişdir. Ödəniş dərəcəsinə uyğun olaraq ibtidai siniflərdə müəllimin dərs saatının norması 24, yuxarı siniflərdə isə həftədə 12 saat təşkil edir. Digər pedaqoji işlər üçün isə məktəbin təsdiq edilmiş  iş planı və cədvələ əsasən iş vaxtı müəyyən edilir.
28. Müəllimin iş vaxtının norması astronomik saatla müəyyən edilir. Dərslərarası fasilələrdən (tənəffüslərdən) asılı olmayaraq dərs saatı 45 dəqiqədən çox  olmamalıdır.
29. Aşağıda qeyd olunan sinifdənxaric, məktəbdənkənar və digər pedaqoji işlərin yerinə yetirilməsi təhsil müəssisəsinin Əsasnaməsində, daxili əmək intizam qaydalarında və pedaqoji işçilərə şamil olunmuş vəzifələrdə nəzərdə tutulur: 
- Pedaqoji fəaliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən, valideyn iclaslarının, məşğələlərin, tərbiyəvi əhəmiyyətli tədbirlərin təşkili, həmçinin pedaqoji, metodiki məsləhətlərin aparılması;
- Şagirdlərin təhsil və tərbiyəsini, onların fərdi qabiliyyətlərini, maraqlarını, həvəslərini, həmçinin sinif rəhbəri tərəfindən şagirdin təhsilinə təsir edə bilən amillərin öyrənilməsi;
- Təhsil müəssisəsinin daxili intizam qaydalarına əsasən təşkil olunan qısamüddətli növbətçilik zamanı, dərs və dərslərarası tənəffüslərdə nizam-intizam qaydalarına riayət olunmasına nəzarət;
- Təhsil müəssisələrində növbətçilik cədvəli tərtib olunan zaman müəllimin cədvəl üzrə öz dərs saatlarının keçirilməsi nəzərə alınmalıdır. Növbətçi olan pedaqoji işçi birinci dərsin başlanmasından 20 dəqiqə əvvəl və sonuncu dərs qurtardıqdan 20 dəqiqə sonra növbətçilik  vəzifəsini yerinə yetirməlidir. Lakin bu müəllim üçün qanunvericilikdə nəzərdə tutulmuş iş vaxtının maksimal müddətini keçməməlidir;
30. Müəllimin həftə ərzində pedaqoji prosesdən azad olduğu günlər təhsil müəssisəsinin dərs cədvəlinə və iş rejiminə uyğun olaraq müəyyən edilir.
31. AR ƏM-nin 93-cü maddəsinə və AR Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən təhsil müəssisənin növündən və tipindən asılı olmayaraq müəllimin iş həftəsi 36 saatdan çox ola bilməz, bu haqda heç bir əlavə güzəşt nəzərdə tutulmamışdır. Bir neçə təhsil müəssisində işləyən müəllimin  dərs yükünün yuxarı  norması təyin edilməlidir. Bir neçə təhsil müəssisəsində işləyən müəllimin hüquqları və vəzifələri  AR ƏM-nın 58-ci maddəsi və AR Təhsil Nazirliyinin  16 avqust 2002-ci il tarixli, 46-18-4310/16 nömrəli təlimatı məktub ilə tənzimlənir. Əvəzçilik üzrə iş vaxtının müddəti (dərs yükü) müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
32. Müəllimdən  asılı olmayan səbəbdən,  tam dərs yükü  (həftədə 12 saata qədər) ilə təmin olunmadıqda bu zaman təyin edilmiş ödəniş dərəcəsi əsasında əmək haqqı tam şəkildə ödənilir. Belə halda müəllimə əlavə pedaqoji iş təyin edilməlidir (dərnəklərin aparılması, müəllimlərin əvəz edilməsi və yazı işlərinin yoxlanılması, evdə dərs keçən uşaqlarla fərdi məşğələlərin keçirilməsi, sinif rəhbərliyi, sinifdənkənar məşğələlərin keçirilməsi və digər pedaqoji işlər). Bu işlərin həcmi təhsil müəssisənin rəhbəri tərəfindən müəyyən edilir.
33. Məktəbin daxili intizam qaydalarına uyğun olaraq müəllimlər tətil müddətində ilin əvvəlində təyin edilmiş iş müddəti çərçivəsində pedaqoji, metodiki, həmçinin təşkilati işlərlə məşğul olmalıdırlar. Bu müddət üçün əmək haqqı əvvəlki qaydada ödənilməlidir.
34. AR ƏM-nin 118-ci maddəsinə uyğun olaraq müəllimə hər il ödənişli məzuniyyət təyin edilir.Bir qayda olaraq tədris ilinin sonunda işin gərginliyini və intensivliyini nəzərə alaraq müəllimlərə 56 təqvim günü məzuniyyət verilir.
35. AR ƏM-nin 145-ci maddəsinə uyğun olaraq müəssisənin maddi imkanları çərçivəsində və bağlanmış kollektiv müqavilənin şərtlərinə əsasən işçilərə əlavə ödənilən məzuniyyət verilə bilər. Belə məzuniyyətlərin  şərtləri və qaydaları qüvvədə olan qanunvericiliklə, kollektiv müqavilələrlə, təhsil müəssisələrinin daxili intizam qaydaları ilə tənzimlənir.
36. AR ƏM-nin 137-ci maddəsinə və bağlanmış kollektiv müqavilənin şərtlərinə əsasən işəgötürənlə  işçinin razılığı əsasında məzuniyyət hissələrə bölünə bilər. Bu zaman məzuniyyətin bölünmüş hissələrinin birinin müddəti 2 təqvim həftəsindən (14 gün) az olmamalıdır. Əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma təhsil müəssisəsinin əmri ilə rəsmiləşdirilməlidir. AR ƏM-nin 134-cü maddəsinin 3-cü bəndinə əsasən istifadə edilməmiş məzuniyyət günləri işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər.
37. AR ƏM-nin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.


