Azərbaycanda təhsilin demokratik, humanist
prinsiplər əsasında inkişaf etdirilməsi məzmunun, texnologiyaların və
idarəolunma sisteminin yenidən qurulmasını, bu sistemin cəmiyyətin ehtiyac və
tələbatlarına uyğunlaşdırılmasını prioritet istiqamət kimi tələb edir. Bu gün
həmin istiqamətdə görülən işlər, ilk növbədə təhsilin idarəolunması sistemində
dəyişikliklərin aparılmasını həlledici amillərdən biri kimi qarşıya
qoyur. Təhsilin idarə olunmasında elmi-pedaqoji əsaslara istinad
edilməsi, idarəçilik fəaliyyətinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi,
keyfiyyətin monitorinqi prinsipləri əsasında qurulması, təhsildə olan bütün
fəaliyyətlərin inkişafyönümlü xarakterdə olması onun keyfiyyət
göstəricilərinin ardıcıl izlənməsini, keyfiyyətin gözlənilən nəticələrin
reallaşdırılması səviyyəsi ilə müəyyənləşdirilməsini zəruri edir.
Azərbaycan məktəbinin, dünyanın inkişaf
etmiş ölkələrində olduğu kimi, intellekt məktəbinə çevrilməsi, nailiyyətlərin
düşüncə, təfəkkür səviyyəsinə görə qiymətləndirilməsi, onun yeni təhsil
texnologiyaları əsasında qurulmasını və inkişaf etdirilməsini, mövcud metodik
işin təşkili sisteminin təşkilati-struktur baxımından yeniləşdirilməsinə
ehtiyac olduğunu aydın göstərir.
Pedaqoji kadrlarla aparılan metodik işin
istiqamətləndirilməsi, onların ixtisasının artırılması və yenidən
hazırlanması, təlim-tərbiyə işlərinin keyfiyyətinin yaxşılaşdırılması və yeni
pedaqoji texnologiyaların öyrənilməsi və tətbiqi sahəsində məktəb və
metodbirləşmə rəhbərlərinin təlimatlandırılması, qabaqcıl pedaqoji təcrübənin
öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və
digər sahələr üzrə metodik xidmətin təşkilində rayon (şəhər) təhsil
şöbələrinin (idarələrinin) metodik kabinetləri mühüm rol oynayır.
Son illərdə bir sıra rayon (şəhər)
təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin işində fəallıq hiss
olunsa da, ümumilikdə onların fəaliyyəti günün tələblərindən geri qalır.
Müşahidələr göstərir ki, metodik kabinetlər tərəfindən pedaqoji işçilərə
metodik kömək göstərilməsi heç də həmişə kifayət qədər sistemli şəkildə
təşkil edilmir. Bunun əsas səbəblərindən biri xidmət göstərənlər arasında
(təhsil şöbəsi, metodik kabinet, məktəb) möhkəm əlaqənin olmaması ilə
bağlıdır. Bu gün pedaqoji kollektivlərə göstərilən metodik xidmət, demək olar
ki, günün tələbləri ilə ayaqlaşa bilmir. Pedaqoji elmlər sahəsində baş verən
yeniliklər, ölkədə gedən köklü təhsil islahatları metodik xidmətin təşkilinin
məzmunu və formasının təkmilləşdirilməsini tələb edir.
Metodik xidmət nədir? Bu, hər bir müəllimin
ixtisasının və peşə ustalığının artırılması, pedaqoji kollektivin yaradıcı
potensialının inkişafı və onun yüksəldilməsi istiqamətinə yönəldilmiş
qarşılıqlı tədbirlər sistemidir. Pedaqoji elmin nailiyyətləri və pedaqoji
prosesdə yaranan qabaqcıl pedaqoji təcrübənin təhlili metodik işin əsasını
təşkil edir.
Uzun illər metodik kabinetlər tərəfindən
metodik işin təşkili əmrlərin, sərəncamların, metodik göstərişlərin məcburi
şəkildə yerinə yetirilməsi ilə məhdudlaşmışdır. Metodik kabinetin əməkdaşları
çox az hallarda vəzifə funksiyalarını yerinə yetirmiş, əksər vaxtlarda
müəyyən mənada inspektorların işini təkrar etmişlər. Ona görə də metodik
xidmətin strukturunun günün tələblərinə uyğun olaraq yenidən qurulması
zərurəti yaranmışdır. Hazırda ölkəmizdə təhsil sahəsində islahatların
aparıldığı, innovasiyaların, təcrübi-eksperimental fəaliyyətin intensiv
şəkildə artdığı bir vaxtda metodik kabinetlərin mövcud iş sistemi təhsildə
gedən sürətli dəyişikliklərlə ayaqlaşa bilmir. Ona görə də bir çox inkişaf
etmiş ölkələrin təcrübəsindən istifadə etməklə respublikamızda da metodik
xidmətin daha əlverişli, səmərəli, təhsil sisteminin işçiləri tərəfindən
qəbul edilə bilən modelini yaratmaq artıq vaxtı çatmış məsələlərdən biridir.
Heç də təsadüfi deyildir ki, bu məsələ təhsil naziri cənab Misir Mərdanovun
təşəbbüsü ilə nazirlikdə müzakirə olunmuşdur. İşçi qrupu yaradılaraq
respublikanın rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin mövcud
fəaliyyəti təqdim edilən sənədlər əsasında öyrənilmiş, hazırlanmış arayış
kollegiya iclasında müzakirə edilərək müvafiq qərar qəbul olunmuşdur.
Təhsil naziri, professor Misir Mərdanovun
"Azərbaycan müəllimi" qəzetinin 23 iyul 2010-cu il tarixli
nömrəsində "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir
baxış" adlı məqaləsində təhsil sistemində metodik xidmətin təşkili
vəziyyəti və onun yaxşılaşdırılmasına dair həyata keçiriləcək tədbirlər
ətraflı şəkildə şərh edilmişdir.
Bu məqalədə biz yalnız metodik kabinetin
fəaliyyətinin planlaşdırılması və metodik xidmətin təşkilinin bəzi
formalarını yığcam şəkildə şərh etməyə çalışmışıq.
