İslamda - MÜƏLLİM
2. Müəllim, yiyələndiyi elmi, ona qiymət verməyi bacaran və eyni zamanda elmə yiyələnməyə iste`dad və marağı olan şəxslərə öyrətməlidir. Əks təqdirdə, elm öz e`tibarını itirib dəyərsizləşəcəkdir.
Keçmiş dövrün alimləri tədris üçün şagirdlərin evinə getməyi elmə qarşı hörmətsizlik sayardılar. Bu barədə diqqəti cəlb edən məsələlərdən biri də elm aşiqlərinin elm və təhsil yolunda öz doğma yurd-yuvalarını tərk edib uzaq ölkələrə mühacirət etmələridir. Bir çox çətinliklərə sinə gərən elm aşiqləri illər boyu qürbət ellərdə yaşayıb elmin açılmayan sirlərinə yol tapmağa cəhd etmişlər. Bu da bir daha elm və alimlərin tutduğu yüksək mövqeyə dəlalət edir.
3. Müəllimlə şagirdin müştərək vəzifələri haqda söhbət açdıqda qeyd etdik ki, istər müəllim, istərsə də şagird elmə Allaha xatir və saf niyyətlə yiyələnməli və ya tədris etməlidir. Lakin bunu da bilməliyik ki, müəllim öz elminə əməl etməkdə şagirddən daha diqqətli olmalıdır. Bu işdə səhlənkarlığa yol verdikdə, o, öz müəllimlik vəzifəsini layiqincə yerinə yetirməmiş olur. Belə bir şəraitdə şagirdlərdə müəllimə qarşı e`tinasızlıq yaranacaq və onun tədris etdiyi elm heç bir nəticə verməyəcəkdir. Şagirdlərdə belə bir fikir yaranır ki, əgər onun dedikləri haqdırsa, nə üçün özü bu məsələyə diqqət yetirmir.
Bəqərə surəsinin 44-cü ayəsində bu haqda deyilir:
«Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüz unudursunuz?....»
İmam Cə`fər Sadiq (ə) – «Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar» – ayəsinin izahında buyurur:
«Alim o kəsdir ki, öz əməli ilə dediklərini təsdiq etmiş olsun. Allahdan qorxan da məhz o kəslərdir».
Başqa bir yerdə buyurur:
«Əməlsiz alimləri və cahil insanları görməyə taqətim yoxdur. Əməlsiz alimləri öz elmlərinə e`tinasız olub insanları elmdən uzaqlaşdırdıqları, cahil və nadanları isə nadanlıqları üzündən insanları din və ibadətdən ayrı saldıqları üçün».[89]
Müəllimlər öz şagirdlərinə bə`zi göstərişlər verdikləri zaman ilk növbədə özləri buna əməl etməlidirlər.
Məsələn, müəllim öz şagirdlərinə camaat namazlarında, müsəlmanların dəfn mərasimlərində və təşkil etdikləri məclislərdə iştirak etmək və ya xəstələrə baş çəkməyi tövsiyə edirsə, özü də bütün bunları tə`xirə salmadan həyata keçirməlidir. Həmçinin onlara bə`zi qadağalar qoyduqları zaman özləri də həmin qadağalara tabe olaraq, ömürlərini eyş-işrət içində keçirməməlidirlər. Lakin bir çox hallarda müəllim üzürlü səbəblərə görə üzərinə düşən [şər`i] vəzifəni lazımınca yerinə yetirə bilmir. Belə olduqda o, bunu başqalarına, xüsusilə tədris etdiyi şəxslərin [şagirdlərinin] qarşısında büruzə verməməlidir. Çünki bu kimi hallarda Şeytani vəsvəsələr müsəlmanların bir-birlərinə qarşı şəkk-şübhə ilə yanaşmalarına səbəb olur. Məsələn, Ramazan ayında orucluğun müqəddəsliyinin qorunub saxlanılması üçün bir şəxsin ümumi kütlə qarşısında yeyib-içməyi və bu müqəddəs ayda yasaq olan hər hansı bir işi görməyi haram hesab olunur. Bunun üçün də üzürlü hesab olunsa da, bu kimi hallarda bəhanə gətirərək ümumi kütlə qarşısında özünün oruc tutmadığını büruzə verməməlidir. Çünki belə olduqda zəif və iradəsiz şəxslər Şeytani vəsvəsəyə uyaraq bu ayın müqəddəsliyinə e`tinasızlıqla yanaşar və çox asanlıqla öz oruclarını poza bilirlər. Müəllim, tərbiyəçi və başqalarına nümunə olan bu kimi şəxslər bu məsələyə başqalarından daha çox diqqət yetirməli və daha ciddi yanaşmalıdırlar. Bunun üçün də müəllimlər üzürlü olsalar belə, öz şagirdlərinin qarşısında mövqe və şəxsiyyətlərinə xələl gətirən şeylərdən uzaq olmağa çalışmalıdırlar.
Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) zövcələrinin biri ilə evə qayıdarkən yolda səhabələrdən biri ilə qarşılaşır. Səhabənin yanlış fikrə düşməsinin qarşısını almaq məqsədilə buyurur:
«Bu mənim [adını çəkərək] zövcəmdir».
4. Müəllim nümunə olaraq öz şagirdlərində və başqalarından daha gözəl əxlaqi xüsusiyyətlərə yiyələnməlidir. Sözsüz ki, müəllimin rəftar və davranışı dediklərindən daha çox tə`sir göstərir. Bunun üçün də səmimiyyət, təvazökarlıq, əxlaq və sair bu kimi müsbət xüsusiyyətlər müəllimlərdə elə bir həddə olmalıdır ki, başqaları onların bu gözəl xüsusiyyətlərinə qibtə edərək özlərinə örnək və nümunə hesab etmiş olsunlar. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün İsa (ə) öz həvarilərinə deyir: «Sizlərdən bir xahişim var və çox istərdim ki, onu yerinə yetirəsiniz». Həvarilər dedilər: Hər nə istəsəniz yerinə yetirməyə hazırıq. İsa (ə) ayağa qalxıb bir-bir onların ayaqlarını yumağa başlayır. Həvarilər xəcalətli halda İsa (ə)-ı bu işdən çəkindirmək istəyirlər. Lakin söz verdikləri üçün xəcalət çəksələr də buna dözməli olurlar. İsa (ə) onların ayaqlarını yuyub qurtardıqdan sonra deyirlər: Bu işi biz görsəydik daha yaxşı olardı. İsa (ə) üzünü onlara tutub buyurur: «Xidmət etmək üçün alimlər insanların ən yaxşsıdır. Sizin qarşınızda təvazökarlıq etdim ki, siz də məndən sonra camaatla təvazökarlıqla davranasınız. Toxum, qayalıqda yox, torpaqda bitdiyi kimi, evlər də təkəbbürlüklə deyil, təvazökarlıqla abad olur».
5. Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər. Çünki bə`zi mənfi ünsürlər yiyələndikləri elmdən sui istifadə edərək öz mövqelərini daha da gücləndirməyə çalışarlar.
Bə`zən də elmə yiyələnmək istəyən şəxslərin məqsədi heç də cəmiyyətdə fitnə-fəsad törətmək, pozğunluğa yol vermək deyil, sadəcə olaraq mümkün qədər çox var-dövlət əldə etmək olur. Bir çox tanınmış islam alimləri bu fikirdə olmuşlar ki, müəllimlər gərək bu kimi şəxsləri öz elm və təcrübələrindən məhrum etməsinlər. Belə ki, bir çox hallarda qeyri-ilahi niyyətlə elm və təhsil alan şəxslər təhsil zamanı öz səhvlərini başa düşmüş və düzgün nəticə çıxararaq islah olunmuşlar. Qeyd etmək lazımdır ki, alimlərin bir çoxu şagirdlərinin elmə qədəm qoyduqları ilk gündən mə`nəvi saflığa xususi diqqət yetirmiş və onlara bu işdə dəyərli məsləhətlər vermişlər. Mə`nəvi cəhətdən saflaşıb əxlaqi dəyərlərə yiyələndikdən sonra elmin qapılarını onların üzünə açardılar. Bütün bunlar şagirdlərin əvvəldən düz yola qədəm qoymalarına, təhsillərini saf ilahi niyyətlə davam etdirmələrinə və nəhayət, elmə böyük əhəmiyyət vermələrinə səbəb olur.
Bunun üçün də müəllimlər tədris etdikləri şəxslərin kimliyinə diqqət yetirməli və bə`zilərinin elmdən sui istifadə edərək cəmiyyətdə fitnə-fəsad törətmələrinə yol verməməlidirlər.
