17.12.2014

"Azərbaycan müəllimi" qəzeti: "Təhsilin əsasları" fənni müəllim hazırlığına verilən müasir tələblər baxımından"

  
Artıq neçə ildir ki, respublikada təhsil sisteminin müxtəlif istiqamətləri üzrə  ciddi islahatlar həyata keçirilir. Təhsilin strukturu, məzmunu, kadr təminatı, informasiya, tədris və elmi-metodiki təminatı, idarəolunması, maddi-texniki bazası və iqtisadiyyatında həyata keçirilən köklü dəyişikliklər öz ilk bəhrələrini verməkdədir. Sadalanan istiqamətlər təhsilin ayrı-ayrı sahələri hesab edilsə də, əslində onlar bir-biri ilə üzvi şəkildə bağlı, sıx əlaqəlidirlər. Belə ki, bu sahələrdən birində islahatın uğuru təmin olunmadığı təqdirdə, digər sahələr avtomatik olaraq iflic vəziyyətə düşə bilər. Məsələn, təhsilin məzmununun daşıyıcısı olan, cəmiyyətin ehtiyac və maraqlarından çıxış edən, eləcə də milli və bəşəri dəyərlər, tələbyönümlülük, şəxsiyyətyönümlülük, nəticəyönümlülük, inkişafyönümlülük və inteqrativlik prinsiplərinə əsaslanan  fənn kurikulumları ən yüksək səviyyədə hazırlansa belə, onun reallaşdırılması üçün uyğun maddi-texniki baza, kifayət qədər hazırlıqlı pedaqoji kadr potensialı və ya müvafiq tələblərə cavab verən resurslar: informasiya mənbələri,  tədris və elmi-metodiki vəsaitlər, eləcə də  tədqiqatlara əsaslanan  idarəetmə mövcud olmadan, həmin kurikulumun uğurlu  tətbiqi mümkün deyil. Bu səbəbdən, islahatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün adıçəkilən istiqamətlər üzrə kompleks işlər aparılır. Kadr təminatı sahəsi üzrə də təhsil  islahatlarını həyata keçirməyə qadir olan,  peşəkar pedaqoji kadrların hazırlanması siyasəti və strategiyası qurulur və addım-addım həyata keçirilir. Məhz bu prosesin məntiqi davamı kimi 25 iyun 2007-ci il tarixdə "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və  müəllim hazırlığının Konsepsiya və Strategiyası"  Nazirlər Kabineti tərəfindən təsdiq edildi və müəllim hazırlığı sahəsində dövlət siyasəti müəyyənləşdirildi.

Təhsil Nazirliyinin 1008 nömrəli 19 avqust 2009-cu il tarixli əmri ilə üç ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti) bakalavr pilləsində "Təhsilin əsasları" fənnini tədris edəcək müəllimləri treninqlərə cəlb edilmiş və həmin ilin sentyabrından ilkin müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan pilot layihə tətbiq olunmağa başlanmışdır.

Etiraf edək ki, uzun illər pedaqoji kadr hazırlığında  nəzəri biliklərin öyrədilməsi kifayət hesab edilmiş, gənc müəllim öyrətməyin sirlərinə bələd olmadan pedaqoji fəaliyyətə başlamışdır. Bu gün, təhsilə yeni tələblər verildiyi bir zamanda, "işləyə-işləyə öyrənər" yanaşması birmənalı şəkildə özünü doğrultmur. "İşləyə-işləyə öyrənənlər" geridə lazımi bilik-bacarıqlara nail olmamış uşaqlar, formalaşmamış şəxsiyyətlər, uğuru təmin olunmamış talelər buraxa bilərlər.  Odur ki, müəllimin sinfə daxil olduğu ilk gündən pedaqoji fəaliyyətini müvəffəqiyyətlə qura bilməsi   üçün mühüm nəzəri biliklərə və praktik bacarıqlara, eləcə də ciddi təcrübəyə malik olması vacibdir. Bu problemin həlli  "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və  müəllim hazırlığının Konsepsiya və Strategiyası" sənədində ön plana çəkilmiş, "Təhsilin əsasları" fənninin  məqsədinə çevrilmişdir. 

Sənədə əsasən "Təhsilin müasirləşməsi şəraitində müəllimin ənənəvi funksiyaları ilə (təlim, tərbiyə, inkişafa kömək, təlim nəticələrinin qiymətləndirilməsi, valideynlərlə iş və s.) yanaşı, həm məzmun cəhətdən, həm də prosesin təşkili baxımından təhsilin və sosial mədəni mühitin proqnozlaşdırılması, layihələşdirilməsi  və təşkili kimi peşə funksiyaları aktuallaşır. İdarəçilik, iqtisadi, hüquqi, sosial... fəaliyyətlə əlaqədar olaraq müasir şəraitdə kommunikativ funksiyalara   tələbat artır". (2) Sənəddə çox aydın göstərilir ki, müasir müəlim öz fəaliyyətini sinif otağı ilə məhdudlaşdıra bilməz. "Hər bir müəllim tədrisin müxtəlif tərəflərini dərk etməli, ...peşəkarlıq səviyyəsini fasiləsiz yüksəltməyə çalışmalıdır. ...Eyni zamanda informasiya cəmiyyətinə keçid müəllimdən elmi-tədqiqat bacarığı da tələb edir".

