20.01.2015

Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi qaydaları

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 10 may tarixli, 03 nömrəli qərarı ilə “ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları” müəyyən edilmişdir.
Həmin qaydalar ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir.
Qaydalara görə ümumi orta və tam orta təhsil səviyyələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.
Bir sıra fənlər üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”na uyğun olaraq Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfin­dən müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası həmçinin Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfin­dən müəyyən edilir.
Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun qiymət Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşağıdakı qaydada çıxarılır:
-       buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası (buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2 qiyməti götürülür);
-       buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.
Ədədi orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır. [2]
Yekun qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə rəqəmlə (2,3,4,5) ifadə olunur və qiymətlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə (attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.

Buraxılış imtahanı
İmtahanda iştirak edəcək şagirdlər haqqında məlumat bazası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınatəqdim edilən məlumatlar (verilənlər bazaları) əsasında formalaşdırılır.
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfin­dən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
Tədris ingilis və ya gürcü dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara tədris dilində 30 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.İmtahan başlandıqdan 30 dəqiqə keçəndən sonra gələn şagird imtahana buraxılmır.
Şagirdin imtahan nəticələri onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir; Şagirdlərin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir:

Təhsilin səviyyəsi
Qiymət
Fənlər üzrə düzgün cavabların sayı
Ana dili
(Azərbaycan bölməsi)
Ana dili
(rus bölməsi)
Riyaziyyat
Tam orta
2
0-7
0-7
0-7
3
8-17
8-17
8-16
4
18-25
18-25
17-24
5
26-30
26-30
25-30
Ümumi orta
2
0-7
0-7
0-7
3
8-16
8-16
8-16
4
17-23
17-23
17-22
5
24-30
24-30
23-30

Şagirdin təhsil sənədinə yazılacaq yekun qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. [6]
Yazı işi şagirdin qiymətləndirilməsi zamanı mübahisəli hallar yarandıqda  qiymətləndirilir və ondan əlavə meyar kimi istifadə edilir.
Səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baxılır. Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

Şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması
Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin illik qiyməti 2 olduğu üçün yekun attestasiyaya buraxılmayan və ya eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.2-2.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada verirlər. 
Ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər bu Qaydaların 1.5.1 və 1.5.2-ci yarımbəndlərində müəyyən edilmiş qaydada çıxarılır.
Bu qaydaların 3.1-ci bəndində qeyd edilən hallarda şagirdin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılarkən illik 2 qiyməti əvəzinə xüsusi komissiyanın verdiyi qiymət götürülür. Eksternat qaydasında imtahana buraxılan şəxslərin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılarkən illik qiymətlər əvəzinə, xüsusi komissiyanın verdiyi qiymət götürülür. 
Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları məhdud təhsialanların bütün fənlər üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) bu Qaydaların 1.5.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada aparılır.

Yekun müddəalar
Ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti 2 olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.
Tam orta təhsil səviyyəsinin istənilən bir fənnindən illik qiyməti 2 olan buraxılış sinif şagirdləri imtahanlara buraxılmırlar.
Tam orta təhsil səviyyəsinin imtahana buraxılmayan buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara müraciətləri əsasında qanunvericiliklə müəyyənləşdirilmiş formada arayış verilir.
Yekun qiymətləndirmənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Apelyasiya Komissiyası yaradılır.
Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Buraxılış imtahanları zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
- saxta sənəd təq­dim ­et­mək;
- imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
- imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə siqaret gətirmək;
- səbəbindən asılı olmayaraq imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
- başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını gön­dərmək;
- nəzarətçiyə tapşırıqların yerinə yetirilməsində kömək üçün müraciət etmək;
- cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

Şagirdin bu Qaydaların 4.10-cu bəndində göstərilən hərəkətlərə yol verməsi halları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşkar edildikdə onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.