İZAHLI TERMİNLƏR LÜĞƏTİ
Adyunktura – hərbi təhsil müəssisələrində
doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların
hazırlanması formasıdır.
Akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil
proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan
ali təhsil müəssisəsidir.
Akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət
təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq
edilməsi prosedurudur.
Attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində
təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin
qiymətləndirilməsi prosedurudur.
Bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali
peşə-ixtisas dərəcəsidir.
Bakalavriat- müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis
hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir.
Bacarıq- subyektdə mövcud olan bilik və vərdişlərlə fəaliyyətin
məqsədəuyğun şəkildə tənzim edilməsi üçün zəruri olan mürəkkəb psixi və
praktik işlər sisteminə yiyələnmədir. Məsələnin şərtlərinə və qarşıda duran məqsədə
müvafiq olan yolları və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək
üçün məlumatlardan istifadə qaydalarını mənimsəmək prosesinin son məhsulu
bacarıqdır.
Bençmak – icranın səviyyəsini dəqiq müəyyənləşdirmək
üçün standartdır. Dülgər müəyyən hissənin hansı uzunluqda olmasını ölçmək
üçün nişanlardan istifadə etdiyi kimi, müəllimlər də şagirdlərin işinin səviyyəsini
müəyyən etmək üçün bençmaklardan istifadə edirlər. Bir sıra məktəblər öyrətmənin
xüsusi bir mərhələsində şagirdlərin nəyi bilməli və ya nəyi etməli olduqlarını
müəyyənləşdirmək üçün bençmaklar hazırlayırlar.
Bilik – bu və ya digər ideal və praktik fəaliyyət
növünün müvəffəqiyyətlə təşkil edilməsi üçün aləmin zəruri mühüm xassələri barədə
məlumatın mənimsənilməsi prosesinin məhsuludur. Məktəbdə bilik-təhsilin məzmununu
təşkil edən başlıca komponentlərdən biridir. O, təlim prosesinin nəticəsi
kimi meydana gəlir. Təlim zamanı şagirdlər elmi bilikləri mənimsəyir. Elmi
bilik deyəndə təbiət, cəmiyyət və təfəkkürə aid şübhə doğurmayan, isbat
olunmuş faktlar, anlayışlar, qanunlar, qaydalar, nəzəriyyələr, teoremlər,
ümumiləşmələr və s. nəzərdə tutulur. Biliyin dörd başlıca məziyyəti- dolğunluğu,
sistemliyi, anlaşıqlığı, istifadəliliyi vardır.
Birləşmiş öyrənmə sistemləri – hər bir şagird üçün
interaktiv təlimi təmin edən və hər şagirdin inkişafı haqqında məlumatı təsdiq
edən kompyuter əsaslı sistemlər kimi anlaşılmalıdır. Mürəkkəb sistemlər təlim
mərhələlərinə, şagirdlərin müvəffəqiyyət səviyyələrinə uyğunlaşdırılır, zəif
şagirdlərə əlavə kömək edir, qüvvətli şagirdlərə isə daha yüksək təlim nəticələri
göstərməyə imkan yaradır.
Blumun taksonomiyası – Çikaqo Universitetində
Bencamin Blumun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən 1950-ci ildə
hazırlanmış təhsil məqsədlərinin təsnifatıdır. Ümumiyyətlə, qavramaya
malik olmaq üçün bilik və qavramadan (ən aşağı) sintez və qiymətləndirməyə (ən
yüksək) doğru aparan, istiqamətləndirən idraki məqsədləri əhatə edir. Blumun
taksonomiyası müəllimlər tərəfindən təlim məqsədlərini müəyyənləşdirmək üçün
geniş şəkildə istifadə edilir.
Çoxfənli kurikulum – birdən artıq fənn, yaxud
bir neçə fənnə aid mövzuları əhatə edən kurikulumdur. İnsanlar bu və onunla əlaqəli
olan digər terminləri müxtəlif cür işlədirlər, ümumiyyətlə, çoxfənli
kurikuluma əsasən eyni mövzu (məsələn, harmoniya) bir deyil, bir neçə fənn (məsələn,
musiqi, tarix, ədəbiyyat, fizika) baxımından öyrədilir. Məsələn, uşaqlar hava
mövzusunu müxtəlif fənlərdən istifadə etməklə öyrənə bilərlər. Onlar havanın
təzyiqini ölçdükdə fizikanı öyrənir, hava proqnozunun tarixini öyrənir, hava
mövzusunda oxuyur və şeir yazırlar.
Çoxşaxəli əqli qabiliyyətlər – Əqli qabiliyyətlər nəzəriyyəsi
Harvard Universitetinin təhsil professoru H.Qardner tərəfindən yaradılmışdır.
