08.12.2015

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Telman CƏFƏROV,
filologiya elmləri doktoru, professor,
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin direktoru

Bu məqalə bugünkü ümumtəhsil reallıqları və mənzərəsinə, müasir Azərbaycan məktəbşünaslığına konseptual və obyektiv yanaşma üçün şərait və istəyin gündəmə gəldiyi bir zamanda oxucuya təqdim olunur. Təhsil işçisi olaraq biz də elmi-pedaqoji və tədris-təcrübə mühiti, məktəb həyatı, on minlərlə təhsilalanın, yəni məktəbyaşlı aqların, eləcə də gənclərin müqəddəratı və s. məsələlərlə bağlı daha genişmüzakirə və debatlara ehtiyac duyuruq. Xüsusən də "Yeniləşən Azərbaycana yeni məktəb" ideyasın real görüntüləri sezilən və yeni dərs ilinin başlanğıcı ərəfəsində təhsil naziri cənab Mikayıl Cabbarov tərəfindən bütövlükdə cəmiyyətimizə və birbaşa məktəbə ünvanlanan mesajların artıq düşüncələrə müəyyən aydınlıq gətirdiyi bir məqamda bu, müsbət ictimai rəyə və problemlərə professional yanaşmaya xidmət edə bilər. Digər sahələrdən fərqli olaraq, məktəb təkcə burada təhsil alan və təhsil verən insanların fəaliyyət dairəsi deyil. Onun gündəlik ictimai rəyə gətirilməsi və ictimai rəydə saxlanılması olduqca vacib şərtdir. Bu, təkcə məktəbi deyil, həm də məktəblə birbaşa və assosiativ əlaqədə olan şəxsləri, təşkilat və cəmiyyətləri əhatə edər, cəmiyyətdə təhsillə bağlı adekvat düşüncə və yanaşma tərzinin formalaşmasına təkan verər.
Təhsil Nazirliyi rəhbərliyinin iştirakı ilə keçirilən müşavirələrdə səslənən təklif, irad və fikirlər bizdə müəyyən narahatlıq doğurduğu üçün məsələlərə münasibət bildirmək istərdik. Birinci məqam mövcud təhsil qanunvericiliyi çərçivəsində ümumtəhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin nizamlanması ilə bağlıdır. Hamıya məlumdur ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda və 2011-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə büdcə vəsaiti ilə yanaşı, orta təhsil müəssisələrində əlavə təhsil xidmətlərinin göstərilməsinə və bu xidmətlərdən əldə edilən vəsaitlərin məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsinə, özəl təhsil layihələrinin həyata keçirilməsinə, məktəbin pedaqoji, təhsilə yardımçı və texniki heyətinin sosial şəraitinin yaxşılaşdırılmasına və rəğbətləndirilməsinə icazə verilir. Bu qanunvericilik bazası işləmək istəyən istənilən pedaqoji kollektivin qanuni yolla inkişafı və yaşaması üçün geniş meydan açır. Göstərilən qanunun və qanunvericilik aktının orta təhsil müəssisələrində əlavə təhsil xidmətlərinin göstərilməsinə icazə verən bəndlərinin işləmə mexanizminin sonadək düşünülməsi orta təhsil pilləsinə böyük fayda gətirə bilər.