Konsepsiya sənədində ümumtəhsil məktəbləri üçün ilkin müəllim hazırlığındakı nöqsanları göstərərkən "təhsil müəssisələrində maddi-texniki bazanın zəif olması, daha çox nəzəri biliklərin yoxlanılması, müəllimlik üçün vacib olan bilik və bacarıqların yoxlanılmasına  diqqətin zəif olması, ilkin pedaqoji təhsil proqramlarında təhsilin idarə edilməsinə dair fənlərin olmaması, təhsilin idarə edilməsinə dair bakalavr və magistr hazırlığının həyata keçirilməməsi, təhsilin idarə edilməsi üzrə tətbiqi tədqiqatların aparılmaması" ciddi nöqsan kimi vurğulanır. Ali pedaqoji məktəblərdə fənlərin məzmununun müəllimin məktəbdəki fəaliyyəti ilə əlaqəsizliyi və öyrəndiklərinin onun gələcək fəaliyyəti üçün "faydalı olmadığı" kimi tənqidi fikirlər də bildirilir. "Müəllim hazırlığı (Pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma)" başlıqlı yekun hesabatında beynəlxalq məsləhətçi Rob MakBrayd "Təhsilin əsasları" fənninin məzmunu ilə bağlı tövsiyələr verərkən tələbələrin inkişaf etdirilməsi, təlim və tədris prosesləri, müəllim düşüncəsi, tədris proqramları və onların hazırlanması, müəllim hazırlığı, keyfiyyət tədqiqatları, təhsilin idarə olunması və digər istiqamətlərin əhəmiyyətini vurğulayır (s.24).

"Təhsilin əsasları" fənninin məzmunu, tədrisin təşkili və qiymətləndirmə mexanizmləri işlənərkən "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və  müəllim hazırlığı  Konsepsiya və Strategiyası", "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)", "Azərbaycan Respublikasında ümumtəhsilin qiymətləndirmə Konsepsiyası" dərindən araşdırılmış, müasir tələblərə cavab verən müəllimi səciyyələndirən  bilik, bacarıq və dəyərlər müəyyənləşdirilmişdir.

Müasir "pedaqoji kadrın təhsili onun şüurunun, fəaliyyətinin və şəxsiyyətinin inkişaf forması" hesab edilir və bir-biri ilə qarşılıqlı əlaqədə olan beş mərhələdən ibarət olduğu" Konsepsiya sənədində göstərilir (2, s. 11):

1. Peşə baxımından müəllimin özünütəyini;

2. Özünütəşkil;

3. Elmi-pedaqoji təşəkkül;

4. Elmi-pedaqoji cəhətdən özünütəkmilləşdirmə;

5. Pedaqoji yenilikçiliyə meyilli olmaq baxımından özünürealizə (subyektin daxili imkanlarının həyata keçirilməsi, özünütəsdiq).

Həmin mərhələlər "Təhsilin əsasları" fənninin məzmununun inkişaf xətti  kimi dərk edilə bilər. Belə ki, ilkin olaraq gələcək müəllimlərin özünütəyini istiqamətində işlər aparılır və bu da "Təhsil fəlsəfəsi və təlim prosesi" məzmun xətti üzrə həyata keçirilir.  "Müəllim hazırlığı"na dair yekun hesabatında beynəlxalq məsləhətçi Rob MakBrayd da bu məsələni əhəmiyyətli hesab etmiş,  "müəllimlərin düşüncə tərzlərinin dəyişməsinin onların peşəkarlığının inkişafına səbəb olacağını" (3,s.13) vurğulamışdır. "Təhsilin əsasları" fənninin "Təhsil fəlsəfəsi və təlim prosesi" bölməsində gələcək müəllim "Təhsil nə üçün lazımdır?", "Onun məqsədi nədir?", "Məktəbin vəzifəsi nədir?", "Müəllimin  və şagirdin təlim prosesində rolu nədən ibarətdir?", "Təlim mühiti necə olmalıdır?", "Hansı dərs uğurlu dərs hesab edilir?" kimi   bu və ya digər suallar üzərində dərindən düşünür. Müxtəlif təhsil fəlsəfələri baxımından həmin problemləri araşdırır, qloballaşan dünyanın həqiqətlərinə, yəni  müasir tələblərə cavab verən yanaşmaları müəyyən edir və "pedaqoji praktikanın ən sadə modeli və ya real forması ilə tanış olur" (2,s.12). Bu da onun pedaqoji təfəkkürünün formalaşmasına xidmət edir. Yalnız bundan sonra o inanır ki, həqiqətən bu gün fərdin və cəmiyyətin ehtiyac və maraqları müasir təhsil, məktəb, kurikulum, müəllim və  şagird münasibətləri, öyrətmə prosesinin əvvəlkindən fərqli olmasını tələb edir. Təhsil sistemində aparılan dəyişikliklər təsadüfdən deyil, zərurətdən irəli gəldiyini dərk edir, "Təhsilalan özünün də pedaqoji fəaliyyətin subyekti olduğunu başa düşür və bu fəaliyyətin həyata keçirilməsi üçün hazırlanır (2,s.12)".  Öz həyat və fəaliyyətini qurmağa qadir olan  şəxsiyyətin formalaşmasını təmin etmək üçün pedaqoji problemlərə müasir tələblər baxımından yanaşır və öz "peşəkar mənini" təyin edir.

"Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və  müəllim hazırlığı  Konsepsiya və Strategiyası"nda  ikinci mərhələnin "özünütəşkil" olduğu göstərilir.  Bu da gələcək müəllimin "pedaqoji əmək mədəniyyəti"nin (s.11) formalaşmasında əhəmiyyətli hesab edilir. Bu məsələlərin tədrisi "Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı", eləcə də  "Təhsildə dövlət siyasəti" məzmun xətti üzrə nəzərdə tutulub. Öyrənənlər hüquqi sənədlərdə (Konstitusiya, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu) təhsil iştirakçılarının hüquq və  vəzifələrini  araşdırır ki, bu da  onların şagird, valideyn və həmkarları ilə hüquqi baxımdan əsaslandırılmış qarşılıqlı fəaliyyətinin qurulmasını təmin edir. Təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə dövlət siyasətini müəyyən edən sənədlərdə ("Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və  müəllim hazırlığı  Konsepsiya və Strategiyası", "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" və "Azərbaycan Respublikasının ümumtəhsil sistemində  Qiymətləndirmə Konsepsiyası") vurğulanan humanistlik, demokratiklik, dünyəvilik, bərabər şərait, millilik, şəxsiyyətyönümlülük, keyfiyyətlilik, səmərəlilik, inteqrativlik, şəffaflıq və digər  prinsiplər sinfin idarə edilməsində müəllim-şagird, şagird-şagird münasibətlərinin əsasını təşkil edir. Müəllim sinfi idarə edərkən və təlimin təşkili zamanı  bütün qərarlarını bu prinsiplərdən çıxış edərək qəbul edir. Beləliklə, hüquqi və siyasi savadlılığı təmin olunmuş müəllimin özünütəşkili - öz fəaliyyətini sistemli, düşünülmüş şəkildə qurmaq imkanları maksimuma qaldırılır. Gələcək müəllim öz sinfində mövcud vəziyyəti: maddi-texniki bazanı, şagirdlərin milli-etnik tərkibini,  idraki imkanlarını, sosial, mənəvi-psixoloji, fiziki-fizioloji vəziyyətini, eləcə də valideynlərin intellektual səviyyəsi, sosial, mənəvi-psixoloji vəziyyətini araşdıraraq qarşıya çıxa biləcək problemləri proqnozlaşdırmağın yollarını öyrənir və "özünün pedaqoji-peşə fəaliyyətini layihələşdirmək, həyata keçirmək və təkmilləşdirmək üçün qabiliyyətlərini inkişaf etdirir" (2,s.11). Yəni gələcək müəllim təhsilin hər üç iştirakçısı ilə əməkdaşlıq şəraitində  sinfin düzgün idarə edilməsinə xidmət göstərən real, işlək plan qurmaq,  onları mərhələ-mərhələ həyata keçirmək, eləcə də əldə edilən nəticələri qiymətləndirmək və növbəti mərhələdə görüləcək işlərlə bağlı qərarlar qəbul etmək kimi mühüm  bacarıqlara yiyələnir. Gələcək müəllimlər, həmçinin, uğurlu təşkilatçılığın  iqtisadi rifahın da yüksəlməsində rolunu dərk edir. Şagirdbaşına maliyyələşmə şəraitində müəllimin planlı və sistemli fəaliyyətinin məktəbin və pedaqoji kadrlarının büdcəsinə təsirini də öyrənirlər ki, bu məsələlər "Təhsilin iqtisadiyyatı" məzmun xətti üzrə yığcam əhatə edilir.   

"Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və  müəllim hazırlığı  Konsepsiya və Strategiyası"nda müəllim hazırlığının üçüncü mərhələsinin  "Elmi-pedaqoji təşəkkül" olduğu göstərilir. Bu mərhələ gələcək müəllimin "elmi-pedaqoji fəaliyyət üçün pedaqoji qabiliyyətinin inkişaf etdirilməsi" baxımından əhəmiyyətli hesab edilir. "Müəllim hazırlığı"na dair yekun hesabatında beynəlxalq məsləhətçi Rob MakBrayd göstərir ki, tələbələrin nəzəri bilikləri mənimsəməsi və onları tətbiq etməyin ardıcıllığının müəyyən olunması "Təhsilin əsasları" və müəllimlərin hazırlanması baxımından böyük əhəmiyyətə malikdir.  Gələcək müəllim "real məktəb həyatını əks etdirən" bilik və bacarıqlara yiyələnməlidir. O hesab edir ki,  ümumiyyətlə pedaqoji təhsil alan tələbələr təhsil müddətində dövlət tədris proqramları ilə yaxından tanış olmalı və  onlarla işləyə bilməlidirlər. Belə olan halda təhsil müddətini başa vuran tələbə artıq tədris proqramları haqda zəruri biliklərə malik olur və gələcək fəaliyyətinin istiqamətini dərk edir.Təhsilin məzmununda həyata keçirilən islahatlar nəticəsində tədris proqramlarının xarakteri əsaslı şəkildə dəyişmişdir.  Artıq tədris proqramları yalnız təhsilin məzmununun deyil, həm də həmin məzmunun reallaşdırılması yolları və nəticələrin qiymətləndirilməsi üsul və vasitələrini əks etdirir.  Bu baxımdan, yeni fənn kurikulumlarının tətbiqinə nail olmaq üçün müəllim məzmunla bağlı mühüm nəzəri biliklərlə yanaşı, həm də təlimin təşkilinə verilən tələblər, təlimin illik və cari planlaşdırılması, dərsin  forma və üsullarının, eləcə də təlim materiallarının  məqsədəmüvafiq seçilməsi,  qiymətləndirmə üsul və vasitələrinin müəyyən edilməsi  kimi mükəmməl bilik və bacarıqlara malik olmalıdır. Bundan əlavə, kurikulumun tətbiqi üzrə əldə edilən nəticələrin təhlil edilməsi, nailiyyətlərin və problemlərin aşkar edilməsi,  onları doğuran səbəblərin müəyyən edilməsi və qiymətləndirilməsi, buna əsasən növbəti mərhələdə müvafiq qərarların qəbul edilməsi kimi bacarıqlar da  keyfiyyəti yüksəltmək istiqamətində  müəllim üçün mühüm hesab edilən bacarıqlardır.

