HÜQUQUN TƏRİFİ
Hüquqa
aid əsərlərdə Hüquqa müxtəlif təriflər verilir. Ancaq hüququn belə müxtəlif şəkildə
ifadə edildiyinə baxıb, hüquqçuların hüququn nə olduğu haqqında ortaq bir fikrə
gəlmədiklərini demək doğru olmaz; Çünki hüquq, hamı-xüsusilə hər hüquqçu üçün
eyni şeydir. Fərqli olan, hüquqçuların eyni şeyi öz baxışlarına görə fərqli şəkillərdə
ifadə etmələridir. Misal olaraq aşağıdakı təriflərə baxaraq bu nəticəyə gəlmək
olar.
Bir
düşüncəyə görə “hüquq cəmiyyəti nizamlayan və Dövlət sanksiyası ilə gücləndirilmiş
qaydalar məcmusudur.”
Digər
bir düşüncəyə görə “hüquq cəmiyyət həyatında şəxslərin bir-biriylə və cəmiyyətlə
olan münasibətlərini tənzimləyən və riayət edilməsi dövlət gücü ilə dəstəklənən
ictimai qaydalar məcmusudur.”
Başqa
bir düşüncə isə hüququ “cəmiyyət halında yaşayan şəxslərin ictimai baxlmdan əhəmiyyət
daşıyan davranışlarını tənzimləyən, müştərək həyatın rahatlıq, sükunət və
qarşılıqlı etimad içində cərəyan etməsini təmin edən, əmr və qadağalardan ibarət
ictimai davranış qaydalarlının cəmi” kimi tərif edir.
Bu təriflər
ifadə baxımından az-çox fərqlənir. Ancaq bildirmək istədikləri eyni şeydir. O
da hüququn ictimai həyatı tənzimləyən qaydaların
maddi sanksiyaya bağlanmış olanlarından ibarət olduğudur. Hüquqdan başqa da
ictimai münasibətləri tənzimləyən qaydalar var ki, bunlar din, əxlaq və nəzakət
qaydalarıdır.
İctimai
həyatı tənzimləyən müxtəlif qaydaların varlığı belə bir sual doğura bilər. Bu
qaydalar, yəni din, əxlaq, nəzakət qaydaları mövcud olduğuna görə, bunlardan
başqa bir də hüquq qaydalarına ehtiyac varmı? Əgər varsa bu ehtiyacı hansı səbəblər
doğurur?
Bu suala
cavab vermək əsas etibarilə ictimai həyat baxımından hüququn zəruriliyini
müzakirə etməkdir.
Hüququn zəruriliyi
İctimai
həyat baxımından hüququn zəruri olub olmaması böyük əhəmiyyət daşıyır. Əgər zəruri
olduğu qəbul edilsə problem yoxdur. Yox əgər zəruri olmadığı nəticəsi
çıxarılsa, başqa sözlə hüququn ictimai həyatdakı funksiyası inkar edilsə, bu
hüququn yox olması demək olar. Bu səbəblə Hüquq haqqında əsas mövzulara başlamadan
əvvəl, ümumiyyət etibarilə hüquq məfhumu üzərində dayanmaq və hüququn ictimai həyatın
nizamlanması, digər bir sözlə ictimai həyatın nizam-intizam və etimad havası
içində davam etməsi üçün zəruri olduğunu göstərmək məcburiyyətindəyik. Əgər
onun zəruri olduğuna inansaq onu sevər və mövzunu yaxşıca öyrənməyə çalışarıq,
nəticədə öyrəndiyimiz biliklərin gələcəkdə cəmiyyət həyatında bizə yardım edəcəyinə
şübhəmiz olmaz. Baslanğıcda verilən təriflərdən anlaşıldığı kimi hüquq, ictimai
həyatı tənzimləyən maddi sanksiyalı, yəni dövlət gücü ilə dəstəklənmiş qaydalar
məcmusudur. Deməli hüquq ilə ictimai həyat arasında sıx münasibət var.
Hüquq
Qaydaları
Din, əxlaq və nəzakət qaydalarının sanksiyalarının
mənəvi mahiyyətdə olması səbəbiylə ictimai münasibətləri tam mənasıyla tənzimləyən,
eyni zamanda şəxsləri öz əmr və qadağalarına uyğun davranmağa məcbur etmə
imkanına da sahib olan, qısacası sanksiyası maddi olan başqa ictimai qaydalara
ehtiyac vardır ki, bunlar da hüquq qaydalarıdır.
Hüquq qaydalarının sanksiyaları maddi olduğu üçün
insanlar bu qaydaların əmr və qadağalarına riayət edib etməməkdə özlərini digər
ictimai qaydalarda olduğu kimi sərbəst hiss etməzlər. Çünki, onlar yaxşı bilirlər
ki, hüquq qaydalarına riayət etmədikləri təqdirdə qarşılaşacaqları reaksiya,
günahkar olma, qınanma şəklində olmayacaq, əksinə hüquq qaydalarının əmr və
qadağalarına riayət etməyə məcbur ediləcəklər.
Məsələn,
bir şəxsin yoxsulluq içərisində olan insanlara yardım etməsi din və əxlaq
qaydalarının əmrlərindəndir. Hər hansı bir şəxs din və əxlaq qaydalarının bu əmrini
yerinə yetirməsə onu bu əmrə riayət etməyə məcbur edə bilməyəcəyik.
Ancaq, əgər
hüquq qaydaları da yardım etmək barəsində bir əmr verərsə nəticə dəyişər. Çünki
hüquq qaydasının bu əmrinə riayət etməyən şəxsi, dövlət gücü ilə əmri yerinə
yetirməyə məcbur edə bilərik. Qanunlarımıza görə əmək qabiliyyətinə sahib olan
yetkinlik yaşına çatmış övladlar əmək qabiliyyətini itirmiş ata analarına
yardım etmək məcburiyyətindədirlər. Əgər hər hansı bir övlad bunu etməzsə,
valideynlərin müraciətinə əsasən dövlət ondan müəyyən məbləğdə pulu zorla alıb
valideynlərə verər.
Bir
insanın başqasını öldürməməsi, onun malını oğurlamaması, şərəf və ləyaqətini
alçaltmaması din və əxlaq qaydalarının əmrlərindəndir. Bu əmrlərə riayət etməyənlərə,
adam öldürənlərə, oğurluq edənlərə günahkar, əxlaqsız deyir, onları lənətləyirik.
Fəqət başqa cür reaksiya verə bilmərik. Halbuki eyni davranışlar hüquq
qaydaları tərəfindən də qadağan edildiyi təqdirdə riayət etməyənlərin, adam
öldürənlərin, oğurluq edənlərin qarşılaşacaqları reaksiya daha fərqli
olacaqdır. Cinayət hüququ qaydaları başqalarını öldürməyi, başqalarının malını
oğurlamağı, başqalarını təhqir etməyi qadağan edir. Bu qadağalara riayət etməyənlər
cinayət törətmiş sayılırlar və bu hərəkətləri üçün əvvəlcədən qanunda müəyyənləşdirilmiş
olan maddi sanksiyalarla qarşılaşırlar, yəni onlara cəza verilir. Hətta bu cəza
onları ömürlük azadlıqdan məhrum etmə şəklində də ola bilər.
Verilən
misallar, hüquq qaydalarının ictimai həyatdakı münasibətlərin lazımınca, tam mənasıyla
təsirli bir şəkildə tənzimlənməsində oynadığı rolu açıq aşkar göstərir. Həqiqətən
də hüquq cəmiyyət həyatında sülh və asayişin, nizam və təhlükəsizliyin təmin
edilməsi baxımından lazımlı, həm də çox lazımlıdır. Yaşamaq üçün havaya nə qədər
ehtiyacımız varsa, ictimai həyatdaki münasibətlərimizdə də hüquqa o dərəcədə
ehtiyacımız var.
Bəziləri
hüququ sağlamlığa bənzədirlər. Sağlamlığın insan həyatında əhəmiyyətini inkar
etmək mümkündürmü? Hər bir şəxs sağlam olaraq mümkün olduğu qədər uzun yaşamaq
istəmir mi? Amma sağlam olduğumuz müddətdə hansımız bunu xatırlayırlq? Çox vaxt
sağlamlığımıza zərər verəcəyini bilə bilə bəzi hərəkətləri etmirikmi? Lakin bir
gün sağlamlığımızı itirib xəstələndikdə bütün fikrimiz o olur. Bütün sözlərimiz
onun ətrafında cərəyan edir. Həqiqətən də “əvvəlki sağlamlığımı əldə etsəm,
başqa heç nə istəmirəm, bundan sonra sağlamlığımın qədrini bilib ona görə hərəkət
edərəm..’’ demirikmi?.
Elə
hüquq da belədir. Şəxsiyyətimizə və əmlakımıza hüquqa zidd bir müdaxilə
olmadığı, bir haqsızlığa düçar olmadığımız müddətdə hüququn varlığını və
vacibliyini hiss edmirik. Hüququ ancaq hüquqa zidd müdaxilələrlə
qarşılaşdığımız zaman xatırlayırıq. Bir əşyamız oğurlanıbsa oğrunun tapılıb cəzalandırılmasını
və malımızı geri verməsini, şəxsiyyətimizə və ya əmlakımıza zərər vurulmuşsa, zərər
vuranın bunu ödəməsini, bir haqsızlığa məruz qalmışıqsa, haqsız yerə işdən
çlxarılmışıqsa, bunun düzəldilməsini hər zaman hüquqdan gözləyirik və haqqımızı
hüquqi yollarla bərpa etməyə çalışırıq.