Rayon (şəhər) təhsil şöbələrinin
(idarələrinin) metodik kabinetlərinin vəzifələri, onların görəcəyi işlər
Təhsil Nazirliyinin 01.02.2002-ci il tarixli, 111 nömrəli əmri ilə təsdiq
edilmiş "Rayon (şəhər) təhsil şöbəsinin metodik kabineti haqqında
Əsasnamə"də öz əksini tapmışdır.
Əsasnamədə göstərildiyi kimi, vəzifələr
çoxdur və onların yerinə yetirilməsi xeyli dərəcədə metodik kabinetlərin
işinin düzgün planlaşdırılmasından asılıdır. Dəqiq, müasir tələblərə cavab
verən fəaliyyət planı olmadan həmin vəzifələri yerinə yetirmək mümkün deyildir.
Metodik kabinetin fəaliyyət planı tərtib
edilərkən elmlik, konkretlilik, yığcamlıq, demokratiklik prinsiplərini nəzərə
almaq lazımdır. Lakin aparılan müşahidələr və sənədlərin təhlili göstərdi ki,
bəzi rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin fəaliyyət
planlarında nəzərdə tutulan məsələlər o qədər də aktuallıq kəsb etmir, günün
tələbləri ilə səsləşmir. Plana daxil edilən tədbirlər üzrə gözlənilən
nəticələr əvvəlcədən müəyyənləşdirilmir. Bəzi rayon (şəhər) metodik
kabinetlərinin fəaliyyət planlarında metodik işin məzmunu və təşkili,
pedaqoji kadrların ixtisasının artırılması sahəsində görüləcək işlər,
qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması,
gənc müəllimlərlə aparılan işin məzmunu, dayaq məntəqələrinin fəaliyyətinin
səmərəli təşkili və fənn kurikulumlarının tətbiqi ilə bağlı məsələlərə
kifayət qədər yer verilmir. Əksər fəaliyyət planlarının bölmələri düzgün
müəyyənləşdirilmir. Bütün bunları nəzərə alaraq, kollegiyanın qərarında
nəzərdə tutulduğu kimi, metodik kabinetlərin əməkdaşlarına kömək məqsədilə
illik fəaliyyət planının tərtibi prinsiplərini, nəzərdə tutulan tədbirlərin
qısa məzmununu, habelə metodik kabinetlərin fəaliyyətində əsas yerlərdən
birini tutan və daha çox əhəmiyyət kəsb edən metodbirləşmələrin işinin
təşkili, gənc müəllimlərlə aparılan işin məzmunu, qabaqcıl pedaqoji
təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi məsələlərini
yığcam şəkildə şərh etməyə çalışmışıq. Fəaliyyət planının bölmələri
təxminidir. Yerli şəraitdən, işin xüsusiyyətlərindən asılı olaraq
planın bölmələrində və hər bölməyə aid işin məzmununda müvafiq dəyişiklik
edilə bilər.
Metodik kabinetin illik fəaliyyət planını
aşağıda göstərilən bölmələr üzrə tərtib edilməsi tövsiyə olunur:
|
Sıra №-si
|
Fəaliyyət
istiqamətləri
|
Məqsəd
|
İcra vaxtı
|
İcraçı
|
İcraya cəlb
olunanlar
|
Gözlənilən
nəticə
|
|
|
·
Giriş
(ötən dərs ilinin təhlili və növbəti tədris ili üçün metodik kabinetin
fəaliyyət istiqamətləri);
·
Təşkilati-pedaqoji
tədbirlər;
·
Metodik
diaqnostika və yeni təlim texnologiyalarının tətbiqi;
·
Metodik
işin məzmunu və təşkili;
·
Pedaqoji
kadrların ixtisasının artırılması üzrə işin təşkili və məzmunu;
·
Fənn
kurikulumlarının tətbiqi üzrə işin təşkili;
·
Qabaqcıl
pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
·
İstedadlı
şagirdlərlə işin təşkili;
·
Məktəbəqədər
təhsil müəssisələri ilə işin məzmunu;
·
Metodik
şuranın işinin təşkili.
Fəaliyyət planının "Ötən dərs ilinin
yekununun təhlili" bölməsində icra
edilmiş işləri aşağıdakı istiqamətlər üzrə ardıcıllıqla göstərmək
məqsədəuyğundur (ilin yekununa dair hesabatı da bu ardıcıllıqla hazırlamaq
olar):
təhsil işçilərinin sentyabr konfransı,
qəbul edilmiş qərarlar, rəy və təkliflər; təhsil müəssisələrində pedaqoji
kadrlarla aparılan metodik işin məzmunu; pedaqoji kadrların ixtisasının
artırılması sahəsində görülən işlər; təlimin yeni məzmunu, müasir pedaqoji
texnologiyaların öyrənilməsi və innovasiyaların tətbiqi ilə əlaqədar həyata
keçirilən tədbirlər; fənlərin tədrisi keyfiyyətinin və şagirdlərin bilik
səviyyələrinin monitorinqi, onun təhlili, fənlərin dövlət standartları
səviyyəsində tədrisinə nail olmaq üçün aparılmış təşkilati-pedaqoji işlər;
təhsil müəssisələrində psixoloji xidmətin təşkili, istedadlı şagirdlərin
aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üzrə
işin təşkili ilə əlaqədar təhsil müəssisələrinə göstərilən metodik kömək;
rayonun (şəhərin) təhsil müəssisələrinin və pedaqoji heyətin fəaliyyətinin
təşkili ilə əlaqədar keçirilən tədbirlər; qabaqcıl pedaqoji təcrübənin
öyrənilməsi və yayılması; pedaqoji işçilərin innovativ layihə və proqramlar
çərçivəsində təlim kurslarına cəlb edilməsi, onların Kurikulum Mərkəzi ilə
əlaqələri; elan olunmuş "Ekologiya ili" çərçivəsində təhsil
müəssisələrinə göstərilən metodik kömək; məzunların ali məktəblərə qəbulunun nəticələrinin
təhlili; "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" müsabiqələrində təhsil müəssisələrinin iştirakı və nəticələr;
bilik yarışları, olimpiadalar, inşa və rəsm müsabiqələri və s. Təhlilin
sonunda Təhsil Nazirliyinin müvafiq tövsiyələri və normativ-hüquqi sənədləri
nəzərə alınmaqla yeni tədris ili üçün rayon (şəhər) təhsil şöbəsinin
(idarəsinin) metodik kabinetinin fəaliyyət planı hazırlanır.