6. Alimlər öz elm və bacarıqlarını elmi qiymətləndirməyi bacaran şəxslərin ixtiyarına qoymalı və bu işdə heç nəyi onlardan əsirgəməməlidirlər. Allah-taala, Qur`ani-kərimdə bir neçə yerdə alimlərdən bildiklərini başqalarından gizlətməyəcəklərinə dair əhd-peyman alır.
Ali-İmran surəsinin 187-ci ayəsində buyurulur:
«Allah kitab əhlindən: Siz onu [kitabda olanları] gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!-deyə əhd aldığız zaman......».)
Başqa bir ayədə buyurulur:
«Kitabda [Tövratda] insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən şəxslər Allahın lə`nətinə düçar olar və bütün lə`nət edə bilənlər də onlara lə`nət oxuyar!»[90]
İmam Məhəmməd Baqir (ə) bu haqda buyurur:
«Elmin zəkatı onun Allah bəndələrinə öyrədilməsidir».[91]
İmam Sadiq (ə) buyurur:
«Əli (ə)-ın kitabında deyilirdi: Allah-taala alimlərin nadanları öz elmlərilə bəhrələndirmədən, onlardan [nadanlardan] elmə yiyələnmələri üçün əhd-peyman almır. Çünki, elm cəhalət və nadanlıqdan əvvəl yaranmışdır».
7. Alimlərin üzərinə düşən digər vəzifələrdən biri də həqiqəti gizlətməmələridir. Camaat – «biz bu həqiqəti bilmədik və bizi bundan agah edən şəxs də olmadı» – deməsinlər deyə, müəllim və alimlər həqiqəti olduğu kimi onlara çatdırmalı və üzərlərinə düşən vəzifəsini layiqincə yerinə yetirməlidirlər.
İslam dininin vacib etdiyi «Xeyirli işlərə də`vət, pisliklərdən çəkindirmək» (Əmr bil mə`ruf və nəhy ənil munkər) kimi mühüm vəzifələrdən biri də məhz alimlərin üzərinə düşür. Hər bir mö`min şəxs ixtiyarında olan elmi mə`lumatlarla bu məsələyə xüsusi diqqət yetirməli və bununla bid`ətçilərin nüfuzunun qarşısını almalıdırlar.
Peyğəmbər (s) buyurur:
«Ümmətimin arasında bid`ət baş alıb getdikdə alimlər öz elmlərini aşkara çıxarıb həqiqəti kimsədən gizlətməməlidirlər. Belə etməyənlər Allahın lə`nətinə gələrlər».[92]
Elm və tədris alimlərin işi olduğu üçün yaranmış bid`ətlərin qarşısını almaq da məhz onların üzərinə düşür.
Onlar haqq-ədalətin qorunub saxlanılmasında kimsəyə güzəştə getməməli, həqiqətin aşkara çıxarılmasında heç nədən çəkinməməlidirlər.
DƏRSİN XÜLASƏSİ
Tədris üçün səlahiyyətə malik olmaq, sözlə əməlin müvafiq olması, gözəl əxlaq, həqiqi elm adamalarını tanımaq, elmin yayılmasında və həqiqətin aşkara çıxarılmasında səxavət və şücaətli olmaq alimlərin digər xüsusiyyətlərindən hesab olunur.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Müəllim tədrisdən əvvəl nə kimi hazırlıqlar görməlidir?
2. Müəllim bütün elmi məsələləri hər bir şagirdə açıqlamalıdırmı?
3. İmam Sadiq (ə) alimin hansı xüsusiyyətlərə malik olmasını vacib bilir?
4. Keçmiş alimlər tədris etməyə başlamazdan əvvəl əxlaqi məsələlərə [mə`nəvi saflığa] diqqət yetirmişlər?
YEDDİNCİ DƏRS
MÜƏLLİMİN VƏZİFƏLƏRİ
1. Müəllimin üzərinə düşən ən başlıca vəzifə öz şagirdlərini tədricən dini və əxlaqi tə`limlərlə tanış edib, onların elmi səviyyələrini artırmaqdan ibarətdir. Hər bir maddə öz xüsusiyyətinə uyğun olan qabda yerləşdiyi kimi, ilahi elmlər də sağlam əql və qəlblərdə yerləşər. Bunun üçün də müəllimlər öz şagirdlərinə tədris etməzdən əvvəl, onları həqiqəti qəbul etməyə hazır etməlidirlər ki, elmin həqiqəti qarşısında təslim və təvazökar olsunlar. Yalnız belə bir şəraitdə şagirdlər insani yüksəlişə nail ola bilərlər.