Bütün bu
izahatlardan sonra hüququn ictimai həyat baxımından zəruri və məcburi olduğunu
qəbul etməmək mümkündürmü? Bir anlığa əksini, yəni hüququn zəruri olmadığını fərz
edək. Belə olduğu halda yoxsulluğa düçar olan ata oğlundan yardım ala biləcəkmi?
Kira pulunu ala bilməyən ev sahibi və ya krediti geri ala bilməyən bank
pullarını necə əldə edəcək? Rəqibi tərəfindən vitrini qırılmış tacir, sahibkar
tərəfindən haqsız yerə işdən çıxarılmış işçi uğradıqları zərəri necə ödədəcəklər?
Onlar hüquq qaydalarından başqa ictimai qaydaların köməyi ilə istədiklərini əldə
edə biləcəklərmi? Xeyir. Onlara bu mövzuda kömək edə bilən yalnız hüquq
qaydalarıdır.
Ancaq
yuxarıda qeyd edilənlər əsla hüquq qaydalarından başqa ictimai qaydaların, yəni
din, əxlaq və nəzakət qaydalarının faydasız və lazımsız olduğunu göstərmir.
Bunların da hüquq qaydaları kimi ictimai münasibətləri tənzimləməyə
çalışdıqları və bu səbəbdən də lazımlı və faydalı olduqları şübhəsizdir. Din, əxlaq
və nəzakət qaydalarının hüquqdan fərqli xüsusiyyətləri sanksiyalarının mənəvi
olmasıdır. Sırf bu səbəblə bu qaydalar sosial həyatdakı münasibətləri tənzimləmə
funksiyasını tam mənada yerinə yetirə bilmirlər. Bu qaydaların hüquq qaydaları
ilə çox sıx əlaqəsi var.
HÜQUQ QAYDALARININ MƏQSƏDLƏRİ
Hüquq qaydalarının məqsədlərini bir neçə başlıqda toplamaq mümkündür.
a) İctimai əsayişi təmin etmək
Digər ictimai qaydalarda olduğu kimi hüququn da məqsədi ictimai əsayişi
təmin etməkdir. İctimai nizamın əsasını sosial əməkdaşlıq təşkil edir. Sosial həyatın
qorunması, davam etdirilməsi və inkişaf etdirilməsi bu əməkdaşlığın və
qarşılıqlı uzlaşmanın qorunmasıyla mümkündür. Bu isə yalnız fərdlərin bir-biriləriylə
və cəmiyyətlə olan münasibətlərində müəyyən qaydalara riaət etmələri ilə
mümkündür. Müasir hüquqda şəxslərin hərəkət sərbəstlikləri başqalarının
azadlıqlarıyla məhdudlaşır. Yəni bir hüququn sərhəddi başqa bir hüququn
başlanğıcıdır. Məsələn, tələbə olan insanların sərbəst yığışmaq, sərbəst
müzakirələr aparmaq hüququ dərs əsnasında dərs alma, dərs dinləmə hüququyla məhdudlaşır.
Yəni artıq sinifdə tələbələrin dərs dinləmə, təhsil alma hüquqları başlamış
olur ki, burada bir qrup tələbənin sərbəst istədikləri məsələni müzakirə etmələri
məhdudlaşmış olur.
Nəticə olaraq qeyd edə bilərik ki, hüquq qaydaları həm şəxsi mənfəətləri,
həm də cəmiyyət mənfəətlərini qorumalı, bunlar arasında çıxabiləcək və ya çıxan
çatışmaları ardan qaldıraraq bunlar arasında tarazlığı təmin etməyə xidmət etməlidir.
b) Cəmiyyətin ehtiyaclarını qarşılamaq, tələblərə cavab vermək
Hüquq, ictimai əsayişi
təmin edə bilmək və varlığını davam etdirə bilmək üçün cəmiyyətin ehtiyaclarını
qarşılamalı, tələblərə cavab verməlidir. Cəmiyyətin ehtiyacları isə, cəmiyyətlərin
müəyyən xüsusiyyətlərinə görə dəyişik ola bilər, eyni zamanda müəyyən cəmiyyət
içərisində də zamanla dəyişə bilər. Hüquq bu dəyişikliklərə uyğunlaşmaq məcburiyyətindədir,
əksi təqdirdə yetərsiz qalacaqlar və bu də hüququn lazımi səviyyədə tədbiq
edilmə imkanından məhrum edəcəkdir. Məsələn Azərbaycan Respublikası müstəqilliyini
əldə etdikdən sonra xüsusi mülkiyyət anlayışı yaranmağa başlamış və bu da
öz-özlüyündə xüsusi hüququn yaranmasını zəruriləşdirmişdir.
Hər bir cəmiyyətdə
ehtiyaclar - iqtisadi, siyasi, sosyal, mədəni, biyolojik və bu kimi ehtiyaclar
olaraq-təzahür edir.
- Hüquq şəxslərin biyolojik
ehtiyaclarını qarşılamalıdır. Məsələn evlənmə yaşının müxtəlif ölkələrin
qanunvericilikləriylə fərqli tənzimlənməsi bundan irəli gəlir. İsti ölkələrdə
biyolojik olaraq insanlar evlənməş yaşına daha erkən qədəm qoyurlar, soyuq
iqlimə sahib ölkələrdə isə bu tələb bir az daha sonrakı yaş dövründə yaranır.
- Hüquq iqtisadi
ehtiyacları qarşılamalıdır. Cəmiyyətin inkişaf tempinə uyğun olaraq hüquq da
inkişaf etməlidir. Məsələn özəlləşdirmə məsələləriylə bağlı ehtiyacları göstərə
bilərik. Özəl mülkiyyət anlayışı olmayan Sovet Azərbaycanından Müstəqil Azərbaycana
keçdikdə özəlləşdirmə tələblərini qarşılayacaq hüquq sisteminin yaradılması zərurəti
də yaranmışdır. Belə bir hüquqi islahat keçirmədən özəlləşdirmə, özəl mülkiyyət
anlayışını cəmiyyətdə tənzimləmək, işlətmək və qorumaq mümkün olmazdı.
- Hüquq cəmiyyətdəki siyasi
ehtiyaclara da cavab verməlidir. Yenə tək bir partiyanın mövcud olduğu Sovet Azərbaycanından
çox partiyalı sistem tədbiq edən müstəqil Azərbaycanda hüquq da buna
uyğunlaşdırılmalıdır. Yəni siyasi partiyalar haqqında qanun olmadan siyasi
partiyaları yaratmaq, fəaliyyətlərini tənzimləmək mümkün olmayacaqdır. Və ya
yerli özünüidarə haqqında qanun olmadan bələdiyyə anlayışını həyata keçirmək
mümkün olmayacaqdır.
- Hüquq sosial və mədəni
ehtiyacları qarşılamalıdır. Sosial bir varlıq olan insan cəmiyyətdə digər
insanlarla bir çox sosial və mədəni əlaqələr qururlar ki, bu münasibətlər mütləq
hüquq tərəfindən nəzərə alınmalıdır. Məsələn konstitusiya ilə vətəndaşlara
istirahət hüququ müəyyənləşdirib, bu istirahət və yləncənin hansı çərçivədə və
necə həyata keçirilə biləcəyini müəyyənləşdirməsəniz belə bir hüquqdan bəhs
oluna bilməz.
c) Cəmiyyətdə bərabərliyi təmin etmək
Cəmiyyətdə şəxslər arasında əqli, irqi, cinsi, maddi imkan və bilik
kimi müəyyən anlayışlar baımından fərqliklərin olması qaçınılmazdır. Hüquq
obyektiv xarakter daşıyır və bu kimi fərqlilikləri nəzərə almadan cəmiyyətdə bərabərliyi
təmin etməyə xidmət etməlidir. Məsələn varlılara seçim hüququ verib kasıblara
verməmək, və ya varlılara iki səs hüququ vermək kimi qaydalar müəyyənləşdirilə
bilməz.
d) Hüquqi etimadı təmin etmək
Cəmiyyətdə yaşayan
hərkəs bağlı olduğu qaydaları əvvəlcədən bilməlidir. Yəni hüquq qaydası olaraq
müəyyən edilməyən bir hərəkətə görə kimisə məsuliyyətə cəlb etmək yolverilməzdir.
Məsələn ticari fəaliyyətlə bağlı məsələlərin necə təmin olunduğunu, necə
qorunduğunu görə bilməyən bir sahibkər o cəmiyyətdə sahibkarlıq fəaliyyətilə məşğul
olarmı? Təbii ki, yox. Çünki ya ortada hər hansı bir hüququ yoxdur, ya da var
olan hüquqa etimad yoxdur.
Hüququn bu məqsədi
eyni zamanda cəmiyyətdə güc tədbiq edilməsini də məhdudlaşdırır. Yuxarıda da
qeyd etdiyimiz kimi hüquq müəyyən etməyən bir məsələdə kimisə məsuliyyətə cəlb
etmək, və ya var olan hüquq qaydasında göstərilənlərdən artıq sanksiya tədbiq
etmək mümkün olmayacaqdır.
e) Ədaləti təmin etmək
Hüququn məqsədi eyni zamanda cəmiyyətdə birlikdə yaşayan şəxslər
arasında ədaləti təmin etməkdir. Ədalət hüququn ulaşmaq istədiyi ən mühim məqsədlərdən
biridir. bu baxımdan şəxslər onlara tətbiq ediləcək hüquq qaydalarının adil olduğuna
inandıqları müddətdə bunlara riayət edərlər və ictimai əsayiş təmin edilə bilər.