Hazırkı məktəb mühitinin qəribə paradoksları var. Bir növbədə işləyən istənilən məktəbin tədris korpuslarının qapıları iş gününün sonunadək müəllim və şagirdlərin üzünə açıqdır. Şagirdlər dərsdən sonra əlavə məşğələlərə saxlanılır, məktəb binalarında tədris kursları, fərdi məşğələlər təşkil olunur, idman zallarından istifadə edilir və s. İstənilən məktəbin kadr potensialı ona bundan dəfələrlə çox qanuni təsərrüfathesablı xidmətlər göstərməyə imkan verə bilər. Müəllim və tədris korpusu işləyir, uşaq əlavələrə və digər məşğələlərə qalır, valideyn pul ödəyir. Və bütün bunlar hamısı müəllim-şagird, müəllim-valideyn, müəllim-məktəb direktoru münasibətlərinin anormallığı və gərginliyi şəraitində baş verir. Hələ valideyn komitələri və assosiasiyaların əl atdıqları müxtəlif üsulları demirəm. Belə bir şəraitdə məktəbdə qanuni mühasibatlığın mövcudluğu ümumtəhsil müəssisəsinin (qeyd edək ki, məktəb də hüquqi şəxs hesab olunur və "Müəssisələr haqqında" qanun ona da şamil edilir) normal təlim-tərbiyə və təsərrüfat-maliyyə həyatına müsbət təsir göstərər. Məktəbin maddi-texniki bazası və məktəb kollektivinin imkanları təkcə ayrı-ayrı şəxslərin (hətta onların bir qisminin məktəbə dəxli olmur) rifahına deyil, burada çalışan azmaaşlı texniki və təhsiləyardımçı personal üçün əlavələrə, ehtiyac içində yaşayan ailələrdən gələn uşaqların təminatına, məktəb tədbirləri və layihələrdə iştiraka, qanuni maaşların ödənilməsinə və s. ünvanlana bilər. Bu isə yalnız və yalnız mövcud təhsil qanunvericiliyinin imkanları, ölkəmizin malik olduğu sosial-iqtisadi potensialı, Təhsil Nazirliyinin irəli sürdüyi səmərəli təşəbbüsləri təxirə salmadan və maksimum dərəcədə orta məktəbə yönəltməkdən asılıdır.
İkinci və yenə də olduqca vacib bir məsələ məktəb - cəmiyyət münasibətləri, məktəb və müəllim nüfuzunun qorunması problemidir. Hamı: valideyn də, məktəb direktoru və müəllimin özü də, təhsilin idarəçiliyinə cəlb olunmuş yuxarı təşkilatların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, hətta sahə müvəkkilləri də bir reallıq və həqiqəti dərk etməlidirlər ki, orta məktəbdə tədris prosesi ciddi iş rejimi və zənglərlə idarə olunur. Tədris prosesində direktorun, təlim-tərbiyə işləri üzrə direktor müavininin, təşkilatçının, psixoloqun, sinif rəhbəri və fənn müəlliminin, təsərrüfat xidmətinin hər birinin dəqiq iş qrafiki var. Əgər dərs prosesi zamanı direktor və ya sadaladığım istənilən məsul şəxs məktəbdə tapılmırlarsa, mərkəzi icra orqanı kimi Təhsil Nazirliyinin məktəb qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi sual altına alınır. Məktəb rəhbəri bəzən ona və rəhbərlik etdiyi məktəbə aidiyyəti olmayan iclas və tədbirlərdə bir yer (stul, kreslo) tutub, fon yaratmaqdansa, rəhbərlik etdiyi 500, 1000, 2000 şagirdlik məktəbə və onlarla pedaqoqun cəmləşdiyi pedaqoji kollektivə dəfələrlə çox fayda verə bilər. Biz rayon və şəhər, respublika tədbirlərində iştirakın əleyhinə deyilik, bu cür tədbirlərdə iştirak çox vacibdir. Lakin bu tədbirlər məktəblərin iş rejiminə uyğunlaşdırılmalı, tədbirlərə dəvətlər ən azı iki-üç gün əvvəl məktəb rəhbərliyi ilə uzlaşdırılmalı, iclas və tədbirlərə məktəbin aidiyyəti üzrə nümayəndəsi çağırılmalıdır. Əgər hər hansı bir məsələ təşkilatçıya, uşaq birliyinin rəhbərinə, kitabxana müdirinə və ya hərbi rəhbərə aiddirsə, direktorun işdən yayındırılıb