01.12.2014


Malik Aranli
     SİNİF TƏŞKİLAT SAATI    ONUN TƏŞKİLİ YOLLARI


Orta ümumtəhsil məktəblərində sinif rəhbərlərinin çətinlik çəkdikləri ən mühüm sahələrdən biri sinif təşkilat saatının təşkilidir. Bu səbəbdən məktəb və sinif rəhbərlərindən tez-tez “Sinif təşkilat saatını necə təşkil etməliyik?”, “Sinif təşkilat saatı necə olmalıdır?”, “Sinif təş-kilat saatını nə vaxt keçirmək lazımdır?” və s. kimi sualları eşidirik.
Sinif rəhbərlərinin apardığı çoxcəhətli tərbiyəvi işin ən mühümü və ən əsası olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsini təşkil etmək, fəaliyyətlərinə düzgün istiqamət vermək üçün çox fayadalı və gərəklidir. Belə bir tərbiyəvi iş üsulu ona görə çox vacibdir ki, bu vaxt şagird şəxsiyyətinin hərtərəfli və dinamik inkişafı üçün hər cür şərait yaranır.
Əgər sinif rəhbəri möhkəm sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək, onları hər hansı bir işə səfərbər etmək, qarşıda duran problemləri, tərbiyəvi vəzifələri vaxtında və operativ həll etmək istəyirsə, onda sinif saatından məqsədəmüvafiq şəkildə istifadə etməlidir.
Sinif təşkilat saatı dərsdənkənar tərbiyə işi olduğundan onun həftənin sonunda, dərsdən sonra keçirilməsi məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, sinif təşkilat saatının səmərəliliyi onun çox keçirilməsi ilə deyil, pedaqoji cəhətdən düzgün təşkili, keçirilmə metodikası, şagirdlərin məntiqi təfəkkürünə təsiri, sinif şagirdlərinin fəallığı və təşəbbüskarlığı ilə ölçülür. Təcrübə göstərir ki, sinif təşkilat saatını mütləq hər həftə keçirmək çox da vacib deyildir. Ancaq həftədə bir dəfə sinif təşkilat saatının təşkili işin ziyanına da deyildir.
Sinif təşkilat saatının təşkili ciddi hazırlıq tələb edir. Hər bir sinif rəhbəri bu saatı keçirmək üçün həftə boyu ciddi hazırlaşmalıdır.
Sinif təşkilat saatına nə qədər vaxt sərf etmək lazımdır?
Əlbəttə, bu müddət işin təşkilindən asılıdır. Onun nə qədər davam edəcəyini qabaqcadan hökm etmək olmaz. Sinif təşkilat saatını o vaxt başa çatdırmaq lazımdır ki, artıq şagirdlər özləri bunu istəmiş olsunlar. Şagirdləri yorana kimi sinif təşkilat saatını davam etdirmək isə yalnız ziyan verə bilər. Yaxşı olar ki, V-VIII siniflərdə bu işə 40-45 dəqiqə vaxt sərf olunsun. IX-XI siniflərdə isə sinif saatını 1 saatadək uzatmaq olar (əgər seçilmiş mövzu aktual və maraqlıdırsa).
Sinif təşkilat saatı dərsdənkənar tərbiyəvi iş forması olduğundan onu cədvələ salmaq düzgün deyildir. Əlamətdar günlərə aid keçirilən sinif təşkilat saatlarını, təbii ki həmin günlərdən 1-2 gün qabaq salmaq lazımdır.
Hamını maraqlandıran məsələ isə sinif təşkilat saatı üçün mövzu seçimidir. Aydındır ki, sinif təşklat saatı şagirdlərin təhsil və tərbiyəsi ilə bağlı vəzifələri əhatə etməlidir. Sinif təşkilat saatı şagirdlərin dünyagörüşünü formalaşdırmaq, onların Azərbaycan ın müstəqilliyi, suverenliyi, dövlətçiliyi haqqında bilik və təsəvvürlərini genişləndirmək üçün yaxşı vasitədir. Bu saatlarda şagirdlərə ümummilli lider Heydər Əliyevin gərgin əməyi və fəaliyyəti haqqında geniş və hərtərəfli məlumat vermək lazımdır. Onlar hörmətli Prezidentimiz İlham Əliyevin respublikamız, xalqımız, xüsusən də gənclər üçün gördüyü işlər barədə də məlumatlandırılmalıdırlar.