Var olan hüququn əsas məqsədinin ideal hüquqa yaxınlaşmaq olduğunu yuxarıda da
qeyd etmişdik.
Ədalət anlayışı şəxslərə görə fərqli qəbul edilə bilər. Lakin
unutmamaq lazımdır kiü hüquq şəxsi mənfəətlərlə birlikdə cəmiyyətin mənfəətlərini
də qorumaq məcburiyyətindədir. Məsələn zəruri hallarda dövlətinkiləşdirmə məliyyatının
həyata keçirilməsi kimi. Yəni hər hansı bir kommunal təsisatın qurulması zərurəti
yarandıqda özəl mülkiyyətdə olan bir ərazinin, obyektin dövlət tərəfindən
qarşılığı ödənərək alınması cəmiyyətin mənfəətinə xidmət etdiyi üçün, burada şəxsin
mənfəəti müəyyən mənada ikinci plana alına bilər.
HÜQUQ QAYDALARININ TƏRKİB ELEMENTLƏRİ
a) Müəyyən bir hadisə
Hadisə, insan iradəsinə
əsaslanan və ya hər hansı bir insan iradəsinə əsaslanmayan müəyyən dəyişikliklərdir.
Bu mənada hadisə - nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması
kimi insan davranışı, zəlzələ, su basqını kimi insan iradəsi xaricində təbii
hadisələr olaraq da meydana gələ bilər.
Hüquq tərəfindən nəzərə
alınan hadisələr əsasən insanların başqalarıyla münasibətlərini yaradan
davranış və fəaliyyətləridir. Belə münasibətlər əksər hallarda şəxslərin arzu və
iradələri ilə qurulur. Məsələn alqı-satqı münasibətləri kimi. Bununla bərabər bəzən
insan iradəsindən asılı olmayan bəzi hadisələr də hüquqi nəticələr əmələ gətirir. Məsələn ölüm kimi. Burada ölümdən sonra vərəsəlik
münasibətlərinin yaranması ölüm hadisəsinə əsaslanır.
b) Tənzimləmə
Hüquq qaydalarının ikinci tərkib elementi tənzimləmədir. İctimai
münasibətləri tənzimləyin hüquq qaydalarının əsas vəzifələrindən bir olduğunu
qeyd etmişdik. Bu düzənləmə cəmiyyət adına hərəkət edən dövlət tərəfindən həyata
keçirilir.
Tənzimləmə ilə hüquqi hadisəni əmələ gətirən davranışa müsbət və ya mənfi
bir nəticə nəzərdə tutulur. Məsələn başqasına maddi və ya mənəvi ziyan
vurulmasını qadağan edən normalarda mənfi bir nəticə nəzərdə tutulmuşdur. Əmək
Hüququnda hər kəsin sərbəst iş seçmək və istediyi peşədə işləmək
(qanunvericiliyin digər tələbləri qarşılanmaq şərti ilə-məsələn işləmək üçün müəyyən
edilən yaş həddinə çatdıqdan sonra) hüququnu müəyyən edən norma isə müsbət nəticə
nəzərdə tutan bir hüquq normasıdır.
c) Sanksiya Məfhumu
Sanksiya
hər hansı bir qaydanın qoyduğu əmr və qadağalara uyğun hərəkət etmədikdə
qarşılaşılan reaksiyadır. İnsanları bir
qaydanın qoyduğu əmrlərə uyğun davranmağa və qadağan etdiyi hərəkətləri etməkdən
qaçınmağa vadar edən xüsus, bir reaksiya ilə, sanksiya ilə qarşılaşma qorxusudur.
Məsələn təhsil müəssisələrinin əsasnamələrində imtahanlarda köçürmə qadağan
edilmişdir. Hər hansı bir tələbə bu qadağaya
baxmayaraq küçürməyə çalışsa bir reaksiya ilə qarşılaşır ki, bu da həmin
dərsdən sıfır almaq və əlavə olaraq
intizam tədbirinə uğramaq olacaq. Tələbələri imtahanlarda köçürməyə
çalışmaqdan çəkindirən belə bir reaksiya ilə, sanksiya ilə üzləşmək qorxusudur.
İctimai
həyatı tənzimləyən qaydaların hamısında sanksiya var. Ancaq muxtəlif formalarda
görünür. Din, əxlaq və nəzakət qaydalarının
sanksiyalarının mənəvi mahiyyətdə olduğu misallarla yuxarıda qeyd edilmişdir.
Hüquq qaydalarının sansiyasının isə mənəvi deyil maddi olduğu da qeyd
edilmişdi. İndi isə hüquq qaydaların fərqləndirici xüsusiyyəti olan maddi
sanksiyanın növlərini izah edəcəyik.
Cəza
Hüquq
qaydalarının bəzilərinin qoyduğu əmr və qadağalara zidd davranan şəxslərin
qarşılaşacağı reaksiya cəzadır. Cəzanın azadlıqdan məhrumetmə, azadlığın məhdudlaşdırılması,
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə, cərimə və s. kimi növləri vardır. Bundan başqa müəyyən statusa tabe olan
şəxslər üçün nəzərdə tutulmuş intizam cəzaları da vardır. Bunlara xəbərdarlıq,
töhmət, müvəqqəti xaric etmə, tamamilə xaric etmə kimi misallar vermək olar.
Cəzanın
məqsədiylə bağlı müxtəlif fikirlər vardır.
-
Ödədici cəza: bu fikrə görə cəzanın məqsədi hüquqa zidd hərəkətin o hərəkəti törədənə
ödədilməsidir. Hər kəsin etdiyi hərəkətin qarşılığını almalı olduğu düşünülür.
Tək başına bu məqsəd cəzanın haqlılığını göstərə bilməz.
-
Çəkindirici (Önləyici) cəza: Bu anlayışa görə cəza müəyyən məqsədlərə çatmaq
üçün istifadə edilən bir vasitədir. Yəni bir çox hüquqa zidd əməllərin təkrara
törədilməsinin qrşısını almaq məsədilə belə əməllər törədən şəxslərə cəza nəzərdə
tutulur. Yəni cəzalar nəzərdə tutularaq onu bilənləri belə əmllərdən çəkindirməyə
xidmət edir. Lakin hərkəsin qanunları bildiyini düşünmək düzgün olmazdı. Belə
olan halda başqalarının cəzalandığını görmək eyni əməlləri törətməkdən
insanları az da olsa çəkindirə biləcəyi düşünülür.
-
Birləşdirici cəza: Buna görə cəzanın məqsədi, cinayət işləyən şəxsin cəzalandırılması,
belə bir cəzalandırılmanı göstərərək başqalarını da bənzər hərəkətlərdən çəkindirməkdir.
Kompensasiya
Bəzi hüquq qaydalarına zidd davranışın sanksiyası, belə davranan şəxsin
bundan zərər görən şəxsə kompensasiya ödəməsi şəklində olur. Bir şəxs hüquqa
zidd hərəkəti ilə başqasına zərər vurubsa, zərəri kompensasiya etmək,
kompensasiya ödəmək məcburiyyətindədir, yəni kompensasiya ödəməyə məhkum
edilir. Kompensasiya maddi və mənəvi kompensasiya şəklində olur.
Kompensasiya yalnız hüquqa zidd hərəkətlətlərdə deyil, müqaviləyə
uyğun davranmamaqdan ötrü də verilə bilər. Məsələn satdığı malı vaxtında təhvil
verməyən satıcı, alıcının bu səbəblə meydana gələn zərərini təzmin etməlidir.
Kopmensasiya vurulan zərərin eynilə yerinə gətirilməsi və ya maddi
qarşılığının ödənməsi şəklində ola bilər. Yəni xarab edilən bir əşyanın təmir
etdirilməsi və ya təmir etmək mümkün deyilsə xarab etmə nəticəsində dəyən
ziyanın maddi qarşılığının ödənilməsidir.
Mənəvi kompensasiya şəxsin şərəf və ləyaqətinə vurulan ziyanın ödənilməsi
şəklində ortaya çıxır. Yəni şəxsiyyətə yçnələn haqqsızlıq nəticəsində çəkilən
iztirabın azaldılması və ya aradan qaldırılmasına xidmət edir.
Məcburi icra
Bəzi hüquq
qaydalarına zidd davrananların qarşlışacaqları reaksiya, cəza şəklində deyil, məcburi
icra yəni bir şəxsi o hüquq qaydasının əmrini yerinə yetirməyə məcbur etmə şəklində
özünü göstərir. Əsasən öhdəlik münasibətlərində belə bir sanksiya tədbiq
edilir. Məsələn, Kazım televizorunu müəyyən bir məbləğə Kərimə satıb və təhvil
verib. Kərim nəzərdə tutulan məbləği vaxtında ödəməzsə, Kazım məhkəməyə müraciət
edib məbləğin Kərimdən zorla alınmasını tələb edə bilər. Məhkəmə icraçıları
lazımi işləri yerinə yetirib, Kərimin əmlakını satışa çıxarıb, Kazıma borclu
olduğu məbləği ödətdirəcəklər.
Etibarsızlıq
Bəzən hüquq qaydasına əməl olunmaması, məsələn
bir hüquqi əqdin qanunun göstərdiyi formada bağlanmaması o əqdin etibarsızlığı
nəticəsini doğurur. Yəni buradakı sanksiya etibarsızlıq sanksiyasıdır. Hüquq tərəfindən
həmin əqd tanınmır və qorunmur. Məsələn, müvafiq dövlət orqanı tərəfindan
bağlanmamış nikah etibarsız hesab edilir.
