16.11.2014

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi
(Əvvəli qəzetimizin ötən sayında) 
Məktəb üç kollektivin - müəllim, şagird və valideyn kollektivlərinin vəhdətindən ibarətdir. Bu kollektivlər ümumi məqsəd uğrunda səylərini birləşdirərək yüksək nəticələr əldə etdikdə inamla yaradıcı vahid kollektivin formalaşdığını təsbit etmək olar. Məktəb elə bir müəssisədir ki, orada formalaşan iş mühiti və üslubu, ilk növbədə, məktəb direktorunun şəxsiyyətindən çox asılıdır.
Xalqımız, dövlətimiz məktəbin qarşısında çox mühüm, məsuliyyətli vəzifələr qoymuşdur. Heç vaxt məktəb həyatının ritmi indiki kimi dolğun, məzmunlu və gərgin olmamışdır.
Bugünkü məktəbdə tədris olunan elmlərin əsaslarının məzmunu və metodlarının intensiv şəkildə yeniləşdirilməsi prosesi gedir, təlim-tərbiyə işi dərinləşir və çoxcəhətli olur, məktəbin sosial funksiyaları genişlənir. Bu vəzifələrin uğurla həyata keçirilməsi məqsədə istiqamətləndirilmiş, yüksək səviyyədə təşkilatlanmış və səfərbər edilmiş pedaqoji kollektivə müyəssər ola bilər. Yaxşı təlim və tərbiyə edə bilən kollektivin formalaşdırılması, ilk növbədə, direktorun işidir.
Direktor kimdir? Məktəb direktoru kimdir?
Direktor latınca "yönəldən", "istiqamət verən" mənasını bildirir, geniş mənada "sənaye, elm, təhsil müəssisəsinin rəhbəri" deməkdir. (Slovar inostrannıx slov, str. 167, M.1986) Azərbaycan dilinin izahlı lüğətində və Rusiyanın buraxdığı yeni ensiklopedik lüğətdə (M. 2008) verilən şərhlər üst-üstə düşür: "müəssisə, idarə, yaxud məktəb müdiri", Qısa izahlı iqtisadi terminlər lüğətində (Bakı,  2005) "Direktor - müəssisənin, təşkilatın, firmanın birinci, əsas rəhbəri" kimi şərh edilir.
Məktəb direktoru - natamam orta və ya orta məktəbin rəhbəri, məktəbdə təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. (Pedaqoqiçeskiy slovar, str. 338, M. 1960).
Ölkəmizdə 2009-2010-cu dərs ilində  4529 dövlət ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir ki, onlardan da 4135-i ümumi orta və tam orta məktəblərdir. Bu müəssisələrə rəhbərliyi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu tərəfindən müəyyən edilmiş qaydada təyin edilmiş direktor həyata keçirir. Direktorların hamısı ali təhsillidir, onlardan, təxminən, 26 faizi qadındır.
"Məktəb direktoru - bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir. Burada elmi idarəetməyə nəinki hərtərəfli, mükəmməl yiyələnmək, həm də həqiqi fədakarlıq, seçdiyi işə son dərəcə sədaqətli olmaq tələb edilir". (M.M.Mehdizadə, T.Ə.Allahverdiyev, Q.H.Əliyev, "Azərbaycanda xalq maarifinin sürətli inkişafı", səh.162, B., 1980).
Direktor məktəbi idarə edərkən Azərbaycan Respublikası Konstitusiyasını, "Təhsil haqqında" Qanunu, əmək məcəlləsini, digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Fəhlə Peşələri və Qulluqçu Vəzifələri üzrə Ümumrespublika Təsnifatının və Fəhlə Peşələri və Qulluqçu Vəzifələrinin Vahid Tarif - İxtisas Sorğu Kitabçalarının işlənib hazırlanması haqqında" qərarının tələbləri baxımından hazırlanmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş, nəhayət, Təhsil Nazirliyinin 07.06.2005-ci il tarixli, 468 nömrəli əmri ilə müvafiq dəyişikliklər edilmiş "Təhsil Sahəsi İşçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif - İxtisas Sorğu Kitabçası" ilə müəyyənləşdirilmiş əmək funksiyalarını, ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsinin tələblərini və məktəbin nizamnaməsini əldə rəhbər tutmalıdır.
