16.11.2014

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ TƏRƏFİNDƏN 2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRİN QISA XÜLASƏSİ

Hesabat dövründə təhsilin ayrı-ayrı pillə və səviyyələrinin inkişafına yönəlmiş dövlət proqramları və layihələrin həyata keçirilməsi, təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi, onun strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, təhsilin məzmununun müasir tələblərə və standartlara əsasən yeniləşdirilməsi və keyfiyyətinin təmin edilməsi, kadr hazırlığının əmək bazarının tələblərinə uyğun qurulması, təhsilalanların biliyinin qiymətləndirilməsinin yeni model və mexanizmlər əsasında aparılması, təhsil sistemində yeni maliyyələşmə mexanizmlərinin həyata keçirilməsi, dərslik və dərs vəsaitlərinin hazırlanması və təminatı, gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsilinin təşkili, dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşma) və digər məsələləri əhatə etmişdir.
2013-cü il ərzində Təhsil Nazirliyi tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin təmin olunması, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Ölkə Prezidentinin tapşırığına əsasən ümumtəhsil məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi barədə Təhsil Nazirliyi Hökumət qarşısında vəsatət qaldırmış, Nazirlər Kabinetinin 2013-cü il 23 may tarixli Qərarı ilə qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilmiş, 2012-2013-cü dərs ilində XI sinfi bitirən 90 mindən çox məzununn hamısı attestat alaraq ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulda iştirak etmək imkanı əldə etmişdir. Nəticədə 36 mindən artıq gənc ali məktəb tələbəsi adını qazanmış, 21 min nəfər kolleclərə, 15 min nəfər isə peşə məktəb və liseylərinə qəbul olunmuşdur.
2012-2013-cü dərs ilinin yekunlarına görə təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış 238 şagird qızıl, 10 şagird isə gümüş medala layiq görülmüşdür.
Məktəblilərimiz beynəlxaq olimpiadalarda 2 gümüş və 5 bürünc medal qazanmışdır. Şagirdlər və onların müəllimləri Təhsil Nazirliyinin Fəxri Fərmanı, Diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Təhsil Nazirliyinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” təsdiq edilmişdir. Yeni qaydalara uyğun yaradılmış komissiyaların fəaliyyəti nəticəsində 31.12.2013-cü il tarixədək 6 yaşı tamam olacaq 8846 nəfər uşaq vaxtından əvvəl birinci sinfə qəbul edilmişdir.
Ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu mexanizmi beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilmiş, İKT-nin geniş tətbiqini nəzərdə tutan şəffaf, obyektiv və çevik sistem yaradılmışdır. Əvvəlki dövrlərdə müəllimlərin işə qəbulu ilə bağlı yalnız test imtahanları 6-7 həftə ərzində aparılırdısa, 2013-cü ildə bu proses cəmi 13 günə başa çatmışdır. Ümumilikdə 3286 vakant yer müsabiqəyə çıxarılmış, həmin yerlərə 18782 nəfər elektron ərizə vermişdir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, əlavə yerləşdirmə də nəzərə alınmaqla ümumilikdə 1446 nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmamış, işə qəbul olunacaq müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas meyarı kimi qəbul olunmuşdur.
Eyni zamanda bu sahədə əhəmiyyətli yeniliklərdən biri də Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərin sayının artırılması olmuşdur. Belə ki, ötən illərdə 800 yerə bu tədbirlər tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2527-yə çatdırılmışdır. Həyata keçirilən tədbirlər əvvəlki illərdə ucqar kənd məktəblərinə göndərilmiş, lakin həvəsləndirmə tədbirləri tətbiq edilməmiş gənc mütəxəssislərə də bu tədbirlərin tətbiqinə imkan vermişdir.
Hesabat dövründə məzmun islahatları davam etdirilmiş, ümumtəhsil məktəblərinin I-V siniflərində tədris yeni fənn kurikulumları əsasında davam etdirilmiş, VI siniflərdə fənn kurikulumlarının tətbiqinə başlanmışdır.
2013-2014-cü dərs ilində ibtidai və V-VI siniflərdə işləyəcək fənn müəllimlərinin yeni kurikulumların tətbiqi üzrə təlim kurslarından keçirilməsi üçün müvafiq təşkilati işlər görülmüş, 34244 nəfər müəllimin təlimlərdən keçirilməsi təmin edilmişdir. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün də fənn kurikulumlarının tətbiqi üzrə 30 saatlıq (5 günlük) təlim kursları təşkil edilmiş, ümumilikdə bu təlimlərə 4052 nəfər rəhbər təhsil işçisi cəlb edilmişdir.