Bu səbəbdən, "Təhsilin əsasları" fənninin dördüncü məzmun xətti olan  "Təhsilin məzmunu (kurikulum) və onun  elmi-nəzəri əsasları" üzrə gələcək müəllimlər təhsilin məzmununun daşıyıcısı olan kurikulumun tarixi, növləri,  nəzəriyyəsi, məzmunu və strukturu haqqında mühüm bilik və bacarıqlar əldə edirlər. Eləcə də fənn kurikulumları üzrə  təlimin təşkilinə verilən tələbləri, təlimin illik və cari  planlaşdırılması, inteqrativ planlaşdırma, habelə komplekt siniflər üzrə kurikulumun planlaşdırılmasının nəzəri əsaslarını öyrənir,  şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsası olan kəmiyyət və keyfiyyət tədqiqatlarının üsulları haqqında əsaslı bilik və bacarıqlara yiyələnirlər. Bu  məsələlərin nəzəri tərəfi üçüncü mərhələyə aid olsa da, digər qismi  Konsepsiya sənədində müəllim hazırlığının dördüncü "elmi-pedaqoji cəhətdən özünütəkmilləşdirmə" mərhələsində əks etdirilir. Konsepsiya sənədində göstərildiyi kimi, bu mərhələdə gələcək müəllimlər "yeni biliklərin alınması  və onların əsasında pedaqoji fəaliyyətin modelləşdirilməsi, konkret pedaqoji texnologiyaların və üsulların yaradılması prosesinin və həyata keçirilməsinin konseptual təsviri üçün qabiliyyətlər formalaşdırılır".

Nəzəriyyə ilə təcrübəni əlaqələndirmək və "öyrətmək" peşəsinin sirlərini tamamilə əxz etməyə istiqamətlənmiş  beşinci mərhələ, Konsepsiya sənədində   "pedaqoji yenilikçiliyə meyilli olmaq baxımından özünürealizə (subyektin daxili imkanlarının həyata keçirilməsi), özünütəsdiq" adlanır. Bu mərhələdə müəllim təhsil sahəsində yenilikçi fəaliyyətini layihələşdirir və həyata keçirmək üçün qabiliyyətlərini inkişaf etdirir. Bu bacarıqların real məktəb şəraitində, təcrübə zamanı formalaşdırılması nəzəzərdə tutulur. "Təhsilin əsaları" fənninin beşinci məzmun xətti olan "Təhsilin metodoloji  (praktik) əsasları"nda məhz bu məsələlərin həyata keçirilməsi  nəzərdə tutulur.  Təcrübə zamanı elə "şərait yaradılır ki,...subyekt özünü real sosial sifariş yerinə yetirən bir şəxs hiss edir"(2). Belə şəraitdə gələcək müəllim əldə etdiyi bilik və bacarıqları təcrübədə  bir semestr boyu  (60 saat) konkret tapşırıqlar üzrə  tətbiq edir və təcrübəli orta məktəb müəllimlərinin, eləcə də xüsusi kursdan keçmiş "Təhsilin əsasları" fənn müəllimlərinin nəzarəti altında müəllimlik üçün əhəmiyyətli olan bütün fəaliyyətləri yerinə yetirirlər. Konsepsiya sənədində göstərildiyi kimi, "belə şəraitin yaradılması baza pedaqoji təhsil prosesində təhsilalanın özünü sosial əhəmiyyətli və sosial məsuliyyətli bir şəxs kimi  hiss etməsinə, cəmiyyətin dinamik sosial-iqtisadi həyat şəraitinə uyğunlaşması üçün müəyyən qabiliyyətlərin inkişaf etdirilməsinə kömək edir" (2).   Belə təcrübə zamanı gələcək müəllim özü də  fəaliyyətindəki uğurları və problemləri aşkar edir, onların üzərində müvafiq işlər aparmaq  üçün "öyrəndiyi nəzəri biliklərdən hansına daha çox ehtiyac duyulduğunu müəyyən edir" (3) və həmin istiqamətdə bilik və bacarıqlarını daha da artırır. 

Göründüyü kimi, "Təhsilin əsasları" fənninin məzmununu təşkil edən altı məzmun xəttinin hər birinin ciddi elmi və hüquqi əsası vardır.  Bu baxımdan "Təhsilin əsasları" fənninin məzmun xətləri aşağıdakı kimi müəyyən edilmişdir: 

·          Təhsil fəlsəfəsi və təlim prosesi;

·          Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı;

·          Təhsildə dövlət siyasəti; 

·          Təhsilin məzmunu (kurikulum) və onun  elmi-nəzəri əsasları;

·          Təhsilin metodoloji  (praktik) əsasları;

·          Təhsilin maliyyələşdirilməsi və keyfiyyətin yüksəldilməsində onun rolu.