məktəbi tərk etməsinə və ona aid dərs yükünün mütəmadi olaraq digər fənn müəllimlərinə həvalə edilməsinə ehtiyac qalmaz. Axı məktəbin özünün də çoxlu sinifdənxaric və məktəbdənkənar tədbirləri, yeni təhsil texnologiyaları və kurikulumun tətbiqi ilə bağlı iş planları, valideynlərlə görüşləri, ayrı-ayrı şagirdlərlə fərdi işi var. İctimaiyyət arasında, elə ictimai baxışın özündə də məktəb nümayəndələrinə münasibət ciddi dəyişməlidir. Onların nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verilməməlidir. Heç kəsə sirr deyil ki, təlim-tərbiyə prosesinin təşkili zamanı məktəbdə və məktəb ətrafında tez-tez müəyyən problemlər yaşanır. Bu zaman bəzən kömək əvəzinə hamı izahat tələb edir və minnət qoyur ki, məsələ böyüməsin. Fikrimizcə, uşaq idman dərsində, pilləkəndən qaçanda zədə alırsa və xəstəxanaya çatdırılırsa, şagird kontingenti ilə bağlı ərazidəki polis şöbə və məntəqələri işə qarışmalı olursa, burada məktəbin ünvanına ona aid olan haqlı iradlar yönəldilməli və hər bir təşkilat məktəbi qınamadan öhdəsinə düşən işi yerinə yetirməlidir. Belə olan halda istənilən ərazidə və ya mikroərazidə yerləşən təşkilatlarla əlaqələr daha da möhkəmlənə, məktəbin işi asanlaşa bilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xətti ilə təşkil olunan müşavirədə nazir və idarə rəhbərliyi bir neçə məsələyə toxundu. Bunlar da məktəbi düşünməyə və konkret addımlar atmağa istiqamətləndirir. Söhbət üzərində dayanmaq istədiyimiz üçüncü məsələ - məktəblərimizdəki müəllim-şağird nisbəti və orta dərs yükü problemidir ki, buna da ümumiyyətlə, mövcud təlim-tədris və sosial-iqtisadi münasibətlər kontekstində baxmaq lazım gəlir. Təcrübəli və bilikli müəllim əlavə qazanc əldə etmək və repetitor fəaliyyətini yerinə yetirmək üçün əksər hallarda məktəb rəhbərliyindən onu bir və ya yarım ştat dərs yükü ilə təmin etməyi xahiş edir. Təxminən 3-5 faiz istisna olunmaqla bu qrup müəllimlərin istedadlı və ya yetirməyən uşaqlarla əlavə məşğələlərə, məktəb tədbirlərinə cəlbi çox çətindir. Belə halda bilik yarışlarına hazırlıq, müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak, eləcə də məktəb işinin təşkili orta səviyyəli və ya gənc müəllimlərin öhdəsinə düşür.
Müəllim-şağird nisbəti və respublika üzrə orta dərs yükünün azlığı problemi pedaqoji kollektivlərə xas olan daha bir cəhətlə sıx əlaqələnir. Bu, xüsusən də Bakı və digər mərkəzi şəhərlərimizin məktəbləri üçün xarakterikdir. Birincisi, kişi müəllimlər həddən artıq azdır və tədrisin təşkili (uşaqların qarşılanması, ötürülməsı, tədris binası və onun həyətində növbəçiliyin, eləcə də ev təhsilinin təşkili, dərsə davamiyyəti pis olan uşaqlarla iş, icbari təhsilin reallaşdırılması ilə bağlı digər çətinliklər və s.) qadın müəllimlərin öhdəsinə düşür. Məktəbdəki qadın müəllimlərin müəyyən bir qismi gənc valideynlərdir, ya da nənələrdir, yəni onlar öz övladları və nəvələrini o sinifdən bu sinfə, o müəllimdən bu müəllimə, bufetə aparmaqla müəyyən mənada tədrisə maneə yaradırlar. Hələ il boyu analıq məzuniyyətinə, uşaq və nəvələrin xəstəliyinə görə bülletenə çıxma hallarını demirəm. Belə görünür ki, bu qrup müəllimləri də artıq dərslə yükləmək baş ağrısından başqa bir şey deyil... Fikrimizcə, digər obyektiv və subyektiv səbəblərlə yanaşı, belə məqamlar da diqqət mərkəzində durmalıdır. Onların həlli mexanizmini düşünməliyik.