Planın "Təşkilati-pedaqoji
tədbirlər" bölməsində təhsil
işçilərinin sentyabr konfransının plenar və bölmə iclaslarına hazırlıq və
onların keçirilməsi, metodik kabinetin illik fəaliyyət planının
müzakirə və təsdiq edilməsi, təhsil müəssisələrinə metodik köməyin təşkili,
yeni dərslik və dərs vəsaitləri, didaktik materiallara dair "Məlumat bankı"nın
zənginləşdirilməsi; metodik kabinetin nəzdində qabaqcıl, yaradıcı və novator
müəllimlərdən ibarət "Yaradıcı müəllimlər birliyi" yaradılması,
müəllimlərin innovasiya fəaliyyətinə dair qabaqcıl təcrübənin
işıqlandırılması üçün məcmuənin nəşri istiqamətində tədbirlərin həyata
keçirilməsi; metodkabinetin nəzdində "qabaqcıl təcrübə", "yeni
metodik ədəbiyyatlar" başlığı altında guşələrin yaradılması, təhsil
müəssisələrində metodik işin davam etdirilməsi və s. tədbirlər qeyd olunur.
"Metodik diaqnostika və yeni təlim
texnologiyalarının tətbiqi" bölməsinə aşağıdakı
tədbirləri daxil etmək olar: metodik diaqnostikaya dair texnoloji qrafiklərin
təkmilləşdirilməsi; təhsil müəssisələrindən diaqnostik məlumatların
toplanması və onların təhlili; təlim prosesində İKT-nin imkanlarından
istifadənin mövcud vəziyyətinin monitorinqi; elektron dərsliklərdən
istifadənin vəziyyəti və s.
Planın "Metodik işin təşkili və
məzmunu", "Pedaqoji kadrların ixtisasının artırılması" bölmələrinə ibtidai sinif və fənn
metodbirləşmələrinin işinin təşkili, dayaq məntəqələrinin fəaliyyətinin
gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər, gənc müəllimlərlə
aparılan işin forma və məzmunu, açıq dərslərin təşkili, sifariş-təklif
əsasında pedaqoji işçilərin ixtisasının artırılması istiqamətində həyata
keçirilən tədbirlər, fəal təlim metodlarının tətbiqinə dair seminar və
praktik məşğələlərin keçirilməsi və s. tədbirləri daxil etmək olar.
Planın "Fənn kurikulumlarının tətbiqi
üzrə işin təşkili" bölməsinə aşağıdakı
tədbirlərin daxil edilməsi məqsədəuyğundur: Azərbaycan Respublikası Nazirlər
Kabinetinin "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının
(Milli Kurikulum) təsdiq edilməsi haqqında" 30 sentyabr 2006-cı il
tarixli, 233 nömrəli qərarının və Təhsil Nazirliyinin əmrlərinin icrası ilə
əlaqədar tədbirlər; ümumtəhsil məktəblərinin ibtidai siniflərində fənn
kurikulumlarının tətbiqi vəziyyətinin monitorinqi; fənn kurikulumlarının
tətbiqi ilə əlaqədar dərslik müəllifləri ilə görüşlərin təşkili; ibtidai
sinif müəllimlərinin treninqlərə cəlb edilməsi; fənn kurikulumlarının tətbiqi
ilə bağlı təhsil müəssisələrinə göstərilən metodik kömək; proqram
layihələrinin müzakirəsi, rəy və təkliflərin öyrənilməsi, ümumiləşdirilməsi,
Kurikulum Mərkəzinə göndərilməsi və s.
"Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi,
ümumiləşdirilməsi və tətbiqi" bölməsində bu
istiqamətdə işlərin aparılması, qabaqcıl pedaqoji təcrübəni, təhsil
müəssisələri və müəllimlərin fəaliyyətini əks etdirən məlumat bankının
yaradılması, Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi
haqqında" 04 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamına
əsasən hər il keçirilən müsabiqələrdə "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim" adına layiq görülmüş məktəb və
müəllimlərin qabaqcıl iş təcrübəsinin öyrənilməsi qeyd edilir. Pedaqoji
mühazirələr, elmi-praktik konfranslar, sərgilər, bülletenlər və mətbuat
vasitəsilə qabaqcıl təcrübənin, yeniliklərin yayılması ilə bağlı tədbirləri
də bu bölməyə daxil etmək olar.
Fəaliyyət planının "İstedadlı şagirdlərlə
iş" bölməsində
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414
nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət
Proqramının (2006-2010-cu illər)" icrası ilə bağlı Təhsil Nazirliyinin
Fəaliyyət planına uyğun olaraq tədbirlərin həyata keçirilməsi, müəyyən
edilmiş vaxtlarda təhsil müəssisələrində test yoxlamalarının, müsabiqələrin,
müxtəlif bilik yarışlarının keçirilməsi, məktəblilərin fənn olimpiadalarına
hazırlıq üzrə tədbirlər, olimpiadalara hazırlıq mərkəzlərinin yaradılması,
yay və qış təlim-istirahət düşərgələrinə göndərilən istedadlı şagirdlərin
müəyyənləşdirilməsi, istedadlı uşaq və gənclərin iştirakı ilə bilik və idman
yarışlarının, kiçik olimpiadaların, müsabiqələrin keçirilməsi ilə əlaqədar
illik qrafiklərin hazırlanması və s. tədbirlər qeyd edilir.
"Məktəbəqədər təhsil müəssisələri ilə
işin təşkili" bölməsinə aşağıdakı
məsələləri daxil etmək olar: məktəbəqədər təhsil müəssisələrində yaş qrupları
üzrə proqram materiallarının yerinə yetirilməsi vəziyyətinin monitorinqi;
beşyaşlıların məktəb təliminə hazırlığı ilə bağlı həmin təhsil
müəssisələrinin məktəblərlə əlaqəsinin genişləndirilməsinə dair tədbirlər; məktəbəqədər
müəssisələrdə metodik kabinetlərin işinin təşkili və s.