H.Qardner əqli qabiliyyətləri “bir və ya bir neçə mədəni mühitdə qiymətləndirilən
problem həlli və ya məhsul hazırlanması qabiliyyəti” kimi geniş şəkildə şərh
etmişdir. Əvvəlcə o, çoxşaxəli qabiliyyətlərin (ÇQ) içərisindən 7 qabiliyyət
müəyyən etmişdir: Linqvistik, məntiqi-riyazi, musiqi, məkan, kinestetik, şəxsiyyətlərarası,
şəxsiyyətdaxili. Sonralar H.Qardner təbii, mənəvi, eqzistensial da daxil
edilməklə başqa qabiliyyətlərin də mövcud olduğunu bildirmişdir. Hər bir kəsdə
bütün əqli qabiliyyətlər olsa da, onlar müxtəlif dərəcədədirlər. Çoxşaxəli
qabiliyyətlər yanaşmasından istifadə edən müəllimlər fənni şagirdlərə bir
neçə qabiliyyətlərdən istifadə etməklə, öyrənməyə imkan verən yollarla təqdim
etməyə çalışırlar. Konstruktivizmlə müqayisədə fərqli öyrənmə nəzəriyyəsi hesab
edilsə də, həqiqətdə müəllimlər və məktəblər öyrənmə məqsədlərinə və təhsil
standartlarına cavab vermək üçün konstruktivizm ilə çoxşaxəli qabiliyyətlər
ideyalarını qarşılıqlı əlaqədə səmərəli yollarla həyata keçirirlər.
Distant (məsafədən) təhsil – tədris prosesinin elektron,
telekommunikasiya, proqram- texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma
formasıdır.
Dissertasiya- müvafiq elmi dərəcə almaq üçün təqdim edilən
elmi tədqiqat işidir.
Dissertant – dissertasiya işini yerinə yetirən şəxsdir.
Doktorantura – ali təhsilin ən yüksək səviyyəsi,
doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqoji
kadr hazırlığı formasıdır.
Dosent – ali təhsil müəssisələrində müəllimlərə
verilən ad və seçkili vəzifədir.
De-institutlaşdırma – dövlət uşaq müəsisələrindən
uşaqların ailələrə verilməsi siyasətidir. Bu proses xüsusi proqram əsasında həyata
keçirilir. Proqramın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit
olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün ailə mühitində xoşbəxtlik,
məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət
uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ
qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləmənin təmin edilməsidir.
Epistemologiya – bilik və öyrənmənin mahiyyəti
və təbiəti, xüsusilə də onun etibarlılığı və ya məhdudiyyətləri ilə əlaqədar
araşdırma, nəzəriyyə və ya şəxsi inanclardır.
Elmlər doktoru- elm sahələri üzrə
doktoranturada verilən ən yüksək elmi dərəcədir.
Eksteriorizasiya - əməliyyatların daxili,
fikri planından əşyalarla icra olunan priyom və əməliyyatlar formasında həyata
keçirilən xarici əməliyyatlara keçiddir.
Evdə təhsil – müvafiq təhsil proqramlarına uyğun olaraq
ümumi təhsilin evdə təşkili formasıdır.
Əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını
ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir. Müasir
dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz
təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil
haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq
imkanları sistemi kimi başa düşülür. Əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə,
stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili və s. kimi istiqamətləri müəyyənləşdirilmişdir.
Əyani-əməli təfəkkür – cisimlərlə real şəkildə
yerinə yetirilən iş və əməliyyatların iştirakı ilə cərəyan edən və əyani surətlərlə
əməliyat aparmağı müvəffəqiyyətin zəruri şərti kimi özünə daxil edən fikri
prosesdir.
Əvvəlki biliklər – hər bir fərdin əvvəlki təcrübəsindən
öyrəndiklərinin məcmusudur. Bu, şagirdin yeni öyrəndiyi konsepsiyanı əvvəlki
biliklər sistemi ilə inteqrasiya etməsini təmin etmək üçün həlledici əhəmiyyətə
malikdir.
Fəaliyyət tədqiqatları - səmərəliliyi yüksəltmək
üçün müəllimlərin öz işlərinin bəzi aspektlərini sistematik araşdırmasıdır.
Fəaliyyət tədqiqatı müəllimlər tərəfindən həyata keçirilən öyrətmə haqqında
məsələlərin fundamental öyrənilməsidir. Fəaliyyət tədqiqatı sualın, yaxud
problemin müəyyən edilməsini, sonra isə müvafiq məlumatların toplanmasını və təhlil
edilməsini əhatə edir.