V. Əmək müqaviləsinin yerinə yetirilməsində tərəflərin məsuliyyəti
38. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq öz işində qanun pozuntusuna yol verən və bununla zərər törədən işəgötürən (işçi) maddi və ya intizam məsuliyyətinə cəlb edilə bilər.  
39. Əmək müqaviləsi ilə işçinin üzərinə qoyulmuş əmək funksiyalarının tələb olunan səviyyədə və ya tam şəkildə yerinə yetirilməməsinə görə işçi intizam məsuliyyətinə cəlb edilə bilər.
40. AR ƏM-nin 186-cı maddəsinə əsasən  intizamın pozulmasına görə aşağıda qeyd olunan intizam tənbehləri verilə bilər: 
a) töhmət;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼  məbləğindən çox olmamaq şərti ilə cərimə;
ç) əmək müqaviləsini AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
İntizam tənbehi verilərkən işçinin şəxsiyyəti, kollektivdə olan nüfuzu, peşəkarlıq səviyyəsi və törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.
41. AR ƏM-nin 191-ci maddəsinə və bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən tərəflər törətdiyi zərərin həcminə görə maddi məsuliyyət daşıyırlar. Tərəflərin maddi məsuliyyəti  əmək müqaviləsində və ya ona əlavələrdə qanunvericiliyə uyğun olaraq dəqiqləşdirilə bilər.
- İşəgötürənin  işçi qarşısında  maddi məsuliyyət daşıması AR ƏM          195-197-ci maddələri, əmək və kollektiv müqavilələrin şərtləri ilə tənzimlənir.
- İşəgötürənin qanunsuz hərəkətləri nəticəsində işçiyə dəyən mənəvi zərər tərəflərin razılığı ilə maddi formada və ya məhkəmənin qərarı ilə ödənilə bilər.
- İşçinin işəgötürənin qarşısında maddi məsuliyyəti, onun həddi, dəyən ziyanı müəyyən edən qaydalar, ödənilmə şərtləri AR ƏM-nin 198-206-cı maddələri, əmək və kollektiv müqavilədə göstərilən şərtlərlə tənzimlənir.