Bunun isə ən başlıca şərti şagirdlərin niyyətlərinin saflaşdırılmasına köməklik göstərmələri və bu yolda onlara lazımi məsləhətlər vermələridir. Onlar çalışmalıdırlar ki, tərbiyə etdikləri şagirdlərin niyyətləri saf və xalis olsun, onlar ilahi elm və mə`rifət dəryasında qərq olsunlar.
Bunun üçün də müəllimlər hər şeydən əvvəl şagirdlərinin mə`nəviyyatına xüsusi diqqət yetirməli, fani dünyaya bel bağlamalarına yol verməməlidirlər. Hidayət yoluna qədəm qoymaları üçün onlarda elmə qarşı rəğbət hissi oyatmalı və elmin sirlərinə yol tapmaqda onlara kömək etməlidirlər.
2. Müəllimlər şagirdlərdə rəğbət hissi oyatdıqdan sonra elmə yiyələnməyin fəzilətini və elmin həqiqi dəyərlərini onlara çatdırmalıdırlar. Onlara xatırlatmalıdırlar ki, yaradılış aləminin əzəmət və böyüklüyünü yalnız elm və təqvaya birlikdə nail olduqdan sonra dərk edə bilərlər. Böyük elmi nailiyyətlər əldə etmiş, təqva və pəhrizkarlıqla mə`nəvi saflığa nail olmuş bir çox dahi alimlərin həyatı şagirdləri maraqlandırmaqda ən başlıca amil hesab oluna bilər.
3. Müəllim-şagird münasibətləri islam qardaşlıq tərzi-təfəkkürü əsasında formalaşmalıdır. Müəllim öz doğma övladına qarşı necə mehriban olursa, şagirdlərinə qarşı da bir o qədər qayğıkeş olmalıdır. Özü üçün istədiklərini onlara da arzu etməli, özünə rəva bilmədiyi şeyləri onlara da rəva bilməməlidir.
Peyğəmbər (s) bu haqda buyurur:
«Sevdiyiniz şeyləri müsəlman qardaşlarınıza arzu etməyincə, qəlblərinizə iman yol tapmayacaqdır».[93]
Demək, müəllim öz şagirdlərini sevdiyi şeylərə sövq etməli və özünə rəva bilmədiyi şeylərdən çəkindirməyə çalışmalıdır.
4. Müəllim öz şagirdlərini haram şeylərdən və xoşagəlməz xüsusiyyətlərdən çəkindirməyə çalışmalıdır. Onlara olunan tövsiyələr ilk mərhələdə olduqca mülayim və məntiqi olmalıdır. Çünki sərt davranış onları nəinki günahdan çəkindirməyəcək, əksinə günah və harama meyl etmələrinə səbəb olacaqdır.
Allah-taala Musa (ə)-la Harun (ə)-ı Fir`onun yanına göndərərkən onunla mülayim danışmağı əmr edir:
«Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud [Rəbbindən] qorxsun!»[94]
Mülayim rəftarla şagirdlərin günaha düçar olmalarının qarşısını almaq mümkün olmadıqda, şübhəsiz ki, ciddi tədbirlərə əl atmalı və lazım gəldikdə cəzalandırmaqdan belə çəkinməməlidir. Bu da bir nəticə vermədikdə, başqalarına mənfi tə`sir göstərməsinlər deyə, onları təhsil mühitindən uzaqlaşdırılmalıdırlar.
5. Müəllimlər şagirdlərin qarşısında qürur və təkəbbürlüyə yol vermədən son dərəcə təvazökar olmalıdırlar. Yalnız belə bir şəraitdə müəllimlə şagirdlər arasında səmimi münasibətlər yaranar və şagirdlər müəllimlərin onlara etdikləri tövsiyələrdən faydalana bilərlər.
Eyni zamanda müəllimlər şagirdlərin zəif xüsusiyyətlərindən agah olub onların aradan qaldırılmasında müvafiq tədbirlərə əl ata bilərlər. Şüəra surəsinin 215-ci ayəsində Allah-taala Peyğəmbərə (s) əmr edərək buyurur:
«Sənə tabe olan mö`minləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!]»