Məlum olduğu kimi, "Təhsilin əsasları" fənninin məzmununun müəyyən edilməsi hələ işin başlanğıcıdır. Həmin məzmunun hansı yollarla tədris edilməsi və qiymətləndirilməsi keyfiyyətin məhək daşıdır.

Beynəlxalq məsləhətçi Rob MakBrayd da ali məktəblərdə müəllim  hazırlığında istifadə edilən metodologiya ilə bağlı aşağıdakıları nöqsan olaraq qeyd etmişdir:

·          fənlər üzrə yalnız "nəyin" deyil, həm də onların "necə" öyrədiləcəyinin  göstərilməməsi;

·          nəzəriyyə ilə praktika arasında əlaqənin olmaması;

·          tələbələrin nəzəri bilikləri dərsliklərdən öyrənib yadda saxlaması, onları yoldaşları ilə müzakirələr zamanı aşkar etməməsi;

·          avadanlıqların və təchizatın qeyri-qənaətbəxş vəziyyətdə və sayda olması və s;

·          tələbələrin təhsil haqqında biliklərlə kifayət qədər tanış ola bilməmələri.

Bu baxımdan, müəyyən edilmiş məzmunu "necə" öyrənməyin yolları "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)", "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və  müəllim hazırlığı  Konsepsiya və Strategiyası"  baxımından   araşdırılmışdır.

Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər "Təhsil  qanunu"nda aşağıdakı kimi tənzimlənir:

"Ümumi orta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir" (19.13).

"Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində orta təhsil pilləsinin sonunda müəyyən edilmiş təlim nəticələrinə nail olmaq üçün təlimin təşkilinə verilən tələblərdə göstərilir: "Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında ...qurulur".

Tam orta təhsil pilləsini bitirən şagirdə verilən tələblər araşdırılarkən məlum olmuşdur ki, on birinci sinfi bitirən şagird ciddi tədqiqatçılıq bacarığına malik olmalı, eləcə də əldə etdiyi məlumatları təhlil edib, onlara münasibət bildirib, qərarlar qəbul etmək və ya  mühakimələr yürütmək kimi idraki bacarıqlara yiyələnmiş olmalıdır.  Həmin şagirdlər kollektiv fəaliyyətdə fəal qrup üzvü, bacarıqlı lider, idarəçi, təşkilatçı kimi özünü göstərməyi də bacarmalıdır. Eyni zamanda müasir texnologiyalardan müstəqil istifadə etmək, insanlarla etik normalar çərçivəsində ünsiyyət yaratmaq bacarıqlarına və digər dəyər və vərdişlərə malik olmalıdır. Bütün bunlara nail olmaq üçün müəllim özü əvvəlcə bu bacarıq və dəyərlərin daşıyıcısına çevrilməlidir. Odur ki, "Təhsilin əsasları" fənninin məzmundan az əhəmiyyətli olmayan strategiya bölməsi işlənərkən məhz bu bilik, bacarıq və dəyərlər nəzərə alınmışdır. 

"Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və  müəllim hazırlığı  Konsepsiya və Strategiyası"nda müəllim hazırlığının yolları aşağıdakı kimi təsvir edilir: "Fasiləsiz pedaqoji təhsilin həyata keçirilməsi prosesində təhsilalanın sosial həyatın subyekti kimi özünü inkişaf etdirməsi üçün şəraitin yaradılması təhsil prosesinin xarakterinin dəyərləndirilməsini tələb edir. Bu prosesin bütün mərhələlərində problemin və ya hər hansı bir məsələnin kollektiv həlli üçün vərdişlər, öz fikrindən daşınaraq dialoqa girmək və başqaları ilə razılaşmaq bacarıqları əldə edilir. Ona görə də ...subyektin sosial şəxsiyyət kimi inkişaf etdirilməsi üçün təlimin kollektiv formalarından istifadə edilir, təhsilalanın ...özünütəhlili üçün şərait yaradılır". Müəllim hazırlığı üçün aşağıdakı  tendensiyaların  beynəlxalq səviyyədə qəbul edildiyi də sənəddə göstərilir:

·          Tələbələrlə təmas vaxtının azaldılması və sərbəst düşünmək və müstəqil fəaliyyət göstərmək üçün daha çox vaxt verilməsi;

·          Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə, müasir təlim metodlarından və pedaqoji texnologiyalardan istifadə;

·          Pedaqoji və psixoloji fənlərin sayını artırarkən seçmə və  inteqrativlik prinsiplərindən daha çox istifadə etmək;

·          Pedaqoji təcrübə müddətinin artırılması və bu müddətdə gələcək müəllimlərdə öz sənətinə uyğun praktik vərdişlərin əldə edilməsi  üçün müstəqilliyin və fəallığın gücləndirilməsi üçün diqqətin gücləndirilməsi və s. 