VI Əmək müqaviləsinin şərtlərində dəyişikliklərin, əlavələrin edilməsi və ya ona xitam verilməsi
42. Əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya əlavələrin edilməsi yalnız tərəflərin razılığı əsasında yazılı formada aparıla bilər.
43. Obyektiv səbəblərə görə işçinin iş şəraiti dəyişdikdə tərəflərin razılığına əsasən əmək müqaviləsində dəyişikliklər aparıla bilər. Nəzərdə tutulan dəyişikliklər  və onun səbəbləri haqqında işəgötürən yazılı şəkildə azı bir ay əvvəlcədən işçiyə məlumat verməlidir.
44. İşəgötürənlə pedaqoji işçi arasında bağlanmış  əmək müqaviləsi yalnız  əmək qanunvericiliyi ilə nəzərdə tutulan hallarda ləğv edilə bilər.
45. AR ƏM-nin 62-ci maddəsinə əsasən pedaqoji işçi qeyri-pedaqoji hərəkətlərinə görə işəgotürən tərəfindən mülkiyyətçinin və işçilərinin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə işdən kənarlaşdırıla bilər. Bununla yanaşı aşağıda göstərilən hallarda da pedaqoji işçi vəzifəsindən kənar edilə bilər:
- il ərzində müəssisənin daxili intizam qaydalarını yenidən kobud şəkildə pozduqda;
- təlim-tərbiyə prosesi zamanı şagirdlərə psixi, fiziki təsir göstərdikdə;
- işçi alkoqollu  içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda.

Mübahisələrin və fikir ayrılıqlarının həlli
46. İşəgötürənin və işçilərin əmək hüquqlarının qorunması AR ƏM-nin 287-300-cü maddəsinə əsasən tənzimlənir. Bundan əlavə işçinin əmək hüquqları həmkarlar ittifaqı tərəfindən qorunur. Azərbaycan Respublikasının qanunvericiliyi və digər normativ hüquqi aktlarla işçiyə verilən əmək hüquqlarının yerinə yetirilməsinə dövlət orqanları tərəfindən nəzarət edilir. Bununla yanaşı işçi öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə edə bilər.
          47. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ-hüquqi aktların tətbiqi zamanı yaranan və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
50. Yaranmış əmək mübahisəsinə görə işçi(işəgötürən) hüquqlarının pozulduğunu aşkar etdikdə, müvafiq həmkarlar ittifaqları komitəsinin nəzdində yaradılmış əmək mübahisələrinə baxan orqana, onun qərarı ilə razı olmadığı halda  isə məhkəməyə müraciət edə bilər. Əmək mübahisələrinə baxan orqana müraciət müddəti AR ƏM-nin 296-cı maddəsi ilə tənzimlənir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini (kontraktı) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin üç min mislindən beş min mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin iyirmi min mislindən iyirmi beş min mislinədək miqdarda cərimə edilir.
Bu qanunun 53.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edilir.
Əlavə: İşəgötürənlə müəllim arasında bağlanan nümunəvi əmək müqaviləsi.

                                                Tövsiyələrə
        Əlavə № 1.

Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması
Əmək müqaviləsi

________________________                                                “___” ______________20___il
(müqavilənin bağlandığı yer)                       
  
§ 1. Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər
haqqında məlumatlar

1.1. Bu əmək müqaviləsi (kontraktı), (bundan sonra ismin müvafiq halında “Əmək müqaviləsi”) işəgötürənin səlahiyyətlərini həyata keçirən 
_________________________________________________________________,
(təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olaraq tam adı)
İşəgötürəni ______________________________________________________ ilə
(məsul şəxsin vəzifəsi; adı, soyadı, atasının adı)

İşçi _______________________________________________________________
(adı, atasının adı və soyadı,)
__________________________________________________________________
(vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi
_______________________________________________________________________________________________________ verildiyi tarix və onu verən orqanın adı)
_______________________________________________________________________________________________________ (təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı)
arasında “____” “__________” ______ il tarixində Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə (bundan sonra “Əmək Məcəlləsi) müvafiq olaraq bağlanmışdır.
1.2. İşçi ________________________________________________________                                                                                                                                                                                                                   (iş yerinin və vəzifənin, peşənin adı)
_______________________ tədris etmək üçün müəllim vəzifəsinə qəbul olunur.                                                                                                                   
                                    (tədris olunan fənn(lərin) adını qeyd etmək) 
1.3. İşçiyə tutduğu vəzifəyə uyğun olaraq  həftədə ____________________                            (fənn üzrə dərs yükünü saatla qeyd etmək) dərs yükü müəyyən edilir.  
1.4. Nəzərdə tutulan əsas işlərlə yanaşı, müəllim təhsil prosesi ilə bağlı aşağıda qeyd olunan işləri də icra edir (lazım olanın altından xətt çəkməli və ya əlavələr edilməlidir):
a. Yazı işlərinin yoxlanılması;
b. Sinif rəhbərliyi;
c. Tədris otaqlarına rəhbərlik;
d. _____________________
             (əlavə vəzifələr)
1.5. Əmək müqaviləsi aşağıda qeyd olunan iş yerləri üzrə bağlanılır (lazım olanı qeyd etmək):
- əsas iş yeri üçün;
- əlavə iş yeri (əvəzçilik qaydası ilə işlədiyi iş yeri) üçün.
1.6. Əmək müqaviləsi bağlanır (lazım olanı qeyd etmək):
- müddətsiz;
- müddətli.
_________________________________________________________________                                                                                                (Müddətli əmək müqaviləsi bağlananda onun müddəti və səbəbi qeyd olunmalıdır).