2013-2014-cü dərs ili üçün I, II, IV, V, VI, VIII, IX və X siniflər üzrə 146 adda 4022150 nüsxə dərslik və dərslik komplektləri çap edilib yerlərə çatdırılmışdır. VI sinif üçün dərsliklər ilk dəfə olaraq yeni fənn kurikulumları əsasında hazırlanmışdır.
Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 20 dekabr 2011-ci il tarixli 7-ci İclasının Protokoluna əsasən, Gürcüstanın azərbaycandilli məktəblərinin I-XI sinifləri üçün ayrılmış 18 adda 28.015 nüsxə “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilmişdir. Həmin Protokola uyğun olaraq Balakən, Zaqatala və Qax rayonlarının gürcüdilli məktəblərinin I-XI sinifləri üçün 28 adda 2.839 nüsxə “Gürcü dili” və “Ədəbiyyat” dərslik komplekti, həmçinin əlavə olaraq 27 adda 2.703 nüsxə “Riyaziyyat” dərslik komplekti Gürcüstan nümayəndə heyəti tərəfindən həmin rayonların təhsil şöbələrinə verilmişdir.
Təhsil Nazirliyi, əvvəlki illərdən fərqli olaraq, dərslik siyasəti sahəsində əhəmiyyətli dəyişikliklər etmişdir. Bu sahədə ilk addım olaraq 2014-2015-ci dərs ilinə kurikulum əsasında VII və VIII siniflərin yeni dərslik komplektlərinin hazırlanması prosesinə başlanılmışdır. VII siniflərin dərslik komplektləri növbəti dərs ili başlayanadək çap olunaraq ümumtəhsil məktəblərinə çatdırılacaqdır. VIII siniflər üçün hazırlanan dərsliklərin məhdud sayda çap edilərək 1 il seçilmiş məktəblərdə pilot kimi sınaqdan keçirilməsi və sonra bütün məktəblərə verilməsi nəzərdə tutulmuşdur. Dərslik müəlliflərinin peşəkarlığının artırılması və müəlliflik iddiasında olan mütəxəssislərin dərslik yaradıcılığına təşviq edilməsi üçün təlimlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
Təhsil Nazirliyi tərəfindən dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi məsələlərinin tənzimlənməsi barədə müvafiq qərar qəbul olunmuşdur. Dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin müvafiq hesabına daxil olan vəsaitin 50 faizi dərslik müəlliflərinə ödənilməsi, digər hissəsinin isə dərsliklərin yazılmasının stimullaşdırılması, bu sahədə mövcud olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün sərf olunması nəzərdə tutulmuşdur.
Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin edilməsi məqsədilə 3707 ədəd kompyuter, 4853 ədəd noutbuk, 1976 ədəd proyektor və 2600 ədəd interaktiv elektron lövhə müəssisələrə verilmişdir. Hazırda ümumtəhsil məktəblərində hər 18 şagirdə bir kompyuter nisbəti təmin olunmuşdur.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılmış distant tədris mərkəzinin müəllim və şagirdləri 31 ədəd Traxus Roller Plus Joystick, 30 ədəd Qulaqcıq Microsoft LifeChat, 100 ədəd Qulaqcıq A4TECH və 100 ədəd Qrafik planşeti Wacom Bamboo Pen ilə təmin edilmişdir.
İnternet şəbəkəsinə çıxışın təmin olunması istiqamətində daha 70 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) qoşulmuş, belə müəssisələrin sayı 1765-ə (39%) çatmışdır.
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair təlimati qaydalar yeniləşdirilmiş, formativ qiymətləndirmənin aparılması sahəsində müəllimlərə kömək məqsədilə müvafiq sənədlər hazırlanmışdır.
Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihələrin müsabiqəsi keçirilmişdir. Müsabiqənin nəticələrinə əsasən “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5 olmaqla ümumilikdə 18 layihə müsbət qiymətləndirilmişdir.
Hesabat ilində atılmış uğurlu addımlardan biri də məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması üzrə yeni mexanizmin tətbiqi olmuşdur. 547 nəfər pedaqoji kadr müsabiqədə iştirak etmək üçün müraciət etmiş, 3 mərhələli müsabiqə mexanizminin birinci mərhələsi başa çatmış, 164 nəfər növbəti mərhələyə keçmişdir. Keçiriləcək təlimlərin məqsədi peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik menecerlərin hazırlanması və ümumtəhsil məktəblərinə rəhbər vəzifələrə təyin edilməsidir.
