16.11.2014

Məktəb - pedaqoji sistem və idarəetmənin obyekti


Təhsil bilikləri kütlələrə çatdırmaq üçün təşkil olunmuş geniş miqyaslı ictimai prosesdir, bu sistemdə əsas məqsəd yeni təhsil müəssisələrində tədrisin müasir tələblər səviyyəsində təşkili və sağlam mənəvi iqlim yaratmaqdır. Təhsil ictimai praktikanın bütün sosial təbəqələrlə əlaqəsi olan, geniş əhatəli bir formasıdır, idarəetmə və fəaliyyət mexanizminə, təşkilati struktura malik mürəkkəb bir sistemdir. Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri üstünlük təşkil edir, idarəetmədə dövlət-ictimai xarakterinin gücləndirilməsi, funksiyaların yuxarıdan aşağı paylanması, ağırlıq mərkəzinin aparatdan sinifə-auditoriyaya keçməsi, əsas hədəfin təhsil verənə və alana yönəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilməlidir... Demokratiya yalnız qanun, parlament və seçkilərə əsaslanmır, reallıq həm də odur ki, vətandaşlar cəmiyyətin həyatında fəal iştirak edir. Yeri gəlmişkən, qiyabi təhsil keçmiş sovet dövründən qalma forma idi, indi həmin təhsil distant təhsillə əvəz olunub. Bir dəfəlik distant təhsilə keçmək, digər tərəfdən bu sahədə şəffaflığın gözlənilməsi o qədər də asan deyil, bizə elə gəlir ki, bunu mərhələli şəkildə həyata keçirmək daha yaxşı olardı.
Təhsilin iqtisadiyyatı demək olar ki, mərkəzləşmiş planlı sosialist iqtisadiyyatında olduğu kimi qalmış, təhsil sisteminin yeni təşkilati-iqtisadi idarəetmə modeli qurulmamışdır, təhsil sisteminin mailiyyələşdirilməsinin mütərəqqi forması olan təhsil alanların adambaşına xərc prinsipləri tətbiq edilməmişdir. Təhsillə bağlı başlıca məqsəd onun mailiyyələşmə mənbəyindən asılılığını aradan qaldırmaq, təhsil müəssisəsinin daha müstəqil olmasıdır. Bu gün Azərbaycanda təhsilin dövlət nəzarətində saxlanılması ideyasına üstünlük verildiyi halda, Qərbdə əsas vəzifə təhsilin hökumətdən asılılığını minimuma endirilməsi, onun idarə olunmasının təhsil mütəxəssislərinin ixtiyarına verilməsidir. İngiltərədə təhsil müəssisəsinə maliyyə müstəqiliyyi verilir, təhsil bir tədris ilində bir şagirdin hazırlanmasına çəkilən xərclər əsasında həyata keçirilir, dövlət büdcəsindən maliyyə vəsaiti təhsil müəssisəsinin birbaşa hesabına keçirilir. Respublikanın 59 məktəbinə maliyyə müstəqilliyi verilib, bu dövrün nə vaxt başa çatacağı müəyyənləşdirilməyib, amma vaxt-dövr bunu tələb edir, məktəb maliyyə müstəqilliyini gözləyir, bu olarsa idarəetmədə demokratik vəziyyət yaranar, məktəb dövlət siyasətində öz yerini görə bilər.
Ümumi orta təhsili sovet dövründən qalmış 11 illik təhsil kimi başa düşülür ki, bunun heç bir əsası yoxdur, təhsilə cəlbetmənin icbarilik dövrü yuxarı yaşlara doğru deyil, aşağı yaşlara doğru genişləndirilir, məsələn, əvvəllər icbari təhsil dövrü 6 yaşdan başlayırdısa, sonra 5 yaşdan, indi isə bir sıra ölkələrdə 4 yaşdandır. Bəzi inkişaf etmiş ölkələrdə icbari təhsil müddəti sinifi və ya tam orta təhsil anlayışı ilə deyil, yaşla müəyyən olunur (16 yaşı keçməmək şərtilə). Fransada 16 yaşa qədər icbari təhsil alan şagirdlər orta təhsilin sonrakı mərhələsində könüllü oxuyurlar, Almaniyada tam orta təhsil almaq üçün ümumi orta məktəbdən sonra təmayüllü və ixtisaslaşdırılmış məktəblərdə təhsillərini davam etdirirlər. İngiltərədə də təxminən belədir, 14 yaşa qədər orta təhsildir, sonrakı illərdə təmayüllü və ya ixtisaslaşdırılmış təhsil verilir. Türkiyədə də icbari təhsil pilləsindən sonra təmayüllü liseylərdə tam təhsili başa vurmaq ənənəsi vardı. Ümumi təhsildə məqsəd insan üçün ən zəruri bilikləri vermək və onun bir vətəndaş kimi formalaşmasına zəmin yaratmaqdan ibarətdir, o səbəbdən şagirdlərə nəyi və necə öyrətmək önəmlidir, icbari təhsildən sonra isə şagirdlərə fənləri könüllü şəkildə seçmək üçün imkan yaradılmalıdır.