Sinif təşkilat saatının məzmununda nələrə fikir vermək lazımdır?
Şagirdlərimiz vətənimizin dostlarını, düşmənlərini yaxşı tanımalı, dövlət simvollarını, qanunları yaxşı öyrənməlidirlər. Hər bir şagirdin mənəvi aləmini zənginləşdirmək üçün sinif təşkilat saatlarının böyük imkanları vardır. Göstərilən mövzularda təşkil olunmuş sinif saatlarının proqramı sinif rəhbərinin fəaliyyət planında öz əksini tapmalıdır.
Sinif təşkilat saatları mövzuya, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, həmçinin sinifdəki şagirdlərin hazırlıq səviyyəsinə müvafiq olaraq müxtəlif formalarda – müzakirə, söhbət, görüş, viktorina, disput, ekskusiya və s. formalarda təşkil oluna bilər. Mövzusundan asılı olaraq, sinif təşkilat saatı məktəbdənkənar da keçirilə bilər. Məsələn, təbiət və ya ekologiyaya həsr olunmuş sinif təşkilat saatını təbiət qoynunda keçirmək daha səmərəli olar.
Təcrübə göstərir ki, sinif təşkilat saatlarının ən əsas üç funksiyası vardır: maarifləndirici, istiqamətləndirici və təşkiledici.
Marifləndirici funksiya odur ki, sinif təşkilat saatlarında şagirdlərin bilik və dünyagörüşləri genişləndirilir və keçilən dərslərin yaxşı öyrənilməsinə əsas yaranır. Belə sinif təşkilat saatlarında respublikamızın iqtisadi və siyasi həyatından, elm və texnika sahəsindəki yeniliklərdən, tariximiz, ədəbiyyatımız və mədəniyyətimizdən söhbətlər açmaq çox yaxşı olar. Nəzərə almaq lazımdır ki, soykökümüzə, milli adət-ənənələrimizə həsr olunmuş mövzular şagirdlərimizdə böyük maraq oyadır. “Kitabi-Dədə Qorqud”, “Azərbaycan odlar ölkəsidir”, “Xalqımızın böyük oğullları”, “Əsrin müqaviləsi”, “İpək yolu Azərbaycandan keçir”, “Azərbaycanın dövlət simvolları”, “Xalqımızın qədim abidələri”, “Qırmızı kitabımız”, “Heydər Əliyev ümummilli liderimizdir”, “Azərbaycan bədii sərvətlər ölkəsidir” və s. mövzularda keçirilən sinif təşkilat saatları uzun müddət şagirdlərimizin yadından çıxmır.
Sinif təşkilat saatlarının funksiyalarından biri də istiqamətverici funksiyadır. Bu günkü tarixi şəraitdə bu funksiya böyük əhəmiyyət kəsb edir. Şagirdlər praktik olaraq fəaliyyətə, ictimai-faydalı işə cəlb edildikdə onlarda əməyə məhəbbət işi güclənir.
Təşkiledici funksiyada isə müəllim sinif kollektivinin formalaşmasına diqqət yetirir, sinifdə ictimai rəyin, şagirdlər arasında səmimi münasibətlərin yaranmasına çalışır. Təcrübə göstərir ki, bir çox sinif rəhbərləri dərs ilinin əvvəlində sinif təşkilat saatı keçirərək hər bir şagirdin ictimai tapşırığını müəyyən edir. Sinif nümayəndəsi, təmizlik komissiyasının sədri, qəzet redaktoru və s. ictimai vəzifələrə uyğun olan şagirdlərin seçkisini keçirir. Bundan sonra şagirdlər sinif iş planı ilə tanış olurlar. Beləliklə hər bir şagirdin vəzifəsi müəyyənləşdirilir, dəqiq iş bölgüsü aparılır və müvafiq tapşırıqıar verilir.