Fəaliyyətin birgə tədqiqatı - öz işinin bəzi aspektlərinin
səmərəliliyini yaxşılaşdırmaq üçün iki və ya daha çox müəllim tərəfindən
aparılan sistematik elmi tədqiqatdır. Fəaliyyətin elmi tədqiqatı sualın,
yaxud problemin müəyyən edilməsi, sonra isə müvafiq məlumatların toplanması və
analizini əhatə edir. Bu, ona görə fəaliyyətin elmi tədqiqatı adlanır ki,
iştirakçılar öz işlərinin müəyyən cəhətlərini öyrənirlər və əldə edilən nəticələrdən
özləri istifadə edirlər. O, ənənəvi, hamı tərəfindən qəbul edilmiş tədqiqatlardan
fərqlənir, çünki iştirakçılar bu halda öz işlərinin aspektlərini öyrənir və nəticələrdən
özləri istifadə edirlər.
Fənlərarası kurikulum – xüsusi bir mövzu və ya
problem üzərində diqqəti cəmləşdirmək üçün məzmunun iki və ya artıq fənn sahəsindən
əldə edildiyi tədris planını tərtib etməyin üsuludur. Fənlər arasındakı
ümumilik diqqət mərkəzində dayanır.
Fənlərin sərhədlərindən kənar kurikulum – bu yanaşmaya görə fənlər
arasındakı əlaqələr geniş və mürəkkəbdir. Mahiyyət etibarı ilə bu kurikulum fənlərin
hüdudlarından kənarda olur. Müxtəlif fənlərə aid olan, iki və ya daha çox fənlərarası
yanaşmalar üçün də xarakterik olan mövzular, strategiyalar və vərdişlər real həyati
situasiyalarda öyrənilir.
Fəlsəfə doktoru – elm sahələri üzrə
doktoranturada verilən yüksək elmi dərəcədir.
Fəaliyyət – insanın dərk olunmuş məqsədi ilə tənzim
edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Fəaliyyət fəallığın mənbəyi
olan tələbatlardan törəyərək fəallığın tənzimedicisi olan düşünülmüş məqsədlə
idarə olunur. Fəaliyyət idrakla və iradə ilə ayrılmaz surətdə bağlıdır, onlara
istinad edir, idrak prosesləri və iradi proseslər olmadan mövcud deyildir. Fəaliyyətin
gedişi zamanı insanın işləri icra, nəzarət və tənzim etmək üçün istifadə
etdiyi yollar həmin fəaliyyətin priyomları adlanır. Fəaliyyətin sadə bir cari
məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş adlanır.
Fərdi təhsil – müxtəlif səbəblərdən uzun müddət təhsildən
kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən
şagirdlər üçün tətbiq edilən təhsil formasıdır.
Fəxri professor (doktor)- elmi pedaqoji təcrübəsi və fəaliyyəti
ilə fərqlənən professorlara və dosentlərə, eləcə də dünya elminin və təhsilinin
inkişafında xüsusi xidmətləri olan xarici ölkə alimlərinə və ictimai xadimlərinə
ali təhsil müəssisəsi tərəfindən verilən akademik ad (dərəcə) kimi başa
düşülməlidir.
Formal təhsil – dövlət təhsil sənədinin
verilməsi ilə başa çatan təhsil formasıdır.
Formalaşma – ekoloji, sosial, iqtisadi, ideoloji,
psixoloji və s. amillərin təsiri altında insanın sosial varlıq kimi təşəkkülü
prosesidir. Mütəşəkkil təhsil- tərbiyə şəxsiyyətin formalaşmasının mühüm
amillərindən biridir.
Gizli tədris planı – məktəblərdə öyrədilən elə vərdiş
və dəyərlər nəzərdə tutulur ki, onlar yazılı, rəsmi kurikulumda (tədris planında)
təfsilatı ilə göstərmir. Bunlara, təhsil tənqidçilərinin fikrincə, itaətkarlıq,
asılılıq və hər şəraitə uyğunlaşma kimi keyfiyyətlər xüsusilə aid edilə bilər.
Gimnaziya - əsasən humanitar sahədə istedad və
qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri
göstərən ümumtəhsil müəssisəsidir.
Həyat boyu öyrənmə - müasir dünyada insanların
bütün həyatları boyu öyrənməyi davam etdirməli olduqları üçün məktəblərin
uşaqlara fundamental bilik və bacarıqları deyil, daha çox (yaxud əlavə olaraq) necə öyrənməyi öyrətməli olduqları
haqqında ideyadır.