Məcburi təhsil Böyük Britaniyada 5 və Şimali İrlandiyada 4 yaşdan başlayır. Bu zaman azyaşlı uşaq məktəblərinə və ya bölmələrinə gedirlər. Dövlət məktəblərində müəllimlərin Yerli Təhsil hakimiyyəti və ya məktəbin idarə orqanı təyin edir. İngiltərədə məktəblər müəllimlərin ilkin hazırlanmasında fəal rol oynayır. Almaniyada məktəb təhsili 6 yaşdan 18 yaşa qədər olan uşaqları əhatə edir, yəni 12 il nəzərdə tutulmuşdur. İcbari ümumi orta təhsil haqqında maddəni yerinə yetirmək üçün 9 il ərzində tam tədris həftəli məktəbi, daha sonra isə texniki peşə məktəbini başa vurmaq lazımdır. Almaniyada hər bir növ məktəbin xüsusi təhsil görmüş öz müəllimləri olur. Müəllim işləməyin başlıca şərti onun aldığı ali təhsildir, lakin bu təhsilin forma və müddətləri müxtəlif ola bilər. Orada abuturiyentlərin sayı mütəmadi olaraq artır, daha çox məktəb məzunu öz təhsilini ali təhsil müəssisəsində davam etdirmək qərarına gəlir. 
İnzibati idarə və elmi metodik xidmət müəssisəsi işçiləri məktəbə gələrkən, ilk növbədə siniflərdə olmalı, şagirdlərlə, uşaq özünüidarə və özfəaliyyət təşkilatları ilə görüşüb söhbət etməli, onların vəziyyəti ilə tanış olmalıdır.  Kollektivə düşüncəli, faydalı, pedaqoji rəhbərlik daim lazımdır, əlbəttə, pedaqoji rəhbərlik inzibatçılıq səciyyəsi daşımamalıdır. Dünyada təhsil standartlarının yaşı o qədər də çox deyildir. Ötən əsrin son onilliklərindən başlayan bu hərəkat hələ bu günün özündə zənginləşərkən fundamental xarakter almaqdadır. Hər bir xalqın taleyini təkcə onun malik olduğu zəngin, təbii sərvətlər deyil, həm də elmi-mədəni və intelektual imkanları, bütün bunların da fövqində dayanan insan kapitalı müəyyənləşdirir.
“Menecment” və “idarəetmə” forma etibarı ilə eynidir, konkret tətbiqində fərqli cəhətləri var, birincidə subyekt, şəxsiyyət, ikincidə isə bütöv idarəetmə sistemi nəzərdə tutulur. İdarəetmənin əsas məqsədi cəmiyyətin təhsilə olan təlabatını ödəmək üçün dövlət-ictimai xarakterli təhsil sisteminin, yeni idarəetmə modelinin yaradılmasıdır. İdarəetmə bazar iqtisadiyyatının tələblərinə, ictimai-siyasi həyatımızda aparılan demokratikləşmə prosesinə uyğun qurulmalıdır.
Məktəb pedaqoji sistem olmaqla yanaşı idarəetmənin obyektidir, təhsili təşkil edənlərin, rəhbər şəxslərin, şagirdlərin məqsədlərini müəyyənləşdirmək üçün yaradılan şəraitdir. İdarəetmədə pedaqoji kollektivin imkanları müəllimlərlə şagirdlərin səmərəli fəaliyyətindən asılıdır, pedaqoji kollektivin idarəetmədə iştirakı təmin edilməlidir. Əksər məktəb rəhbərlərinin idarəetmə mədəniyyəti kollektivdə baş verən dəyişiklərdən və təhsil müəssisələrinin inkişafından geri qalır, mütləq idarəetmə mədəniyyəti təkmilləşdirməlidir, idarəetmə mədəniyyəti hər bir rəhbərin başlıca xüsusiyyəti olmalıdır. Direktorların əsas diqqət yetirəcəyi məsələlər içərisində valideynlərin və ictimaiyyətin məktəblə əlaqələrini möhkəmləndirmək, müəllimlərin bilik və bacarıqlarını daim təkmilləşdirməkdən ibarətdir... Bir də direktorun dərs deməsi məktəbdə çox məsələyə münasibətdə obyektivlik üçün bir stimul, vasitə olur, ən azından dərsdinləmələr kimi vacib işin haqq-ədalət görüntüsünə zəmin yaradır. 
Təhsil sisteminin müxtəlif tipli müəssisə və təşkilatları üçün rəhbər kadrların    hazırlanması və yenidən hazırlanmasını təşkil etmək, kadrlarla  komplekləşdirmə mexanizmini yaratmaq, yüksək pedaqoji və metodik ustalıq  vərdişlərinə malik olan pedaqoji kadrlar hazırlamaq və s. mühüm vəzifələr  hələ də bugünün tələbləri səviyyəsində təşkil edilməmişdir. Rəhbərlik üslubu sahəsində tətqiqatlar fərqli olur: idarəetmədə kollegiyallıq prinsipinin gözlənilməsində hər rəhbər maraqlı deyil, pedaqoji şuralarda çox vaxt obyektivlikdən xəbər vermir. Pedaqoji şuraların forma və məzmunca dəyişməsini hamı istəyir, amma hamı səy göstərmir, bu yığıncaqların müəllimin həyatında əxlaqi, pedaqoji, metodiki əhəmiyyəti olmalıdır. Onun məzmunca dəyişməsini istəyiriksə mütləq valideynləri də ora cəlb etməliyik. Pedaqoji şura məktəb üçün fəaliyyət güzgüsü olmalıdır.