Məktəb direktorunun "Sorğu kitabçası"nda təsbit edilən əmək funksiyaları aşağıdakılardır:
"Ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsinə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən məktəbin fəaliyyətini idarə edir; məktəbin inkişaf proqramını, perspektiv və cari planlarını hazırlayır; müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır; daxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir; həyata keçirilməsinin optimal həlli yollarını tapır; dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil edir; pedaqoji kollektivin təlim-tərbiyə işinin səmərəliliyinə nail olmaq üçün fəaliyyət göstərir, təlim və tərbiyənin vəhdətini təmin edir; tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir, bütün mərhələlərdə təlim-tərbiyə prosesini təşkil edir; tədris planı və proqramların yerinə yetirilməsini, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün zəruri tədbirləri həyata keçirir;  şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, şagirdlərin dərin və keyfiyyətli bilik almalarını, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmalarını istiqamətləndirir və onların işinə kömək göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin məzmunu və təşkili üzərində nəzarəti həyata keçirir, şagirdlərin peşə yönümü üzrə işlərini təşkil edir; qabaqcıl iş təcrübəsini tətbiq edir; təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir; kadrların düzgün seçilib yerləşdirilməsi məsələlərini həyata keçirir; əmək qanunvericiliyinə və daxili intizam qaydalarına uyğun işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirir, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır; əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini rəğbətləndirmə və təltif üçün təqdim edir; direktor müavinlərinin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir; kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına məsuliyyət daşıyır; pedaqoji heyətin peşə ustalıqlarının yüksəldilməsi üçün şərait yaradır; onların ixtisasartırma və yenidənhazırlanma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir, pedaqoji kadrların təkmilləşdirilməsi məqsədilə yaradılmış dayaq məntəqələrində onların iştirakını təmin edir, attestasiyanın keçirilməsi üçün hazırlıq işlərini görür və onun obyektiv keçirilməsini təşkil edir;  rəhbərliklə əmək kollektivi arasında bağlanmış kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsini, əmək qanunvericiliyinin əsaslarını, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir; daxili intizam qaydalarına riayət olunmasına məsuliyyət daşıyır, işçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur, öz hüquqları dairəsində intizam tənbehi tətbiq edir; valideynlərlə (onları əvəz edən şəxslərlə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələrlə, xeyriyyə cəmiyyətləri, sponsorlarla və ictimaiyyətlə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir.
Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir".
Bu funksiyaları vaxtında, ardıcıl, sistemli, davamlı və keyfiyyətlə həyata keçirmək üçün məktəb direktoru dərin elmi-nəzəri biliyə, geniş eridusiyaya, həyati və pedaqoji təcrübəyə, yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır. O, uşaqları   sevməli və onlara qayğı ilə yanaşmalıdır, bir pedaqoq kimi peşəsinin ustası, ixtisasının sahibi, lider-müəllim olmalı,  pedaqoji kollektivdə olan nüfuzlu müəllimlərə hörmətlə yanaşmalı, onlardan çəkinməməlidir, onlara bir əngəl, maneə kimi baxmamalı, onlarla əməkdaşlıq etməlidir, ona vicdanlılıq, obyektivlik, məsuliyyətlik, alicənablıq xüsusiyyətləri xas olmalı, paxıllıq və kinlilikdən uzaq olmalıdır, əla metodist, nəzakətli məsləhətçi, mehriban tərbiyəçi olmalı, təmkinlə, səbrlə uşaqları da, böyükləri də dinləməyi bacarmalıdır; ilk növbədə, özünə, sonra isə digərlərinə qarşı tələbkarlıq göstərməli, incə psixoloq olmalı, lazım gəldikdə o özünü müəllimin də, şagirdin də, valideynin də yerinə qoymağı bacarmalıdır. Əsl direktor formal icraçı deyil, təşəbbüskar, yaradıcı insan olmalıdır, məktəbin hər bir işçisinin uğurunu məmnunluqla qarşılamalı, layiqincə qiymətləndirməli, dəstəkləməli, digərlərinə nümunə göstərməlidir. O, formalizmə, yalana, gözdən pərdə asmağa qarşı amansız olmalı, səhvləri, nöqsanları etiraf etməyi, onların aradan qaldırılması yollarını tapmağı, məktəb həyatının gündəlik cari işləri axarında əsas məsələləri nəzərdən qaçırmamalıdır. Direktorun xarakterində ən böyük nöqsan kobudluq, qabalıq, sərtlik, çılğınlıq, özünü ələ ala bilməməkdir. Direktor fəaliyyət zamanı pedaqoji taktın - pedaqoji əxlaq qaydalarının tələblərinə riayət etməli, sözü və əməli üst-üstə düşməlidir. V.A.Suxomlinski tövsiyə edirdi ki, "Əgər yaxşı direktor olmaq istəyirsinizsə, ilk növbədə, yaxşı pedaqoq-müəllim-didakt, yaxşı tərbiyəçi olmağa çalışın..." (İzbrannıe pedaqoqiçeskie soçineniya, tom tretiy, str.12, M.1981).