Ləğv etmə
Hüquq
qaydalarına zidd olaraq qəbul edilmiş bir qərara tətbiq olunan sanksiya ləğv
etmədir. Hər hansı dövlət orqanı tərəfindən qəbul edilən qərarlar bundan zərər
görən şəxslərin məhkəməyə şikayət etməsilə ləğv etdirilə bilər. Məsələn hüquqa
zidd olaraq vergi orqanları tərəfindən cərimə verilən müəssisə məhkəməyə müraciət
edərək bu cərimənın ləğv edilməsini tələb edə bilər. Torpaq sahəsində ev tikmək
istəyən şəxsə icra hakimiyyəti orqanları hüquqa zidd olaraq icazə verməkdən
imtina edərlərsə, həmin şəxs yuxarı orqanlara və ya məhkəməyə müraciət edərək
icazə verilməməsi barədə qərarın ləğv edilməsini tələb edə bilər.
HÜQUQ POZUNTUSU VƏ HÜQUQİ MƏSULİYYƏT ANLAYIŞI
Ümumi şəkildə
hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan
əməl kimi xarakterizə olunur.
Qanunvericilikdə hüquq pozuntusunun
konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə
zidd əməllərdən (əxlaqa zidd davranışlar kimi) fərqləndirməyə imkan verir.
Hüquq pozuntusunun aşağıdakı əlamətləri vardır:
-
Hüquq pozuntusu
hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada
yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ən vacib əlaməti
hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, vəzifələrini yerinə
yetirməmək, vəzifəsindən sui istifadə etmək kimi əməllər hüquqa zidd əməllər
hesab olunur. Yəni bu əməllər hərəkət və ya hərəkətsizlik (məsələn xuliqanlıq,
oğurluq kimi) və hərəkətsizlik (qüvvəyə minmiş məhkəmə hökmünü icra etməkdən
qaçmaq) formasında təzahür edir. Bəzən etməli olduğunu etməmək, bəzən isə,
qadağan olunanı etmək hüquqa zidd ola bilər.
-
Hüquq
pozuntusunun subyekti qanunla müəyyən edilmiş yaş həddinə çatmış, hüquq
qabiliyyəti olan, anlaqlı şəxslərdir. Çünki onlar öz hərəkətlərinə görə hesabat
vermək iqtidarında hesab edilirlər. Ona görə də az yaşlıların və psixi cəhətdən
anlaqsız olan şəxslərin törətdiyi ictimai-təhlükəli əməllər hüquq pozuntusu
hesab olunmur. Burada anlaqlıq vəziyyəti əməlin xarakterinə görə dəyişə bilər.
Yəni bəzi xırda şeyləri almaq iqtidarında olan 13-14 yaşlarındakı biri, maşın,
imarət satın almaq mövzusunda anlaqsız sayılır və onun tərəfindən bağlana biləcək
hər hansı belə bir müqavilə etibarsız olacaqdır.
-
Şəxsin əməlinin
hüquq pozuntusu sayıla bilməsi üçün əməl şəxsin təqsiri səbəbiylə baş vermiş
olmalıdır. Yəni bir digər vacib əlamət təqsirin olmasıdır. Təqsir şəxsin törətdiyi
əmələ psixoloji münasibətidir və qəsd və ya ehtiyatsızlıq formasında təzahür
edir.
Hüquq Pozuntusunun tərkibi
1.
Hüquq
pozuntusunun obyektini, hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. (məsələn Mülkiyyət münasibətləri)
2.
Hüquq
pozuntusunun obyektiv cəhətini, hüquqla tənzimlənən və mühafizə olunan ictimai
münasibətlərə ziyan vuran hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə
hüquqazidd əməllə meydana gələn nəticə arasında var olan səbəbli əlaqə təşkil
edir.
3.
Hüquq
pozuntusunun subyekti, qanunla müəyyən olunmuş yaş həddinə çatan fiziki və
qanunda nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilər.
4.
Hüquq
pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi əmələ psixoloji münasibətini
ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir.
Bütün
hüquq pozuntuları ictimai təhlükəlilik dərəcəsinə görə cinayətlərə və xətalara
bölünürlər.
Cinayət - cnayət qanunvericiliyi (cinayət hüquq normaları)
ilə qadağan edilmiş ictimai təhlükəli hüququ pozuntusudur. Cinayətin ictimai təhlükəliliyi
ondan ibarətdir ki, o cəmiyyətin mövcud olmaq şərtlərinə, vətəndaşların əsas
hüququ və azadlıqlarına ziyan vurur. Cinayət məcəlləsində nəzərdə tutulmayan
hüquqazidd əməllər cinayət hesab olunmur.
Xətalar - hüquq pozuntusunun subyektindən, vurulmuş
ziyanın xarakterindən və həcmindən, habelə bunlara müvafiq olaraq tətbiq olunan
hüquqi sanksiyaların xüsusiyyətlərindən asılı olaraq inzibati, intizam və mülki
hüquq pozmalara bölünürlər. Bunlar da hər biri müəyyən hüququ sahələrinə aid
olur.
İnzibati xətalar – ən başlıcası dövlət idarəçiliyinə qəsd edən
hüquqpozmalardır (yanğın təhlükəsizliyi qaydalarının, küçə hərəkəti qaydalarının,
sanitar qaydaların və s. pozulması)
İntizam xətaları – əmək, xidmət və ya təhsil intizamına qəsd edən
hüquq pozuntusudur.
Mülki hüquq
pozuntuları (xətalar)
– öhdəliklərin icra olunmaması, yaxud lazımi qaydada icra olunmaması, hər hansı
şəxsin əmlakına ziyan vurulması (Mülki Məcəllədə deliktlər olaraq ifadə
olunmuşdur), hüquqazidd əqdlərin bağlanmasından və s. ibarətdir. Mülki məsələlərlə
bağlı qanunvericiliyin tələblərinin pozulması olaraq da qeyd edə blərik.
HÜQUQUN
MƏNBƏLƏRİ
Ümumiyyətlə, “mənbə” kəliməsi bir şeyin
ilk dəfə meydana gəldiyi, yarandığı yeri ifadə edər. Bu mənada hüququn mənbəyi
dedikdə də hüquq qaydalarının haradan və necə neydana gəldiyini, yarandığını
baça düşmək lazımdır. Ancaq hüququn mənbələri dedikdə, eyni zamanda hüquq
qaydalarının hansı şəkillərdə göründükləri də nəzərdə tutulur. Buradan da
görünür ki, hüquq mənbələri termini bir-birindən fərqli iki mənada istifadə
edilir. Həqiqətən də, hüquq qaydalarının necə, hansı şəkildə və haradan meydana
gəldiklərini ifadə edən mənbələrə “hüququ meydana gətirən mənbələr“ və ya
“hüququ yaradan mənbələr” deyilir. İkinci mənada, yəni hüquq qaydalarının hansı
şəkillərdə göründüyünü ifadə edən hüquq mənbələrinə isə “hüququ bildirən mənbələr”
və ya “hüququn formal (şəkli) mənbələri deyilir.
Bu zaman qarşımıza iki sual çıxır. Bunlar:
1. Hüquq qaydaları necə meydana gəlir; və
2. Meydana gələn bu hüquq qaydaları bizə hansı şəkildə
əks etdirilir.
Göstərilən bu iki sualı hüququn formal (şəkli)
mənbələri başlığı altında cavablandıraq.
Yazılı Hüquq Mənbələri
Hüququn
formal (şəkli) mənbələrini yazılı mənbələr, yazılı
olmayan mənbələr və yardımçı (köməkçi) mənbələr olmaqla
3 yerə ayırmaq mümkündür. İndi isə bu üç hüquq mənbəyinin hər birini ətraflı şəkildə
izah edək.
Pozitiv
(müsbət) hüququn, yəni bir ölkədə hal-hazırda qüvvədə olan hüququn yazılı mənbələri
dedikdə, mövcud hüquq normalarının məcmusu başa düşülür. Bu mənbələrdə yer alan
yazılı hüquq qaydaları hüquq qaydalarının yazılı bir şəkildə yer aldıqları mətnlər
nəzərdə tutulur. Digər bir sözlə, bunlar səlahiyyətli dövlət orqanı tərəfindən
qəbul edilmiş yazılı qanunvericilik aktlarıdır.
Konstitusiya
Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə
malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının
qanunvericilik sisteminin əsasıdır. Digər bütün hüquq qaydalarının
konstitusiyaya uyğun olması lazımdır. Konstitusiya ümumxalq səsverməsi –
referendum yolu ilə qəbul edilir. Konstitusiyaya dəyişikliklər edilməsi də yalnız
və yalnız referendum yolu ilə mümkündür. Konstitusiyaya əlavələr isə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən 95 səs çoxluğu ilə və arada 6 ay müddət
olmaq üzrə iki dəfə səsə qoyulma ilə edilə bilər. Hər iki səsvermədən sonra
bunu Azərbaycan Respublikası Prezidentinin imzalaması da lazımdır.
