16.11.2014

ÜMUMTƏHSİL MƏKTƏBİ
DİREKTOR

Əmək funksiyası: “Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi”nə və təhsil müəssisəsinin Nizamnaməsinə əsasən məktəbin fəaliyyətini idarə edir; məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, daxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil edir; pedaqoji kollektivin təlim-tərbiyə işinin səmərəliliyinə nail olmaq üçün fəaliyyət göstərir, təlim və tərbiyənin vəhdətini təmin edir, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir, bütün mərhələlərdə təlim-tərbiyə prosesini təşkil edir; tədris planı və proqramlarının yerinə yetirilməsini, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün zəruri tədbirləri həyata keçirir; şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, şagirdlərin dərin və keyfiyyətli bilik almalarını, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir; şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə kömək göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin məzmunu və təşkili üzərində nəzarəti həyata keçirir, şagirdlərin peşəyönümü üzrə işlərini təşkil edir; icbari orta təhsilin həyata keçirilməsini təmin edir; qabaqcıl iş təcrübəsini tətbiq edir; təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir; kadrların düzgün seçilib-yerləşdirilməsi məsələlərini həyata keçirir; əmək qanunvericiliyinə və daxili intizam qaydalarına uyğun işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirir, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır; əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini rəğbətləndirmə və təltif üçün təqdim edir; direktor müavinlərinin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir; kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına məsuliyyət daşıyır; pedaqoji heyətin peşə ustalıqlarının yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma və yenidənhazırlanma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir, pedaqoji kadrların təkmilləşdirilməsi məqsədilə yaradılmış dayaq məntəqələrində onların iştirakını təmin edir, attestasiyanın keçirilməsi üçün hazırlıq işlərini görür və onun obyektiv keçirilməsini təşkil edir; rəhbərliklə əmək kollektivi arasında bağlanmış kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinin əsaslarını, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir; daxili intizam qaydalına riayət olunmasına məsuliyyət daşıyır, işçilərə verilən tapşırıqları əmək qanunçuluğuna uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur, öz hüquqları dairəsində intizam tənbehi tətbiq edir; valideynlərlə (onları əvəz edən şəxslərlə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələrlə, xeyriyyə cəmiyyətləri, sponsorlarla və ictimaiyyətlə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir; dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.
Bilməlidir: gənclərin təhsili və tərbiyə məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nu, Uşaq Hüquqları Konvensiyasını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti; müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri; təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
1. Ali pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsil;
2. Azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staj;
3. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə diplom ( sertifikat).
I. Ümumi tipli əsas və orta məktəb (internat məktəb) direktorları üçün əməyin ödəniş dərəcələri:
13-cü dərəcə - şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə - şagirdlərin sayı 101-dən 300-dək olduqda;
15-ci dərəcə - şagirdlərin sayı 301-dən 800-dək olduqda;
16-cı dərəcə - şagirdlərin sayı 801-dən çox olduqda.
II. Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi tipli internat məktəbi direktorlarının əməyinin ödəniş dərəcələri:
13-cü dərəcə - şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə - şagirdlərin sayı 101-dən 150-dək olduqda;
15-ci dərəcə - şagirdlərin sayı 151-dən 200-dək olduqda;

16-cı dərəcə - şagirdlərin sayı 201-dən çox olduqda.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.