Ölkəmizin bazar iqtisadiyyatı yolu ilə inkişafı, təlim-tərbiyənin keyfiyyətini daha da yaxşılaşdırılması məsələləri məktəb rəhbərlərindən yüksək səviyyədə psixoloji - pedaqoji və inzibati-təsərrüfat səriştəliliyi tələb edir.
Məktəb işinin məzmununu dərindən bilmədən, müasir şəraitdə cəmiyyətdə və təhsildə baş verən gerçəkliklərin mahiyyətini dərk etmədən məktəbi idarə etmək mümkün deyildir. Dövlət məktəb rəhbərlərindən idarəçilikdə demokratik prinsiplərə istinad etməyi, məktəbin qarşısında duran məsələlərin həllinə yaradıcı yanaşmağı, bütün işçilərdən işgüzarlığı, intizamlılığı, operativliyi, təşkilatçılığı, şəxsi məsuliyyət hissinin aşılanmasını israrla tələb edir.
Məktəb direktoru səlahiyyətli rəhbər, təlim-tərbiyə prosesinin baş təşkilatçısıdır. O, ilk növbədə, pedaqoqdur, tərbiyəçidir. Onun biliyi, təşkilatçılıq qabiliyyəti və enerjisi təlim-tərbiyə prosesinin durmadan təkmilləşdirilməsinə, onun effektivliyinin yüksəldilməsinə yönəlməlidir.
Təşkilati məsələlərin mahiyyəti sadəcə ondan ibarətdir ki, hər kəs ona verilən səlahiyyətlər çərçivəsində məsuliyyət daşıyaraq öz işi ilə məşğul olsun. Bu, adi gündəlik həyati qayda idarəetmə elminin və təcrübəsinin əsasıdır.
Direktor məktəbdə təlim-tərbiyə və maliyyə-təsərrüfat işinin səmərəliliyini yüksəltmək, hər bir işçinin məsuliyyətini artırmaq məqsədi ilə müvafiq normativ-hüquqi sənədlər və "Təhsil Sahəsi İşçilərinin Qulluqçu Vəzifələrinin Vahid Tarif - İxtisas Sorğu Kitabçası" əsasında işçilər arasında vəzifə bölgüsü aparır və bunu əmrləşdirir.  Bu əmrlə hər bir işçinin dəqiq fəaliyyət sahəsi müəyyənləşdirilir, əmək funksiyalarının icrasına hüquqi əsas verilir, rəhbərliyə işə nəzarəti optimal surətdə həyata keçirməyə imkan yaradılır. Kollektiv üzvləri arasında vəzifə bölgüsünün aparılması müvafiq məsələlər üzrə, konkret icraçılarla bağlı operativ və obyektiv qərarların, sərəncamların hazırlanması və qəbul edilməsinə şərait yaradır. Əmək kollektivində bu qərarlar cari və perspektiv planlar, əmrlər, yazılı və şifahi sərəncamlar formasında meydana çıxır.
Dərindən və hərtərəfli düşünülmüş qərarlar məktəb rəhbərlərinin idarəedicilik fəaliyyətinin nəticə etibari ilə səmərəliliyinin vacib şərtidir. Onu da nəzərdə saxlamaq lazımdır ki, qəbul edilmiş qərarlar, verilmiş əmrlər, sərəncamlar obyektiv və ədalətli olduqda və onların həyata keçirilməsi ilə bağlı konkret təşkilati tədbirlər gördükdə daha yaxşı səmərə verirlər.