Demək, müəllim öz şagirdləri ilə səmimi münasibətdə olub onlarla gözəl davranmalıdır. Şagirdlər müəllimlərin onlara qarşı səmimi münasibət bəslədiyini görüb onun məcburiyyət üzündən deyil, elmə olan meyl və maraq üzündən tədris etdiyinin şahidi olacaqlar.
Müəllim şagirdlərinə qarşı son dərəcə qayğıkeş və mehriban olmalıdır. Onların hər birinin adını yadında saxlamalı, dərsdə iştirak etməyənlərdən hal-əhval tutub çətinliklərinin aradan qaldırılmasında kömək etməlidir. Beləliklə, müəllimlə şagirdlər arasındakı münasibətlər daha da yaxşılaşır və nəticədə müəllim, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməkdə daha müvəffəq olur. Eyni zamanda elm və müəllimə olan hörmət daha da güclənir və şagirdlər müəllimlərinin qədrini daha çox bilməyə başlayırlar.
6. Müəllim izah etdiyi mövzuları şagirdlərin iste`dad və bacarıqlarına müvafiq olaraq anlatmağa çalışmalıdır. Müqəddimə və sadə mətləblər haqda ilkin mə`lumatlar vermədən, dərk olunması ağır olan mövzular haqda söhbət açmaq şagirdlərin biliklərinin artmasına deyil, əksinə onların elm və təhsildən uzaq düşmələrinə səbəb olur. Müəllim şagirdlərin suallarına cavab verdikdə də bu məsələyə diqqət yetirməlidir. Suallara verilən cavablarda da müqəddiməyə ehtiyac duyduqda belə, dərhal cavab verməməli, onlarda ibtidai mə`lumatların əsasını qoymağa çalışmalıdır. Çünki başa düşülməsi ağır olan mətləblər bir çox hallarda sual verən şagirdi daha da ağır şəraitə salır.
Müəllim tədris etdiyi mətləblərin tərtib və ardıcıllığına riayət etməlidir. Bu məsələni onlara etdiyi əxlaqi tövsiyələrində də nəzərə almalıdır. O, hər şeydən əvvəl şagirdləri vacib və zəruri (istər şər`i olsun, istərsə də ictimai) məsələlərə sövq etməli, daha sonra bir o qədər də zəruri olmayan məsələlər haqda lazımi mə`lumatlar verməlidir.
7. Müəllim şagirdlərin əhval-ruhiyyələrinin artmasına çalışmalı və onların həyatın bütün sahələrində, o cümlədən elm və təhsildə uğur qazancaqlarına ümidvar etməlidir. Eyni zamanda onların ruhdan düşmələrinə və mə`nəvi sarsıntı keçirmələrinə səbəb olacaq heç bir şey deməməlidir. Məsələn, şagird dərs zamanı hər hansı bir mətləbi düzgün bəyan edə bilmədikdə müəllim səbr və təmkinlə onun səhvini düzəltməli, danlaq və yersiz xəbərdarlıqlarla şagird yoldaşlarının qarşısında alçaltmamalıdır.
8. Müəllim şagirdləri elmi mübahisələrə, sual-cavaba, sinifdə daha fəal olan qabaqcıl şagirdlərə qarşı ehtiramla yanaşmağa sövq etməlidir. Həmçinin şagirdlərin mübahisə zamanı yeni fikirlər irəli sürmələrini və məntiqi iradlarını nəzərə alıb onları bu işdə daha da fəal olmağa həvəsləndirməlidir. Şagirdlərin mə`lumat dairələrini daha da genişləndirmək üçün onlara əlavə mə`lumatlar verməli və bu işdə onların özlərinin də fəaliyyət göstərmələrinə lazımi şərait yaratmalıdır.
9. Müəllim şagirdlər arasında bərabərliyə xüsusi diqqət yetirməlidir. Dərs zamanı sorğu-sual etdikdə onların arasında fərq qoymamalıdır. Onlara iste`dad və bacarıqlarını büruzə verməyə və elmi səviyyələrini artırmağa köməklik göstərməlidir. Şagirdlərlə eyni səviyyədə davranmalı, lakin daha fəal və zirək şagirdlərin zəhmətini isə lazımınca qiymətləndirməyi bacarmalıdır. Müəllim fəal şagirdlərə xüsusi diqqət yetirməli və onları başqalarından daha çox sevməlidir və bunu nə üçün belə etdiyini şagirdlərə anlatmağı bacarmalıdır. Əks təqdirdə, fəal şagirdlərin dərsə olan meyli zəifləyəcək, tənbəl şagirdlərin isə ədəbsizliklərinin daha da artmasına səbəb olacaqdır.