Dövlətlərarası Müqavilələr
Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan
Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
Dövlətlərarası
müqavilələr iki və ya daha çox dövlət arasında bağlanan müqavilələrdir. Bəzən
dövlətlərin yaratdığı beynəlxalq hüquqi subyektliyə malik təşkilatlarla da belə
müqavilələr bağlana bilər. Burada nəzəriyyəçilər iki tərəfli müqavilənin
olduğunu qəbul edirlər. Yəni bir tərəfdə bir neçə dövlətdən ibarət təşkilat
olsa da belə müqavilələrdə tərəf olaraq ayrı-ayrı dövlətlərin deyil, təşkilatın
qəbul edildiyi fikrinə əsaslanırlar.
Müqavilələr
Azərbaycan dövləti adından Azərbaycan Respublikasının Prezidenti tərəfindən
bağlanır. Ancaq dövlətlərarası müqavilələrin qüvvəyə minməsi üçün bunların Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilməsi (ratifikasiya)
lazımdır. Təsdiq edilərək qüvvəyə minmiş dövlətlərarası müqavilələr
qanunvericilik sistemində üstün hüquqi qüvvəyə malikdir. AR Konstitusiyaına əsasən
“Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi
aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul
edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq
edilir”.
Qanunlar
Qanun – dövlətin ali
nümayəndəli orqanı tərəfindən xüsusi qanunvericilik qaydasında qəbul edilən,
ali hüquqi qüvvəyə malik olan, daha mühüm ictimai münasibətləri tənzimləyən
normativ hüquqi aktdır. Qanun qəbul etmək səlahiyyəti imperator, kral və ya
padşah kimi tək bir şəxsə verilə biləcəyi kimi, bir məclisə və ya məclislərə də
verilə bilər. Ancaq onu qeyd etmək lazımdır ki, bu gün müasir və demokratik
dövlətlərdə qanunverici orqanlar seçkilərlə müəyyənləşdirilən üzvlərdən ibarət
məclislərdir. Qanun qəbul etmə səlahiyyətinə sahib olan dövlət orqanı hər bir
dövlətin Konstitusiyasında açıq və aydın bir şəkildə göstərilir. Və qeyd edək
ki, qanun qəbul etmək səlahiyyətinə sahib olan dövlət (hakimiyyət) orqanı
Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Milli Məclisidir. Bu
Azərbaycan Respublikası Konstitusiyasının 81-ci maddəsində də öz əksini tapıb.
Belə ki, “Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir” (AR-nın Konstitusiyası, maddə
81).
Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş
qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə
hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
Fərmanlar
Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinə
aid edilmiş məsələlər barəsində ümumi qaydalar müəyyən etdikdə qəbul etdiyi
normativ – hüquqi akta “fərman” deyilir. Azərbaycan
Respublikası Prezidentinin normativ fərmanları qanunqüvvəli aktlar sistemində ən
yüksək hüquqi qüvvəyə malikdir və qanunların əsasında və onların yerinə
yetirilməsi üçün qəbul edilirlər. Prezidentin hüquq yaratma sahəsində səlahiyyətləri
konstitusiya ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin qəbul
etdiyi fərmanlar ictimai həyatın dövlət idarəetməsi ilə bağlı müxtəlif sahələrini
tənzimləyir. Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi fərmanlarda
başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə minir. Onu
da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin fərmanları
Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının
Qanunlarına uyğun olmalıdır, əks təqdirdə Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilə bilər.
Nazirlər
Kabinetinin Qərarları
Azərbaycan Respublikasının Nazirlər Kabineti də öz
səlahiyyətlərinə aid edilmiş məsələlər barəsində ümumi qaydalar müəyyən etdikdə
Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının
Qanunlarına və Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına zidd olmayan
“qərarlar” qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul
etdiyi qərarlar da yazılı hüquq mənbələrindən biridir. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası
vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları və hüquqi şəxslər
üçün məcburidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları, yerli
icra hakimiyyəti orqanlarının normativ aktları və bələdiyyə aktları da yazılı
hüquq qaydaları sırasına daxildir. Mərkəzi icra hakimiyyəti orqanlarının
normativ aktları Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
Bələdiyyələrin qəbul etdikləri aktlar da hüquqa və haqq-ədalətə (bərabər
mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının
Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan
Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır. Bələdiyyələrin
qəbul etdiyi aktların icrası onların ərazisində yaşayan vətəndaşlar və onların
ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir.
Göründüyü kimi, bütün
yazılı hüquq qaydaları yalnız və yalnız rəsmi olaraq dərc edildikdən sonra
məcburi hüquqi qüvvəyə malikdir. Dərc edilməmiş bir hüquq qaydasına görə heç
kimə qarşı hər hansı bir tələb irəli sürülə bilməz. Yazılı hüquq mənbəyində hər
hansı bir tarix nəzərdə tutulmayıbsa, onda onun qüvvəyə mindiyi tarix dərc
edildiyi gün hesab edilir.
Normatİv
hüquqİ aktların zaman, məkan və subyektlərə görə qüvvəsİ
Normativ hüquqi aktların qüvvəyə minməsi müddəti
Azərbaycan
Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, onların özündə başqa
müddət nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir.
Normativ
hüquqi aktın hissəsinin (fəslinin, maddəsinin, bəndinin) qüvvəyə minməsi üçün
normativ hüquqi aktın bütövlükdə qüvvəyə minməsinə dair müəyyən edilmiş müddətdən
fərqli müddət müəyyən edilə bilər. Yəni yeni qəbul edilən bir qanununda hər hansı bir fəslinin müəyyən bir müddət
sonra vəya müəyyən bir tarixdə qüvvəyə minə biləcəyi göstərilə bilər. Göstərilən
müddətə qədər qanun qüvvədə ola bilər, ancaq müəyyən edilən fəsil, bölmə və ya
maddə qeyd edilən müddətə qədər tətbiq edilməz.
Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi
Normativ
hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikası
Konstitusiyasının 149-cu maddəsinin VII. bəndi ilə tənzimlənir.
Müvafiq maddədə göstərilir ki, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini
yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən
normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi
aktların qüvvəsi geriyə şamil edilmir”.
Normativ hüquqi aktın qüvvədə olma müddəti
Normativ
hüquqi akt, onun özündə ayrı hal nəzərdə tutulmamışdırsa, müddətsiz qüvvədə
olur.
Akt
bütövlükdə, yaxud onun bir hissəsi müvəqqəti qüvvədə ola bilər. Bu halda aktda
onun və ya onun müvafiq hissəsinin qüvvədə olma müddəti göstərilir. Göstərilən
müddət qurtaran kimi akt, yaxud onun müvafiq hissəsi əlavə elan olmadan qüvvədən
düşür. Yəni müddətli qanunvericilik aktları müddətin bitməsiylə öz-özlüyündən
hüquqi qüvvəsini itirir. Təbii ki, burada bütövlükdə qanunvericilik aktı müddətsiz
olmaqla birlikdə, hər hansı bir fəsil və ya maddə müddətli olaraq qeyd edilmiş
ola bilər. Belə vəziyyətdə müddətin bitməsiylə yalnız müddətli olan fəsil, bölmə
və ya maddə qüvvədən düşmüş hesab edilir.
Göstərilən
müddət qurtaranadək aktı qəbul etmiş orqan aktın qüvvədə olma müddətinin
artırılması və ya ona müddətsiz xarakter verilməsi haqqında qərar qəbul edə bilər.
Normativ hüquqi aktın qüvvəsinin itirilməsi
Normativ
hüquqi akt (onun hissəsi) aşağıdakı hallarda öz qüvvəsini itirir:
-
müvəqqəti aktın (aktın hissəsinin) müddəti başa çatdıqda;
- əvvəllər
qəbul edilmiş aktın müddəaları yeni qəbul edilmiş akta zidd olduqda. Belə olan
halda adətən əvvəlki aktın qüvvədən düşdüyü qəbul edilir. Lakin burada iki fərqli
fikirdən bəhs edilə bilər. Ola bilsin ki, əvvəlki qanunvericilik aktı ümumi
xarakterlidir, yeni qüvvəyə minən qanunvericilik aktı xüsusi xarakterlidir. O
zaman təbii ki, xüsusi xarakter daşıyan və yeni qüvvəyə minən akt qüvvəyə
mindiyi tarixdən etibarən ona zidd olan ümumi xarakterli akt öz qüvvəsini
itirir. Əgər hər iki müddəa, yeni qəbul edilən və ona zidd olan əvvəlki akt
ümumi xarakterlidirsə bu zaman da yeni qüvvəyə minən hüquqi akt tətbiq edilir, əvvəlki
qüvvədən düşür. Lakin mübahisəli məsələ əgər yeni qəbul edilən müddəa ümumi
xarakterli hüquq normasıdırsa və əvvəlki hüquq norması xüsusi xarakterlidirsə
belə olan halda hansı hüquq qaydasının tətbiq ediləcəyi məsələsidir. Hüquq nəzəriyyəçilərinin
fikrincə ümumi xarakterli olan bir hüquq qaydası xüsusi xarakterli bir hüquq
qaydasının qüvvəsini ortadan qaldıra bilməz. Yəni belə olan halda yenə xüsusi
xarakterli hüquqi akt tətbiq ediləcəkdir. Xüsusi və Ümumi xarakterli akt dedikdə
nə başa düşülməlidir. Məsələn Əmək Məcəlləsi əmək münasibətlərini tənzimləyən
ümumi xarakterli hüquqi aktdır. Lakin Həmkarlar İttifaqları Haqqında Azərbaycan
Respublikası qanunu əmək münasibətlərinin konkret bir sahəsini tənzimləyir və
xüsusi xarakterli bir hüquqi aktdır.
