Cinayət Məcəlləsi
Otuz üçüncü fəsil.
Korrupsiya cinayətləri
və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə orqanlarında,
habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi
əleyhinə olan cinayətlər
Maddə 308.: Vəzifə səlahiyyətlərindən
sui-istifadə
308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə,
yəni vəzifəli şəxsin xidməti
vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi
ilə öz qulluq səlahiyyətlərindən
qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi
tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına
və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan
mənafelərinə mühüm zərər vurması.
Sanksiyası: min manatdan iki
min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və
ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək
müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308.2. yuxarıda qeyd olunan əməllər (308.1-ci
maddəsi ilə nəzərdə tutulmuş əməllər) ağır nəticələrə səbəb olduqda və ya
seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilməsi.
Sanksiyası: üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi
səlahiyyət üzrə hakimiyyət nümayəndəsi
funksiyalarını həyata keçirən, yaxud dövlət
orqanlarında, yerli özünüidarə
orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya
təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat
funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların
nümayəndələri, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında»
Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür.
Maddə 309.: Vəzifə səlahiyyətlərini aşma
309.1.
Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar
surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurması.
Sanksiyası: min manatdan iki
min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç
ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
309.2. Yuxarıda qeyd olunan əməllər (309.1-ci
maddəsində nəzərdə tutulmuş əməllər) zor tətbiq etməklə və ya zor tətbiq etmə
hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə
etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda.
Sanksiyası: üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı
müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 310.: Vəzifəli şəxsin səlahiyyətlərini
mənimsəmə
Özbaşına özünün vəzifəli şəxs kimi təqdim
edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar
fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli
dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə.
Sanksiyası: beş yüz manatdan
min manatadək miqdarda cərimə və ya iki yüz saatadək müddətə ictimai işlər və
ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 311.: Rüşvət alma (passiv rüşvətxorluq)
311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin
xidməti vəzifəsinin (səlahiyyətlərinin)
icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik
müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla,
şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya
güzəşti istəməsi və ya alması.
Sanksiyası: üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə
rüşvət alma.
Sanksiyası: üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə
olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
311.3. Yuxarıda
qeyd olunan əməllər (311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş
əməllər):
311.3.1.
qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;
311.3.2. təkrar törədildikdə;
311.3.3. külli miqdarda törədildikdə;
311.3.4. hədə-qorxu tətbiq olunmaqla
törədildikdə
Sanksiya: əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: «külli
miqdar» dedikdə, beş min manatdan
artıq olan məbləğ başa düşülür.
Maddə 312.: Rüşvət vermə (aktiv rüşvətxorluq)
312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər
hansı hərəkətin edilməsi və ya belə
hərəkətin edilməsindən imtina olunması
müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya
dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət,
imtiyaz və ya güzəşt verilməsi.
Sanksiyası: min manatdan iki
min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə
görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə.
Sanksiya: iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Rüşvət verən şəxs
vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə
və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə
cinayət məsuliyyətindən azad edilir.
Maddə 312-1.: Vəzifəli şəxsin qərarına qanunsuz
təsir göstərmə (nüfuz alveri)
312-1.1. Şəxs tərəfindən öz həqiqi və ya güman
edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz
təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemətin,
imtiyazın və ya güzəştin istənilməsi və ya alınması.
Sanksiyası:
üç min manatdan beş min
manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək
müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
312-1.2. Şəxsə öz həqiqi və ya güman edilən
təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir
etmək üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin verilməsi.
Sanksiyası: min manatdan iki
min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 313.: Vəzifə saxtakarlığı
Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə
də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı
qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə
yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya
informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin
edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə.
Sanksiyası: beş yüz manatdan
min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul
olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 314.: Səhlənkarlıq
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə
vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə
yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi
şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin
qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda.
Sanksiyası: beş yüz manatdan
min manatadək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və ya
iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
314.2. Eyni əməllər ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda.
Sanksiyası:
beş
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 322. Özbaşınalıq
322.1. Özbaşınalıq, yəni qanunla və ya digər
normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi
vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi
mühüm ziyan vurduqda.
Sanksiyası:
beş
yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək
ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
322.2. Eyni
əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə.
Sanksiyası: üç ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 323.:
Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf
və layaqətini ləkələmə və ya alçaltma.
323.1.
Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf
və layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi
informasiya vasitəsində ləkələmə və ya alçaltma.
Sanksiyası: beş yüz manatdan min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə
ittiham etməklə törədildikdə.
Sanksiyası: iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 324.
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının
Dövlət gerbi barədə təhqiredici hərəkətlər.
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya
Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər.
Sanksiyası: iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 325. Dövlət təltiflərini və rəsmi sənədi
əldə etmə və ya satma
Hüquq verən
və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının
dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma.
Sanksiyası:
üç
yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı
ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 326. Rəsmi sənədləri, ştampları,
möhürləri oğurlama və ya məhv etmə
326.1. Rəsmi sənədləri, ştampları və ya
möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə,
zədələmə və ya gizlətmə.
Sanksiyası: beş yüz manatadək
miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
0 коммент.:
Отправить комментарий