17.12.2014

Müəllimlər “iki od arasında”!...


VALİDEYNLƏRİN YOLVERİLMƏZ TƏZYİQLƏRİ VƏ ƏKSƏRƏN YERSİZ NARAZILIQLARI MÜƏLLİM NÜFUZUNUN ZƏİFLƏMƏSİNƏ, ŞAGİRDLƏRƏ QARŞI TƏLƏBKARLIĞIN AZALMASINA, BELƏLİKLƏDƏ TƏDRİSİN KEYFİYYƏTSİZLİYİNƏ SƏBƏB OLUR
01:30 / 27.02.2010


Bu gün Azərbaycan məktəbi haqqında geniş ictimaiyyət arasında müxtəlif fikirlər səslənir. Yaxşı və pis məktəb, güclü və zəif müəllim anlayışları bütün hallarda müasir təhsilimizin səviyyəsinin göstəricisi kimi çıxış edir. Gəlin açıq etiraf edək ki, hazırda müəllim nüfuzu, müəllim-şagird münasibətləri, məktəbə olan hörmət və ehtiram barədə söhbət düşəndə mənfi məqamlar daha çox narahatlıq doğurur. İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır. Müəllim isə ta qədimdən xüsusi hörmətə layiq görülüb. Çünki o, insanları kamillik zirvəsinə səsləyir. O, ağıl-kamal sahibidir, gözəl mənəviyyat timsalıdır, ən əsası isə, əsrlər boyu toplanmış elmi biliyi öyrədən, şagirdlərdə yaradıcı təxəyyülün axarını açan, ümumbəşəri mədəniyyəti sevdirəndir. Lakin valideyn-şagird-müəllim xəttindəki münasibətlərdə son zamanlar ortaya çıxan ciddi problemlər, anlaşmazlıqlar tədris prosesinin keyfiyyətinə və nəticələrinə mənfi təsir göstərməkdədir. Müşahidələr, faktlar belə qənaətə gəlməyə əsas verir ki, hazırda məktəblərin pedaqoji kollektivi, müəllimlər birbaşa olaraq valideynlərin, dolayısı ilə cəmiyyətin əksərən haqsız və yersiz təzyiqlərilə üz-üzədir. Şagird-müəllim münasibətlərindəki çətinliklərlə bağlı əsasən birinci tərəfin mövqeyinin güclənməsi ikincinin öz vəzifəsini lazımi səviyyədə icra etməsinə, zəruri tələbkarlıq və ciddiyyət göstərməsinə açıq-aşkar mane olur. Burada valideynlərin övladlarına “əziz-xələfdir” mövqeyindən yanaşmaları, bu məqsədlə müəllimlərə və məktəb rəhbərliyinə əsassız təzyiqlərə əl atmaları, pedaqoji kollektivin işinə yolverilməz şəkildə müdaxilə etmələri xüsusən mənfi rol oynayır. Nəticədə, 

