20.01.2015

Şagirdlərin buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması

Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin illik qiyməti 2 olduğu üçün yekun attestasiyaya buraxılmayan və ya eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər buraxılış imtahanını bu Qaydaların 2.2-2.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada verirlər. 
Ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətlər bu Qaydaların 1.5.1 və 1.5.2-ci yarımbəndlərində müəyyən edilmiş qaydada çıxarılır.
Bu qaydaların 3.1-ci bəndində qeyd edilən hallarda şagirdin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılarkən illik 2 qiyməti əvəzinə xüsusi komissiyanın verdiyi qiymət götürülür. Eksternat qaydasında imtahana buraxılan şəxslərin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılarkən illik qiymətlər əvəzinə, xüsusi komissiyanın verdiyi qiymət götürülür. 
Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları məhdud təhsialanların bütün fənlər üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) bu Qaydaların 1.5.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada aparılır.

Yekun müddəalar
Ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti 2 olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.
Tam orta təhsil səviyyəsinin istənilən bir fənnindən illik qiyməti 2 olan buraxılış sinif şagirdləri imtahanlara buraxılmırlar.
Tam orta təhsil səviyyəsinin imtahana buraxılmayan buraxılış sinif şagirdlərinin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara müraciətləri əsasında qanunvericiliklə müəyyənləşdirilmiş formada arayış verilir.
Yekun qiymətləndirmənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Apelyasiya Komissiyası yaradılır.
Şagird Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Buraxılış imtahanları zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
- saxta sənəd təq­dim ­et­mək;
- imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
- imtahan binasına yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə siqaret gətirmək;
- səbəbindən asılı olmayaraq imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
- başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını gön­dərmək;
- nəzarətçiyə tapşırıqların yerinə yetirilməsində kömək üçün müraciət etmək;
- cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.


Şagirdin bu Qaydaların 4.10-cu bəndində göstərilən hərəkətlərə yol verməsi halları Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşkar edildikdə onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.