26.12.2015

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 iyul 2013-cü il tarixli, 732 nömrəli əmrinə 13 nömrəli əlavə Tədris planlarına dair qeydlər

1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.
2. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil uşağın məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir.
3. Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazanın olması zəruri şərt hesab edilir.
4. Bu “Qeydlər”in 3-cü bəndində nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir.
5. Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda aşağıdakılar nəzərə alınmalıdır:
 5.1. Həmin sinfin bu “Qeydlər”in 19-cu bəndində nəzərdə tutulmuş qayda üzrə 2 qrupa bölünməsi. 5.2. Bu qrupların bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi.
 5.3. Məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, 3 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinə əsasən, ümumtəhsil məktəblərinin ümumi orta və tam orta təhsil səviyyələrində tədris olunan fənlərin siyahısına ikinci xarici dil daxil edilmişdir.
7. İkinci xarici dilin tədrisi 2012-2013-cü dərs ilindən etibarən V (beşinci) siniflərdən başlanmışdır. 8. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir.
9. İkinci xarici dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər təhsil müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər.
 10. I və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə qətiyyən yol verilmir. 11. Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda:
11.1. İbtidai siniflərdə xarici dilə ayrılan saat ana dilinin (tədris dili) tədrisinə verilir.
11.2. V-VI (beşinci-altıncı) siniflərdə xarici dilə ayrılan saatlar hər birinə 1 (bir) saat olmaqla ana dili (tədris dili), “Ədəbiyyat” və “Riyaziyyat” fənlərinin tədrisinə verilir.
11.3. VII-XI (yeddinci-onbirinci) siniflərdə xarici dilə ayrılan saatların digər fənlərin tədrisinə verilməsi (hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə) məsələsi məktəb pedaqoji şurasının qərarına əsasən həll edilir. Bu halda həmin fənlərdən ixtisaslı pedaqoji kadrların olması nəzərə alınır.
 11.4. İkinci xarici dilə ayrılan saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə xarici dil keçilməyən məktəblərdə isə “Texnologiya” fənninin tədrisinə verilir.
12. Tərkibində III (üçüncü) və ya IV (dördüncü) sinif olan komplekt siniflərdə ana dili (tədris dili) 10 (on) saat, “Həyat bilgisi” və “Texnologiya” fənlərinin hər biri 2 (iki) saat tədris olunur.
 13. Dərsdənkənar, fakültativ məşğələ qrupları və dərnəklər şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaq şərti ilə komplektləşdirilir.
14. İbtidai siniflərdə dərsdənkənar məşğələlərə ayrılmış saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə xarici dil tədris olunan məktəblərdə (iki xarici dil qrupuna bölünən siniflər istisna edilməklə) müvafiq xarici dilin tədrisinə, xarici dil tədris edilməyən məktəblərdə və iki xarici dil qrupuna bölünən siniflərdə isə şagirdlərin ana dili (tədris dili) üzrə nitq mədəniyyətinin inkişafına ayrılır. Hər iki halda müvafiq mövzular aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq edilir.
15. Müəyyən olunmuş ümumtəhsil məktəblərinin müvafiq ibtidai siniflərində “Şahmat” fənni dərs cədvəlinə daxil edilməklə dərsdənkənar məşğələ saatlarından ayrılan 1 (bir) saat hesabına tədris olunur.
16. I-VI (birinci-altıncı) siniflərdə dərsdənkənar məşğələlərə, VII-XI (yeddincionbirinci) siniflərdə fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməməklə fakültativ kurs formasında şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmayan siniflərdə (o cümlədən komplekt siniflərdə) “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisinə verilir. Şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə həmin kurs sinif təşkilat saatlarında keçilir.
 17. Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumtəhsil məktəblərinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin VI (altıncı) siniflərində dəsrdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla ikinci yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kurs tədris olunur. Qeyd edilən rayonların bütün ümumtəhsil məktəblərinin və Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin IV (dördüncü) siniflərində isə həmin kurs üzrə mövzular “Həyat bilgisi” fənninin daxilində keçilir.
18. Müvafiq ixtisaslı kadrları və maddi-texniki, tədris bazası olan ümumtəhsil məktəblərinin VII-IX (yeddinci-doqquzuncu) siniflərində fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “İnformatika” fənninin tədrisinə verilir.
19. VII (yeddinci) siniflərdə fakültativ, fərdi və qrup məşğələlərinə ayrılan saatlardan 1 (bir) saatı ikinci yarımildə “Yol hərəkəti qaydaları”nın tədrisinə verilir. Həmin qaydaların öyrədilməsi fakültativ məşğələ formasında təşkil olunur.
20. Müvafiq maddi-tədris baza və ixtisas müəllimləri olduğu halda, şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür:
20.1. Təlim rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərinin I-XI (birincionbirinci) siniflərində Azərbaycan dili (dövlət dili kimi).
20.2. Təlim dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərinin I-XI (birincionbirinci) siniflərində xarici dil (ibtidai siniflərdə dərsdənkənar məşğələyə ayrılmış saat hesabına tədris edilən xarici dil dərsləri istisna olunmaqla), o cümlədən V-VI (beşincialtıncı) siniflərdə ikinci xarici dil. 20.3. Bütün ümumtəhsil məktəblərinin V-XI (beşinci-onbirinci) siniflərində “Fiziki tərbiyə”, V-VI (beşinci-altıncı) siniflərində “Texnologiya”(ikinci xarici dilə ayrılan saat hesabına tədris edilən “Texnologiya” dərsləri istisna olunmaqla), VII-VIII (yeddincisəkkizinci) siniflərində “Əmək hazırlığı”.
 20.4. Seçmə fənlərə ayrılan saatlardan 1 (bir) saat verilməklə “İnformatika” fənninin 2 (iki) saat tədris olunduğu ümumtəhsil məktəblərinin X-XI (onuncu-onbirinci) siniflərində həmin dərslər üzrə praktik məşğələlər.
21. Kompyuter kabineti olmayan ümumtəhsil məktəblərində “İnformatika” fənni üzrə praktik məşğələ keçilmir.
22. Təhsil Nazirliyinin 21 sentyabr 2010-cu il tarixli, 1241 nömrəli əmri ilə təsdiq edilmiş “Gənclərin çağırışaqədərki hazırlığı” fənn proqramına əsasən, tibbi biliklərin əsaslarına aid mövzular bütün sinfə tədris olunur.
23. VII-XI (yeddinci-onbirinci) siniflərdə seçmə saatların tətbiqi 2006-2007-ci dərs ili üçün təsdiq edilmiş müvafiq qaydalar üzrə aparılır.
24. Dərs ili I (birinci) siniflərdə 31, II-XI (ikinci-onbirinci) siniflərdə 32 tədris həftəsindən ibarətdir. 25. Dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.
26. Dərs ili iki yarımilə bölünür: 26.1. Birinci yarımil – 15 sentyabr – 29 dekabr
26.2. İkinci yarımil – 6 yanvar – 31 may 27. Dərs ili ərzində şagirdlər üçün aşağıdakı tətillər müəyyən olunur:
27.1. Payız tətili – 12–17 noyabr (6 gün)
 27.2. Qış tətili – 30 dekabr – 5 yanvar (7 gün) 27.3. I (birinci) sinif şagirdləri üçün əlavə tətil – 12–17 fevral (6 gün) 27.4. Yaz tətili – 17–24 mart (8 gün)

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.