Holistik qiymətləndirmə
sxemləri – şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət
səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ QS-lər şagird
nailiyyətləri barədə ümumi mənzərəni təsvir edir. Holistik QS-dən fərqli olaraq
analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə
qiymətlərini təyin edir və burada da 4-5 ballıq şkaladan istifadə olunur.
Analitik sxemdə şagirdlərin fəaliyyətləri ardıcıl qiymətləndi-rilməklə onların
nailiyyətləri haqda daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün
daha çox vaxt tələb edilir.
İcra tapşırıqları – şagirdlərin nə edə bildiklərini
nümayiş etdirməyi tələb edən fəaliyyətlər, tapşırıqlar və ya problemlərdir.
İcra tapşırıqlarının bəziləri vərdişlərin qiymətləndirilməsi məqsədi ilə həyata
keçirilir. Bəziləri isə şagirdlərə öz biliklərini tətbiq etməklə dərk etmə səviyyələrini
nümayiş etdirmək məqsədi ilə planlaşdırılır.
İddia səviyyəsi – bu və ya digər fəaliyyət
zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik
dərəcəsi ilə müəyyən olunan xarakteristikasıdır.
İdraki öyrənmə - faktların və ideyaların
yadda saxlanılması və dərk edilməsini əhatə edən əqli proseslərdir. Təhsil
işçiləri insanların necə öyrənməsi ilə həmişə maraqlanmışlar, lakin son illərdə
təfəkkür və öyrənmə haqqında çoxlu yeni məlumatlar toplanmış koqnitiv
psixoloqların araşdırılmalarında idrak haqqında daha yaxşı məlumatlar
almaqdadırlar. Müasir öyrənmə nəzəriyyəsi-konstruktivizmin yaradıcısı ən məşhur
koqnivistlərdən biri olan Jan Pyajedir.
İnikas nəzəriyyəsi- psixi hadisələrə canlı
orqanizmin xarici maddi gerçəkliyi əksetdirmə formalarından biri kimi baxan
elmi psixologiyanın materialist – fəlsəfi əsasıdır.
İnteriorizasiya- cisimlərlə aparılan xarici və
real əməliyyatların daxili, ideal əməliyyatlara çevrilməsi, başqa şəkilə düşməsidir.
İnformal təhsil – özünütəhsil yolu ilə biliklərə
yiyələnmənin formasıdır.
İnnovasiya – müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında
formalaşan mütərəqqi xarakterli yeniliklərdir. İnnovasiyanı geniş mənada təlim,
təhsil- tərbiyə prosesinin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə
pedaqoji sistemdə həyata keçirilən yenilik kimi başa düşmək olar. İnnovasiya,
yəni yenilik pedaqoji sistemin daxili ehtiyatları hesabına baş verir. Kənardan
gətirilən hər nə varsa, onlara innovasiya demək olmaz. İnnovasiya keyfiyyətcə
təkmilləşmiş pedaqoji sistemdə vəhdət halında götürülmüş ideyalar, proseslər,
vasitələr və nəticələrdir.
İnkişaf- insanın orqanizmində kəmiyyət və keyfiyyət
dəyişiklikləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv aləmin
mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən öyrənmək üçün şəxsiyyətin
inkişafının fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini (tərəflərini)
göstərmişdir. Ona görə də elmdə insanın bioloji, psixoloji və sosial inkişafı
anlayışları işlədilir. Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri
ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir.
İnteraktiv öyrənmə- təlim mənbələri ilə öyrənci
bir başa əlaqədə olduğu zaman və cavablar şagirdin ehtiyaclarına uyğun şəkildə
formalaşdırıldıqda baş verir. Bir müəllimin bir şagirdi öyrətməsi yüksək dərəcədə
interaktiv fəaliyyətdir. Kompyuterlər və digər müasir texnoloji avadanlıqlar
istənilən fənn üzrə hər hansı bir öyrəncini səmərəli interaktiv təlimlə təmin
etmək üçün nəzəri cəhətdən imkan yaradır.
İnkluziv təhsil – xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsil hüquqlarının yerinə yetirilməsi
ilə bağlı inteqrasiyalı təlimə keçidin reallaşdırılması ilə bağlıdır. Azərbaycanda
“xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin
təşkili ilə əlaqədar “İnkişaf Proqramı” həyata keçirilir. Proqramda xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsil hüququnun yerinə yetirilməsi, belə
kateqoriyadan olan uşaqların hamısı üçün bərabər təhsilalma şəraitinin
yaradılması, inteqrasiyalı (inkluziv) təlimə keçidin reallaşdırılması, təhsil
müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması,
dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, müvafiq
klassifikasiyaya uyğun olaraq bütün kateqoriyadan olan xüsusi qayğıya ehtiyacı
olan uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi,
xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının müasir
standartlara uyğunlaşdırılması və digər məsələlər öz əksini tapır.