2013-2014-cü dərs ilində “Şahmat” fənni tədris olunan pilot məktəblərin şəbəkəsi genişləndirilmişdir. Hazırda respublikanın 519 ümumtəhsil məktəbində bu fənn tədris olunur. 2013-cü ildə şahmat məktəblərinin yetirmələri Respublika birincilik və çempionatlarında 41 medal (16 qızıl, 15 gümüş, 10 bürünc), Avropa, dünya və beynəlxalq səviyyəli rəsmi yarışlarda 23   medal (11 qızıl, 7 gümüş, 5 bürünc) qazanmışlar.
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya Beynəlxalq” təşkilatı arasında imzalanmış Qrant sazişinə əsasən Təhsil Nazirliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş və daim müəssisədə yaşayan 10 nəfər uşaq üçün ailə əsaslı sosial xidmətlər sistemini özündə ehtiva edən kiçik qrup evi yaradılmışdır.
Uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi nəticəsində ölkə üzrə ümumilikdə 589 nəfər uşağın, o cümlədən 2013-cü ildə 34 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınmışdır.
2013-cü ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 13 nəfər uşaq övladlığa verilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 51 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılmışdır.
Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlanılmışdır. Qidalanmanın bu qaydada təşkili beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və baş verən hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir.
Ümumtəhsil məktəblərində təxirəsalınmaz işlərin aparılmasını təmin etmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinə təsərrüfat məqsədləri üçün avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılmışdır. Aylıq avans məbləğinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000–1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 dekabr tarixli qərarı ilə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik dərs yükünün maksimum həddi 24 saatdan 36 saata qaldırılmışdır. Bu qərar ümumi təhsil müəssisələrində müəllim-şagird nisbətinin optimallaşdırılmasına, müəllimlərin sosial rifahının daha da yaxşılaşdırılmasına müsbət təsir edəcəkdir.
Hesabat ilində ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, 1 ali (Milli Konservatoriya), 291 orta məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Təhsil Nazirliyi tərəfindən 177 təhsil obyektində cari təmir işləri aparılmış, 240 məktəbdə 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.
Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna əsaslanan sosial xarakterli “Müasir Azərbaycan Peşəkarları Layihəsi”nin icrasına başlanılmışdır. Layihə peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsinə və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu layihə çərçivəsində müxtəlif dövlət və özəl, o cümlədən xarici tərəfdaşlarla əməkdaşlıq qurularaq 4 ilk-peşə ixtisas təhsili müəssisəsinin bazasında müasir resurs mərkəzləri yaradılmışdır.
“2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı” üzrə layiqli namizədlərin seçilməsi prosesi əsaslı şəkildə təkmilləşdirilmişdir. Proqramın icra olunduğu 6 il ərzində ilk dəfə olaraq namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılmış və obyektiv seçim edilmişdir. 2013-cü ildə əvvəlki illərlə müqayisədə sayca ən çox gənc - 787 nəfər dünyanın aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanmışdır.
Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərinə ali təhsil almağa göndərilmişdir.
Proqram çərçivəsində xaricdə təhsilini başa vurmuş 500-dən artıq məzunun müəyyən hissəsi təhsilini növbəti səviyyədə davam etdirir, digərləri isə ölkəmizdə müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışmaqdadırlar.
2013-cü ildə ikitərəfli razılaşmalar və müxtəlif ölkələrin Azərbaycan vətəndaşlarına ayırdığı təqaüdlər çərçivəsində Türkiyə Respublikası, Rusiya Federasiyası, Çin Xalq Respublikası və Rumıniyanın ali məktəblərinin bakalavriat, magistratura, mütəxəssis, doktorantura, rezidentura və aspirantura səviyyələrində dövlət xətti ilə 607 nəfər təhsil almaqda davam edir.
Hesabat ilində diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə əlaqədar Təhsil Nazirliyinə 2200 müraciət daxil olmuşdur. 1192 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması barədə, 214 sənədin tanınmaması barədə qərar qəbul olunmuşdur, 794 müraciət baxılma mərhələsindədir.