1.7. Əmək müqaviləsi “___”___________20____ ildən qüvvəyə minir və müəllim vəzifələrini “___”____________20____ ildən yerinə yetirir.
Müqaviləyə xitam verilmə vaxtı: “___”_____________20__il (müddətli əmək müqaviləsi bağlananda)
1.8. Sınaq müddəti (lazım olanı qeyd etmək):
Sınaq müddəti ərzində tərəflərdən biri  digərini  _______ gün əvvəl xəbərdarlıq etməklə, əmək müqaviləsini birtərəfli qaydada poza bilər.
-______________________
        (sınağın müddətini qeyd etmək)

§ 2. İşçinin hüquq və vəzifələri
2.9. İşçinin hüquqları:
- müstəqil olaraq təlim və tərbiyə metodlarını, kitabları, dərslikləri və dərs vəsaitlərini, təhsil alanların qiymətləndirmə metodlarını seçmək və istifadə etmək;
- Təhsil alanların oxuduğu müddət ərzində nizam-intizama əməl etmək şərti ilə şagirdlərə müvafiq tapşırıqlar vermək, tədris prosesini  təşkil etmək, məşğələlər keçirmək;
- təhsil müəssisəsinin Nizamnaməsi ilə müəyyən olunmuş qaydada məktəbin idarə edilməsində iştirak etmək;
- müstəqil və yaxud müvafiq həmkarlar ittifaqı komitəsinin, vəkilin və digər nümayəndələrin vasitəsi ilə öz hüquq və maraqlarını müdafiə etmək;
- işi ilə bağlı olan şikayət və sənədlərlə tanış olmaq, müvafiq izahatlar vermək, qeyd olunan sənədlərin surətini almaq;
- beş ildə bir dəfədən az olmayaraq öz ixtisasını artırmaq (və ya digər müddəti qeyd etmək);
- müvafiq ixtisas dərəcəsini almaq üçün könüllü olaraq attestasiyadan keçmək;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi və təhsil müəssisəsinin nizamnaməsi ilə  ona verilən hüquqlardan istifadə etmək.
2.10. İşçinin vəzifələri:
- əmək müqaviləsinə əsasən vəzifə funksiyası və müəssisənin daxili əmək intizamı qaydaları ilə üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirmək, əmək intizamına riayət etmək;
- Dərs cədvəli məktəbin tədbirlər planı və şəxsi iş planına uyğun olaraq təhsil müəssisəsində tətbiq olunan təhsil proqramını həyata keçirmək;
- təhsil alanların hazırlığının dövlətin təhsil sahəsindəki standartlarına cavab verməsini təmin etmək;
- təhsil alanların davamiyyətinə nəzarət etmək, sinif jurnallarında tələb olunan qeydləri aparmaq;
- müəyyən olunmuş qaydada təhsil alanların yekun attestasiyasında iştirak etmək;
- təhsil alanların qanuni hüquqlarına riayət etmək;
- keyfiyyətli dərs keçmək üçün hazırlaşmaq və lazım olan sənədləşdirmə işlərini aparmaq;
- təhsil müəssisinin tədris proqramı və normativ aktları ilə nəzərdə tutulan pedaqoji, metodiki şuralarda, valideyn iclaslarında, konsultasiyalarda, tərbiyəvi, müalicəvi və digər tədbirlərdə iştirak etmək;
- təhsil alanların valideynləri və ya qanuni nümayəndələri ilə mütəmadi əlaqə saxlamaq, onlara metodiki və hüquqi yardım göstərmək;
- təhsil müəssisəsinin daxili intizam qaydalarına uyğun olaraq dərslərin əvvəlində və sonunda təşkil edilən (cədvələ əsasən) qısamüddətli növbətçilikdə iştirak etmək;
- təhsil prosesi zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına, istehsalat sanitariyasına və yanğın əleyhinə qaydalara, təhsil alanların həyat və sağlamlığının qorunmasına çalışmaq;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi, təhsil müəssisəsinin nizamnaməsi və əmək müqaviləsində nəzərdə tutulan  digər vəzifələri yerinə yetirmək.