İnstitut (ali məktəb)- müstəqil və ya universitetlərin
struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını
və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil
müəssisəsidir.
İxtisas- müvafiq təhsil sənədində təsbit olunan peşə,
bir peşə daxilində fəaliyyət növüdür.
Kampus- müvafiq maddi-texniki bazaya və
infrastruktura malik təhsil kompleksidir (şəhərciyidir).
Keyfiyyət araşdırması- Antropologiya və digər sosial
elmlərdən götürülmüş, müşahidə və müsahibə kimi üsullardan müntəzəm istifadə
etməklə həyata keçirilən tədqiqatdır. Yaxın vaxtlara qədər təhsil sahəsində
yerinə yetirilən tədqiqatların əksəriyyəti kəmiyyətin aşkar edilməsinə yönəldilirdi.
Bəzi tədqiqatçılar indi keyfiyyətin müəyyən edilməsinə xidmət edən üsullardan
istifadə edirlər, onların fikrincə, statistik proseslər pedaqoji hadisələrin
mahiyyətini dərk etməyə imkan vermir.
Kollec- orta ixtisas proqramları əsasında təhsil
xidmətləri göstərən və subbakalavr peşə- ixtisas dərəcəsi vermək hüququ olan
təhsil müəssisəsidir.
Konservatoriya- musiqi sahəsi üzrə yüksək
ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir.
Kəmiyyət araşdırması- ənənəvi elmi yanaşma olub,
klassik eksperiment vasitəsilə, müxtəlif yanaşmaların səmərəliliyini müqayisə
etmək üçün statistik əməliyyatlardan istifadə etməklə yerinə yetirilən tədqiqatdır.
Bəzi tədqiqatçılar bu yanaşmanı məhdud hesab edir və keyfiyyətyönümlü
araşdırmalardan daha çox istifadə edirlər.
Konstruktivizm – öz mahiyyətinə görə
konstruktivizm bilik və öyrənmə haqqında elə nəzəriyyə qrupuna aiddir ki, onun
həlledici prinsipini biliyin yeni ideyaların əvvəlki biliklərlə sintezinin əsasında
yaradılması təşkil edir. Bu o deməkdir ki, bilik passiv şəkildə əldə edilmir, o, insanın həyat təcrübəsi əsasında
yaranır. Bu, insanların necə öyrənməsi haqqında tədqiqata əsaslanan təlim
yanaşmasıdır.
Qabiliyyətlər – insanın elə psixoloji xüsusiyyətləridir
ki, onlardan asılı olaraq bilik, bacarıq və vərdişlərə yiyələnmək işində müvəffəqiyyət
əldə edilir. Ancaq qabiliyyətlərin özü bilik, bacarıq və vərdişlərin
mövcudluğundan ibarət deyildir. Qabiliyyətlər yalnız fəaliyyətdə, özü də həmin
qabiliyyətlər olmadan icrası qeyri-mümkün olan fəaliyyətdə aşkar olunur.
Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, müəyyən fəaliyyətin
müvəfəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan
bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır.
Qabiliyyətin ən yüksək inkişaf mərhələsi talant adlanır. Talant insana hər
hansı mürəkkəb əmək fəaliyyətini müstəqil, müvəffəqiyyətlə və orijinal surətdə
icra etməyə imkan verən qabiliyyətlər kompleksidir.
Qiymətləndirmə – şagirdlərin və ya müəllimlərin
öyrənməsinin və icrasının ölçülməsidir. Müxtəlif növ ənənəvi qiymətləndirmə
vasitələrinə- minimum səriştə testləri, inkişafın izlənməsi testləri, qabiliyyət
testləri, müşahidə vasitələri, icra tapşırıqları və həqiqi qiymətləndirmə
daxildir. Qiymətləndirmədə hər hansı yanaşmanın səmərəliliyi onun nə dərəcədə
nəzərdə tutulan məqsədlərə uyğun olmasından asılıdır.
Qeyri- formal
təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən
və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
Lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən
verilən xüsusi razılıqdır.
Lisey – ümumi və tam orta təhsil səviyyələrində
istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən
ümumtəhsil müəssisəsidir.
Magistratura – ali təhsilin ikinci səviyyəsidir.
Magistr – magistraturanı bitirmiş şəxslərə verilən
ali-elmi-ixtisas dərəcəsidir.