Rəhbər idarəetmə sisteminin mərkəzi fiquru - siması, işin başında duran şəxsdir. Hər hansı idarəetmə prosesində, o cümlədən məktəbin idarə olunmasında başlıca mövqe rəhbərə - direktora məxsusdur. Rəhbərin müəyyənedici rolu ondan irəli gəlir ki, ona qərar qəbul etmək səlahiyyəti verilir,  o, "nə etmək, necə etmək" məsələsini müəyyənləşdirir və bunun üçün məsuliyyət daşıyır.
Digər sahələrdə olduğu kimi, təhsil sistemində də rəhbər müxtəlif, lakin qarşılıqlı surətdə bir-birini tamamlayan funksiyaları - inzibatçılıq, təşkilatçılıq, mütəxəssislik (pedaqoqluq, tərbiyəçilik), ictimai xadimlik - yerinə yetirir. Müəssisənin rəhbəri - məktəbin direktoru bir inzibatçı kimi əmək məcəlləsi və digər qanunvericilik aktlarının tələbləri baxımından kollektivdə əmək intizamını möhkəmləndirmək, kadrların seçilib yerləşdirilməsi, ştatların komplektləşdirilməsi, işçilər  arasında vəzifə bölgüsünün aparılması, məktəbdə daxili intizam qaydalarının gözlənilməsi, nəzarətin təşkili ilə bağlı tədbirlər görür.
Bir təşkilatçı kimi direktor işçilərin əməyinin səmərəliliyini təmin etmək üçün müvafiq iş şəraiti yaratmalı, qarşıya qoyulan vəzifələrin işçilər tərəfindən vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi ilə bağlı məqsədyönlü və tənzimləyici tədbirlər görməli, vəzifələrin uğurla həlli üçün tələb olunan ilkin şərtləri, metodları, resursları (ehtiyatları) müəyyənləşdirməlidir.
Məktəb direktoru öz ixtisasının elmi-nəzəri və praktik əsaslarını dərindən bilən, peşəsinin ustası olan bir mütəxəssis - pedaqoq olmalıdır. Rəhbər məsələləri düzgün, savadlı qoymağı, səriştəli təhlil etməyi, onların yerinə yetirilməsinə effektli nəzarət etməyi, işçilərə ixtisaslı tövsiyə verməyi, təlimatlandırmağı bacarmalıdır. Məktəb rəhbəri, eyni zamanda özünün bütün fəaliyyəti, insanlara münasibəti və şəxsi mənəvi keyfiyyətləri ilə bir tərbiyəçi kimi çıxış edir. Onun qəbul etdiyi qərarların ədalətliliyi, sözü ilə əməlinin vəhdəti işçilərə də, şagirdlərə də, valideynlərə də tərbiyəvi təsir göstərir. İdarəetmə, ilk növbədə, insanların idarə olunması ilə bağlı olduğundan onlara əmrin gücü ilə deyil, inandırmanın gücü ilə təsir etdikdə idarəetmə tərbiyəvi təsir göstərir. Ona görə də məktəb rəhbərləri qəbul edilən qərarların, verilən əmrlərin, sərəncamların, göstərişlərin, görülən tədbirlərin tərbiyəvi nəticələrini həmişə nəzərdə saxlamalıdır.
Məktəb direktoru tutduğu vəzifəyə uyğun olaraq, eyni zamanda ictimai xadim kimi fəaliyyət göstərir. O, dövlət orqanlarında, hökumət və qeyri-hökumət təşkilatlarında məktəbi təmsil edir, rayonda (şəhərdə), ölkədə keçirilən müşavirələrdə, konfranslarda, ictimai təşkilatların tədbirlərində, yerli və mərkəzi orqanlara seçkilərdə iştirak edir, o tədbirlərdə əldə etdiyi informasiyalardan bəhrələnərək kollektivdə mənəvi-psixoloji iqlimin yüksəlməsinə və işgüzarlığın artmasına təsir göstərir.