- əvvəllər
qəbul edilmiş aktın müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqaviləyə zidd olduqda. Daha əvvəl də qeyd etdiyimiz kimi yalnız Azərbaycan
Respublikası Konstitusiyasına və referendumla qəbul olunmuş qanunvericilik
aktlarına zidd olarsa beynəlxalq müqavilə tətbiq edilməyəcək. Lakin digər
qanunvericilik aktlarına zidd bir beynəlxalq müqavilə qüvvəyə minərsə ona zidd
olan hüquqi aktlar hüquqi qüvvəsini itirmiş hesab edilir.
-
aktı qəbul etmiş və ya qanunla müəyyən edilmiş qaydada bu səlahiyyətləri almış
orqan tərəfindən onun qüvvədən düşməsi və yaxud dayandırılması barədə qərar qəbul
edildikdə. Təbii ki, qanunu qəbul edən orqan başqa bir qərarla o qanun aktının
hüquqi qüvvəsini dayandıra bilər.
Normativ hüquqi aktların məkana və subyektlərə görə qüvvəsi
Normativ
hüquqi aktlar müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya
inzibati ərazi vahidinin ərazisində qüvvədə olur. Ərazi prinsipi də
adlandırılan bu prinsipin istisnası vətəndaşlıq prinsipidir.
Vətəndaşlıq
prinsipinə əsasən, normativ hüquqi aktların qüvvəsi qanunla müəyyən edilmiş
hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə, habelə dövlət və yerli özünüidarə orqanlarının, siyasi
partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və
başqa hüquqi şəxslərin vəzifəli şəxslərinə tətbiq edilir.
Beynəlxalq
hüquqi baxımdan bəzən bu iki prinsip arasında müəyyən ziddiyyətlər yarana bilər.
Məsələn Azərbaycan ərazisində yaşayan bir əcnəbiyə ərazi prinsipinə görə Azərbaycan
Respublikasının qanunları tətbiq edilməlidir. Lakin vətəndaşlıq prinsipinə əsasən
də müvafiq əcnəbiyə onun vətəndaşlığını daşıdığı dövlətin hüquqi aktları tətbiq
edilməlidir. Belə hallarda dövlətlər müəyyən mənada öz iqtidar güclərindən
imtina edirlər və beynəlxalq hüquqa əsasən dövlətlər arasında qəbul edilən
razılaşmalara əsasən belə münasibətlər tənzimlənir. Məsələn cinayətkarların
beynəlxalq ekstradisiyası bu razılaşmaya əsasən həyata keçirilir. Azərbaycan ərazisində
cinayət etmiş hər hansı bir dövlətin vətəndaşı olan şəxs əgər onun vətəndaşlığını
daşıdığı dövlətlə Azərbaycan arasında razılaşma varsa öz dövlətinə ekstradisiya
edilir və öz ölkəsinin qanunlarıyla mühakimə edilməsi təmin edilir. Lakin dövlətlər
arasında belə bir razılaşma yoxdursa o zaman ərazi prinsipi əsas götürülür və
cinayət hansı ərazidə törədilibsə o dövlətin qanunları tətbiq edilir. Məsələn
Azərbaycanın qəhrəman övladlarından olan Ramil Səfərovun işində olduğu kimi.
HÜQUQLAR
Hüququn
tərifi
Hüquq – hüquq sistеmi
tərəfindən şəхslərə vеrilmiş səlаhiyyətlərdir. Bаşqа bir ifаdə ilə hüquq
sistеminin qоruduğu və şəхsə qоrunmаsını tələb еtmə səlаhiyyəti vеrdiyi
mənfəətdir.
Hər bir hüququn mütləq
bir hüquqi əsаsı vаr. Hüquq sistеminin tаnımаdığı bir səlаhiyyət, qоrumаdığı
bir mənfəət hüquq sаyılа bilməz.
Hüquq - hüquq sistеmi
tərəfindən şəхslərə vеrilmiş оlаn bir səlаhiyyət, bir hərəkət еtmə imkаnı
оlduğunа görə, məsələn “mülkiyyət hüququ” dеyərkən bununlа əmlаk sаhibinin bir
əşyаyа sаhib оlmаsını, əşyаsını istədiyi kimi istifаdə еtmək, оnа dаir sərəncаm
vеrmək səlаhiyyətini ifаdə еtmiş оluruq. Еynilə “tələb hüququ” dа krеditоrun
bоrcludаn bir şеy vеrməsini, bir hərəkət еtməsini və yа еtməməsini tələb еtmək hüququnu ifаdə еdir.
MƏQSƏDLƏRINƏ GÖRƏ
HÜQUQLАR
Bu hüquqlаr iki yеrə
аyrılırlаr.
Yеnilik yаrаdаn hüquqlаr
Bəzi hüquqlаr sаhibinə
tək tərəfli irаdə bəyаnı ilə yеni hüquqi vəziyyət yаrаtmаq, mövcud vəziyyəti
dəyişmək və yа mövcud vəziyyətə sоn qоymаq səlаhiyyəti vеrir. Bunlаrа yеnilik
yаrаdаn hüquqlаr dеyilir. Bu hüquqlаr bir qаydа оlаrаq tək tərəfli irаdə bəyаnı
ilə istifаdə еdilir, qаrşı tərəfin оnu аlmаsı ilə nəticələri yаrаnır. Üç növü vаr:
-
Qurucu yеnilik yаrаdаn hüquqlаr: Bu hüquqlаrın
sаhibi tərəfindən ifаdə еdilməsi ilə yеni bir hüquqi vəziyyət yаrаnır. Məsələn
bir müqаvilə bаğlаnаrkən tərəflərdən birinin еtdiyi təklifi (оfеrtа) qаrşı
tərəfin qəbul еtməsi bеlə bir hüquqdur. Çünki qəbul bəyаnı
(аksеpt) müqаvilənin yаrаnmаsınа səbəb оlur.
-
Dəyişdirici yеnilik yаrаdаn hüquqlаr: Bu hüquqlаr
mövcüd hüquqi vəziyyətin dəyişilməsinə yоl аçılır. Hüquq sаhibi istifаdə
еdildikdə mövcud vəziyyət əvvəlki kimi dаvаm еdir, аmmа оndа dəyişiklik mеydаnа
gəlir. Məsələn аlqı-sаtqı müqаviləsində sаtılаn mаldа dеfеkt оlsа bu mаlın
dəyiştirilməsini və yа sаtış məbləğinin аzаldılmаsını tələb еtmək hüququ bеlə
bir hüquqdur, çünki mövcud vəziyyəti dəyişdirir. Alqı-satqı yenə davam edir ancaq, ya müqavilənin predmeti olan əşya
dəyişir, ya da onun qiymətində hansısa dəyişiklik etməklə müqavilənin əsasları
dəyişir.
-
Хitаm vеrici
yеnilik yаrаdаn hüquqlаr: Bu hüquqlаr isə
istifаdəsi ilə mövcud vəziyyətə sоn qоyurlаr. Məsələn müqаvilədən imtinа
hüququ. Əmək müqаviləsində işçi qаnundа göstərilən səbəblərdən birini əsаs
göstərərək istеfа vеrdikdə əmək müqаviləsi sоnа çаtır.
HÜQUQUN ƏLDƏ EDİLMƏSİ, İTİRİLMƏSİ, İSTİFADƏSİ VƏ
QORUNMASI
Hər
hansı hüquq, hüquq sisteminin insanlara
verdiyi haqlar və ya insanların
hüquq sistemi tərəfindən qorunan mənfəətləridir.
Hüququ meydana gətirən səbəblər:
1.
Hüquqi
hadisə
2.
Hüquqi hərəkət
3.
Hüquqi əqd
Hüququn əldə edilməsi ifadəsi bir
hüququn bir şəxsə aid olması deməkdir. Hər
hüququn bir sahibi var. Bir hüququn bir şəxsə aid olması özü özlüyündə
meydana gəlməz. Bunun baş verməsi isə müəyyən səbəblərə bağlıdır. Bunlar
yuxarıda qeyd etdiyimiz kimi hüquqi hadisə, hüquqi hərəkət və hüquqi əqddir.
1. Hüquqi hadisə, hüquqi nəticəsi olan
hadisədir. Gündəlik həyatda bir çox hadisələrlə qarşılaşırıq. Onların bir qismi
hüquq sistemi baxımından əhəmiyyətsizdir. Məsələn: bir insanın dostları ilə
söhbət etməsi, musiqi dinləməsi və s. Eyni şəkildə hüquq sistemi baxımından əhəmiyyətsiz
olan və insan iradəsi xaricində meydana gələn hadisələr var. Məsələn: yagış
yağması, ay tutulması və s. Bunlarla bərabər
hüquq sistemi baxımından əhəmiyyət kəsb edən hadisələr, yəni hüquqi nəticəsi
olan hadisələr mövcuddur ki, bunlara hüquqi hadisə deyilir. Məsələn: doğum və
ya ölüm hüquqi hadisələrdir, hüquq sistemi onların hüquqi nəticələrini tənzimləmişdir.
Həqiqətən də bir insanın ölümü ilə onun fiziki şəxs kimi mövcudluğu da sona
çatır və onun mirasçıları lehinə hüquqlar meydana gəlir. Doğumla isə insanın
fiziki şəxs kimi mövcudluğu başlayır və eyni zamanda şəxsiyyət hüquqları
meydana gəlir.