Odur ki, "Təhsilin əsasları" fənninin məzmundan az əhəmiyyətli olmayan strategiya bölməsi işlənərkən yuxarıda adıçəkilən sənədlərdə vurğulanmış bilik, bacarıq və dəyərlər nəzərə alınmışdır.  Belə ki, bütün təlim problemin həllinə istiqamətlənmiş, tələbələr müəllimlərin mühazirələrini dinləmək kimi bir darıxdırıcı təlim fəaliyyətindən azad olmuşlar. Daha çox müstəqil tədqiqatlar aparmaqla biliklər əldə edirlər. Bunun üçün aşağıdakı təlim strategiyalarından istifadə edilir:

·          Məlumat bazalarından məqsədyönlü  (kitabxana və İnternet) istifadə;

·          Problem həlli;

·          Tədqiqat;

·          Hadisənin (video, audio, mətn) araşdırılması;

·          Müzakirə;

·          Öyrənənlərin təqdimatları (Microsoft Power Point və Word vasitəsi ilə);

·          Dərs müşahidələri və məktəblərdə görüşlər;

·          Müəllimlə məsləhət;

·          Mühazirə (müəllimin PP  təqdimatları);

·          Müstəqil oxu.

Uğurlu dərs forma və üsulu seçmək də hələ keyfiyyətli dərsin təşkil edildiyindən xəbər verə bilməz. Buna nail olmaq üçün məqsədin reallaşdırılmasına xidmət edən, dəqiq düşünülmüş təlim materialları və təlim tapşırıqları müəyyən edilməlidir ki, fənnin keyfiyyətli tədrisinə nail olmaq üçün bu baxımdan da ciddi işlər aparılmışdır. Belə ki, təhsilin müasir tendensiyaları ilə bağlı tədqiqat əsərlərinin  məhdud olduğunu və ya əldə edilməsinin asan olmadığını nəzərə alaraq  təlim prosesində tədqiqatın aparılması üçün əhəmiyyətli hesab edilən çox dəyərli Azərbaycan dilində olan əsərlərin elektron versiyası, ingilisdilli əsərlərin tərcüməsi xüsusi qovluqlarda hər bir tələbəyə təqdim edilmişdir.

Müxtəlif məqsədlərlə müşahidələr aparmaq, təhlil etmək, müzakirələrdə iştirak etmək, mühakimələr yürütmək məqsədi ilə uğurlu və nöqsanlı dərs nümunələrinin DVD versiyaları müəllimlərin tədris vəsaitlərinin sırasına daxil edilmişdir. Eləcə də  mövzuların tədrisi zamanı əhəmiyyətli hesab edilən,  www.prezident.az portalından əldə edilmiş Prezident İlham Əliyevin  nitq və  çıxışlarının DVD versiyaları da dəyərli təlim materialları kimi proqrama daxil edilmişdir.  Təlim prosesini  informasiya-kommunikasiya texnologiyalarından kənarda təsəvvür etmək qeyri-mümkündür. Təhsil naziri Misir Mərdanovun tapşırığı ilə "Təhsilin əsasları" tətbiq edilən üç ali məktəbdə: ADPU, AMİ və GDU-da "Təhsilin əsasları" fənn kabineti təsis edilmişdir. AMİ-nun isə baş institutu ilə yanaşı, həm də respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən  bütün  filiallarında bu kabinet təsis edilmiş, otaqlar hər 2 tələbəyə 1 kompüter olmaqla kompüterlərlə təchiz edilmiş və onların İnternetə çıxışı təmin olunmuşdur.

Fənnin tədrisi prosesində  İKT-nin yalnız İnternet imkanlarından deyil, həm də  multi-media imkanlarından  geniş istifadə edilir.   Tələbələrin müxtəlif qavrama imkanları nəzərə alınmaqla resurslar sırasına bütün təlim boyunca hər dərsi əhatə edən Power Point təqdimat daxil edilmişdir ki, bu da tələbələrə təqdim edilən məlumatların vizual, səsli, animasiyalı və s. şəkildə çatdırılmasına yardımçı olur.  Tədqiqatlar aparmaq,   İnternet səhifələrindən məlumatlar əldə etmək  nəticələri ilə bağlı təqdimatlar  və hesabatlar hazırlamaq (İnternet Explorer; Microsoft Word və Power Point proqram təminatı vasitəsi ilə) kimi tapşırıqlar tələbələrin İKT-nin fəal istifadəçisinə çevrilməsinə yardımçı olur.

Zəruri materialların tələbələrə qovluqlarda təqdim edilməsi  fənnin eksperimental olmasından və təlim materiallarının sınaqdan keçirilməsindən irəli gəlir. Semestrdən-semestrə özünü doğrultmuş bölmələr üzrə dərs vəsaiti işlənməkdədir. Bakalavr pilləsinin III semestrinin materialları əsasında artıq bu işlər aparılır. Vəsait interaktiv xarakter daşıyır, tələbələrlə sanki ünsiyyətə girir və onların öyrənmə fəaliyyətini istiqamətləndirir.  Öyrənənlərin öz nailiyyətlərini qiymətləndirməsi üçün də geniş özünüqiymətləndirmə imkanları təqdim edilir. Vəsaitə DVD-lərdə  əlavə edilmiş  audio, video, animasiyalı və linqvistik xarakterli   elektron materiallar onu unikal və orijinal  müstəqil təlim materialı kimi  səciyyələndirir.