Dövlətimiz təhsilin inkişafına böyük diqqət və qayğı göstərir, heç təsadüfi deyil ki, müstəqillik əldə etdikdən sonra respublikamızda köklü islahatların aparıldığı ilk sahələrdən biri də təhsil idi. Təhsilə kifayət qədər maliyyə, ictimai, siyasi və mənəvi dəstək var, təəssüflər olsun ki, təhsilə cavabdeh kəslər bundan düzgün yararlanmırlar. Bu idarəetməni ictimai demokratik əsaslarla qurmaq üçün zəruri olan qanunvericilik bazasını yaradılması çox vacibdir. Pedaqoji prosesin səmərəli təşkili nəticəsində cəmiyyətin təhsillənməsi kimi strateji problemin həllində mühüm əhəmiyyət kəsb edir. Burada məktəbdaxili nəzarətin idarəetmədə rolu ilə bağlı bütün məsələlər tələb olunan səviyyədə həyata keçməlidir. Məktəbin idarəedilməsi və ona rəhbərlikdən nəzarət olmadan heç bir nailiyyətdən danışmaq mümkün deyil. Rayon İcra Hakimiyyətilə Təhsil Nazirliyinin birbaşa əlaqəsi yalnız rayon təhsil şöbəsinin vasitəsilə yaradılır, o da çox bəsit, formal şəkildə, əslində təhsil şöbəsi onların bəzi dediklərini əyri bilsələr belə heç bir müdaxilə, düzəliş eləmədən, bir növ kor-koranə eləmək məcburiyyətindədir. Ən əvvəl Nazirliklə RİH arasında səmimi, işgüzar münasibət yaradılmalı, bu da təhsil şöbəsinin işində öz təsdiqini tapmalıdır, aralarında səlahiyyət, məsuliyyət və cavabdehlik dəyərləri konkretləşməlidir (məsələn, əmək intizamı, şagirdlərin davamiyyətilə bağlı bir komissiya yaratmaq olar, bu repititorluğa öz təsirini göstərər, bura mütləq QHT-ləri, Nazirliyin mətbu orqanlarını, valideyn komitələrini də cəlb etmək lazımdır).
Rayon İcra Hakimiyyətilə Nazirlik işgüzar münasibət qura bilsələr təhsil müəssisəsi rəhbərlərinin təyinində obyektivlik, şəffaflıq görünər. Yeri gəlmişkən, məktəb direktorlarının təyinində RİH-nin təqdimatı mütləq lazımdır, sabahkı fəaliyyətinə görə cavabdeh tərəf kimi məsuliyyətdən yaxasını kənara verməsin, amma direktorun özünə də bir sınaq müddəti verilməlidir, bir il keçəndən sonra onun fəaliyyəti əmrləşməlidir, üç ildən sonra isə fəaliyyəti məqbul olarsa ona sonrakı illərdə işləmək üçün lisenziya verilə bilər. Bütün bunlar mütləq mərhələ-mərhələ, yoxlama-təfdişlərdən,  müzakirələrdən keçə-keçə məsələ öz həllini tapmalıdır... Müavinləri isə direktor özü təyin etməlidir, bir müddət sonra təhsil şöbəsi iş fəaliyyətini yoxlayıb onun əmrini verməlidir.        
Dövlətin ən mühüm sahələrindən biri gənc nəslin tərbiyə olunması strateji əhəmiyyətli iş olduğu üçün buna ciddi yanaşılmalıdır, belə ki, məktəbdə tərbiyə işləri üzrə direktor müavinlərinin təyini, onların iş prinsipləri şəffaf olmalıdır. Tərbiyədə inandırmaq tərbiyə edənçün əsas şərtdir, bu, vacib məsələdir, müəllimin yaxşı dərs deməsi ilə yanaşı, onun mənəvi-əxlaqi keyfiyyətləri səmimi münasibətlərdə əsas məqsəd hesab edirik.
İctimai əsaslarla tapşırılan işlərə yeni forma və məzmun verilməli, burada müəllimə maddi və mənəvi stimul yaradılmalıdır.
Valideyn komitələrinin təşkilatlanması formal xarakter alıb, onun məktəb işindən çox direktorun işinə yarıdığını hamı bilir, onların məktəbin doğru-düzgün işləri qurmağa heç bir təşəbbüsü olmur, elə bilirik ki, bu qurumun da fəaliyyəti bugünün səviyyəsində qurulmalıdır. 

İslam Əsgəroğlu,                                                                                                                      
“Dövlət quruculuğu” Araşdırmalar Mərkəzinin rəhbəri

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.