2. Hüquqi hərəkət, insan iradəsinin məhsulu olan və hüquqi nəticə
meydana gətirən səbəbdir. Deməli, hüquqi hadisələr içində sadəcə insan fəaliyyətlərinin
nəticəsi olanlar hüquqi hərəkətlər hesab edilir. Məsələn bir insanın hər hansı
bir yerdə yaşamaq niyyətilə müəyyən müddət qalması bir hüquqi hərəkətdir və bu
insana müəyyən hüquqlar qazandırır. Məsələn
kirayədə yaşamaq üçün mənzil kirayələyən şəxs o mənzildən kirayədə qaldığı müddətdə
istifadə hüququ qazanır. Hüquqi hərəkətlərdən bəziləri hüquqa uyğun olduğu
halda, bəziləri də hüquqa zidd ola bilərlər. Hüquqa zidd hərəkətlər hüquq
pozuntuları və öhdəliyə uyğun olmayan davranışlar olaraq ikiyə ayrılır.
3. Hüquqi əqd, bir və daha çox şəxsin
eyni hüquqi nəticəyə yönələn iradə bəyanıdır. Hüquqi əqdlər iradəsini bəyan edən
şəxslərin sayı baxımından tək tərəfli və çox tərəfli ola bilər.
Demək
ki, bir hüququn əldə edilməsi və itirilməsi üçün hüquqi hadisə, hüquqi hərəkət
və hüquqi əqdlər səbəb təşkil edir. Hüquqlar
birbaşa və dolayı olaraq əldə edilə bilər.
Hüquqların birbaşa qazanılması
dedikdə bir şəxsin o zamana qədər heç kəsə aid olmayan bir hüququ əldə etməsi
başa düşülür. Bir insan meşədə ovladığı heyvan üzərində mülkiyyət hüququnu
birbaşa qazanmış olur. Sahibsiz daşınar əşyalar üzərində mülkiyyət hüququnun əldə
edilməsi Mülki Məcəllə (MM) ilə tənzimlənmişdir (m.184). Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi
Mülki Məcəllənin 178.7 və 179 maddələri
ilə tənzimlənib. Hüquqların birbaşa əldə edilməsi sadəcə maddi mallara aid
edilmir. Maddi olmayan mallar və insanlar üzərindəki hüquqların da birbaşa əldə
edilməsi mümkündür. Bir rəssamın çəkdiyi əsəri üzərində müəlliflik hüququ, ana
və atanın yeni doğulmuş övladı üzərində valideynlik hüququ var. Bu hüquqlar bir
başqasından əldə etmə ilə deyil, birbaşa olaraq qazanılır.
Hüquqların dolayı olaraq əldə
edilməsi isə bir şəxsin o hüququ o vaxta qədər sahibi olan şəxsdən əldə etməsi
deməkdir. Başqa bir deyişlə, dolayı
olaraq əldə etmə dedikdə bir hüquq əvvəlki sahibindən yeni sahibinin əmlakına
keçməkdədir. Dolayı olaraq əldə etmədə
şəxs bir hüququ əldə etdiyi halda, başqa birisi o hüququ itirir. Məsələn bir şəxs
qələmini başqasına satdıqda və ya
bağışladıqda həmin qələm qarşı tərəfə təhvil verildiyi an alıcı və ya onu hədiyyə
olaraq qəbul edən şəxs onun üzərində mülkiyyət hüququnu əldə etmiş olur. Əksinə,
satan və ya bağışlayan şəxs isə onun üzərində mülkiyyət hüququnu itirmiş olur.
Yuxarıda bəhs etdiyimiz hadisədə bir insan meşədə ovladığı heyvan üzərində
mülkiyyət hüququnu birbaşa qazanmış olur. Lakin həmin şəxs o heyvanı gətirib
bazarda satsa onu alan şəxs heyvan üzərində mülkiyyət hüququnu dolayı olaraq əldə
etmiş olur.
Hüquqların
dolayı olaraq əldə edilməsi əsasən,
hüququn bir hüquqi əqdlə başqasına keçməsi
və ya miras yoluyla keçməsi ilə meydana gəlir. Bu yolla hüquqların hansı anda əldə
ediləcəyi hüquqi baxımdan mühümdür. Hüquq sistemi bu yolla hüquqların hansı anda əldə ediləcəyini hüququn aid olduğu
əşyanın mahiyyətinə görə fərqli şəkildə nizamlamışdır. Daşınmaz əşyalarda
mülkiyyətin əldə edilməsi anı dövlət reyestrində qeydiyyata keçirilmə anıdır (M.M 178.1). Daşınar əşyalarda isə əşyanın qarşı tərəfə
verilməsi ilə mülkiyyət əldə edilmiş olur (M.M
181.2). Mirasa dair hüquqlar isə miras qoyan şəxsin ölümü anında
mirasçılara keçmiş olur.
Hüquqların istifadəsi
Bu mövzuda məqsəd şəxslərin sahib
olduqları hüquqları hansı sərhədlər daxilində və hansı şəkildə istifadə edə biləcəklərini
öyrənməkdir.
Hüquqların
məhdudlaşdırılması
Bir hüquq sahibinin hüququnu istifadə
edərkən necə davranmalı olduğu bəzən bir qanun hökmüylə müəyyənləşdirilə bilər.
Məsələn: AR Konstitusiyasının 13-cü maddəsində mülkiyyətdən cəmiyyətin və dövlətin
mənafeyi əleyhinə istifadə edilə bilməyəcəyi göstərilir. Mülki Məcəllədə
daşınmaz sahibinin öz hüququndan istifadə edərkən qonşuya zərər verəcək hərəkətlərdən
çəkinməli olduğu göstərilir (M.M.m. 170). Bu halda bir binanın mənzilində
yaşayan şəxs mülkiyyət hüququnu irəli sürərək gecə yarısı radionun səsini
sonuna qədər açıb musiqi dinləyə bilməz. M.M m.5.3 maddəsinə görə mülki hüquq
münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə
borcludurlar. Qanun bu hökmlə bir hüquqdan istifadə edərkən və ya bir öhdəliyi
yerinə yetirərkən necə davranmalı olduğumuzu ümumi şəkildə ifadə edir. Bu
qaydaya vicdanlılıq və ya vicdanlı olma deyilir. Vicdanlılıq qaydaları hər
hansı bir orqan tərəfindən qoyulan yazılı qaydalar deyil. Bunlar cəmiyyətdəki
dürüst, namuslu və orta zəkalı şəxsin əxlaq, düzgünlük və qarşılıqlı inam əsaslarına
uyğun olaraq daimi davranışlar nəticəsində meydana gələn və cəmiyyət tərəfindən
qəbul edilən qaydaların cəmidir.
Hüquqların sui istifadəsi
M.M 5.3
maddəsinə görə hərkəs hüquq və öhdəliklərini vicdanla həyata keçirməlidir.
Hüquqlar, sahibləri tərəfindən vicdanla istifadə edildiyi təqdirdə hüquq
sistemi tərəfindən qorunur. Lakin hüquq sahibi bu hüquqdan sui istifadə edirsə
hüquq sistemi bu hüququ qorumur. Bir hüquq nə zaman sui istifadə edilmiş
sayılar? Bir çox alimlərin qəbul etdikləri əsaslara görə bir hüququn sui
istifadəsi o hüququn aşkar şəkildə vicdanlılıq qaydalarına zidd olması və əsasən
də o hüququn məqsədi xaricində istifadəsində baş vermiş sayılır. Bir hüququn
istifadəsində başqasının mənfəətinə zərər vurulması hər zaman vicdansızlıq kimi
qəbul oluna bilməz. Çünki bir hüququn istifadəsi çox vaxt başqasının mənfəətinə
toxunur. Məsələn, bir şəxs evimizin yanındakı boş torpaq sahəsini alib orada ev
tiksə, bizim mənzərəmizin qarşısını kəsdiyi üçün mənfəətimizə toxunur. Lakin
burada torpaq sahibi də öz hüququndan istifadə edir. Ona vicdanlı hərəkət
etmir, hüququndan sui istifadə edir deyə bilmərik. Çünki bu hüququn istifadəsindən
onun qazandığı mənfəət bizim zərərimizdən çox üstündür. Lakin bu torpaq sahibi
ev tikməyib torpağın ətrafinda 10 metrlik divar inşa etsə o zaman vəziyyət dəyişir.
10 metrlik divarın ona verəcəyi mənfəət nədir ki? Buna görə də onun mənfəəti ilə
bizim zərərimiz eyni ölçüdədir. O bizə zərər vurmaq qəsdilə hərəkət etməsə də
vicdanlı sayılmır.
Hüquqların
qorunması
Müasir
hüquq sistemlərində hüquq bir qayda olaraq dövlət tərəfindən qorunur. Halbuki
keçmiş zamanlarda hüquqlar birbaşa sahibləri tərəfindən qorunurdu, yəni hüquq
güc vasitəsilə əldə edilirdi. Lakin bu düşüncə müasir hüquqdan uzaqdır, çünki
birbaşa hüquq əldə etmədə hüquq güc vasitəsilə qazanıldığı üçün burada ancaq
fiziki olaraq güclü olanlar hüquq sahibi ola bilərdilər. İnsanlar arasında olan
bu bərabərsizliyə yalnız dövlət tərəfindən son qoyula bilərdi. Bu səbəblə müasir hüquq sistemləri hüquqların dövlət tərəfindən
qorunması yolunu qəbul etmişdir. Digər bir deyişlə hüquq sahibi hüququnu məhkəmədə
iddia qaldırmaqla və lazım olduqda dövlət orqanlarına müraciət etməklə əldə etməkdədir.