 "Təhsilin əsasları" fənninin tədrisinə başlamazdan əvvəl tələbələr qiymətləndirmə mexanizmləri haqqında da məlumatlandırılır ki, bu da şəffaflığın təmin olunmasında mühüm şərt kimi dəyərləndirilir. Onlar ilin əvvəlindən bilirlər ki, hansı fəaliyyətlər onlara nə qədər kredit toplamağa imkan verir.

1. Dərsə davamiyyət öyrənənin ümumi nailiyyət səviyyəsinin 5%-ni;

2. Qrup təqdimatları öyrənənin ümumi nailiyyət səviyyəsinin 30%-ni;

3. Müəllimlə məsləhət öyrənənin ümumi nailiyyət səviyyəsinin 5%-ni;

4. Cəmi 9-12 səhifə həcmində müxtəlif müstəqil işlər öyrənənin ümumi nailiyyət səviyyəsinin 10%-ni;

5. Son imtahan  öyrənənin ümumi nailiyyət səviyyəsinin 50%-ni təşkil edir.

Təqdim edilən  hər bir müddəa üzrə  geniş şərhlər tələbələrə təqdim edilir. Bu şərhlər qiymətləndirmə standartları kimi dəyərləndirilə bilər. Birinci müddəanın şərhi oxucunun nəzərinə çatdırılır:  

·          Dərsə davamiyyət öyrənənin ümumi nailiyyət səviyyəsinin 5%-ni təşkil edir;

·          Tələbələrlə müzakirələrdə fəal iştirak edir;

·          Müəllimin  və öyrənənlərin fikirlərinə yaradıcı  yanaşır;

·          Verilmiş oxu materiallarını oxuyur və həmin materialları dərk etdiyini nümayiş etdirir.

Bu açıqlamada tələbəyə izah edilir ki, 5 kredit qazanmaq üçün yalnız dərsdə iştirak etmək kifayət hesab edilməyib, həm də həmin dərslərdə  fəal, müzakirələrdə fikirlərini bildirərək, məlumatlılığını nümayiş etdirərək iştirak etmək lazımdır. 

"Təhsilin əsasları" fənninin imtahanlarının keçirilməsi qaydası da digərlərindən fərqlidir.  İmtahan biletlərində tələbələrə dörd sual təqdim edilir.

Bu biletlərdə birinci sual şagirddən yalnız məsələ ilə bağlı  məlumatlılıq səviyyəsini, ikinci sual  müasir təhsil sənədlərini öyrəndiyi təhsil fəlsəfələri ilə əlaqələndirərək  mühakimə yürütmək bacarığının,  üçüncü sual məlumatları təhlil edib qənaətlərə gəlmək bacarığının,  dördüncü tapşırıq isə İKT vasitəsi ilə informasiya mənbələrinə yetişmək, zəruri məlumatları əldə edə bilmək, onlardan məqsədyönlü istifadə edib, problemi həll edərək öz kiçik əsərini yaratmaq bacarıqlarının səviyyəsini yoxlamaq məqsədi daşıyır. Təlim prosesində gələcək müəllimlər nəzəriyyəni praktika vasitəsi ilə öyrəndiklərindən, imtahanda da onların yalnız məlumatlılığı deyil, həm də  müxtəlif bacarıqları  yoxlanılır . 

Beləliklə,  "Təhsilin əsasları" fənni istər məzmun, istər təlim texnologiyaları, istərsə də qiymətləndirmə mexanizmləri baxımından müasir tələblərə cavab verən bir fəndir. Onun yüksək səviyyədə inteqrativliyi də məhz bu aspektdən izah edilir. Belə ki, fənnin məzmunu psixologiya, pedaqogika, metodika, sosiologiya, politologiya, fəlsəfə, tarix, informatika fənlərinin  inteqrasiyası bazasında  tərtib edilmişdir.

Artıq 2009-2010-cu dərs ili başa çatmaqdadır. Fənnin tədrisi üçün müəyyən edilmiş 270 saatdan  120-si üzrə "Təhsil fəlsəfəsi və təlim prosesi", "Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı" və "Təhsildə dövlət siyasəti" bölmələri tədris edilmişdir.

Hər semestrdən əvvəl üç ali təhsil müəssisəsinin fənni tədris edəcək müəllimləri müvafiq kurslara cəlb edilir.  Burada müəllimlər tədris ediləcək bölmənin məzmunu, həmin məzmunun reallaşdırılması üçün nəzərdə tutulmuş təlim strategiyaları, dərslərdə istifadə ediləcək təlim materialları  və tapşırıqlar, eləcə də stimullaşdırma və qiymətləndirmənin üsulları ilə bağlı mühüm bilik və bacarıqlara yiyələnirlər. Kurs tədris edildiyi hər iki semestr zamanı işin gedişini öyrənmək, problemləri aşkar edib, müəllimlərə lazımi tövsiyələr vermək məqsədi ilə monitorinqlər keçirilmişdir. Bu zaman aşağıdakı üsullardan istifadə edilmişdir: dərsdinləmələr, tələbələrlə söhbət, anonim anket sorğusu, müəllimlərlə müsahibələr, eləcə də həmin ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər.