10. Müəllim yalnız öz ixtisasına uyğun olan fənləri tədris etməlidir. Əks təqdirdə, həm müəllim öz mövqeyini itirər, həm də şagirdlər yanlış mə`lumatlar əldə etmiş olarlar.
Eyni zamanda müəllim yalnız öz ixtisasının əhəmiyyət kəsb etdiyini söyləməklə, digər fənlərə təhqir gözü ilə baxmamalıdır. Əlbəttə, bu məsələ islamın yasaq etdiyi fənlərə şamil olunmur.
11. Müəllim şagirdlərin iste`dad və bacarıqları ilə tanış olduqdan sonra onları daha çox uğur qazana bilcəkləri fənlərə istiqamətləndirməli və kimlərdən dərs almalı olduqlarını da tövsiyə etməlidir.
12. Tədris dövrü başa çatdıqdan sonra müəllim yeni şagirdlərin tə`lim-tərbiyəsi ilə məşğul olmalı və öz təhsilini başa vurmuş şagirdlərin tədris etmələrinə lazımi şərait yaratmalıdır. Öz fəal şagirdlərini tanıtdırmalı, elm sahiblərində onlara qarşı xoş fikir yaratmalıdır.
DƏRSİN XÜLASƏSİ
Şagirdləri islam tə`lim-tərbiyəsi ilə tanış etmək, təqva və pəhrizkarlığa də`vət etmək, şagirdlər arasında səmimi münasibətlər yaratmaq, təvazökar olmaq, onları daim ümid bəsləməyə kömək etmək, iste`dadlarını qiymətləndirməyi bacarmaq, şagirdlər arasında insaf və ədalətə riayət etmək və onların elmi səviyyələrinin artırılmasına lazımi şərait yaratmaq müəllimin üzərinə düşən digər vəzifələrdən hesab olunur.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Tədris etməzdən əvvəl müəllim şagirdlərin mə`nəvi saflığına nə üçün diqqət yetirməlidir?
2. Müəllimlə şagirdlər arasındakı münasibətlər necə olmalıdır?
3. Müəllim dərs zamanı hansı qaydalara riayət etməlidir?
4. Şagirdlərin iste`dad və bacarıqlarını çiçəkləndirməkdə müəllimin üzərinə nə kimi vəzifələr düşür?
5. Şagirdlərin təhsil dövrü başa çatdıqdan sonra müəllimlərin üzərinə hansı vəzifələr düşür?
SƏKKİZİNCİ DƏRS
MÜƏLLİMİN SİNİFDƏ ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏLƏR
1. Müəllim dərsə gəldiyi zaman tam hazırlıqlı olmalıdır. Paltarlarının və bədəninin təmizliyinə xüsusi diqqət yetirməlidir. Geyindiyi paltarlar sadə və səliqəli olmalıdır. Lakin bu heç də o demək deyildir ki, olduqca bahalı paltarlar geyinib başqalarını özünə cəlb etmiş olsun. Müəllim hər şeydən əvvəl öz şəxsiyyətini qoruyub saxlamağı bacarmalı və şagirdlərinə örnək və nümunə olmalıdır.