MÜƏLLİM NÜFUZUNA  XƏLƏL GƏLİR, ŞAGİRDLƏRDƏ HƏDSİZ ÖZÜNƏGÜVƏNMƏ HİSSİ BAŞ QALDIRIR, 
sonda isə tədrisin keyfiyyəti kəskin zərbə alır.
Təhsil naziri Misir Mərdanov bu fikirdədir ki, müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Onun adına, peşəsinə hörmətlə yanaşılmalıdır. Şagirdin müəllimə qarşı hər hansı bir hörmətsiz hərəkəti yolverilməzdir: “Təhsil sahəsindəki ictimaiyyətdə yaranan neqativ münasibətlər məhz valideynlərin məktəblə əlaqələrinin düzgün qurulmamasından qaynaqlanır. Məktəblə əlaqəsi olmayan valideynlər təhsildəki, məktəbdəki vəziyyət barədə yalnız orada təhsil alan övladlarından öyrənir. Ancaq müəllimin nə düşündüyünü, məktəbdəki real mühitin necə olduğunu valideyn doğru-düzgün bilmir. Bu səbəbdən də məktəblərdə valideyn-müəllim münasibətlərinin güclənməsinə və genişlənməsinə böyük ehtiyac var”. 
Nazirin sözlərinə görə, hətta sovet dövründən bəri Nazirliyin ən ciddi problemlərindən biri valideyn-müəllim, valideyn-məktəb münasibətinin məktəbin və təhsilin xeyrinə istiqamətlənməsi olub: “Son illər mən özüm də bir sıra xarici ölkələrə səfərlər zamanı oradakı vəziyyətlə tanış olmuşam, xaricə mütəxəssislər göndərmişik. Məlum olub ki, inkişaf eləmiş ölkələrdə valideyn birlikləri, direktoryanı şuralar var. Onlar bizdəkindən fərqli olaraq, yalnız öz uşaqlarının işinə görə məktəbə gəlmirlər. Bu valideynlərin əksəriyyətinin günü məktəbdə keçir. Onlar məktəbin proqramlarının, hətta dərsliklərin hazırlanması, dərs cədvəlinin tutulması, müəllimlərin işə götürülməsi, dərsin müəllimlər arasında bölüşdürülməsi, məktəbin maliyyələşdirilməsi kimi bütün məsələlərə müdaxilə edirlər. Ona görə də məktəb inkişaf edir. 

BİZDƏ VALİDEYN NƏ VAXT MƏKTƏBƏ GƏLİR? – UŞAĞI “2” ALANDA, ÖVLADINA BİR SÖZ DEYİLƏNDƏ...
Yaxud uşağının nəsə bir problemi yarananda valideyni pedaqoji kollektiv arasında görürük. Bizdə hələ cəmiyyət tam başa düşmür ki, valideyn təkcə uşağı həyata gətirməyə məsul deyil. Uşağın gələcək həyatına valideyn məktəbdən və müəllimdən daha çox cavabdeh olmalıdır”. 
25 illik pedaqoji təcrübəyə malik Zoya Məmmədovanın sözlərinə görə, müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır. Həm də müasir anlamda yalnız öyrətmir, eyni zamanda, yetişdirir, tərbiyə edir, formalaşdırır və hər bir gənci xalqa, cəmiyyətə təqdim edir. O, şagirdlərin zehni fəallığını təmin etmək üçün müstəqil işləmələri qayğısına qalır, yetirmələrini düşündürücü suallar üzərində çalışdırır, keçilən mövzunu müasir həyatla əlaqələndirir, hər bir dərsin həm də tərbiyəvi xarakter daşımasına, uşaqların mənəvi aləminin zənginləşməsinə ciddi diqqət yetirir. Bir sözlə, müəllim 11 illik təhsil müddətində cəmiyyət üçün bilikli, intellektli, bacarıqlı bir insan yetişdirir. Bunun üçün də müəllim adına və şəxsiyyətinə hörmətlə yanaşılmalıdır. Ancaq çox təəssüf ki, bu gün 