Sinif təşkilat saatlarında təlim-tərbiyə işlərinin vəziyyəti, məktəbdə və ictimai həyatda davranışı, təhsilə, sinif və məktəb yoldaşlarına münasibəti, ictimai işlərdə fəallığı və s. müzakirə oluna bilər. Şübhəsiz ki, belə müzakirələr şagirdlərdə mənəvi keyfiyyətlərinin düzgün tərbiyə olunmasına, onların şəxsiyyət kimi formalaşmasına kömək edəcəkdir.
Sinif təşkilat saatlarında ekspromt söhbətlər də aparıla bilər. Bəzən elə məsəslələr ortaya çıxır ki, heç bir hazırlıq görülmədən onlar barədə söhbətlər aparmaq zəruri olur. Məsələn, şagirdlərin etdiyi hərəkət və davranış, habelə şagird qaydalarının pozulması halları, sinif həyatında baş verən situasiyalar, mürəkkəb konfliktlər və s. Sinif saatında bu kimi məsələlər təhlil və müzakirə olunarkən sinif rəhbərləri təkcə günahkarların tapılması və cəzalandırılması ilə kifayətlənməyib, belə hadisələrin bir daha baş verməməsi üçün şagirdlərə lazımı tövsiyələrini verməlidir.
Sinif təşkilat saatını necə təşkil etməli?
Sinif təşkilat saatlarını, əsasən, sinif rəhbərləri özləri keçirirlər. Onlar şagirdlər qarşısında müəyyən mövzu ilə bağlı söhbətlər aparır, çıxışlar edirlər. Mövzular öz aktuallığı ilə fərqlənməlidir. Məsələn, “Siz asudə vaxtlarınızı necə keçirməlisiniz”, “Ev tapşırıqlarını nə vaxt yerinə yetirməli?”, “Sən vaxtını necə bölüşdürürsən?”, “Sənin mənəvi dünyan”, “Sən müstəqil necə çalışa bilərsən?” və s. Əlbəttə, belə mövzularda söhbətlər zamanı sinif rəhbərləri müxtəlif mütəxəssis və pedaqoqları da dəvət edə bilərlər.
Bəzən sinif təşkilat saatını şagirdlər də təşkil edə bilər. Bu zaman onlar təşkilat saatının mövzusunu sinif rəhbərləri ilə birlikdə müəyyənləşdirilməlidir. Müstəqil olaraq keçirilən sinif təşkilat saatında şagirdlərin fəallığı artır və onlar müxtəlif təşəbbüslərlə çıxış etmək arzusunda olurlar. Hər bir şagird istəyir ki, onun da fikri eşidilsin. Buna görə də şagirdlərin böyük əksəriyyəti belə sinif təşkilat saatının keçirilməsini səbirsizliklə gözləyirlər. Belə mövzulara “Azərbaycanın Milli Qəhrəmanları”, “Torpaq - əgər uğrunda ölən varsa Vətəndir”, “Əsl dost kim ola bilər?”, “Doğma vətənimiz” və s. misal ola bilər.
Bəzi vaxtlarda sinif təşkilat saatını məktəbə dəvət olunmuş şəxslər keçirir. Belə saatlarda Qarabağ veteranlarını, Milli Qəhrəmanları, alimləri dəvət etmək daha yaxşı olar. Şagirdlərin belə şəxslərlə görüşləri uzun müddət onların yaddaşından silinmir, təlim-tərbiyəsinə müsbət təsir edir. Təşkilat saatından əvvəl sinif rəhbərləri həmin şəxslərlə görüşüb söhbət edir, tədbirin planı, məqsəd və vəzifəsini onlarla müzakirə edir, sinif haqqında bəzi məlumatlar verirlər. Sinif rəhbərləri şagirdləri də bu görüşə ciddi hazırlaşdıdrır, qonaqlar haqqında onları məlumatlandırırlar.