Məktəb direktorunun bir rəhbər kimi özünütəsdiqində və nüfuzunun yüksəldilməsində onun şəxsi mənəvi keyfiyyətləri, peşəkarlığı ilə bərabər, qəbul etdiyi qərarların ədalətliliyi daha böyük rol oynayır. Çünki insanlar həmişə rəhbərin hərəkətlərində və münasibətlərində onun ədalətli olmasını istəyir. Ədalətli rəhbər hər zaman əməkdaşların hörmətini, etibarını qazanır, kollektivdə, cəmiyyətdə yüksək nüfuza malik olur. Hər hansı bir şəxsin məktəb direktoru vəzifəsinə təyin edilməsi barədə əmr verildikdə təhsili idarəetmə orqanı tərəfindən ona müəssisəyə, oradakı kollektivlərə rəhbərlik etmək hüququ, səlahiyyəti verilir, şəxsi nüfuzla bağlı əmrə heç nə əlavə edilmir. Direktor nüfuzu şəxsi nümunəsi, biliyi, təşəbbüskarlığı və digər mənəvi keyfiyyətləri ilə qazanmalı və özünü bir rəhbər kimi təsdiq etməlidir. Bu parametrlərə cavab verən direktorlarımız az deyil, lakin hazırkı şəraitdə bəziləri direktorluğunu yüksək amallarla yox, kollektivdə hay-küy salmaqla, bəzilərini işdən qovmaqla, hədələməklə, "burda mənəm, Bağdadda kor xəlifə", filan "Həsən ağanın" qohumudur xofunu yaratmaqla özünü rəhbər kimi təsdiq etməyə çalışırlar, özünü "hakimi mütləq" kimi aparır, idarəetmənin demokratik prinsiplərinə məhəl qoymur, amirlik üsuluna üstünlük verir, nəticədə kollektivdə mənəvi - psixoloji iqlim pisləşir, konflikt yaranır, rəhbər nüfuzunu, son nəticədə vəzifəsini itirir. Lakin ən çox itirən şagirdlər və müəllimlər, bütövlükdə təhsil sistemi olur. Çünki müəyyən zaman kəsiyində pedaqoji kollektiv təlim-tərbiyə prosesini daha da təkmilləşdirmək əvəzinə, yaranmış konflikt situasiyaların araşdırılması ilə məşğul olur, ən qiymətli şey - vaxt itirilir.  Yadda saxlamaq lazımdır ki, "öz işçilərini şöhrətpərəstliklə və mənsəbpərəstliklə idarə edən adam ağıllı hesab edilə bilməz" ("Kəlilə və Dimnə", səh. 45, B.1982).
Rəhbərin ciddi tələbkarlığı bəzən əməkdaşlar tərəfindən yaxşı qarşılanmır, hətta konfliktli situasiyaya gətirib çıxarır. Belə halda konfliktli situasiyanın yaranması qarşısını almaq mümkündürmü? Təcrübə göstərir ki, aşağıdakı şərtlərə əməl edilərsə, konfliktin qarşısı vaxtında alına bilər:
1) kollektivin işi üzərində rəhbərin nəzarəti müntəzəm aparılarsa;
2) müstəsnalıq etmədən nəzarətlə tabelikdəki bütün işçilər əhatə edilərsə;
3) rəhbər hamının, hər kəsin işinin qiymətləndirilməsinə eyni dəqiq kriteriyalarla yanaşarsa;
4) hər bir işçini əldə etdiyi müvəffəqiyyətə görə rəğbətləndirə, işə başdansovdu yanaşan, səhlənkar işçiləri tənqid edərsə;
5) rəhbərlərin tənqidi dəqiq, əsaslandırılmış, xırdaçılıqdan uzaq olarsa, tənqiddən işçini alçaltmaq üçün bir silah kimi istifadə edilməzsə;
6) tənqid edilən işçinin əvvəlcə işindəki müsbət cəhətlər qısaca qeyd edilərsə. 
Rəhbər tərəfindən bu şərtlərin pozulması kollektivdə qeyri-sağlam psixoloji mühitin yaranmasına, bəzən də konfliktə çevrilməsinə səbəb olur, müəssisənin normal iş ritmi pozulur.
Ona görə də rəhbər işçinin fəaliyyətindəki nöqsanları tənqid edərkən pedaqoji taktı, etik normaları gözləməli, işçinin şəxsiyyətinə, mənliyinə, heysiyyətinə toxunmamalıdır, tənqiddən təhqirə keçməməlidir, ona verilən səlahiyyətdən sui-istifadə etməməlidir, hər şeyin həddini bilməlidir.
Bu tələblərə riayət etmək üçün məktəb direktoru hər bir işçini yaxşı tanımalı, onlar haqqında ən düzgün, dürüst məlumatı özünün şəxsi müşahidələri əsasında əldə etməlidir. O, hər hansı bir əməkdaşın işə, həmkarlarına, şagirdlərə, valideynlərə, dostlara, ailəsinə, məktəbin mülkiyyətinə və s. olan münasibətini ardıcıl müşahidə edərək müvafiq qənaətə gəlməlidir - obyektiv qiymətləndirilməlidir. Başqalarının subyektiv mülahizələri ilə işçiyə, ümumiyyətlə insana obyektiv qiymət  vermək olmaz.