Planın "Metodik şuranın işinin təşkili
bölməsində" metodik şuranın iş
planının təsdiqi, "Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyasının (Milli Kurikulum) təsdiq edilməsi haqqında" respublika
Nazirlər Kabinetinin qərarının icrası və "Ümumtəhsil məktəblərində
məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları"nın tətbiqi ilə
əlaqədar Təhsil Nazirliyinin əmrlərinə müvafiq olaraq tədbirlərin
müəyyənləşdirilməsi, istedadlı uşaqların aşkar edilməsi və fənn
olimpiadalarının birinci mərhələsinə hazırlıq işlərinin görülməsi, ümumi orta
və tam orta təhsil üzrə imtahanlara hazırlıqla bağlı tədbirlər; təhsil
işçilərinin yanvar bölmə iclaslarının keçirilməsi və onun nəticələrinin
təhlili, pedaqoji kadrların ixtisasının artırılması vəziyyəti, dayaq
məntəqələrində aparılan işin təşkili, qabaqcıl təcrübənin öyrənilməsi və
yayılması vəziyyətinin təhlili, il ərzində keçirilən müsabiqə və bilik
yarışlarının nəticələrinin müzakirəsi və s. tədbirləri qeyd etmək olar.
Metodik kabinetlərin illik fəaliyyət
planının tərtibi ilə bağlı göstərilən bölmələr və tövsiyə edilən tədbirlər
təxminidir. Yerli şəraitdən və işin xüsusiyyətlərindən asılı olaraq planda
zəruri dəyişiklik etmək olar.
Rayon (şəhər) təhsil şöbələrinin
(idarələrinin) metodik kabinetlərinin fəaliyyət istiqamətləri, qeyd etdiyimiz
kimi, Əsasnamədə ətraflı şəkildə öz əksini tapmışdır. Həmin vəzifələr
içərisində metodbirləşmələrin, gənc müəllimlərlə işin təşkili, qabaqcıl
pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqinin təmin
edilməsi məsələləri üzərində bir qədər ətraflı dayanmağı faydalı hesab
edirik.
Metodbirləşmələr. Məktəbdə
müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə
mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş
metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili
formaları (məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların
işinin məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər
işıqlandırılmışdır. Metodik kabinetin əməkdaşları və məktəb rəhbərlərinə
kömək məqsədilə metodbirləşmələrin işinin məzmunu və təşkilinin bəzi
cəhətlərinə toxunmaq istərdik.
Əsasnaməyə uyğun olaraq, rayon (şəhər)
təhsil şöbələrinin metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və
metodbirləşmə rəhbərlərini təlimatlandırmaq, məktəbdə aparılan metodik işin
məzmunu, forma və üsullarına dair onların diqqətini pedaqoji texnologiyaların
tətbiqinə yönəltməkdir. Ona görə də metodbirləşmələrin hesabatlılıq prinsipi
əsasında fəaliyyətini təmin etmək, onlara məsləhətlər vermək, əməli kömək
göstərmək, fəaliyyətini tənzimləmək baxımından metodik kabinetlərin
əməkdaşları metodbirləşmə rəhbərlərinin yaxın köməkçisinə çevrilməlidir. Hər
dərs ilinin əvvəlində metodik kabinetin əməkdaşları yerlərə
metodbirləşmələrdə müzakirə edilən məsələlərə dair istiqamətverici tövsiyələr
hazırlayıb göndərməli və onların işinin planlaşdırılmasında yaxından iştirak etməlidirlər.
Metodbirləşmələrin əsas məqsədi gənc
müəllimlərə pedaqoji ustalığını artırmaqda, təcrübəli müəllimlərə öz
peşəkarlıq səviyyəsini yüksəltməkdə, yeni pedaqoji texnologiyaları və
təlimin müasir metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir.
Məktəbdə metodbirləşmələrin işi necə təşkil
olunmalıdır? Bu suala cavab vermək o halda mümkündür ki, metodik kabinetlərdə
hər bir təhsil müəssisəsinin hazırda hansı təlim-tərbiyə vəzifələrini həll
etdiyi, hansı problem üzərində işlədiyi, qarşıda duran problemlərin hansı
qüvvə və bacarıqla həll edildiyi barədə dəqiq məlumat olsun. Müşahidələr
göstərir ki, son illərdə dərsin müasir tələblər səviyyəsində təşkili, onun
səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi,
kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması, yeni
pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi
sahəsində metodbirləşmələrdə məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda
metodik kabinetlər bu təcrübədən vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin
işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını,
nəzəri və metodik hazırlığını, onun qüvvətli və zəif cəhətlərini öyrənmək
vacibdir. Müəllimin dərsini müşahidə etmək, müxtəlif tədbirlərdə məruzə və
mühazirələrini dinləmək, gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun
hansı məsələlər üzrə metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar.
Metodbirləşmələrdə müzakirə edilən
məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə
işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə
dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual
problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin
müzakirəsi, müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə
tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin
planlaşdırılması, daha təcrübəli müəllimlərin "açıq dərs"lərinin
təşkili, əyani və didaktik materialların hazırlanması, biliklərin mənimsənilməsinin
monitorinqi, Təhsil Nazirliyinin və yerli idarəetmə orqanlarının tədris
prosesi ilə bağlı metodik tövsiyə və göstərişlərinin öyrənilməsi və s.
daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin
elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı metodbirləşmələrin
əsas fəaliyyət sənədidir. Ona görə də metodbirləşmələrin işini
planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri,
planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret
kömək göstərmək zərurətindən irəli gələn tələbləri və rayon (şəhər) təhsil
şöbəsinin (idarəsinin) metodik kabinetlərinin tövsiyələrini nəzərə almaq
lazımdır. Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin əvvəlində
fəaliyyət planı ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə göndərir.
Metodbirləşmələrin iş planı onlardan istifadə edilərək tərtib olunur.