Mentor(rəhbər) – başqa bir insana yardım təklif
edən nümunəvi şəxsdir. Mentorun müvafiq sahə üzrə biliyi və təcrübəsi var və
onu rəhbərlik etdiyi şəxslə bölüşür.
Metodologiya – idrak və gerçəkliyin dəyişdirilməsi
metodları haqqında təlim kimi, dünyagörüşü prinsiplərinin idrak prosesinə,
ümumiyyətlə, mənəvi fəaliyyətə və praktikaya tətbiqi kimi anlaşıla bilər. Həm
də burada yalnız fəlsəfənin deyil, həmçinin konkret elmi tədqiqatın metodları
nəzərdə tutulur. Buna görə də, metodologiyaya bəzən bu və ya digər elm çərçivəsində
tətbiq olunan müəyyən metodlar sistemi kimi tərif verirlər.
Mənalı öyrənmə – şagirdin məktəbdə və gələcək
peşə fəaliyyətində, şəxsi və vətəndaş həyatında müvəffəqiyyət qazanması üçün
zəruri olan öyrənmədir. O, geniş bir anlayış olub əhəmiyyət kəsb edən məsələlərin,
eyni zamanda real, dünyəvi və cəmiyyətin tələbatları ilə əlaqədar məsələlərin
öyrənilməsini əhatə edir.
Nəticələr – təhsilin gözlənilən nəticələri dedikdə,
şagirdlərin bilməli olduqları və edə bildikləri nəzərdə tutulur. Təhsil işçiləri
nəticə terminini məqsəd, vəzifə və ya standartlar mənalarında işlətsələr də
“nəticə” sözü nəticə əsaslı təhsil ideyası ilə bağlıdır.
Nəticə əsaslı təhsil – təhsil təcrübəsinin
yaradılması və planlaşdırılmasında təlim nəticələrini əsas amil hesab edən
yanaşmadır. Nəticə əsaslı təhsil hərəkatı belə bir narahatçılıqdan yaranmışdır
ki, şagirdlər orta məktəbi cəmiyyətin həyatında iştirak etmək üçün zəruri
olan əsas biliklərə və vərdişlərə yiyələnmədən bitirirlər.
Nəzarət – adətən daha çox ixtiyari olan insanın
başqasının inkişafına kömək etməsi prosesidir. Təhsil sistemində nəzarət
ideal halda hədələyici deyil, dəstəkləyici qarşılıqlı münasibətdir, müəllimin
qiymətləndirilməsi isə formal inzibati məsuliyyətdir. Təcrübədə nəzarətin çox
hissəsi məktəb direktoru tərəfindən müəllimlərin dərslərinin müşahidə edilməsi,
sonra həmin dərslərin müəllimlə birgə müzakirəsi formasında həyata keçirilir.
Müşahidə və müzakirə prosesi bəzən klinik müşahidə adlandırılır ki, o, hər
bir təşkilatda işçilərin vaxtında işə gəlməsinə nəzarət etmək üçün istifadə
edilən nəzarətdən fərqləndirilsin.
Nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin
müəyyən edilməsi prosedurudur.
Özünüdərketmə (metakoqnisiya) – şüurlu olmaq və müəyyən dərəcədə
öz təfəkkürünə nəzarət etmək qabiliyyətidir. Təhsil işçiləri “meta” sözünü prosesin
tətbiqini prosesin özünə aid etmək üçün işlədirlər (məsələn meta-analiz ayrıca
bir mövzu üzrə çoxlu sayda tədqiqatların analizidir). Bu halda, dərketmə
düşünmədir, ona görə də özünüdərketmə (metakoqnisiya) hər bir kəsin özünün təfəkkürü,
düşünməsi haqqında düşünməsidir.
Pedaqoji proses – təlim, tərbiyə və təhsilin,
habelə bunlarla əlaqədar olan inkişafın vəhdəti kimi başa düşülür.
Pedaqoji məzmuna malik olan biliklər – fənn üzrə biliklərin tədris ilə
bağlı biliklərlə birləşdirilməsi olub, konkret fənni necə tədris etmək barədə
müəllimin biliyinin əmələ gəlməsidir.
Pedaqoji texnologiya – praktiki mənada, həm də
qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri
formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək üçün əməliyyatlar kompleksi
başa düşülür. Pedaqoji texnologiyalar yalnız təhsilin elementi kimi deyil, həmçinin
onun məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir. Pedaqoji
texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər: 1) təlim prosesinin
texnologiyası; 2) tərbiyə prosesinin texnologiyası; 3) inkişaf texnologiyası;
4) diaqnostika texnologiyası. Pedaqoji texnologiyalarda müəllimin fəaliyyətinin
qnostik (idraki), layihələndirici, konstruktiv, təşkilatçılıq, kommunikativ
(ünsiyyət) komponentlərini ayırmaq mümkündür.