Rəhbər kadrlarla  müəyyən  problemlərin ortaya çıxmaması üçün onların seçilib yerləşdirilməsi zamanı onlar hərtərəfli - həm bir insan, həm də bir mütəxəssis kimi - mənəvi-əxlaqi keyfiyyətləri və peşəkarlıq, səriştəlilik səviyyəsi, işlədiyi kollektivdə, ümumən rayonun (şəhərin) pedaqoji ictimaiyyəti arasındakı nüfuzu öyrənilməlidir. N.Tusinin təbirincə desək, "Müxtəlif simalı, dəyişkən xasiyyətli adamları seçməkdən imtina edilməlidir. Həyalı, ağlına nisbətən gücü və şücaəti daha çox olanları seçmək məsləhətdir..." (Əxlaqi-Nasiri, səh. 169, B.1980). Direktor  "...seçərkən şan və şöhrət, var və dövlətə deyil, istedad və qabiliyyətə, əxlaq və tərbiyəyə fikir verilməlidir" ("Kəlilə və Dimnə". səh. 280. B.1982). Ona görə ki, məktəb direktoru rəhbərlik etdiyi müəssisənin müəllimləri, şagirdləri, valideynləri üçün hər cəhətdən etalon olmalıdır. Çox təəssüf ki, bəzən bir məktəbdə nüfuzunu itirmiş, işindəki nöqsanlara görə vəzifədən azad edilmiş kəs, bir neçə vaxtdan sonra digər bir məktəbə direktor təyin edilir. Bu halda hansı nüfuzdan söhbət gedə bilər? Görəsən, nə üçün təyin edənlər bu təyinatın gələcəkdə hansı fəsadları törədəcəyi haqda düşünmürlər?
Bazar  iqtisadiyyatı  şəraitində  rəhbərin  ən  vacib  vəzifəsi dövlətimizin kadr siyasəti prinsiplərinə uyğun olaraq onların düzgün seçilib  qabiliyyəti, biliyi və bacarığına uyğun yerləşdirilməsindən ibarət olmalıdır.
Əgər məktəb bütün fənlər üzrə ixtisaslı pedaqoji kadrlarla komplektləşdirilməyibsə, müəssisənin normal fəaliyyət göstərməsi qeyri-mümkündür. Ona görə də pedaqoji kadrların seçilməsi, onların biliyi, bacarığı, təcrübəsi nəzərə alınmaqla yerləşdirilməsi direktorun fəaliyyətində ən vacib məsələlərdən biridir.
Kadrlarla iş təcrübəsi rəhbəri inandırır ki, kadrlarla bağlı problemlərin uğurlu həllinə mütləq ciddi,  sistemli, dəqiq düşünülmüş, perspektivli yanaşma lazımdır.
Bu tələblərin mahiyyətini düzgün dərk edən məktəb rəhbərləri adətən ətrafına bilikli, bacarıqlı, istedadlı, təşəbbüskar adamları toplayırlar. Bir çox məktəb direktorları isə xüdbinlik edərək öz şəxsi mənafeyini məktəbin, pedaqoji kollektivin, ən ümdəsi şagirdlərin mənafeyindən - ümumxalq, ümumdövlət mənafeyindən üstün tutaraq ətrafına qohumlardan, yerlilərdən, dostlardan, yaltaqlardan, şəxsi "sadiqlik" göstərənlərdən yararlanmağı bacaranları toplayırlar. Yaddan çıxarırlar ki, alman fiziki və yazıçısı Q.Lixtenberqin dediyi  kimi, qorxaq, quyruq bulayan, zəif iradəli, hər şeyə yarayan və heç nəyə yaramayan, lazım olanda isə tez aradan çıxan, tapılmayan, nankor adamlar ən təhlükəli adamlardır. Ona görə də məktəb rəhbərləri tayfa təfəkküründən, feodal yanaşmasından uzaq olmalı, məktəbimizin, təhsilimizin tərəqqisinə gərəkli mütəxəssisləri seçib yerləşdirməlidirlər. Adi bir həqiqəti başa düşməlidirlər  ki, "İnsanlar arasında yad yoxdur" (C.Nort).