§ 3. İşəgötürənin hüquq və vəzifələri
3.11. İşəgötürənin hüquqları:
-  təhsil müəssisəsinin Nizamnaməsi və əmək müqaviləsində göstərilən vəzifə funksiyalarının yerinə yetirilməsini, əmək intizamına riayət edilməsini işçidən tələb etmək;
- pedaqoji işçinin fəaliyyətini koordinasiya etməklə onun işinə nəzarət etmək, həmçinin müəllimi əvvəlcədən məlumatlandıraraq dərslərində iştirak etmək;
- işçini əmək vəzifələrini yüksək səviyyədə yerinə yetirdiyi üçün həvəsləndirmək;
-  əmək qanunvericiliyini və müəssisənin nizamnaməsinin tələblərini pozduqda işçini məsuliyyətə cəlb etmək;
3.12. İşəgötürənin vəzifələri:
- əmək qanunvericiliyinə, təhsil müəssisəsinin nizamnaməsinə, kollektiv müqavilənin, razılaşmaların və işçi ilə  bağlanmış əmək müqaviləsinin şərtlərinə riayət etmək;
- vəzifə öhdəliklərini tələb olunan səviyyədə yerinə yetirmək məqsədi ilə işçiyə müvafiq şərait yaratmaq;
- əməyin mühafizəsi və sanitar-gigiyenik normaların tələbləri səviyyəsində işçiyə təhlükəsiz iş şəraiti yaratmaq;
- işçinin ixtisas dərəcəsini, peşəkarlıq səviyyəsini, işinin kəmiyyət və keyfiyyətini nəzərə alaraq, heç bir diskriminasiyaya yol vermədən onu müəyyən olunmuş mükafatlarla təltif etmək;
- əmək qanunvericiliyi, kollektiv müqavilələr, razılaşmalar, təhsil müəssisəsinin normativ aktları ilə nəzərdə tutulan iş və istirahət vaxtının normalarına riayət etmək;
- müəllimin pedaqoji stajı, ixtisas dərəcəsi, dərs yükünün həcmi dəyişdikdə və digər hallarda onun əmək haqqının ödənilməsi şərtlərinə vaxtında müvafiq dəyişikliklər etmək;
- işəgötürənin təqsiri üzündən işçinin əmək haqqının, məzuniyyət pulu həmçinin əmək müqaviləsinə xitam verildikdə ona çatan vəsait gecikdirildikdə AR ƏM-nin 172-ci maddəsində nəzərdə tutulan qaydada işçiyə kompensasiya ödəmək;
- pedaqoji işçinin beş ildə bir dəfə (və ya digər müddəti qeyd etmək) ixtisasartırma kurslarından istifadə etmək hüququnu təmin etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işçi haqqında şəxsi məlumatların qorunmasını təmin etmək;
- işçi haqqında məlumatları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi və təhsil müəssisəsinin Nizamnaməsi ilə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

§ 4. Əməyin ödənilməsi və sosial təminatlar
4.13. İşçiyə əmək haqqının ödənilməsi sistemi qanunvericilik, kollektiv müqavilə, razılaşmalar, təhsil müəssisəsinin normativ aktları ilə müəyyən edilmiş qaydada tətbiq olunur.
4.14. Ödəniş dərəcəsinə uyğun olaraq işçiyə əmək haqqı _______________ manat məbləğində müəyyən olunur (əmək haqqının ödəniş dərəcəsini, təhsil müəssisəsində mövcud olan əmək haqqının ödənilmə sistemini, pedaqoji stajını, attestasiya zamanı əldə edilmiş ixtisas dərəcəsini və digər halları qeyd etmək)
4.15. İşçinin əmək haqqı dərəcəsi artırılır (dərəcənin artırılmasının səbəbi və həcmini qeyd etmək):
_________________________________əsasən artırılır __________%
_________________________________əsasən artırılır __________%
_________________________________əsasən artırılır __________%