VALİDEYN VƏ ŞAGİRDLƏRİN ÇOXU MÜƏLLİM ŞƏXSİYYƏTİNƏ EHTİRAMLA YANAŞMIR. 
“Müəllimlik peşələr arasında çox böyük iddiaya malik olanıdır. Çünki öyrətmək iddiası var burada. Kimə, nəyi, necə öyrətməkdən, başqasının övladını öz övladı kimi yetişdirməkdən söhbət gedir. Asan deyil. Çətin işdir. Mən dərs dediyim bütün şagirdlərə öz övladım kimi yanaşıram. Onların sözün əsl mənasında savadlı şagird kimi yetişməsi üçün əlimdən gələni əsirgəmirəm. Bunun qarşılığında da həm şagirdlərdən, həm də onun valideynlərindən şəxsiyyətimə hörmətlə yanaşmalarını istəyirəm. Ancaq çox təəssüf ki, bu gün müəllim şəxsiyyətinə kifayət qədər hörmətlə yanaşan şagirdə, valideynə çox az-az rast gəlinir”. 
Z.Məmmədova deyir ki, sovet dövründə formalaşmış klassik müəllim anlayışı artıq dəyişib. İndi müəllimi uzaqdan görən kimi gözdən yayınan, gizlənməyə çalışan şagirdlərə rast gəlmək mümkün deyil: “O dövrdə müəllim şəxsiyyətinə yanaşma bir başqa idi. Həm şagird, həm də onun valideynləri tərəfindən. Yaxşı yadımdadır, əvvəllər valideynlər övladını məktəbə aparanda müəllimə bərk-bərk tapşırardı: “Əti sənin, sümüyü mənim”. İndi isə, birinci, uşağı məktəbə valideyn yox, “şofer” gətirir, ikinci, valideyn ələ düşmür ki, sözünü deyəsən. Üçüncü isə, müəllim bir yol tapıb valideynə övlad barədə nəsə irad bildirəndə, 

VALİDEYN MÜƏLLİMİ BORCLU ÇIXARDIR. 
Valideynlər deyir ki, uşağım mənim üçün çox əzizdi, ərköyün saxlanılıb, evdə nazını biz, “kaprizlərini” isə məktəbdə müəllimlər çəkməlidir. Valideyni bu fikirdə olan uşaqdan nə gözləyəsən... Müəllim intellekti, bilik və təcrübəsi, mehriban davranışı, ünsiyyəti ilə şagirdin diqqəti cəlb etməyə çalışır. Müxtəlif metodlardan istifadə edərək oxumaq arzusu olmayan şagirdin diqqətini dərsə yönəltməyə səy göstərir. Ancaq nəticə alınmadıqda şagirdə öyüd verməkdən belə çəkinir”. 
Müəllimə Aybəniz Əliyevanın fikrincə, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət əsasında qurulmalıdır. Müəllim şagirdi yersiz cəzalandıra bilməz, təhqir isə qəti yolverilməzdir, eyni zamanda şagirdin də müəllimə hörmətsiz yanaşması son dərəcə ağır, acınacaqlı haldır. Müəllim əməyinə xor baxan, ona hörmət etməyən şagird heç vaxt irəli gedə bilməz, belə cəmiyyətin sabahı da qaranlıq olar: “İndiki uşaqların müəllimə münasibəti çox fərqlidir. Bəziləri artıq etik çərçivədən çox kənara çıxıblar. Bu baxımdan əsas günahı valideynlərdə görürəm, çünki uşaqlar məktəbdə yalnız 5-6 saat tədris görür, günün digər vaxtlarını isə evdə, qohumlarının arasında keçirirlər. Bu zaman onlar evdə görüb-götürdükləri tərbiyəni gəlib məktəbdə göstərirlər. 

EVDƏ VALİDEYNİNƏ HÖRMƏT ETMƏYƏN UŞAQ MƏKTƏBDƏ MÜƏLLİMİNƏ HÖRMƏT QOYAR?!” 
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev deyir ki, sovet dövründə müəllim nüfuzu çox yüksək idi. Hər kəs müəllimə, onun peşəsinə çox hörmətlə yanaşırdı. O dövrün şagirdləri müəllimə müqəddəs, əlçatmaz bir varlıq kimi baxırdılar. Hətta o illərdə müəllim ixtisasını seçənlər sayca üstünlük təşkil edirdi. Ancaq zaman keçdikcə müəllimə olan münasibət dəyişdi, müəllim nüfuzu aşağı düşməyə başladı: “Bəzi hallarda insanlar bunun günahını müəllimlərdə görür. Deyirlər, müəllim özünü şagirdə saydırmağı bacarmır. Müəllim sinifdə elə ab-hava yaratmalıdır ki, şagird ona hər hansı artıq bir söz deməyə, artıq hərəkət etməyə cürət etməsin. Bu düzgün fikir deyil. Bu gün 