Rayon (şəhər) təhsil şöbələrinin
(idarələrinin) metodik kabinetlərinin və qabaqcıl məktəblərin iş təcrübəsi
əsasında metodbirləşmələrin illik iş planının aşağıdakı formada tərtib
edilməsi tövsiyə olunur:
·
metodbirləşmələrin
tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa
səciyyəsi; metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs
ilində qarşıda duran vəzifələr;
·
tədrisin
keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər;
·
metodbirləşmə
iclaslarında müzakirə ediləcək məsələlər, məruzə mövzuları, tematik
planlaşdırmalar, "açıq dərs"lər və dərslərdə qarşılıqlı iştirak,
onların keçirilməsi və müzakirəsi üzrə metodik işləmələr qrafiki;
·
pedaqoji
mühazirə üçün məruzələrin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin
planlaşdırılması;
·
fənlərin
tədrisi vəziyyəti və şagirdlərin bilik səviyyəsinin monitorinqi;
·
gənc
müəllimlərlə işdə hamilik, stajkeçmə;
·
əyani vəsait və
didaktik materialların hazırlanması;
·
normativ
sənədlərin öyrənilməsi;
·
yaradıcı,
novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş
təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
·
şəxsi
təhsilini artırmaq üzrə müəllimlərin hesabatı.
Tədris ilinin sonunda metodbirləşmələrin
fəaliyyətini aşağıdakı ardıcıllıqla təhlil etmək olar:
·
metodbirləşmələrin
qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi;
·
hansı
nəticələr əldə edilmişdir;
·
imtahanların
nəticəsi;
·
olimpiadaların
nəticəsi;
·
ali
məktəblərə qəbulun nəticəsi;
·
tədris
proqramlarının yerinə yetirilməsi;
·
şagirdlərin
tərbiyəlilik səviyyəsi;
·
test
yoxlamaları üzrə məktəb monitorinqinin nəticəsi;
Əldə edilən bu nəticələr hansı məsələlərin
həllinə kömək etmişdir?
·
kadr
potensialının yaxşılaşdırılmasına (müəllimlərin hazırlığı, ixtisaslarının
artırılması və s.);
·
metodik
səviyyənin yüksəlməsinə (yeni proqramlar, dərsliklər, dərs vəsaitlərinə dair
işin təşkili, təcrübə mübadiləsinin aparılması, yeni texnologiyalardan
istifadə, şəxsi təhsilini artırmaq üzrə işin yekunu və s.);
·
normativ-hüquqi
sənədlərin öyrənilməsinə (qərar, əmr, sərəncam, əsasnamə və təlimatlar və s.)
.
Hər il metodbirləşmələrin qarşısında elə
vəzifələr durmalıdır ki, onlar metodik problemləri həll edə bilsinlər.
Məsələn, tutaq ki, bütün pedaqoji kollektiv təlim prosesində şagirdlərinin
idrak fəaliyyətinin inkişafı üzərində işləyir. Deməli, hər bir
metodbirləşmənin vəzifəsi bu olmalıdır.
Metodbirləşmələrə rəhbərliyin ən yaxşı
formaları kimi metodistlərin, məktəb direktoru və ya onun müavinlərindən
birinin məşğələlərdə iştirakı, elmi əsaslı və inandırıcı tövsiyələri,
əsaslandırıcı nəticə çıxarıb işi qiymətləndirməsi ola bilər. Ona görə də
məktəb rəhbərləri metodbirləşmə məşğələlərində müzakirə edilən məsələlərlə
əvvəlcədən tanış olmalı, hazırlanmış materiallara dair müvafiq tövsiyələrini
verməlidir.
Gənc müəllimlərlə işin təşkili. Gənc
müəllimlərlə işin təşkili, onlara metodik və metodoloji kömək göstərilməsi
metodik kabinetlərin ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən
biri olmalıdır.
Gənc müəllim ali təhsil müəssisəsini
bitirib məktəbə gəlir. O, şagirdlərlə işləməyə hazırdırmı? Əlbəttə, hazır
deyildir. Hələlik onda pedaqoji üslub, şagirdlərlə işləmək vərdişi
formalaşmamışdır. Ona görə də ilk gündən başlayaraq metodik kabinetin
əməkdaşları, məktəb rəhbərləri gənc müəllimlə əməkdaşlıq etməli, gündəlik
dərs planının tərtibi, işin formalarının seçilməsi, təlimin yeni metodlarının
tətbiqi, gənc müəllim üçün çox çətin olan şagirdlərlə ünsiyyət və
əməkdaşlığın yaradılması və digər məsələlərdə ona yaxından kömək
etməlidirlər. Əgər gənc müəllimin yanında müdrik, təcrübəli müəllim (hami)
olmasa, o, dəyərli mütəxəssis kimi yetişə bilməz. Məşhur pedaqoq və psixoloq
M.M.Rubinşteyn əsərlərinin birində qeyd edirdi ki, "pedaqoq sözün dar
mənasında təhsil müəssisəsində deyil, praktik həyatda yaranır". Ona görə
də gənc müəllim həmişə özündən yaşlıların, təcrübəli hamilərin,
metodistlərin, metodbirləşmə rəhbərlərinin, müəllim yoldaşlarının, sinif
rəhbərinin və psixoloqun müntəzəm olaraq köməyini hiss etməlidir. Gənc
müəllimin pedaqoji kollektivə uyğunlaşması üçün onunla müntəzəm olaraq
seminar və treninqlərin keçirilməsi çox vacibdir.
Məktəb təcrübəsində gənc müəllimlərlə
aparılan metodik işin fərdi formalarına daha çox üstünlük verilir. Onlardan
ən başlıcası məktəb rəhbərlərinin gənc müəllimlərlə apardığı fərdi
söhbətlərdir. Bu söhbətdə məktəbin rəhbərliyi gənc müəllimin hansı məsələləri
öyrənməyə daha çox ehtiyacı olduğunu müəyyənləşdirə bilər. Məsələn, tutaq ki,
gənc müəllimlərdən birinə VII-VIII siniflərdə Azərbaycan dili və ədəbiyyat
fənninin tədrisi tapşırılmışdır. Bununla əlaqədar şagirdlərin hazırlıq
səviyyəsini aydınlaşdırmaq üçün müəllim keçən ilin sinif jurnalları,
şagirdlərin şəxsi işləri ilə tanış olmalı, həmin siniflərdə dərs demiş
müəllimlər, sinif rəhbərləri, uşaq yaradıcılıq birliyinin rəhbəri, sinif
valideyn komitəsinin sədrləri ilə görüşərək söhbət aparmalıdır. Bundan əlavə,
məktəb rəhbərinin tapşırığı əsasında təcrübəli müəllimlərdən biri müxtəlif
məsələlər, məsələn, dərsə necə hazırlaşmaq, dərsə verilən didaktik tələblər,
tədris prosesində təlimin fəal metodlarından istifadə, şagirdlərin biliyinin
qiymətləndirilməsi, ev tapşırıqlarının seçilməsi və s. barədə ona məsləhət
verə bilər.
