«Direktor
Əmək funksiyası:
«Ümumtəhsil məktəblərinin
nümunəvi Əsasnaməsi»nə və təhsil müəssisəsinin Nizamnaməsinə əsasən məktəbin
fəaliyyətini idarə edir; məktəbin inkişaf proqramını, perspektiv və cari
planları hazırlayır, müəssisənin və pedaqoji işçilərin fəaliyyətinin ardıcıl və
sistemli təhlilini aparır, daxili qiymətləndirməni həyata keçirir və bunların
əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, həyata
keçirilməsinin optimal həlli yollarını tapır, dövlət və ictimai orqanlarda
müəssisənin marağını təmsil edir; pedaqoji kollektivin təlim-tərbiyə işinin
səmərəliliyinə nail olmaq üçün fəaliyyət göstərir, təlim və tərbiyənin
vəhdətini təmin edir, tədrisin müasir metodlarından istifadə etmək üçün
təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir, bütün mərhələlərdə
təlim-tərbiyə prosesini təşkil edir; tədris planı və proqramlarının yerinə
yetirilməsini, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün zəruri
tədbirləri həyata keçirir; şagirdlərin fənn olimpiadalarına və digər bilik
yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində
məqsədyönlü iş aparır, şagirdlərin dərin və keyfiyyətli bilik almalarını,
təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir;
şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə
kömək göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin məzmunu və təşkili
üzərində nəzarəti həyata keçirir, şagirdlərin peşəyönümü üzrə işlərini təşkil
edir; icbari orta təhsilin həyata keçirilməsini təmin edir; qabaqcıl iş
təcrübəsini tətbiq edir; təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində
ardıcıl fəaliyyət göstərir; kadrların düzgün seçilib-yerləşdirilməsi
məsələlərini həyata keçirir; əmək qanunvericiliyinə və daxili intizam
qaydalarına uyğun işçilərin vəzifə səlahiyyətlərini müəyyənləşdirir, pedaqoji
kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır; əməkdə
xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini rəğbətləndirmə
və təltif üçün təqdim edir; direktor müavinlərinin hesabatlarını dinləyir,
onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir; kargüzarlığın və
məktəb sənədlərinin düzgün aparılmasına, hesabatların vaxtında hazırlanmasına
məsuliyyət daşıyır; pedaqoji heyətin peşə ustalıqlarının yüksəldilməsi üçün
şərait yaradır, onların ixtisasartırma və yenidənhazırlanma təhsilinə olan
tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir, pedaqoji kadrların
təkmilləşdirilməsi məqsədilə yaradılmış dayaq məntəqələrində onların iştirakını
təmin edir, attestasiyanın keçirilməsi üçün hazırlıq işlərini görür və onun
obyektiv keçirilməsini təşkil edir; rəhbərliklə əmək kollektivi arasında
bağlanmış kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsini, əmək
qanunvericiliyinin əsaslarını, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın
uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli
istifadə olunmasını təmin edir; daxili intizam qaydalarına riayət olunmasına
məsuliyyət daşıyır, işçilərə verilən tapşırıqları əmək qanunçuluğuna uyğun
nəzarətdə saxlayır və onların icrasına nail olur, öz hüquqları dairəsində
intizam tənbehi tətbiq edir; valideynlərlə (onları əvəz edən şəxslərlə),
təlim-tərbiyə işlərinə kömək edən müəssisələrlə, xeyriyyə cəmiyyətləri,
sponsorlarla və ictimaiyyətlə aparılan işlərin təşkili ilə bağlı məsələləri
həll edir; dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə digər
mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü
istifadəsini təmin edir.
Bilməlidir:
Gənclərin təhsili və tərbiyə
məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, «Azərbaycan
Respublikasının Təhsil Qanunu»nu, Uşaq Hüquqları Konvensiyasını, «Gənclər
siyasəti haqqında» Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması
üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və
müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi,
məktəbdaxili nəzarəti; müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını;
pedaqoji-psixoloji bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını;
respublikamızda və xarici ölkələrdəki pedaqogika və pedaqoji psixologiya
elminin son nailiyyətlərini; yaşayış yerlərində və dərsdən sonra gənclərin
tərbiyə işinin təşkili yollarını; informasiya-kommunikasiya sistemlərindən
istifadəni; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək
qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədləri;
təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də
hesabatvermə və statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
1. Ali pedaqoji və ya
idarəetmə sahəsi üzrə ali təhsil;
2. Azı 5 il (təhsilin təşkili
və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda, 3 il)
pedaqoji staj;
3. Təhsilin təşkili və idarə
olunması ixtisası üzrə diplom (sertifikat).
I. Ümumi tipli əsas və orta
məktəb (internat məktəb) direktorları üçün əməyin ödəniş dərəcələri:
- 13-cü dərəcə — şagirdlərin sayı 100 nəfərədək
olduqda;
- 14-cü dərəcə — şagirdlərin sayı 101-dən 300-dək
olduqda;
- 15-ci dərəcə — şagirdlərin sayı 301-dən 800-dək
olduqda;
- 16-cı dərəcə — şagirdlərin sayı 801-dən çox
olduqda.
II. Əqli və fiziki cəhətdən
qusurlu uşaqlar üçün xüsusi tipli internat məktəbi direktorlarının əməyinin
ödəniş dərəcələri:
- 13-cü dərəcə — şagirdlərin sayı 100 nəfərədək
olduqda;
- 14-cü dərəcə — şagirdlərin sayı 101-dən 150-dək
olduqda;
- 15-ci dərəcə — şagirdlərin sayı 151-dən 200-dək
olduqda;
- 16-cı dərəcə— şagirdlərin sayı 201-dən çox
olduqda.
0 коммент.:
Отправить комментарий