4.16. Təhsil müəssisəsinin kollektiv müqaviləsi və lokal normativ aktlar əsasında işçiyə mükafat və digər ödəmələr təyin edilir ___________________________________________________
    (mükafatın və digər ödəmələrin həcmi və səbəbi qeyd edilir)                                                   
4.17. İşçiyə verilən əmək haqqı təhsil müəssisəsinin kollektiv müqaviləsi, daxili əmək intizam qaydaları və normativ aktlarla müəyyən edilmiş günlərdə ödənilməlidir _________________________________________ (ayın dəqiq günü və ödəmə qaydasını qeyd etmək).
4.18. İşçinin əmək haqqının ödəniş dərəcəsi keçirilən attestasiya nəticəsində dəyişərsə, belə halda qərar qəbul edildiyi gündən əmək haqqının həcminin dəyişdirilməsinə  zəmanət verilir.
4.19. Əmək qanunvericiliyi ilə nəzərdə tutulan hallarda işçinin əmək müqaviləsi pozulduğu zaman __________________________________________ 
                                                                         (pozulmanın səbəblərini qeyd etmək)
AR ƏM-nin 77-ci maddəsinə uyğun olaraq işçiyə müvafiq təminatlar və ödəmələr verilir.   
                                                                     
4.20. İşçiyə qanunvericilik, təhsil müəssisəsinin daxili normativ aktları ilə nəzərdə tutulan güzəştlər, təminatlar və kompensasiyalar verilir.

§ 5. Əməyin mühafizəsi üzrə
5.21. İşçinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına  cavab verən iş yeri və iş şəraiti  yaradılır;
5.22. İşçi ______________ xüsusi mühafizə vasitələri ilə təmin edilir;
5.23. İşçi zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi ________ qida məhsulları ilə  təmin edilir;
5.24. İşçi əməyin mühafizəsi normaları ilə __________ bir dəfədən az olmayaraq təlimatlandırılır;
5.25. İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün  müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur;
5.26. İşəgötürən istehsal qəzaları, peşə xəstəliyi nəticəsində işciyə və ya onun himayəsində olan şəxslərə dəyən maddi ziyanı və digər xərcləri ödəyir;
5.27. İşəgötürənin təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə işçi həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında  işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada maddi məsuliyyət daşıyır.



§ 6.  İş və istirahət vaxtı
6.28. Qanunvericilik, təhsil müəssisəsinin Nizamnaməsi, daxili əmək intizamı qaydalarında və digər normativ aktlarla nəzərdə tutulan müvafiq hallarda işçiyə qısaldılmış iş vaxtı təyin edilir.
6.29. İşçiyə aşağıda göstərilən iş vaxtı təyin olunur (lazım olanı qeyd etmək):
- beş günlük iş həftəsi və iki istirahət günü ilə;
- altı günlük iş həftəsi və bir istirahət günü ilə.
6.30. Keçirilən dərslər (tədris məşğələləri), dərslərarası qısa fasilələr (tənəffüslər), dərs cədvəli və iş planı ilə müəyyənləşən işlər, həmçinin təhsil müəssisəsinin Nizamnaməsi, daxili əmək intizamı qaydaları və əmək müqaviləsində təyin olunan vəzifə öhdəlikləri işçinin iş vaxtının tərkib hissəsini təşkil edir.
6.31. Tədris ilinin sonunda məzuniyyətə gedən müəllimə yeni tədris ili üçün dərs yükünün həcmi müəyyən edilməlidir:
6.32. Dərs yükünün həcmi siniflərdə aparılan dərslərin tədrisini varislik prinsipi nəzərə alınmaqla müəyyən olunmalıdır;
6.33. Dərs yükünün həcminin nəzərdə tutulan dərs saatı normasından çox və ya az müəyyən edilməsi, işçinin yazılı razılığı ilə təyin edilir və əmək müqaviləsinin vacib şərti hesab edilir.
6.34. Dərs ili ərzində nəzərdə tutulan dərs yükünün həcmi işəgötürənin təşəbbüsü ilə azaldıla bilməz. Tədris planı və proqramı ilə, həmçinin siniflərin (qrupların) sayının azalması nəticəsində dərs yükünün azalması istisna hal kimi aparılır.
6.35. Əsas və əlavə məzuniyyətlə üst-üstə düşməyən qış, yaz, yay, payız, tətilləri işçinin iş vaxtı hesab olunur. Bu müddət ərzində işçi pedaqoji, metodiki, tətilə qədər təhsil proqramı ilə nəzərdə tutulan təşkilatı işlərlə məşğul olur. İşçinin konkret vəzifələri təhsil müəssisəsinin normativ aktları ilə müəyyən edilir.
6.36. İşçinin istirahət və ya bayram günlərində işləməsi əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada kompensasiya olunur.