Biz ucqar kənd məktəbləri üçün səciyyəvi problemlərin mövcudluğunu yaxşı anlayırıq. Bununla belə, imtahandan keçən gənc müəllimlərimizin (bəlkə də bu zaman oğlanlara hansısa üstünlük vermək olar) hətta Bakı kəndlərindəki məktəblərdən belə imtina etmələrini düzgün saymırıq. Əlbəttə, bu imtinaların kökü dərindədir. Müəllim ixtisasına düşən orta məktəb məzunlarının böyük əksəriyyətinin prokuror, hakim, diplomat, politoloq və daha nə bilim nə xülyasıyla vidalaşa bilməmələri, məktəbdə işə cəhənnəm əzabı kimi baxmaları, əksər cavanlarımızın "qaz vurub qazan doldurmaq" ehtirası ilə tərbiyə almaları, hətta suburbanizasiyanın insanlarımızın həyat və düşüncə tərzinə endirdiyi zərbələr bu problemin kökündə yatır.
Məqaləni oxuyan həmkarlarım dediklərimizi məktəb həyatının gündəlik qayğılarına aid edə və onların məktəbşünaslığa dəxli olmadığını iddia edə bilərlər. Amma ciddi elm və pedaqoji mülahizələr real həyatdan doğur. Dərinə getsək, elə müasir məktəbşünaslığımız da bugünkü məktəb və müəllimin normal düşüncəsi və fəaliyyəti üçün az problem yaratmır. İlk məsələni bu gün I-VI siniflərdə reallaşdırdığımız kurikulum islahatının çoxları tərəfindən yanlış anlaşılan fəlsəfəsində görürük. Mətbuatda, elə "Azərbaycan müəllimi"nin özündəki çıxışlarımızda o fikrin altından dönə-dönə xətt çəkmişik ki, Azərbaycan təhsil modeli kifayət qədər təcrübəyə və tarixə, ənənə və dayanıqlığa malik təhsil sistemidir. Biz on doqquzuncu əsrin sonları - iyirminci əsrin əvvəllərindən bəri formalaşmış, milli dəyərlərimizə və mentalitetimizə, yerləşdiyimiz coğrafi mövqeyə, mədəni-tarixi arealın xüsusiyyətlərinə uyğun məzmun, məna və forma qazanmış, müstəqilliyimizin iki onilliyi müddətində ağır sınaq və eksperimentlərdən çıxmış yolumuza ehtiram və ehtiyatla yanaşmalıyıq. Elə "kurikulum" sözü də "yol", "istiqamət" mənasını verir. Bəlkə də islahatın özündən çox bu terminin mənası, yəni yeni sosial-iqtisadi və milli-tarixi münasibətlər şəraitində təhsilimizin hansı istiqamətə yönəldilməsi barədə düşünməliyik. Biz bu gün orta təhsil pilləsinin psixoloji və metodoloji baxımdan kurikulum və ənənəvi təhsil mərhələlərinə (I-VI və VII-XI) bölünməsinin çətinliyini yaxşı anlayırıq. Azərbaycan məktəbi bu yeni şəraitdə gələcək Azərbaycan vətəndaşını tərbiyə edir və formalaşdırır. Biz bu gün mövcud olan akademik, əzbərçi, uşağın yaddaş və psixikasını yükləyən təhsil sistemimizə yeni məzmun və forma vermək istəyirik. Lakin proses çətinliklə gedir. Hələ ki pedaqogika, psixologiya, sosial və psixoloji pedaqogikamız, bu sahəyə məsul elmi institutlarımız prosesi sistemli şəkildə izləyə bilmir. Mövcud məktəbin strukturu və məktəblərin informasiya-kommunikasiya şəbəkəsi, müəllim kadrlarının hazırlıq səviyyəsi kurikulum islahatının əməli realizasiyasından uzaqdır. Ən başlıcası odur ki, bu sahədə müəllim beyni hələ ki, dumanlıdır, əksəriyyət işə mexaniki və sxematik yanaşır.