Hər bir sinif rəhbəri gündəlik dərsə hazırlaşdığı kimi, sinif təşkilat saatına da hazırlaşmalıdır. Qabaqcadan bütün məsəslələr öıçülüb biçilməlidir. Bu iş üçün sinif rəhbərlərində kifayət qədər bilik, təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlıq, şagird psixologiyasına dərindən bələd olmaq kimi keyfiyətlər tələb olunur. Hər bir sinif rəhbəri təşkilat saatının səmərəli keçirilməsi üçün gərgin əmək sərf etməli, bu işə böyük işgüzarlıq və həvəslə yanaşmalıdır. Təşkilat saatı üçün seçilmiş hər bir mövzu şagird şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən də sinif rəhbəri təşkilat saatının keçirilməsinə laqeydlik göstərməməli, bu işə təlim-tərbiyənin düzgün qurulması amılı kimi yanaşmalıdır. Sinif rəhbəri heç vaxt unutmamalıdır ki, tərbiyə etdikləri hər bir şagird gələcəkdə müstəqil Azərbaycanımıza xidmət edəcəkdir.
Sinif təşkilat saatının keçirilməsi üçün müəyyən proqram vermək olmaz, çünki hər bir sinfin şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Ona görə də müxtəlif siniflərdə bu proqram dəyişə bilər. Bu səbəbdən belə bir təqribi proqramı sizlərə təqdim edirik:
1. 15 sentyabr – Bilik günüdür.
2. “Məktəbli kitabçası” nə üçün lazımdır?
3. 5 oktyabr - Müəllim günüdür.
4. Dövlət rəmzlərimizi hamımız bilməliyik.
5. 18 oktyabr – Müstəqillik günüdür.
6. Azərbaycan doğma vətənimizdir!
7. Vətən mənə oğul desə nə dərdim!
8. 9 noyabr- Bayraq günüdür.
9. 12 noyabr – Konstitusiya günüdür.
10. 17 noyabr – Milli Dirçəliş günüdür.
11. “Təhsil millətin gələcəyidir” (Heydər Əliyev).
12. Vətənimizi göz bəbəyi kimi qorumalıyıq.
13. Əsl şagird necə olmalıdır?
14. Kimi özünə əsl dost bilirsən?
15. Azərbaycanın Milli Qəhrəmanları.
16. Heydər Əliyev – Azərbaycan xalqının ümummilli lideridir.
17. Məktəb əmlakını qorumaq hər bir şagirdin borcudur!
18. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.
19. Milli adət və ənənələrimiz.
20. 20 yanvar – Ümumxalq Hüzn günüdür.
21. Ramazan – dini bayramımızdır.
22. Qurban bayramı haqqında nə bilirik?
23. Sağlam bədəndə sağlam ruh olar.
24. 26 fevral – Xocalı faciəsi günüdür.
25. 8 mart – Beynəlxalq Qadınlar günüdür.
26. Çərşənbələrimiz.
27. Novruz bayramı – Xalqımızın Milli bayramıdır.
28. 31 mart – Azərbaycanlıların Soyqrimi günüdür.
29. Prezidentimiz İlham Əliyev xalqımızın iftixarı və xoşbəxt gələcəyidir!
30. 9 may – Faşizm üzərində Qələbə günüdür.
31. Torpaqlarımız işğal altında qalmayacaqdır!
32. Hansı peşə yaxşıdır?
Təbii ki, hər bir sinif rəhbəri yerli şəraitə, şagirdlərin marağına, meylinə və yaş səviyəsinə uyğun olaraq proqramda bəzi dəyişikliklər edə bilər.
Qeyd: “Sinif jurnalının sinif təşkilat saatının uçotu” səhifəsində mövzular ən azı həftədə 1 dəfə qeyd olunur. Məktəb rəhbərləri, xüsu-sən təşkilatçı müavin sinif təşkilat saatının müntəzəm keçirilməsi və təş-kili üçün səmərəli tövsiyyələr verməlidir.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.