MÜƏLLİM NÜFUZUNUN AŞAĞI DÜŞMƏSİNİN ƏSAS GÜNAHKARI VALİDEYNLƏRDİR. 
Əvvəllər müəllimlə şagird arasında hər hansı bir problem yarananda valideynlər müəllimin tərəfində olar, onu dəstəkləyərdilər. İndi isə valideynlərin fikirləri dəyişib. Onların əksər hissəsi hesab edir ki, səbəb nə olursa olsun, şagirdə müəllim tərəfindən hər hansı bir irad bildirilməməlidir. Hətta şagird dərsə hazır olmadığı təqdirdə belə! Valideynlərin bu yalnış fikri isə ilk növbədə şagirdin təlim-tərbiyəsinə öz mənfi təsirini göstərir”. 
E.Əliyevin fikrincə, problemi aradan qaldırmaq üçün yeni təlim metodlarından istifadə edilməlidir. Yeni metodlardan istifadə tədris prosesinin təşkilinə, müəllim-şagird münasibətlərinə yeni məzmun gətirir, müəllim-şagird münasibətlərinin tamamilə dəyişdirilməsini, onlar arasında pedaqoji əməkdaşlığa, qarşılıqlı hörmətə, bir-birinin ləyaqətinə, hüquq və azadlıqlarına hörmət etməyə əsaslanan yeni münasibətlərin yaradılmasını tələb edir. Yeni təlim metodları əsasında aparılan dərslərdə şagird dinləyici olmaqdan xilas olub fəal icraçıya çevrilir. Bilik sərbəst olaraq şüurlu qəbul edilir, şagirdə zorla verilmir. 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızının fikrincə, 

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ QARŞILIQLI HÖRMƏTƏ ƏSASLANMALIDIR.
Onlar bir-birini başa düşməlidirlər. Müəllim öz səmimiyyəti ilə şagird qəlbinə nüfuz etməyi bacarmalıdır: “Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, öz bildiklərini bizimlə bölüşən dəyərli varlıqlardır müəllimlər. Cəmiyyətimiz bilikli, savadlı, sənətini sevən, öyrətməyi sevən müəllimlərin əlində ucalar, ancaq vəzifəsini layiqincə yetirməyən insanların sayəsində isə insanlara mənfi təsir edər, cəmiyyətimizi çökdürər. Ancaq müəllimlik kimi müqəddəs bir peşəni gərək şagirdlər və onların müəllimləri də layiqincə qiymətləndirsinlər, hörmətli tutsunlar. Əks təqdirdə, yenə də hər bir şagirdə və valideynə, həmçinin bütövlükdə xalqa və dövlətə ziyan dəyə bilər”.
Psixoloq Samir Əhmədov deyir ki, təhsildə müəllim-şagird münasibətləri adətən, kompleks halında qurulan anlayışdır, burada əsas tərəflər valideynlər, şagirdlər və müəllimlərdir. Ümumilikdə isə təhsil sahəsində mövcud olan anlaşma, münasibət problemləri valideyn, müəllim, şagird, məktəb müdiriyyəti və psixoloq kimi tərəflərin iştirakı ilə çözülməlidir. Bu yolla münasibətlərin daha yüksək səviyyədə və uzun müddət üçün davamlı formada qurulmasına nail olmaq mümkündür. Psixoloqun fikrincə, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan müəllimin müvəffəqiyyət qazanması onun şagirdlər arasındakı hörmətindən çox asılıdır. Bu halda müəllim şagirdlərə tədris prosesində bilavasitə emosional-iradi təsir göstərə bilir. Eyni zamanda, valideynlərin mövqeyinin də bu məsələdə özünəməxsus rolu var”. 
Sevinc QARAYEVA


0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.