İstər xüsusi, istərsə də ümumi hüquqda qayda budur. Bəzi istisna hallarda hüquq
sistemi hüquq sahibinə öz hüququnu qorumaq imkanı verib. Aşağıda bu məsələni
qısa olaraq aydınlaşdıracağıq.
Hüququn dövlət tərəfindən qorunması
Burada məqsəd
hüquq sahibinin müvafiq dövlət orqanlarına müraciət edərək hüququnun
tanınmasını istəməsidir. Hüquq sahibi bunu iddia qaldıraraq edə bilər.
İddia
hüququ şəxsin məhkəmə orqanlarına müraciət edərək hüququnu əldə etməsidir. Tələb
hüququ isə bir şəxsin hüququnu əldə etməsi və ya hüququna hörmət edilməsini təmin
etmək üçün qarşısındakı şəxsə müraciətidir. Hüquq sahibi əvvəlcə tələb hüququnu
irəli sürür, əgər bu yolla hüququnu əldə edə bilməsə o zaman iddia hüququndan
istifadə edir. Məsələn, şəxs hər hansı bir malını satıbsa alıcıya qarşı tələb
hüququnu irəli sürüb satılan malın əvəzinin ödənilməsini tələb edə bilər. Əgər
alıcı malın dəyərini ödəməzsə o zaman satıcı iddia hüququndan istifadə edərək
öz hüququnu məhkəmə vasitəsilə əldə edə bilər. Deməli iddia hüququ tələb
hüququnun məhkəmə qarşısında istifadəsi deməkdir. Tələb hüququ şifahi və ya
yazılı olaraq istifadə oluna bilər. Məsələn satıcı satdığı malın dəyərini ödəməsi
üçün alıcıya zəng edə bilər və ya məktubla
öz tələbini bildirə bilər.
Hüququn birbaşa sahibi tərəfindən qorunması
Daha əvvəl də bildirdiyimiz kimi
hüququn birbaşa sahibi tərəfindən qorunması müstəsna haldır. Hüquq sistemi bəzi
hallarda şəxsə hüququnu şəxsən qorumağa icazə verib. Bu hallara zəruri müdafiə,
son zərurət və özünəyardım aid edilir.
Zəruri müdafiə M.M. 563 və C.M. 36-cı maddəsi ilə tənzimlənib.
CM-nə görə özünün və ya başqa şəxsin həyatına, sağlamlığına və hüquqlarına,
dövlətin və cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli
qəsddən qorunarkən törədilən hərəkət zəruri müdafiədir və cinayət sayılmır.
M.M. 563.1 maddəsinə gorə zəruri mudafiə vəziyyətində edilən hərəkət hüquqa
uyğundur, yəni hüquqa zidd deyil və bu zaman vurulan zərərin əvəzi ödənilmir. Zəruri
mudafiə bir şəxsin ozünə və ya malına ya da başqa şəxsin özünə və ya malına
qarşı hüquqa zidd əməli dəf etmək üçün edilən əməldir. Bu halda şəxs şəxsiyyət
hüquqlarına, misal üçün sağlamlığına qarşı edilən hüquqa zidd hücum qarşısında
qalsa ayrı bir müdafiə imkanı yoxdursa, özü bu hücumu gücdən istifadə edərək dəf
edə bilər. Bunun nəticəsində meydana gələn zərərləri ödəməz və heç bir cəza ilə
də qarşılaşmaz.
Son zərurət
Son zərurət özünü və ya başqasını
bilərək səbəb olmadığı zərərdən və ya baş verəcək təhlükədən qorumaq üçün
başqasının malına zərər verməkdir. Məsələn, şəxs içində olduğu binada yanğın
baş verdiyi üçün qonşu evin damına tullanar və ona zərər verərsə və ya özünə
hücum edən vəhşi bir heyvandan qorunmaq üçün kiminsə evinin qapısını qıraraq içəri
keçirsə hər iki hal son zərurət olur. Ancaq bu zaman zərər ödənməlidir (M.M
564.3 və 564.4).
Özünəyardım
Özünəyardım, yəni bir şəxsin
hüququnu birbaşa güclə qoruması, M.M 505-ci maddədə göstərilən şərtlərin
mövcudluğu halında hüquqa zidd sayılmır. M.M 565.1-ə görə özünəyardım edən şəxs
iradəsinin ziddinə olaraq ondan alınan əşyanı, daşınmazlardan qovaraq,
daşınarlarda isə əlindən alaraq qoruya bilər. M.M 562.2 maddəsinə görə şəxs əlindən
çantasını qapıb qaçan şəxsi dərhal tutub qolunu qatlayaraq çantasını ala biləcəyi
halda onu bıçaqla yaralaya və ya öldürə bilməz.
Bir şəxsin öz hüququnu güclə
qoruması üçün həmin hüququn itirilmə təhlükəsinin mövcud olması və o anda dövlət
orqanlarına muraciət etmək imkanının olmaması şərti var. Əgər dövlət
orqanlarına muraciət etmək imkanı varsa və şəxs müraciət etmirsə bu hərəkət hüquqa ziddir və zərər ödənməlidir.
Hüququn qorunmasında sübut öhdəliyi
Hüquq sahibinin hüququnu birbaşa
qoruması ancaq istisna hallarda baş verə bilər. Müasir hüquq sistemində
hüquqların qorunması dövlətin vəzifəsidir. Bu da iddia ilə həyata keçirilir.
İddiada tərəflərdən biri iddiaçı digəri isə cavabdehdir. Məhkəmə işi iddia və
mudafiə olmaq üzrə 2 qisimdən ibarətdir. İddiaçının tələbinə qarşı cavabdeh məhkəmədə
özünü müdafiə edir. Müdafiə cavabdehin ona qarşı irəli sürülən tələbin tamamilə
və ya qismən doğru olmadığını sübut etməsidir ki, buradan müdafiənin özündə də
bir iddianin olduğu ortaya çıxır. Bu halda bir məhkəmə işində ortaya çıxan ən
vacib məsələ iddia və müdafiə olaraq ortaya atılan hadisələri kimin isbat edəcəyidir.
Qanunda əksi göstərilmədikcə, tərəflərdən hər biri
hüququnu əlaqələndirən hadisələri isbatla mükəlləfdir. O halda bir işdə iddiaçı
iddiasını əsaslandırdığı hadisələri, cavabdeh də müdafiəsini isbat etməlidir. Məsələn,
iddiaçı qaldırdığı alacaq iddiasında cavabdehdən zəmanət borcu olaraq 100 AZN
alacağı olduğunu iddia edirsə aralarında zəmanət sözləşməsi olduğunu isbat etməlidir.
Burada cavabdeh irəli sürülən iddianın əsaslandırıldığı hadisəni qəbul etmirsə
yəni aralarında belə bir müqavilənin olmadığını iddia edirsə buna inkar
deyilir. Cavabdeh iddianın əsaslandığı hadisəni inkar etməməklə bərabər bu əsasla
iddia edilən hüququn olmadığını və ya ortadan qalxmış olduğunu iddia edə bilər
ki, buna da etiraz deyilir. Məsələn: cavabdeh zəmanət müqaviləsinin olduğunu
inkar etməz, lakin qanunun əmr etdiyi formada bağlanmadığını, bu müqavilənin
etibarsız olduğunu iddia edə bilər. Mülki işdə hakim etirazı cavabdeh tərəflərdən
irəli sürülməsinə ehtiyac duymadan özü nəzərə almalı, lakin bəzi etirazları özü nəzərə ala bilməz.
Prezumpsiya,
bilinən bir
haldan bilinməyən bir halın varlığı nəticəsini çıxarmaqdır. İddiasını qanuni
prezumsiyaya əsaslandıran tərəf isbat mükəlləfiyyətindən azaddır, qarşı tərəf
bunun əksini isbat etməlidir. Məsələn: M.M 5. Maddəsində vicdanlılıq
prezumpsiyası qəbul olunub, yəni hüquq sahibi olmayan bir şəxsdən hüquq əldə edən
şəxsi vicdanlı hesab edib. Bu hüququ qazanan şəxs vicdanlı olduğunu sübut etməli
deyil. Mülki Məcəllənin qəbul etmiş olduğu prezumpsiyalardan biri, rəsmi qeyd və
sənədlərdəki hadisələrin doğruluğunun qəbul
edilməsidir.
Rəsmi qeydlər, dövlət məmurları və
ya notarius kimi rəsmi orqanlar tərəfindən tutulan qeydlərdir. Məsələn, ticarət
qeydiyyatı, nikah qeydiyyatı.
Rəsmi sənədlər notarius və ya rəsmi
orqanlar tərəfindən verilən yazılı sənədlərdir. Məsələn, dövlət reysterində
qeyd olunan daşınmazların satış sənədi. İddiasını rəsmi qeyd və sənədlərə əsaslandıran
tərəf bu iddianı isbatla mükəlləf deyil. Yəni saxta sənədləşmə apararaq A şəxsinin
adına qeydiyyatda olan bir evi alan şəxs, alqı-satqı zamanı müvafiq orqanlarda
aparılan qeydlərə baxdığını və burada əmlakın A nın adına olduğunu gördüyünü
söyləməsi kifayətdir. Yəni onun saxta formada qeydə alınmasını, oğurlanmış
olmasını bilmək məcburiyyətində deyil və buna görə məsuliyyət daşımaz.
0 коммент.:
Отправить комментарий