Psixi inkişafın hərəkətverici qüvvələri - psixi inkişafın istiqamətini,
məzmuunu və səviyyəsini müəyyən edən xarici və daxili şərtlərin məcmusudur.
Psixi inkişafın əsas hərəkətverici qüvvələrindən biri şəxsiyyətin inkişafı
prosesində fəaliyyətdə dəyişən tələbatla onların real təmin olunma şəraiti
arasında daim təkrar edilən ziddiyyətlərin həll olunmasından ibarətdir.
Piqmalion effekti - müəllimin ümüdlərinin, gözləmələrinin
şagirdlərin təlim fəaliyyətlərinin keyfiyyətinə təsirini ifadə edir. Bu termin
qədim yunan əfsanəsindən götürülmüşdür və müəllimin savadsız bir insanı əsl
xanıma çevirməsi haqqında olan “Mənim vicdanlı xanımım” adlı Britaniya
musiqili komediyasının sələfi hesab olunur. Hərtərəfli tədqiqatlar əsasında
toplanmış dəlillər sübut edir ki, müəllim öz şagirdləri haqqında necə fikirləşməsinin
onların təlim fəaliyyətlərinə çox güclü təsiri vardır.
Problem əsaslı öyrənmə- tədris proqramı və təlim
prosesinə elə yanaşmadır ki, o, termin və informasiyaların yadda saxlanılmasından
ibarət ənənəvi təlimi deyil, şagirdlərin real-həyati problemləri həll etməyə
yönəlmiş fəaliyyətlərini nəzərdə tutur.
Professor- yüksək
elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən sahələr istisna
olmaqla) nail olan təcrübəli elmlər doktorlarına verilən elmi ad, ali təhsil
müəssisəsində seçkili vəzifədir.
Problem- qazanılmış biliyin sistemləşdirilməsinin
rüşeym halında olan strukturudur. O, obyektin mövcudluğu haqqında sistemləşdirilməmiş
biliklə onun mövcudluğu haqqında artıq sistemləşdirilmiş bilik arasında
aralıq bir həlqədir.
Rubrika- verilmiş tapşırığın icrasının müxtəlif
keyfiyyət göstəricilərinə görə xüsusi təsviridir. Müəllimlər tapşırıqların
yerinə yetirilməsi zamanı şagirdlərin icra səviyyəsini qiymətləndirmək üçün
rubrikalardan istifadə edirlər. Şagirdlərə tez-tez rubrikalar verilir, hətta
onlar özləri də bəzən rubrikalar hazırlayırlar və beləliklə, şagirdlər
onlardan nə gözlənildiyini əvvəlcədən bilirlər.
Sərbəst (eksternat) təhsil- müxtəlif səbəblərdən ümumi təhsildən
kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı
pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.
Sinfin idarə olunması- sinif həyatını mümkün qədər məhsuldar
və qənaətbəxş etmək üçün müəllimin sinif qaydalarını təşkil və idarəetmə
yoludur. Bəzi təhsil işçiləri bunu məhdud şəkildə başa düşərək “intizam”
adlandırırlar.
Subbakalavr- orta ixtisas təhsili pilləsində məzunlara
verilən peşə-ixtisas dərəcəsidir.
Standartlar- termin adətən elə səciyyəvi meyarlara aid
edilir ki, onların əsasında şagirdlərin öyrənməli və etməli olduqları təxmin
edilir. Bu standartlar adətən tədris proqramlarında iki formada olur: 1) Məzmun
standartları. Bu standartlar şagirdlərin müxtəlif fənlər üzrə (məsələn,
riyaziyyat, fizika, oxu) bilməli və etməli olduqlarını müəyyənləşdirir. 2)
İcra standartları. Bu standartlar - gözlənilən icra standartları məzmun
standartlarının yerinə yetirilmə səviyyələrini qiymətləndirir. Son illərdə müəllimlərin
bilməli və etməli olduqlarını dəqiq müəyyən edən standartlar da işlənib
hazırlanmışdır.
Standart əsaslı təhsil- şagirdlərin müəyyən edilmiş
standartlara yiyələnməsinə yönəldilmiş təlim prosesidir.
Təhsil krediti- fənin məzmununa və həcminə
uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir.
Tədris planı- müvafiq təhsil pilləsində tədris olunan fənlərə
və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici
sənəddir.
Təhsil – cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin
intellektual və emosional sferalarının inkişaf etməsi və həyata hazırlanması
məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi
prosesi və onun nəticəsi kimi anlaşıla bilər.