Tələbələrlə söhbət zamanı məlum olmuşdur ki, onlar təhsil sahəsində aparılan islahatlardan xəbərdardırlar, onun  əhəmiyyətini dərk edirlər, təhsilin mövcud problemlərini öz problemləri hesab edirlər və onların həlli yollarının axtarışındadırlar. Anonim sorğu vərəqlərində "Bu fənn  üzrə öyrəndiklərinizi öz gələcək fəaliyyətiniz üçün faydalı hesab edirsinizmi" sualına hər üç ali məktəbdə sorğuya cəlb edilən  81 nəfər tələbənin hamısı "Bəli" cavabı vermişdir. "Nə üçün belə düşünürsünüz" sualına verilən cavablardan bir neçə nümunə  oxucuların diqqətinə  təqdim edilir.

Azərbaycan Müəllimlər İnstitutu:

·          "Gələcək fəaliyyətimdə bu fənn üzrə öyrəndiklərimdən istifadə edəcəyəm. Uğurlu nəticələr əldə edəcəyimə də inanıram".

·          "Mən belə hesab edirəm ki, "Təhsilin əsaları" fənni mənim gələcək müəllimlik həyatımda böyük rol oynayacaq. Fənnin əhəmiyyəti oduqca böyükdür. Çünki müəllim müəllim kimi burada formalaşır".

·          "Öyrəndiklərimiz sinfin təşkilində, dərsin idarə edilməsində çox faydalıdır".

Azərbaycan Dövlət Pedaqoji Universiteti:

·          "Sahib olacağım ixtisasa tam şəkildə yiyələnirəm. Yenilikləri, dəyişiklikləri, dövlətin təhsil siyasətini, onun tətbiqini öyrənirəm".

·          "Bu fənn ən yaxşı müəllim olmağımıza təminat verməklə bərabər, görəcəyimiz işləri sistemləşdirir".

·          "Bu fənn məndə müəllim kimi yüksək keyfiyyətlər aşılayıb. Edə biləcəyim səhvlərdən qurtarıb".

·          "Gələcəkdə artıq nə edəcəyimi bilirəm. Gələcək müəllim necə olmalıdır, onu da bilərəm. İstənilən zaman qarşıma çıxan problemlərin həllini öyrənirəm".

·          "Bu fənni digər keçdiyimiz fənlərdən fərqli hesab edirəm. Gələcəyimiz üçün lazım olan təlim prosesi, təlim üsulları, İKT-dən istifadə ilə bağlı zəruri bacarıqlar alıram".

·          "Bu fənn həyatdan götürülmüş məsələləri əhatə edir".

·          "Təhsil prosesini necə təşkil etməliyik?", "Şagirdlərlə necə davranmalıyır?" kimi bu və ya digər məsələlərin həllində öyrəndiklərimiz böyük əhəmiyyətə malikdir".

Gəncə Dövlət Universiteti:

·          "Əgər bir müəllim təhsilin kökləri haqqında biliyə malik deyilsə, o, necə tədris edə bilər? Dünyagörüşümün formalaşması və intellektli, savadlı kadr kimi yetişməyimiz üçün, əlbəttə ki, faydalıdır".

·          "Təhsilin əsasları" fənni üzrə öyrəndiklərimiz fəaliyyətimizin səmərəliliyini yüksəltməyə, şagirdlərlə münasibətlərimizi düzgün qurmağa, təlim üsullarından düzgün istifadə etməyə, təhsildə keyfiyyətə nail olmağa kömək edəcək".

·          "Bu fənnin tədrisi mənim gələcəkdə yaxşı bir  mütəxəssis kimi  formalaşmağımda böyük rol oynayacaq. Sinfin idarə edilməsində müəllimin istiqamətverici qüvvə olduğunu dərk etdim".

·          "Belə hesab edirəm ki, bu fənn üzrə öyrəndiklərim fəaliyyətimə səmərə qatacaq. Belə ki, öz yaradıcılığımdan və təşəbbüskarlığımdan daha uğurla istifadə edəcəyəm" və s.

Təhsil sahəsində kifayət qədər təcrübəsi olan, pilot ali təhsil müəssisələrində "Təhsilin əsasları" fənnini tədris edən  müəllimlər bu fənnin tədrisinin gələcək müəllimlərin hərtərəfli, peşəkar təhsil işçisi kimi formalaşmasında böyük rolu olacağını bildirirlər. Onlar hesab edirlər ki, yaxın gələcəkdə məhz bu kursu öyrənmiş pedaqoji kadrlar yüksək qiymətləndiriləcəklər.

Bütün bunlara nail olmaq üçün hələ qarşıda görüləcək nə qədər işlər var: yeni bölmələr, yeni təqdimatlar, yeni müəllim hazırlığı kursları, yeni monitorinqlər, yeni imtahanlar.  Hələ yolun yarısındayıq. Amma təhsil naziri Misir Mərdanovun "Təhsilin əsasları" fənninin tədrisinə böyük diqqət və qayğısı, fənnin tətbiqi ilə bağlı bütün təşkilati işlərdə xüsusi xidmətləri olan  Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyinin dəstəyi, tələbə və müəllimlərin yeni fənnə münasibəti və əldə edilən nəticələr  düşünməyə əsas verir ki, daha böyük uğurlar hələ qarşıdadır. Bu gün tam məsuliyyətlə deyə bilərik  ki, "Təhsilin əsasları" fənni Azərbaycan Respublikasının pedaqoji kadr hazırlığında bir hadisədir. Zaman bunun həqiqət olduğunu göstərəcəkdir.  

Afət SÜLEYMANOVA,
Təhsil Nazirliyinin
aparıcı məsləhətçisi 

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.