17.12.2014

Müəllim nüfuzu necə qazanılır

Səbail rayonundakı respublikada yeganə evdə təhsil ocağının - 219 nömrəli orta məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Sədaqət Məmmədova ilə azsaylı görüşlərimizdə, adətən, ailə tərbiyəsi, təhsilin vəziyyəti, müəllim-şagird, müəllim-valideyn münasibətləri, ətraf mühitin, İKT-nin uşaq tərbiyəsinə təsiri, bu gün fənlərarası əlaqənin vəziyyəti, klassiklərimizin tərbiyə haqqında fikirləri barədə düşüncələrimizi bölüşmüşük.
Budəfəki söhbətimizin əsas mövzusu müəllim nüfuzu oldu. Hiss etdim ki, sinəsi doludur. Ona görə də sözünü kəsmədən eşitdiklərimi oxucularla bölüşmək istəyirəm.
Sədaqət müəllimənin dediklərindən:
- Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. Onun 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində dediyi "Müəllim adı dünyada ən yüksək addır. Məsələn, şəxsən, mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir" sözləri indi də qulaqlarımda səslənir. Qürur hissi keçirirəm ki, mən də müəlliməm. Bu böyük şəxsiyyət 1998-ci il sentyabrın 26-da Azərbaycan müəllimlərinin Birinci Qurultayında xüsusi vurğulamışdır ki, müəllimlik peşəsi asan peşə deyil.
Əlbəttə, ulu öndər əsl müəllimi nəzərdə tuturdu. Mənim aləmimdə əsl müəllimin başlıca keyfiyyəti onun nüfuzudur. Uşaqlar hörmət etdikləri müəllimin arxasınca həvəslə gedir, dediklərinə əməl edirlər. Başqa cür ola da bilməz. Əks təqdirdə, pedaqoji münasibətlər formal əsaslar, zahiri tələblər üzərində qurulacaq, özünün tərbiyəvi mahiyyətini itirib mənfi təsir göstərəcəkdir. Mənim qəti fikrim belədir: nüfuzsuz müəllim ola bilməz. Əsl müəllimin təmizlik, səmimilik, açıqlıq və düzgünlükdən başqa mənəvi seçimi yoxdur. Pedaqoji nüfuzun mahiyyəti müəllimin özündə daim vətəndaş, yaradıcı, humanist şəxsiyyəti, mənəviyyat və ziyalılığı inkişaf etdirməkdən ibarətdir.
Xüsusi qeyd etmək istəyirəm ki, müəllim nüfuzuna verilən mütləq tələb onun əxlaqi saflığıdır. Çünki hər bir pis və yaxşı əməlin mənəvi aspekti vardır. Nüfuzlu müəllim heç vaxt nəzakətsizlik etmir, uşaqların yanında həmkarları ilə mübahisə etmir, başqa həmkarları, onların fənni, işi haqqında etinasız danışmır. Müəllim nüfuzuna təkcə öz fənnini zəif bilməsi yox, həm də adamlarla ünsiyyət saxlaya bilməməsi xələl gətirir. Əlbəttə, həyatın bütün halları üçün resept yoxdur, müəllim psixoloji priyom sayəsində istənilən situasiyadan çıxıb nüfuzunu daha da qaldıra bilər.
Təlim və tərbiyə prosesində müəllim nüfuzu olmadan keçinmək mümkün deyil. Ancaq bu nüfuz dağıdıcı yox, yaradıcı olmalı, uşaq şəxsiyyətinin bərqərar olmasına, ona potensialını reallaşdırmağa kömək etməlidir. Haqlı nüfuz qazanmış adamın dedikləri daha tez və yaxşı mənimsənilir.
Pedaqoji nüfuz şəxsi və peşəkarlıq komponentlərindən ibarətdir. Mənim fikrimcə, şəxsi komponent, birincisi, uşaqlara və müəllim peşəsinə məhəbbətdir. İnsan öz işini sevmirsə, ondan mənəvi zövq almırsa, onun əməyi heç vaxt yüksək məhsuldar olmayacaqdır. Müəllim isə təkcə öz peşəsini yox, həm də uşaqları sevməlidir. Sevmək həmin adama hörmət etmək, onu başa düşüb anlamaq, qorumaq, ona qayğı göstərmək və bütün bunlardan həzz almaqdır. Bizim işimizdə ən mürəkkəb məsələ uşaq ürəyinə yol tapmaqdır. Bunsuz öyrətmək, tərbiyə etmək mümkün deyil. Uşağın üstünə qışqırmayın, onu təhqir etməyin, heysiyyətini yaralamayın. Bu yaranın izləri dərin, nəticəsi ağır olur. Müəllimin zahiri görünüşü, davranış mədəniyyəti də nüfuz qazanılmasında böyük rol oynayır. Uşaqlar təvazökarlığı, sadəliyi, təbiiliyi, geyimin səliqəliliyini qiymətləndirirlər. Onların diqqətindən heç nə yayınmır. Adicə daranmamış saç, pencəyin qırılmış düyməsi, təmizlənməmiş ayaqqabı müəllimi nüfuzdan salan detallardır. Uşaqların hörmətini ancaq düzgün, zəhmətkeş, öz işinə sadiq müəllim qazana bilər. Pedaqoji təcrübə göstərir ki, uşaqlar müəllimin həyatına laqeyd qalmırlar. Bütün müsbət keyfiyyətlərinə baxmayaraq, müəllim məişətdə bağışlanılmaz hərəkət edirsə, bu, şagirdlərə məlum olur.
O ki qaldı peşəkarlıq komponenti, fikrimcə, buraya professional bilik, pedaqoji fakt, müəllim-şagird qarşılıqlı münasibətinin üsulu və s. daxildir. Birincisi, nüfuzlu müəllim öz fənnini bilir, onu öyrətməyi bacarır. Müəllim alim müşahidəçiliyinə, uşaq həyəcanını anlamaqda psixoloq biliyinə malik olmalıdır. Buna yalnız öz üzərində sistemli işləmək, başqa müəllimlərin ən yaxşı təcrübəsini öyrənmək yolu ilə nail ola bilər. Müəllim daim öz biliyini təkmilləşdirməlidir. Onun biliyi məhdud fənn dairəsində qapanıb qalmamalıdır. Biliyi dərsliyin həcmindən artıq olmayan müəllim bədbəxtdir. Belə müəllimin nüfuzu olmur, uşaqlar onu saymırlar. Özü də öz işindən mənəvi zövq almır. Müəllim yaradıcı olmalı, pedaqoji takta o dərəcədə yiyələnməlidir ki, hər bir şəraitdə, o cümlədən təlim-tərbiyə işində daha düzgün pedaqoji priyom tapsın. Uşaqlarla qarşılıqlı münasibətdə pedaqoji takt nümayiş etdirməyən müəllimin nüfuzu olmaz. Pedaqoji takt tərbiyəvi təsir vasitəsidir, ona avtoritarlıq, diktat, psixoloji təzyiq yaddır.
Mən müəllim nüfuzunun mahiyyətini təşkil edən şəxsi və peşəkarlıq komponentlərini bir-birindən ayrı təsəvvür etmirəm, onlar qarşılıqlı surətdə əlaqədardır...
...Sədaqət xanım deyir ki, bu mövzuda saatlarla danışa bilər, misallar gətirər. Lakin razılaşırıq ki, xüsusilə, gənc müəllimlərin faydalanması üçün bu da kifayətdir.
{nl}

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.