Hər bir müəllim sadə bir həqiqəti bilməlidir ki, biz məktəbdə övladlıq və vətəndaşlıq borcunu dərk edə biləcək insanı, həm də gələcəyin işçi və mütəxəssisini yetişdiririk. Müəllimin mövzu ilə əlaqəli qurduğu motivasiya da, təklif olunan tədqiqat sualları da, dərsdəki debat, müzakirə, təqdimat və yanaşmalar da, gəlinən nəticə və tətbiqetmə məqam və imkanları da buna yönəldilir. Uşaq istənilən dərsdə və orta təhsilin istənilən mərhələsində konkret bilik, bacarıq və vərdişlər qazanmalı, öyrəndiyi, bildiyi şeyləri təcrübədə və həyatda reallaşdırmalıdır... Göründüyü kimi, burada təhsilin məzmun, model və formasının köklü dəyişikliyindən söhbət getmir. Əvvəllər də zaman-zaman yeni təlim metod və üsulları, texnologiyaları tətbiq olunub, amma bunların heç biri bugünkü kimi müəllim üçün psixoloji baryer yaratmayıb, heç biri bu boyda hay-küylə, "inqilab" kimi məktəbə və müəllimə təqdim edilməyib.
Dərsliklərin kurikulum tələblərinə uyğun yazılmasına gəlincə, burada tələskənliyə və yaradılmış mövcud dərsliklərin bazasından imtinaya ehtiyac yoxdur. Biz gücümüzü oturuşmuş və artıq məktəb tərəfindən qəbul edilmiş dərslikləri dəyişməyə yox, tədrisin metodikasına, müəllim üçün vəsaitlərin hazırlanmasına yönəltməliyik. Kurikulum islahatı tədris prosesində davamlılığın, ardıcıllığın, mərhələliyin və sistemliliyin gözlənilməsini istisna etmir. Nə qədər ki bizdə ümumi və tam orta təhsil pillələrində məzunların attestasiyasından sonra onların ali məktəblərə imtahanvermə praktikası mövcuddur və hələ ki perspektivdə məktəbi başqa yenilik gözləmir, bizdə tədris proqramları anlayışının aradan götürülməsi məsləhət deyil. Əks halda, hətta VI-VII sinif şagirdləri də TQDK-nın test proqramları və bankları ilə işləmək məcburiyyətində qalacaq.
Bizdə təhsil mətbuatı var. Lakin təhsil mətbuatının yazdıqlarını, eləcə də elmi-pedaqoji işləri real tədrisə yaxınlaşdırmalı, dissertasiya və elmi işlərin mövzuları bir yana, elmi-nəzəri məqalələrdə də tədris-təlim şəraitimizə söykənməliyik. Biz tanınmış alimimiz, professor Əbdül Əlizadənin "Kurikulum" jurnalında gedən məqalələrini, ənənəvi psixoloji anlayış və terminləri kurikulum islahatı ilə əlaqələndirməsi cəhdlərini maraqla izləyirik. Onun və digər tək-tük pedaqoq, psixoloq və sosioloq alimlərimizin gündəmə gətirmək istədiyi paradiqmaları kurikulum islahatına cəlb olunmuş təlimçilərin, dərslik və müəllim üçün vəsait yazan müəlliflərin, gec də olsa, diqqətdə saxlayacağına inanırıq.
Məktəbşünaslığımızın təxirəsalınmaz problemlərindən digəri də ali və orta təhsil pillələrində verilən təhsilin məzmun və strukturundakı uyğunsuzluq, onların bir-birini izləməməsidir. Hörmətli nazirimizin bu günlərdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmuş müsahibəsində müəllim işləmək istəyən 18782 nəfərdən yalnız 1474-nün işə qəbul edildiyi vurğulanır. Biz də elə hesab edirik ki, bu qədər pedaqoji ixtisaslı ali məktəb məzunu olmasına rəğmən, 2000-nə yaxın iş yerinin vakant qalması acı hisslər doğurur. Burada da müəyyən obyektiv və subyektiv səbəb və dəlillərə müraciət edə bilərik. İlk növbədə, pedaqoji ixtisaslara abituriyentlərin çox vaxt məcburiyyət qarşısında, özü də az balla müraciət etmələri faktı göstərilsə də, biz başqa, daha inandırıcı səbəblər üzərində dayanmaq istərdik. İddiaçılara təklif edilən sualların bir qismi məntiq və informatika sahələrini və metodikanı əhatə edir. Bu üç istiqamətin ali təhsil kursunda hansı həcmdə və keyfiyyətdə tədris olunduğu barədə düşünsək, bəlkə də gəncləri az qınayarıq. Biz son iki ildə kompleksimizə pedaqoji təcrübəyə gələn müxtəlif universitetlərin tələbələri ilə ilk görüşü məktəbdə kurikulum islahatına həsr edirik. Aydın olur ki, ali məktəbdə onlara bu istiqamətdə məlumat və lazımi bilgilər verilmir. Əksər hallarda tədrisin metodikası yalnız sovet dönəmindən qalma dərsliklərə söykənir. Bizcə, pedaqoji ali məktəblərimizdə yeni, innovativ və inteqrativ yanaşmaları təqdim edən, Azərbaycan məktəbindəki yeni tədris-təlim şəraitinə cavab verən tədris vəsaitlərinin yaradılması stimullaşdırılmalı, ali və orta məktəblərin fəaliyyətinin koordinasiyası istiqamətində iş davam etdirilməlidir.