Məktəb direktoru, eyni zamanda yaxşı psixoloq olmalıdır. O, nəinki ümumi psixologiyanı, eyni zamanda pedaqoji psixologiyanı, yaş fiziologiyası və psixologiyasını yaxşı bilməlidir, əks halda, müxtəlif yaş qruplarına aid olan uşaqlar, yeniyetmələr, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri ilə qarşılıqlı anlaşma yaratmadan idarəçilikdə uğur əldə etmək çətindir. Müəssisənin rəhbəri işçilərin psixi xüsusiyyətlərini, xarakterini yaxşı bildiyi zaman onları təşkil edib qarşıya qoyulan məqsədə çatmaq üçün səfərbər etmək asan olur, iş uğurla nəticələnir. Məktəb direktoru işçilərdən kimin hansı temperamentə (xolerik, melanxolik, sanqvinik, fleqmatik) malik olduğunu, xarakterinin zəif və güclü cəhətlərini bildikdə onlara yanaşma yollarını müəyyənləşdirmək, onlarla işçi münasibətlərini qurmaq asanlaşır, kimə hansı işi tapşırmaq, kimin fəaliyyətinə necə nəzarət etmək və s. məsələlər aydınlaşır. Bu baxımdan Amerika menecerləri belə deyirlər, rəhbər işçi əsasən iki vacib keyfiyyətə malik olmalıdır:
1) İnsanların xarakterinin onların işinə mane olmayan cəhətlərinə dözümlülük;  2) işə mənfi təsir edən hər şeyə qarşı dözümsüzlük göstərməlidir.
Məktəb  direktoru  bir  idarəedici  kimi  yüksək  intellektə  malik  ziyalı olmalı, "savadlı, elmli, bilikli, cəmiyyətdə özünü apara bilən, tərbiyəli" - mədəni insan olmalıdır. Məktəb təlim, tərbiyə, təhsil məbədi, mədəniyyət beşiyidir. Ona görə də belə müəssisənin rəhbəri yüksək idarəetmə mədəniyyətinə malik olmalıdır. İdarəetmə mədəniyyəti insanın və cəmiyyətin rifahı və xoşbəxtliyinin zəruri şərtidir. İntellektual, etik və hüquqi mədəniyyətlə yanaşı, idarəetmə mədəniyyətinin yüksəldilməsi bütövlükdə təhsil sisteminin təkmilləşdirilməsinə və nüfuzunun artmasına xidmət edərdi. Təhsil idarəçiləri bilməlidirlər ki, onların yüksək daxili mədəniyyəti insanların qarşılıqlı anlaşmasına, onlar arasında harmoniyanın yaranmasına, daha təkmil idarəçiliyin formalaşmasına aparan yoldur.
Hazırda ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük işlər aparılır, təhsil sahəsində İslahat Proqramı çərçivəsində təhsilin müxtəlif aspektlərini əhatə edən Dövlət Proqramları həyata keçirilir, təhsilin maddi-texniki bazası möhkəmləndirilir, məzmunu və onun təşkili formaları yeniləşdirilir, kadr potensialını gücləndirməklə bağlı müəyyən işlər görülür.
Təhsildə aparılan islahatların qarşıya qoyduğu problemlərin həlli ilə bağlı dövlət və hökumət tərəfindən nə qədər yüksək səviyyəli qanunlar, qərarlar, əmrlər, təlimatlar və s. qəbul edilir-edilsin, əgər onların fəlsəfəsi - ideyası, məzmunu və mahiyyəti təhsil müəssisələrinin - məktəblərin pedaqoji kollektivləri və onların rəhbərləri tərəfindən lazımınca dərk edilməzsə islahatın həyata keçirilməsində köklü uğur qazanmaq mümkün olmayacaqdır. Çünki sistemləşdirilmiş təhsilalma - təhsilvermə, təlim-tərbiyə - tədris prosesi məhz məktəbdə - siniflərdə, qruplarda, sinifdənxaric və məktəbdənkənar məşğələlərdə həyata keçirilir.
Belə bir şəraitdə məktəbə məsuliyyətli, təşəbbüskar, işgüzar, "sürətlə düşünməyi və sürətlə işləməyi" bacaran direktor - menecer, lider gərəkdir.  
Arif MURADOV,
Azərbaycan Respublikasının əməkdar müəllimi

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.