Təcrübəli məktəb rəhbərləri dərs ilinin ilk
günlərində yeni işə başlayan gənc müəllimə cədvəldə dərs salınmasını
məqsədəmüvafiq hesab etmirlər. İlk günlərdə məktəbin direktoru, yaxud
təlim-tərbiyə işləri üzrə direktor müavininin gənc müəllimi öz dərslərinə
aparmağı tövsiyə edirlər. Bu zaman gənc müəllim dərsin təşkili, dərsdə
təlimin yeni metodlarının tətbiqi, şagirdlərin fəaliyyətinin
qiymətləndirilməsini əyani surətdə görür, öz dərslərini keçməyə psixoloji
cəhətdən hazır olur. Gənc müəllimi ilk dərslərə hərtərəfli hazırlaşdırmaq,
onda öz qüvvə və bacarığına inam yaratmaq, onu ruhlandırmaq təkcə
metodistlərin və məktəb rəhbərlərinin vəzifəsi deyil, eyni zamanda bütün
pedaqoji kollektivin, ilk növbədə hər fənn üzrə metodbirləşmə rəhbərinin də
əsas vəzifəsi olmalıdır.
Gənc müəllimlərlə aparılan fərdi metodik iş
bununla məhdudlaşa bilməz. Məktəb direktorunun gənc müəllimlə ilk söhbəti
problemi həll etmir. Gənc müəllimə təlim-tərbiyə prosesində kömək göstərmək,
onu işləməyə öyrətmək, onun vaxtaşırı təcrübəli müəllimlərin dərslərində
iştirakını təmin etmək sistem halını almalıdır. Gənc müəllimlərin peşəkarlıq
səviyyəsini yalnız bu yolla artırmaq mümkündür. Müşahidələr göstərir
ki, bəzi məktəb rəhbərləri ilk günlərdən gənc müəllimlərin dərslərində ya
tez-tez iştirak edir, yeni şəraitə, pedaqoji kollektivə uyğunlaşmasına
imkan vermir, ya da onun dərslərində ümumiyyətlə iştirak etmir. Hər iki hal
məqbul sayılmır.
Bəs məktəb rəhbərləri gənc müəllimin
dərsində nə vaxt iştirak etməlidirlər? Məsələ ilə bağlı pedaqoji və metodik
ədəbiyyatda vahid fikir yoxdur. T.İ.Qorskaya "Məktəbdə təlim-tərbiyə
prosesinin təşkili" adlı kitabında gənc müəllimin ilk dərsində məktəb
rəhbərlərinin iştirakını məqsədəmüvafiq hesab etmir. Onun fikrincə, gənc
müəllimə imkan verilməlidir ki, şagirdləri tanısın, yeni şəraitə uyğunlaşsın,
sinifdə öz yerini tapsın. İlk dərsinin necə keçməsi haqqında məktəb
rəhbərlərinin gənc müəllimlə söhbəti kifayətdir. Müəllimdən soruşmaq olar:
dərs necə keçdi? Şagirdlər dərsdə keçilən materialı tam mənimsədilərmi?
Dərsdə şagirdlərin fəaliyyəti necə təşkil olunmuşdu? Kim daha intensiv
işləmişdir - müəllim, yoxsa şagirdlər? Dərsin təşkili, onun quruluşu,
pedaqoji texnologiyaların tətbiqinə necə yer verildi? Müəllim-şagird
əməkdaşlığı necə quruldu? Dərsdə hansı cəhətlər uğurlu olmuşdur?
Məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti
elə məzmunda olmalıdır ki, o, ruhdan düşməsin, onda öz qüvvəsinə inam
yaransın. Dərsin nəticəsi ilə əlaqədar müəllimlə söhbət edərkən təkliflər
yazdırmağa tələsmək lazım deyildir. Yaxşı olar ki, ona dərsin təşkili metodikasına
dair bir neçə metodik vəsait oxumaq tövsiyə edilsin. Bu, gənc müəllimdə
elmi-pedaqoji və metodik ədəbiyyata həvəs yaratmaq baxımından da faydalı
olar. Gənc müəllimlərə metodik köməyin ən səmərəli formalarından biri
"açıq dərs"lərin təşkili və dərslərdə qarşılıqlı iştirakdır.
"Açıq dərs"lər bir tərəfdən
öyrədici xarakter daşıyırsa, digər tərəfdən qabaqcıl müəllimlərin iş
təcrübəsinin öyrənilib yayılmasına xidmət edir. Dərsin təşkili, qarşıya
qoyulmuş vəzifələrin yerinə yetirilməsi ən mürəkkəb və daim təkmilləşdirilməsi
tələb olunan prosesdir. Yaxşı təşkil olunmuş "açıq dərs"in çox
böyük faydası vardır. "Açıq dərs"lərin aparılması yüksək
peşəkarlığı ilə seçilən yaradıcı müəllimlərə tapşırılmalıdır ki, dərsdə
təlimin ən səmərəli metod və üsullarından istifadə edilsin, çünki pedaqoji
yaradıcılıq son dərəcə mürəkkəb bir təzahürdür. Burada müəllimdən
hədsiz dərəcədə məharət tələb olunur. B.P.Strezikozin qeyd edir ki, "...
müəllimin "açıq dərs"ə hazırlaşmasından sui-istifadə etmək olmaz. Əks-təqdirdə
müəllim öz pedaqoji fikrinə görə deyil, məktəb rəhbərlərinin və metodistlərin
verdikləri çoxlu miqdarda, bəzən bir-birinə əks olan məsləhətlərə əməl etməli
olur ki, nəticədə dərs adilərinə nisbətən xeyli pis keçir". Ona görə də
dərsin strukturunun və mərhələlərinin seçilməsində müəllimə bir qədər
sərbəstlik verilməlidir, çünki dərs müəllimin yaradıcılığının məhsuludur.
Məktəb təcrübəsində "açıq
dərs"lərin təşkilinin iki forması mövcuddur.