2. Yaxşı olar ki, mənzildən çıxan zaman Peyğəmbərin (s) tövsiyə etdiyi bu duanı oxusun:
«İlahi kimsəni [haqq] yoldan azdırmaqdan, yolumu azmaqdan, büdrəyib-büdrətməkdən, kimsənin haqqını tapdayıb və kimsənin mənim haqqımı tapdamasından, kimsəni nadanlığa sövq etməkdən və özümün nadanlığa düçar olmağımdan Sənə pənah gətirirəm. İlahi! Sənə yaxın olan bəndələrin əziz olarlar. Sənə sitayiş etmək olduqca böyük və əzəmətlidir və Səndən başqa ibadət olunası varlıq yoxdur».[95]
Sonra bunları demək daha yaxşı olar:
«Allahın adı ilə! Allah mənə kifayət edər. Ona təvəkkül etdim. Ondan böyük və əzəmətli qüdrət sahibi yoxdur. O, böyük və uca olan Allahdır. İlahi! Qəlbimi imanla dolu və haqqı dilimə gətir».[96]
3. Müəllim sinifə girdiyi zaman şagirdlərə salam verib, gülər üzlə onlarla hal-əhval tutmalıdır. O, özünün müəllimlik əxlaq və davranışını dərsin əvvəlindən sonunadək qoruyub saxlamağa çalışmalıdır. Dərs boyu şagirdlərin diqqətini özünə cəlb etməli, şagirdlərin dərsdən yayınmalarına yol verməməlidir. Dərsin gedişatını tam ələ almalı, şagirdləri diqqət mərkəzində saxlamaq üçün sinifdə özünə münasib bir yer seçməlidir.
4. Dərsi Allahın adı ilə başlayıb Ona həmd və səna etməklə başa vurmalıdır ki, bu xüsusiyyət şagirdlərdə də adət halına çevrilsin. Əxlaq alimləri müəllimlərə tövsiyə etmişlər ki, dərsə başlamazdan əvvəl hətta iki rük`ət namaz qılıb Allah-taaladan bu işdə onlara kömək etməsini diləsinlər. Bütün bunlar şagirdlərin dərsə olan əlaqələrini daha da artırır və təhsilə daha böyük əhəmiyyət verib, niyyət saflığı və Allah rizasına nail olmağa böyük köməklik göstərir.
5. Müəllimin tədris üsulu elə olmalıdır ki, şagirdlər onun öz dediklərini qəbul etdiyinə yəqinlik hasil etsinlər. Əks təqdirdə, müəllimin dediklərinə nəinki əməl olunmayacaq, şagirdlərə heç bir müsbət tə`sir də göstərməyəcəkdir. Bunun üçün də müəllim dərsin gedişatına ciddi yanaşmalı, yersiz zarafat və əyləncələrə yol verməməlidir. Lakin ciddilik dedikdə, heç də müəllimin şagirdlərə soyuq münasibət bəsləyib onlara qarşı amansız olması nəzərdə tutulmur. Müəllim daim dərsin gedişatına nəzarət etməli və şagirdlərin dərsdən yayınmalarına yol verməməlidir. Onlarda yorğunluq hiss etdikdə əhval-ruhiyyələrinin yüksəldilməsi üçün qısa və mə`nalı zarafatla yorğunluqlarının aradan qaldırılmasına çalışmalıdır. Lakin zarafat etdikdə də ifrata varıb dərsin pozulmasına yol verməməlidir. Əks təqdirdə, müəllim sinfi idarə etməyə qadir olmayacaqdır.
6. Müəllimin özünəməxsus tədris üsulu olmalı, şagirdlərə, tədris edəcəyi kitablar haqda əvvəlcədən mə`lumat verməlidir.
Nəzərdə tutduğu mövzunu izah etməzdən əvvəl şagirdlərin iste`dad və bacarıqlarını, həmçinin onların elmi səviyyələrini nəzərə almalıdır. Birinci dərs günü ilk tanışlıqdan sonra öz tədris üsulu, həmçinin tədris etdiyi fənnin müsbət cəhətləri haqda şagirdlərə ümumi mə`lumat verməlidir.
7. Müəllim, haqqında söhbət açdığı mövzunu çox uzatmamalı və dərsin gedişatını yorucu etməməlidir. Dərsi izah edərkən mətləbin təkrarına və uzadılmasına yol verməməli və şagirdlər özlərini iclasda deyil, dərsdə hiss etməlidirlər. Eyni zamanda mətləbi o qədər də ixtisara salmamalıdır ki, şagirdlər dərsi qavramaqda çətinlik çəkmiş olsunlar. Bir sözlə, mətləbi nə həddindən artıq uzatmalı, nə də ixtisara salmalıdır. Lakin, bə`zən əxlaqi və tərbiyəvi məsələlərin ətraflı izah olunmasına ehtiyac duyulur. Şagirdlərin dərsi yaxşı qavraması üçün belə mövzular bir neçə dəfə təkrar olunmalı və ya əlavə olaraq xatırlanmalıdır.