6.37. Müəllimə bir qayda olaraq ildə bir dəfə 56 təqvim günü həcmində ödənişli əmək məzuniyyəti verilir.
Məzuniyyətin hissələrə bölünməsi, qismən və ya tam şəkildə növbəti ilin məzuniyyətinə əlavə olunması, həmçinin məzuniyyətdən geri çağırılması yalnız işçinin razılığı ilə həyata keçirilə bilər.

§ 7. Birinin digərinə vurduğu ziyana görə tərəflərin
qarşılıqlı maddi məsuliyyəti
7.38. Bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

§ 8. Sosial müdafiə məsələləri
8.39. İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay  _____________ - məbləğdə sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, _____________ məbləğdə əlavə sığorta edilir.
8.40. Mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda, şərtlərlə və qaydada işçinin pensiya təminatı, sosial müdafiə olunması, güzəşt və imtiyazları təmin edilir.
8.41. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə müavinət verilir.

§ 9. Mülkiyyət münasibətlərinin tənzimlənməsi
9.42. İşçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal vasitələrinin - maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir.
9.43. İşçinin müəssisənin mülkiyyətində _____________ qədər payı var və işəgötürənlə mülkiyyət münasibətləri həmin paya mütənasib olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.
9.44. İşçi işəgötürənin kommersiya və istehsal sirrinin qorunmasına cavabdehdir və bu sirri yaymağa görə qanunvericilikdə və bu əmək  müqaviləsində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

§ 10. Əmək müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi
Əmək müqaviləsinə xitam verilməsi
10.45. Qarşılıqlı razılıq əsasında bağlanmış əmək müqaviləsinə dəyişikliklər, əlavələr edilə bilər. Dəyişiklik və əlavələr yazılı şəkildə tərtib olunaraq müqaviləyə əlavə edilir.
10.46. Tərəflərin razılığı ilə aşağıda göstərilən  hallarda əmək müqaviləsinə dəyişiklik və əlavələr edilə bilər:
- Azərbaycan Respublikasının qanunvericiliyində, həmçinin təhsil müəssisəsinin normativ aktlarında dəyişikliklər edildiyi zaman;
- əmək müqaviləsi bağlamış tərəflərdən birinin və ya hər iki tərəfinin razılığı ilə;
- Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda;
10.47. Əmək müqaviləsinə yalnız Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada xitam verilə bilər.

§ 11. Yekun müddəalar
11.48. Əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə tərəflər arasında yaranmış mübahisələr və fikir ayrılığı onların birgə razılığı ilə və bu  mümkün olmadıqda isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmək mübahisələri üzrə komissiyada və yaxud məhkəmədə baxılır.
11.49. Əmək müqaviləsində nəzərdə tutulmayan hallar Azərbaycan Respublikasının qanunvericiliyi, normativ hüquqi aktlar və təhsil müəssisəsinin normativ aktları ilə tənzimlənir.
11.50. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunur. Bir nüsxəsi işəgötürəndə saxlanılır, digər nüsxəsi işçiyə təqdim olunur.



§ 12. Tərəflər haqqında məlumatlar
İşəgötürən:
__________________________________________________________________  (təhsil müəssisəsinin tam adı)
Ünvanı (indekslə)____________________________________________________
Telefon/faks________________________________________________________

İşçi:
__________________________________________________________________
(adı, soyadı, atasının adı)
Pasport: seriyası_______№__________________
Verilib_____________________________________________________________ (kim tərəfindən və nə vaxt verilib)
Ünvan (indekslə)____________________________________________________
Telefon: ______________________
İşəgötürən :                                                         İşçi:
_____________________                                    _________________________
(Vəzifəsi)                                                                                                         (adı, soyadı, atasının adı)
_____________________                                   
(adı, soyadı, atasının adı)

_____________________                                   __________________________
                            (imza)                                                                                                                 (imza)
_____________________                                   __________________________
(tarix: gün, ay, il)                                                                                            (tarix: gün, ay, il)

M.Y.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.