·
Müəllim
müstəqil surətdə dərsin tipini və quruluşunu seçir və özü planlaşdırdığı
formada dərsi keçir. Bu dərslər adətən qabaqcıl müəllimlərin iş təcrübəsini
öyrənmək məqsədi daşıyır;
·
Müəllimin
"açıq dərs" üçün hazırladığı plan həmin fənn üzrə metodbirləşmədə
müzakirə edilir, təklif və qeydlər əsasında dərsin planını yenidən işləyir və
onun əsasında "açıq dərs"i keçir. Belə dərslər təlimin metodlarının
tətbiqində müəllimə kömək göstərir.
Müəllimlərin pedaqoji ustalığının
yüksəldilməsi üçün metodbirləşmələrin təşkil etdiyi qarşılıqlı qaydada
dərslərdə iştirakın da mühüm əhəmiyyəti vardır. Yenicə fəaliyyətə başlayan
müəllimlər daha təcrübəli yoldaşlarından dərslərə hazırlaşmağın forması ilə
tanış olur, dərsin hər bir mərhələsində tətbiq edilən təlimin yeni
metodlarının əməli surətdə necə reallaşdırıldığını görürlər. Lakin dərslərdə
qarşılıqlı surətdə iştirak yalnız yeni fəaliyyətə başlayan pedaqoqların
öyrədilməsi ilə məhdudlaşmamalıdır. Hər bir müəllim həmkarının dərslərində
iştirak etməklə ondan nə isə faydalı, öz dərslərində istifadə edə biləcək bir
şey götürə bilər.
Beləliklə, yuxarıda qeyd edilənləri
ümumiləşdirsək, deyə bilərik ki, ilk müstəqil dərslər, birinci pedaqoji
fəaliyyət ili gənc müəllimlərin pedaqoji ustalığa yiyələnməsində mühüm
mərhələdir. Burada ilk səhvlər və məyusluq labüddür. Gənc müəllimin pedaqoji
prosesdəki səhvlərini görmək, onun təkrar olunmasının və dərinləşməsinin
qarşısını vaxtında almaq, təcrübədə özünü doğrultmüş metodik priyomlara
yiyələnməkdə onlarla əməkdaşlıq etmək, onlara kömək göstərmək məktəb
rəhbərlərinin və metodik kabinet əməkdaşlarının ümdə vəzifəsi olmalıdır.
Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi,
ümumiləşdirilməsi və yayılması. Ən yaxşı məktəb və
müəllimlərin iş təcrübəsinin öyrənilməsi, qabaqcıl müəllim-pedaqoqların
nailiyyətləri əsasında təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi təhsili idarəetmə
orqanlarının, xüsusilə rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin)
metodik kabinetlərinin həmişə diqqət mərkəzində durmalıdır. Bu məsələ
ölkəmizdə təhsil sahəsində köklü islahatların, xüsusilə məzmun islahatlarının
həyata keçirildiyi bir vaxtda xüsusi aktuallıq və əhəmiyyət kəsb edir.
Müşahidələr və müvafiq sənədlərin təhlili göstərir ki, qabaqcıl pedaqoji
təcrübə anlayışı ilə bağlı vahid fikir yoxdur. Əslində qabaqcıl təcrübə geniş
mənada müəllimin peşəkarlığı, onun ustalığı mənasında başa düşülməlidir.
Belə müəllimlərin iş təcrübəsinin tətbiqi hələlik pedaqoji ustalığa
yiyələnməmiş, gənc müəllimlər üçün daha faydalı və qiymətlidir. Ona görə də
yaradıcı axtarışı, yeniliyi, orijinallığı, novatorluğu ilə seçilən təcrübənin
öyrənilməsi, təhlili, ümumiləşdirilməsi və tətbiqi ilk planda durmalıdır.
Qabaqcıl pedaqoji təcrübə necə
öyrənilməlidir? Bu işdə ilk addım təcrübənin aşkar edilməsidir. Metodik
kabinetin, təhsil şöbəsinin əməkdaşları və məktəb rəhbərləri təcrübəsi
öyrəniləcək müəllimin təcrübəsinin öyrənilməyə layiq olub-olmamasını yalnız
onun dərslərində və sinifdənkənar tədbirlərində iştirak etdikdən sonra
müəyyənləşdirə bilərlər. Sonrakı mərhələ bir neçə meyar əsasında təcrübənin
qiymətləndirilməsi ola bilər. Qiymətləndirmədə aşağıdakılar nəzərə alınır:
·
təlim-tərbiyə
prosesinin effektliliyi, müsbət nəticələrin əldə edilməsi;
·
həmin
nəticələrin əldə edilməsi üçün müəllimin səmərəli metodlardan istifadə
etməsi;
·
bu
təcrübənin yayılmasının digər müəllimlər üçün əhəmiyyətliliyi;
·
həmin
təcrübədə orijinallıq, yaradıcılıq, novatorluq elementlərinin olması.
Əgər metodik kabinetin əməkdaşları və
məktəb rəhbərləri təcrübəni qiymətləndirib onun maraq doğurduğu nəticəsinə
gəlirlərsə, sonrakı mərhələyə kifayət qədər inanılmış faktlar əsasında
təcrübəni təfərrüatı ilə öyrənməyə başlaya bilərlər.
Müşahidələr göstərir ki, qabaqcıl
təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində çatışmazlıq və
problemlər mövcuddur. Qabaqcıl təcrübəyə dair materiallar heç də həmişə
məktəb pedaqoji şuralarında, metodbirləşmə yığıncaqlarında müzakirə edilmir.