Təhsil investisiyası – təhsilin
inkişafına sərmayə qoyuluşudur.
Təhsil proqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə
təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və
dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim
nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə
əks etdirən dövlət sənədidir.
Təhsil məhsulu – təhsil sahəsində
innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil
modulları, təhsil layihələri hesab olunur.
Təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasnda
təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi
verən qurumdur.
Təhsil françayzinqi – təhsil məhsullarının müvafiq
şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının
saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili və beynəlxalq təhsil
bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemidir.
Təfəkkür – yeni, mühüm əlamət, xassə və qanunauyğunluqların axtarılmasına və kəşf
edilməsinə yönəldilmiş, sosial cəhətdən şərtlənmiş, nitq ilə ayrılmaz surətdə
bağlı psixi prosesdir, gerçəkliyin təhlil və tərkibi gedişində onun vasitəli
və ümumiləşmiş inikası prosesidir. Təfəkkür insanın əməli fəaliyyəti əsasında
hissi idrak vasitəsi ilə yaranır və onun sərhədlərindən çox-çox kənara çıxır.
İnsan təfəkkürü dillə, nitqlə ayrılmaz surətdə bağlıdır. Təfəkkür zəruri olaraq
maddi formada, söz formasında mövcuddur. Formal məntiq təfəkkürün məntiqi
formalarını- məfhumları, hökm və əqli nəticələri öyrənir. Məfhum gerçəkliyin
cisim və hadisələrinin ümumi, mühüm və fərqləndirici əlamətlərini əks etdirən
fikrə deyilir. Hökm-gerçəkliyin cisim və hadisələrinin, onların xassə və əlamətlərinin
arasında olan əlaqələrin inikasıdır. Əqli nəticə (istidlal) fikirlər (məfhum
və mülahizələr) arasında elə bir əlaqədir ki, onun nəticəsində bir və ya bir
neçə hökmdən başqa hökm alınır və bu hökm ilk, əsas hökmlərin məzmunundan
çıxarılır. Məntiqin predmeti təfəkkür prosesində əmələ gələn dərketmə nəticələri,
məhsulları arasında olan qarşılıqlı münasibətlərdir.
Universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər
hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi
elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir.
Vərdiş
– insanda məqsədəuyğun hərəkətlərin icra və tənzim olunmasının qismən
avtomatlaşmasıdır. Burada məhz hərəkətlərin şüursuz olaraq tənzim edilməsindən
bəhs olunur, çünki işlərin tənzim olunması və hərəkətlərin tənzim olunması
eyni şey deyildir. Vərdiş bu və ya digər ideal və praktik fəaliyyət növlərini
təşkil edən yolların və əməliyyatların mənimsənilməsi prosesinin məhsulu kimi
dərk oluna bilər. Təkrar, əməli cəhdlər, təmrinlər, məşqlər, mümarisələr
olmadan vərdiş təşəkkül tapmır. Yaranmış vərdiş hərəkətin icrasının avtomatlaşmış
forması kimi təzahür etdiyindən biliyin praktikada tətbiqi üzərində şüurun
ciddi nəzarəti tələb olunmur. Bu da təlim prosesində şagirdin yeni biliklər
qazanması üçün əlverişli şərait yaradır.
Şəxsiyyət – ictimai münasibətlərə daxil olmuş və ictimai inkişafın xadimi olan
sosial varlıqdır. Şəxsiyyətin fərdiyyəti dedikdə insanın psixoloji xüsusiyyətlərinin
təkrarolunmaz uzlaşması başa düşülür. Buraya xarakter, temperament, psixi
proseslərin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən hisslərin və fəaliyyət
motivlərinin məcmusu, formalaşmış qabiliyyətlər daxildir. Şəxsiyyətin nisbətən
davamlı və nisbətən dəyişkən xüsusiyyətləri şəxsiyyətin əlamətlərinin
(bütövlükdə və qarşılıqlı əlaqədə) mürəkkəb vəhdəti kimi onun dinamik
strukturunu təşkil edir. Təbii, üzvü cəhətlər və əlamətlər şəxsiyyətin
strukturunda onun sosial cəhətdən şərtlənən elementləri kimi mövcuddur. Təbii
(anatomik, fizioloji və digər keyfiyyətlər) və sosial cəhətlər şəxsiyyətin
strukturunda vəhdət təşkil edir və mexaniki surətdə bir-birlərinə qarşı qoyula
bilməz. Şəxsiyyət öz fəallığını ətraf aləmlə qarşılıqlı təsir prosesində, fəaliyyətdə
təzahür etdirir. Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir.
0 коммент.:
Отправить комментарий