8. Müəllim öz dərs üslubunda, dərsin vaxt və keçirilməsində şagirdlərin istək və təkliflərini nəzərə almalıdır. Ən qısa müddət ərzində şagirdlər dərsdən mümkün qədər çox bəhrələnməlidirlər. Müəllim dərs zamanı nə səsini həddindən artıq ucaltmalı, nə də şagirdlərin eşidə bilməyəcəkləri qədər asta danışmalıdır.
9. Müəllim şagirdlərin səs-küyünün qarşısını almalı və dərsin öz axarından çıxmasına, özünün və digər fəal şagirdlərin narahatçılığına yol verməməlidir. Əks təqdirdə, sinfin nizam-intizamı pozulacaq və sinfə nəzarət etmək mümkün olmayacaqdır.
10. Sinfin nizam-intizamını qoruduğu zaman şagirdləri inzibati qayda-qanunlara riayət etməyə, bir-birlərinə qarşı hörmətlə yanaşmağa sövq etməlidir. Həmçinin, onlarda ictimai-əxlaqi məs`uliyyət hisslərini gücləndirməyə və ictimai həyata hazır olmağa kömək etməlidir.
11. Müəllim şagirdlərin verdikləri suallara təmkinlə cavab verməli və onları qane etməyə çalışmalıdır. Çünki, suallar bə`zən şagirdlər tərəfindən şəxsi qərəzçilik və ya müxtəlif səbəblər üzündən verilir. Bə`ziləri müəllimin elmi səviyyəsini yoxlamaq, bə`ziləri də dərsin gedişatına mane olmaq məqsədilə qeyri-məntiqi suallara əl atırlar. Lakin bir çox hallarda suallar maraq və ya şübhəni aradan qaldırmaq məqsədilə verilir. Bə`zi hallarda şagirdlər öz fikirlərini çatdırmağa qadir olmadıqları üçün verdikləri sualları lazımı qaydada açıqlaya bilmirlər. Bunun üçün də şübhəli ifadələrdən istifadə edirlər. Bu kimi hallarda müəllim tam soyuqqanlıqla şagirdlərin verdikləri bütün suallara məntiqi cavab verib qərəzli sualların qarşısını almalı, eyni zamanda öz müəllimlik şəxsiyyətini qorumağa çalışmalıdır.
12. Müəllim verilən sualların cavabını bilmədikdə, müxtəlif fikirlər irəli sürmədən cəsarətlə – «Bilmirəm» – deməlidir.
Əli (ə) bu haqda buyurur:
«Sizdən bilmədiyiniz şeylər haqda soruşduqda qaçmağa çalışın». Səhabə – «Necə qaçaq?» – soruşduqda, buyurur:
«Deyin ki, Allah hər şeydən agahdır».[97]
İmam Məhəmməd Baqir (ə) buyurur:
«Bildiyiniz şey haqda danışın, bilmədiyiniz şeylər haqda – «Allah hər şeydən agahdır!» – deyin. Həqiqətən bir şəxs Qur`an ayələrinin birinin anlamını yanlış bəyan edərsə, yerlə göy arası qədər süquta uğrayar».[98]
Bə`ziləri belə güman edirlər ki, «bilmirəm» deməklə, onların elmi məqamına xələl gələcəkdir. Lakin, həqiqət bunun tam əksinədir. Şagirdlər müəllimin bilmədiyini e`tiraf etdiyini görüdükdə, tədris etdiyi fənnə daha arxayınlıqla yanaşıb bunu müəllimin təqva və imanından irəli gəldiyini hesab edəcəklər. Bunu da nəzərdən qaçırmamalıyıq ki, bütün insanların elmi səviyyəsi məhdud və naqisdir. Belə ki, bütün elmlərə yiyələnən bir şəxs tapmaq sadəcə olaraq qeyri-mümkündür. Demək, bizim bə`zi sualların cavabını bilmədiyimizi e`tiraf etməyimiz tamamilə təbii bir haldır. Verilən suallara heç bir məntiqə əsaslanmayan cavab verdikdə isə, şagirdlərdə istər-istəməz müəllimə qarşı şübhə hissi yaranır. Alimlərdən biri bu haqda deyir: «Bilmirəm» deməyi öyrəndikdə başqalarının həmin mətləbdən agah etmələri sənə nəsib olacaqdır. Nəhayət elə bir həddə çatacaqsan ki, cəsarətlə «Bilmirəm!» deyəcəksən.
0 коммент.:
Отправить комментарий