Bəzi metodik kabinetlərin qabaqcıl iş təcrübəsinə dair hazırladıqları
materiallarda çox zaman təsvirçiliyə, sözçülüyə daha çox yer verilir, bu
təcrübənin elmi-praktik əhəmiyyəti açılmır. Bəzi hallarda isə təcrübəsi
öyrənilmiş məktəb və müəllimlərlə sonradan işin davam etdirilməsi unudulur,
pedaqoji mühazirələrdə, ixtisasartırma kurslarında onların çıxışları təşkil
edilmir. Ona görə də təcrübənin obyektində müəllimin bütün iş sistemi, yaxud
onun fəaliyyətinin ayrı-ayrı istiqamətləri, təlim və tərbiyə prosesində
səmərəli metodlardan istifadə edilməsi dayanmalıdır. Müəllimin iş sistemini
öyrənərkən ilk növbədə onun pedaqoji fəaliyyəti ilə dərindən tanış
olmaq lazımdır. Tanışlıq zamanı aşağıdakı göstəricilərə diqqət yetirilməsi vacibdir:
·
müəllimin
peşə ustalığı, elmi-nəzəri və metodik hazırlığı ilə tanışlıq;
·
pedaqoji
nailiyyətləri, interaktiv, fəal təlim metodlarını və yeni pedaqoji
texnologiyaları səylə öyrənib öz işində tətbiq etməsi;
·
dərslərə
və sinifdənkənar tədbirlərə hazırlaşması və onların keçirilməsi (gündəlik
dərs planı, əlavə ədəbiyyatlardan istifadə edilməsi, materialın seçilməsi və
düzgün paylanması, metodların seçilməsinin məqsədəuyğunluğu);
·
işə
yaradıcı münasibəti, təşəbbüskarlığı, yenilikçilik xüsusiyyətıəri;
·
bir
və bir neçə mövzu üzrə silsilə dərslərin dinlənməsi;
·
sinifdənxaric
tədbirlərdə iştirak, valideyn və ictimaiyyətlə işin təşkili təcrübəsinin
öyrənilməsi;
·
şagirdlərin
bilik, bacarıq və vərdişlərinin keyfiyyətinin və onların tərbiyəlilik
səviyyəsinin təhlili və qiymətləndirilməsi;
·
rayon
(şəhər) və respublika səviyyəli pedaqoji müsabiqələrdə iştirak etməsi;
·
fənn
metodbirləşməsinin işində fəal iştirakı, faydalı təklif və mülahizələr irəli
sürməsi;
·
müvafiq
fənnə dair metodik tövsiyələrin, fənn proqramlarının və dərsliklərin
hazırlanmasında iştirakı və pedaqoji təkliflərlə mətbuatda çıxış etməsi.
Bu göstəricilərin sayını artırmaq da olar.
Özlüyündə bu faktlar "çiydir", onları sistemə salmaq, müəllimin
nailiyyətini açmaq, təhlil etmək lazımdır. Faktların təhlili sonrakı
mərhələdə - təcrübənin ümumiləşdirilməsi mərhələsində aparılır. Ümumiləşdirmə
prosesində ayrı-ayrı fakt və hadisələrin təhlili əsasında nəticələr
çıxarılır. Qabaqcıl təcrübənin təhlili və ümumiləşdirilməsinin əsas məqsədi
müvafiq qaydalar əsasında müəllimin müsbət nəticələrə necə nail
olmasını müəyyənləşdirməkdir. Qabaqcıl pedaqoji təcrübənin təhlili və
ümumiləşdirilməsi müxtəlif elmi səviyyələrdə aparılmalı, empirik nəticədən
başlayaraq pedaqoji hadisələrin dərin və qarşılıqlı əlaqələrinin açılmasına imkan
yaradan ciddi tədqiqaçılıqla başa çatmalıdır.
Məktəb təcrübəsində müəllimlərin qabaqcıl
təcrübəsi ilə tanış olmağın müxtəlif formalarından istifadə edilir. Bunlara
pedaqoji mühazirələr, elmi-praktik konfranslar, seminarlar, qabaqcıl
təcrübəyə dair sərgilər, müəllimlərin məruzələrindən ibarət məcmuələrin,
albomların nəşri və s. daxildir.
Qabaqcıl pedaqoji təcrübənin yayılması və
tətbiqinin ən səmərəli formalarından biri qabaqcıl təcrübə (istinad)
məktəbləridir. Hazırda dayaq məntəqələrində qabaqcıl pedaqoji təcrübənin
yayılması üçün geniş imkanlar açılmışdır. İstinad məktəblərinin təcrübəsi
göstərir ki, müəllim öz təcrübəsi haqqında yığcam şəkildə məlumat verir,
təcrübəsini təlimin texnoloji vasitələri ilə nümayiş etdirir, dinləyicilərin
suallarına cavab verir, müxtəlif məsələlər üzrə müəllimlərlə və metodik
kabinetin əməkdaşları ilə fikir mübadiləsi aparır.
Qabaqcıl pedaqoji təcrübənin
ümumiləşdirilməsinin yekunu onun təcrübədə tətbiqidir. Elmin nailiyyətlərinin
praktikaya tətbiqi məsələsi vaxt tələb edir. Başqa elmlərə nisbətən
pedaqogika sahəsində yeniliyin nəticəsi çox gec görünür. Elmi bilikləri
müəllimlər arasında geniş təbliğ etmək, elmi tədqiqatların nəticələri
əsasında bütün ixtisasartırma sistemini təkmilləşdirmək, qabaqcıl təcrübə
məktəbləri (istinad məktəbləri) vasitəsilə müəllimlərin
təcrübəsinin yayılmasını təşkil etmək, əlbəttə, vaxt tələb edən prosesdir.
Burada tələsmək, təcrübəni səthi öyrənib yaymaq işə xeyirdən çox ziyan verə
bilər.
Bu məqalədə metodik xidmətin təşkilinin
yalnız bir neçə formasını işıqlandırmağa çalışdıq. Respublikamızda təhsil
islahatının həyata keçirildiyi bir vaxtda metodik kabinetlərin görəcəyi işlər
həddindən artıq çoxdur və bu vəzifələr qeyd etdiyimiz kimi Əsasnamədə
dəqiq və aydın şəkildə göstərilmişdir. Gələcəkdə imkan daxilində həmin
məsələlərdən də söhbət açmağa çalışacağıq.
"Metodik xidmətin təşkili vəziyyəti və
onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında" kollegiyanın qərarında
rayon (şəhər) təhsil şöbəsi metodik kabinetlərinin fəaliyyətinin daha da səmərəli
təşkili, metodistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların
"öyrədənlər" kimi hazırlanması, metodik kabinetlərin resurs
mərkəzinə çevrilməsi, müəllimlərlə aparılan metodik xidmətin
təkmilləşdiriılməsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. Beynəlxalq təcrübə və respublikada təhsilin inkişaf meyilləri
nəzərə alınmaqla hazırda bu istiqamətdə işlər davam etdirilir.
|
Təşəkkür edirəm.
ОтветитьУдалить