Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
07.10.2015-ci il tarixli 994 nömrəli əmri ilə
təsdiq edilmişdir
1.Ümumi müddəalar
1.1.Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24.10.2013-cü il tarixli Sərəncamına, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19.01.2015-ci il tarixli Sərəncamına uyğun hazırlanmışdır.
1.2.Bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsili idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir.
1.3.Diaqnostik qiymətləndirilmənin aparılması nəzərdə tutulan şəhər və rayonların siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
2.Diaqnostik qiymətləndirilmənin məqsədi
2.1.müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması.
2.2.bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi.
2.3.nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.
3.Diaqnostik qiymətləndirilməyə cəlb olunan müəllimlər
3.1.Diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur:
3.1.1.Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;
3.1.2.Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər.
3.2.İki və daha artıq fənndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər.
4.Diaqnostik qiymətləndirilmənin keçirilməsi forması
4.1.Diaqnostik qiymətləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir.
4.2.Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir.
4.3.Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
4.4.Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.
5.Diaqnostik qiymətləndirilmənin yekunları
5.1.Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.
5.2.Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.
5.3.Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.
5.4.Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və rayona dəyişərlərsə, Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamının həmin müəllimlərə şamil edilməsi aidiyyəti şəhər və rayonda qiymətləndirilmə keçirildikdən sonra həyata keçirilir. Həmin müəllimlərə təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.
6.Diaqnostik qiymətləndirilmədə iştirak edənlərin hüquqları
6.1.Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edə bilərlər.
6.2.Müəllimlər diaqnostik qiymətləndirilmə imtahanının yeri və vaxtı, həmçinin imtahan proqramı barədə əvvəlcədən məlumatlandırılmalıdırlar.
6.3.Diaqnostik qiymətləndirilmə prosesinin gedişatı, sualların məzmunu və digər məsələlər ilə bağlı imtahan verən müəllimlərin müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Bunun üçün www.dq.edu.az saytına daxil olaraq elektron formada müraciət edilməlidir.
6.4.Diaqnostik qiymətləndirilmədə iştirak edib zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün müraciət edə bilərlər.
7.Diaqnostik qiymətləndirilmədə iştirak edənlərin vəzifələri
7.1.Müəllimlər imtahan keçiriləcək məkana nəzərdə tutulmuş vaxtda gəlməli, imtahan qaydaları ilə tanış olmalı və həmin qaydalara riayət etməlidirlər.
7.2.Yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək müəllimlər haqqında məlumatlarınwww.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirilmənin məqsədinin müəllimlərə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar.
7.3.Yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
0 коммент.:
Отправить комментарий