Son iki ildə pedaqoji təcrübəyə ayrılan vaxt və saatlar əhəmiyyətli dərəcədə artırılmışdır. Bu, çox gözəl. Lakin universitetlərimizin pedaqoji təcrübəyə tələbə göndərdikləri orta məktəblərdə baza kafedraları və ya onların filiallarının təşkili prosesi ləngiyir. Bu baxımdan Bakı şəhərinin 190 nömrəli tam orta məktəbində Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayevin təşəbbüsü ilə 2007-ci ildə yaradılmış ali və orta təhsilin koordinasiyası kafedrasının təcrübəsi çox önəmlidir. Universitetin Şuşa Rayon Təhsil Şöbəsi, ayrı-ayrı bölgələrdə yerləşən qaçqın məktəbləri ilə sıx əməkdaşlığı maraqlı müştərək layihələrin reallaşması ilə nəticələnməkdədir.
Dərslik yaradıcılığı barədə mətbuatda geniş və hərtərəfli danışdığımızdan qısaca olaraq onu vurğulamaq istərdik ki, bizim təhsil şəraitimizdə belə limitləşdirilmiş variativliyə ehtiyac var. Dünya və Avropa təcrübəsi göstərir ki, dərslik layihələrinin qiymətləndirilməsi, satış və marketinqinin birbaşa məktəblərin, fənn müəllimlərinin və şagirdlərin iştirakı ilə həyata keçirilməsi faydalıdır.
Sonda daha bir məsələyə - yuxarı sinif şagirdlərinin yekun attestasiyası və davamiyyətinə diqqət yönəltməyi vacib sayırıq. Biz də elə hesab edirik ki, tam orta təhsil pilləsində məzunların attestasiyası ən azı dörd fənn (ana dili, riyaziyyat, Azərbaycan tarixi və ingilis dili) üzrə aparılmalı, ali məktəb tələbələrinin dərsə davamiyyətini nizamlayan təlimatın tələblərinin ən azı X-XI sinif şagirdlərinə də şamil olunması məktəbin işini yüngülləşdirərdi. İndiki şəraitdə bir yarımil ərzində məktəbə davam etməyib, ikinci yarımil məktəbdə görünən və biliyi qiymətləndirilən şagird sinifdən-sinfə keçirilir və hətta yekun attestasiyaya buraxıla bilir (yenicə təsdiq olunmuş "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"a görə də belədir).
Çox istərdik ki, yuxarıdan gələn təklif və tövsiyələrə məktəblərimiz və məktəb işi ilə bağlı elm sahələri, təhsil mətbuatı zamanın ruhuna və çağırışlarına, müstəqil ölkəmizin inkişaf templərinə uyğun çevik reaksiya versin. Mən nikbin adamam, bugünkü və sabahkı fəaliyyətimizə də nikbin yanaşıram. Və elə düşünürəm ki, məşhur "Kimyagər" romanının qəhrəmanı kimi xəzinə axtarışına çıxıb, sonda onu öz ocağımızda - Azərbaycanımızda tapmağa qadir olmaq üçün sarsılmaz Ruh sahibi olmağa özümüzdə güc tapmalıyıq. Əgər hər şey sürətlə dəyişirsə və biz də bu dəyişmələrin dalınca qaçmağa məhkumuqsa, deməli, münasibət dəyişməlidir ki, proseslərin dalınca yox, onlarla paralel addımlayasan və bir addım da qabaqda olasan.

 


0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.