Hesabat dövrü ərzində Nazirliyə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı 12 təhsil müəssisəsinin müraciəti daxil olmuşdur. Onlardan 7-si məktəbəqədər, 1-i ümumi, 1-i ali, 3-ü isə əlavə təhsil müəssisəsi olmuşdur. 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Təhsil Nazirliyində KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırılmışdır. Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edir. Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarının artırılması məqsədilə KİV nümayəndələri üçün seminar və brifinqlər keçirilmiş, onların Sumqayıt şəhərinə və İsmayıllı rayonuna səfərləri təşkil olunmuşdur. Eyni zamanda Təhsil Nazirliyinin tabeliyində olan mətbu orqanlarının fəaliyyətinin gücləndirilməsi, ali məktəblərin mətbuat xidmətləri ilə faydalı işin qurulması istiqamətində müvafiq addımlar atılmışdır.
Hesabat ilində idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində Təhsil Nazirliyinin aparatında struktur dəyişiklikləri edilmiş, bir sıra yeni şöbələr yaradılmışdır. Təhsil sistemindəki neqativ hallarla mübarizənin gücləndirilməsi məqsədilə Daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin olunmuşdur. Son 6 ayda ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nıntəsdiq edilməsi təhsil tariximizdə ən əhəmiyyətli hadisə olmuşdur. Strategiyada Azərbaycanın inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabətqabiliyyətli təhsil sisteminin qurulması istiqamətində strateji hədəflər və tədbirlər müəyyənləşdirilmişdir. Təhsil Nazirliyində yaradılmış işçi qrupu tərəfindən Dövlət Strategiyasının həyata keçirilməsi üzrə Fəaliyyət Planının layihəsi hazırlanır.
2013-cü il dekabrın 14-də Təhsil Nazirliyi tərəfindən Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilmişdir. Bütün bölgələrdən nümayəndələrin seçildiyi qurultayda dövlət rəsmiləri, millət vəkilləri, ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin, yerli təhsil orqanlarının rəhbərləri, nüfuzlu müəllimlər, ziyalılar və digər müvafiq qurumların əməkdaşları iştirak etmişlər. Qurultayda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas strateji hədəflərə nail olunması yolları müzakirə olunmuş və müvafiq qətnamə qəbul edilmişdir.
Təhsil Nazirliyinin tədbirlər planına əsasən ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlər keçirilmiş, o cümlədən konfranslar, müsabiqələr, yarışlar, sərgilər təşkil edilmişdir. Respublikanın ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsi keçirilmiş, qaliblər diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri keçirilmiş, 50 məktəb və 100 müəllim qalib hesab edilərək müəyyən olunmuş qaydada mükafatlandırılmışdır. Ümumilikdə isə 2008-2013-cü illərdə mükafatlandırılan müəllimlərin sayı 600-ə, məktəblərin sayı 300-ə çatmışdır.
Hesabat ili ərzində təhsil işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində sistemli iş aparılmış, ölkə Prezidentinin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 159 nəfər dövlət təltifləri ilə mükafatlandırılmış, o cümlədən 1 nəfər “Əməkdar Elm Xadimi”, 69 nəfər “Əməkdar Müəllim”, 6 nəfər “Əməkdar İncəsənət Xadimi”, 5 nəfər “Əməkdar Artist”, 2 nəfər “Əməkdar Rəssam”, 5 nəfər “Əməkdar Mədəniyyət İşçisi” fəxri adları almış, 71 nəfərə “Tərəqqi” medalı verilmişdir.
Eyni zamanda, 2013-cü il ərzində 157 nəfər təhsil işçisi Təhsil Nazirliyinin ”Qabaqcıl təhsil işçisi” döş nişanı və 78 nəfər Fəxri Fərmanla təltif edilmişdir.
2013-cü il üçün dövlət büdcəsində təhsil xərclərinin xüsusi payı 7,7 % olmaqla 1.530.482,6 min manat nəzərdə tutulmuşdur. Birbaşa Təhsil Nazirliyinə “Təhsil” bölməsi üzrə 359.348,8 min manat vəsait ayrılmışdır ki, bu da təhsil xərclərinin 23,5%-ni təşkil etmişdir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 2013-cü il ərzində Sumqayıt, Şirvan şəhərləri, Lənkəran Siyəzən, Şamaxı, Yevlax, Ağcabədi və Siyəzən rayonlarında təhsil naziri tərəfindən 800-dək vətəndaş qəbul edilmişdir, müraciətlərin 70 faizi müsbət həll olunmuşdur.
Hesabat ili ərzində Təhsil Nazirliyinə ümumilkdə 60976 sənəd daxil olmuşdur ki, onlardan 25672-si məktub, 27259-u ərizə, 4145-i faks və teleqram, 3900-ü isə elektron müraciətlər olmuşdur. 


0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.