Məktəbin idarə olunmasının aktual məsələləri
Məktəb müasir cəmiyyətdə uşaqların təhsil almaq hüquqlarının təmin olunması ilə mühüm əhəmiyyət kəsb edir. Bütün dövrlərdə məktəblərdə təlim prosesinin səmərəliliyi, təhsilin inkişafı cəmiyyətin iqtisad və mədəni durumundan asılı olmuşdur. Buna görə məktəblərdə mövcud olan problemlər ölkədə həyata keçirilən məqsədyönlü islahatlarla öz həllini tapır.
Bu baxımdan müstəqillik illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsillə bağlı həyata keçirilən çoxsaylı layihələr, məktəblərin müasir səviyyədə tikintisi və s. nailiyyətlərimizdir. Dövlət tərəfindən məktəblərin fəaliyyəti üçün yaradılan geniş şəraitə uyğun olaraq idarəetmənin müasirləşdirilməsinə ciddi ehtiyac vardır. 25 illik pedaqoji kollektivə rəhbərlik dövründə həmişə yaradıcılıq nümayiş etdirməyə çalışmışam. Məktəb direktorunun nüfuzunu artıran başlıca amillərdən əsası özünün tədris etdiyi fənni sevməyi, kollektivdə metodiki bacarığına görə nümunəvi olmasıdır. Çox təəssüflər olsun ki, son illər məktəb direktorları bu vacib cəhətə lazımi maraq göstərmirlər. Məktəb direktoru əslində müəllimlərin müəllimi kimi tanınmalıdır. Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq mənim ən böyük arzum olmuşdur. Mən müəllimlikdən qürur duyuram. Hər dəfə sinfə girib balalarımıza milli mənəvi dəyərlərimizdən söhbət açıb onların azərbaycançılıq ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını izah edəndə vətəndaşlıq nümayiş etdirmiş oluram.
Məktəbin idarə olunmasında dərin bilik, bacarıq, peşəkarlıq, çeviklik, səriştəlilik, yeniliklərin mənimsənilməsi və s. kimi zəngin keyfiyyətlərə malik olmaq lazımdır. Müəllimlərin dərslərini dinləyib təhlil etmək, səmərəli tövsiyələr vermək, onların yaradıcılıq imkanlarını aşkarlamaq, təkmilləşmələrinə şərait yaratmaq, şagirdləri müşahidə etmək, valideynlərlə sistemli şəkildə əlaqə qurmaq və s. üçün direktor hərtərəfli inkişaf etmiş, dövrün nəbzini tuta bilən pedaqoji psixologiyanı mükəmməl mənimsəyib ondan faydalanmağı bacaran idarəedən olmalıdır. Məktəbin idarə olunmasından asılı olaraq təhsilin keyfiyyətini yüksəltmək olar. Bunun üçün məktəb direktoru yeni pedaqoji texnologiyanı mənimsəyib tətbiq etməklə İKT-dən faydalanmalıdır. Dünyada sürətlə genişlənməkdə olan qloballaşma dövrü yeni cəmiyyətin tələblərinə uyğun olaraq idarəetmə elminin formalaşması zərurətini qarşıya qoyur. Son illər pedaqoji menecment anlayışı məktəbdaxili idarəetmədə geniş işlədilir. Mahiyyətinə görə pedaqoji menecment təhsil prosesinin subyektlərinin maraqları, tələbləri, ehtiyacları və motivləri üzrə istiqamətlərini xarakterizə edir. Burada əsas məqsəd təhsil müəssisəsinin idarə olunmasının optimallaşdırılmasıdır. Optimal idarəetmə prosesin sürətləndirilməsi ilə şərtlənmir. Ünsiyyətdə diqqətli yanaşma, insanların ləyaqətini və keyfiyyətlərinin imkanlarına önəm vermək tələbi qarşıda durur. Ümumtəhsil məktəbəlrinin idarə olunmasında qarşıya çıxan problemlərin həllinə yönələn tədqiqatçı alimlərin nəticələrindən və təkliflərindən faydalanmaq məqsədəuyğundur.
Təhsildə demokratik idarəetmə məhz yaranan problemlərin ziddiyyətli həllinə təminat verir. Rəhbərlik fəaliyyətimdə təhsil qanununda təsbit olunan: “təhsil cəmiyyətdə dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və üstün inkişaf etdirilən fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakterik daşıyır” müddəasını kollektivin gündəlik işinin tələbinə çevrilməsinə daim səy göstərirəm. Həyata keçirilən real tədbirlər nəticəsində məktəbdə idarəetmə demokratik səciyyə daşıyır. Pedaqoji kollektivi təmsil edən 50 müəllimin hər biri öhdəsinə düşən vəzifənin həllində şəxsi məsuliyyətini dərk edir. Bu ilki buraxılışda onbirincilərlə doqquzuncuların təlim nailiyyətləri gözlənilən nəticəni doğrultması bizi sevindirir. Ali və orta ixtisas məktəblərinə sənəd verən şagirdlərimizin 80%-nin qəbul olunmaları təhsilin keyfiyyətinin göstəricisidir. Azərbaycan təhsilinin idarə olunması ilə bağlı tarixi şəxsiyyətlərin, müttəfiqlərin fikirlərinə istinad etmək mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Nizami Gəncəvinin (1141-1209) və Nəsrəddin Tusinin fikirləri örnəkdir.
Nizaminin “İskəndərnamə” əsərində Ərəstunun rəhbərliyi altında ali tipli qadın məktəbi onun təşkili və idarəedilməsi geniş təsvir edilmişdir. Mütəfəkkir şair əsərlərində təhsilin məzmununun idarə olunmasında dünyəvilik məsələlərinə yüksək dəyər verir. O, İskəndər, Bəhram Gur, Xosrovun elmə marağını ifadə edir. Nizami təlimin təşkili və idarə edilməsinin böyük zəhmətlə başa gəldiyini xüsusilə qeyd edir. İdarəetmənin kamil olmasına önəm verir:
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Azərbaycanın böyük alimi Nəsrəddin Tusini bütün dünyaya tanıdan “Əxlaqi Nazir”i ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi xüsusiyyətlərilə bu gün də öz dəyərini saxlayır. Nəsrəddin Tusiyə görə idarəetmədə hər bir fəaliyyətin məqsəd və məramlarının, bunların xeyir və səadətə çatmaq arzusu olduğunu bildirir. O deyir: “Həmişə öyrən və öyrətməklə məşğul ol, əvvəl məqsədi müəyyənləşdir, sonra elmi seç”. İdarəetmədə əmək, fəaliyyət, hərəkət və işgüzarlığı təbliğ etməklə, uğurlu nəticənin əldə olunmasının elmi dəlillərini şərh edən Nəsrəddin Tusinin tarixi fikirləri məktəbin demokratik şəkildə idarə olunmasında öz töhfəsini verir. İdarəetmədə müəllim şagird-valideyn məktəb rəhbərliyi münasibətlərinin formalaşmasında milli dəyərlərimizin zəngin xəzinəsi olub, ənənə və müasirliyi tamamlayır.
Fəridə Rzayeva,
Bakı şəhəri 259 nömrəli tam orta məktəbin direktor
Bakı şəhəri 259 nömrəli tam orta məktəbin direktor
0 коммент.:
Отправить комментарий