Əmək müqaviləsi — sizin başlıca müdafiənizdir
Əmək müqaviləsi işçi üçün niyə vacibdir? Müqavilə sizin hansı haqqlarınıza təminat verər? Əmək müqaviləsində nəyi yoxlamaq, yaddan çıxarmamaq vacibdir? Burada oxuyun!
Sizin haqqlarınızın qorunmasına təminat verə biləcək 2 nüsxədən ibarət olman əmək müqaviləsidir və bu müqavilənin nüsxələrindın biri sizdə qalmalıdır. Yalnız bu halda siz işəgötürəni əmək məcəlləsinə əməl etməyə və əməyin müdafiəsinə təminat verməyə vadar edə bilərsiniz. Axı sizinlə işəgötürən arasında yalnız şifahi razılaşma olsa, əməyinizin ədalətli haqqının ödənilməsinə kimsə təminat verməz.
- Əmək müqaviləsinin zəruri məqamları
- Əmək müqaviləsi bağlayanda nəyi unutmamalı?
- Cədvəl. Əmək müqavilələrinin hazırlanması zamanı ən çox buraxılan səhvlər
Heç kimə sirr deyil ki, indi çox vaxt işçi ilə işəgötürən arasında sadəcə şifahi razılıq olur, əmək müqaviləsi imzalanmır. Bu halda işəgötürən işçinin əməkhaqqının bir hissəsini (və ya bütün əməkhaqqını) ödəməsə, işçinin məhkəməyə şikayət etməyinin mənası yoxdur.
Əmək müqaviləsi olsa belə, onu imzalamazdan əvvəl çox diqqətlə nəzərdən keçirmək lazımdır. Unutmayın ki, Azərbaycanda, eləcə də başqa MDB ölkələrində ədalətli əmək müqaviləsinin bağlanması işəgötürənlərə heç sərf etmir. Özünüz baxın - gəlirdən 14% vergi verilməli, 25%-i dövlətin sosial müdafiə fonduna ödənilməlidir. Deməli əmək haqqı fondunun 39%-i dövlətə verilməlidir.
Məsələn, tikinti biznesinin sürətlə inkişaf etdiyi Azərbaycanda təkcə baş menecer, mühasib və baş mühəndislərin bir qismi ilə əmək müqaviləsi bağlanır. Fəhlələr isə yalnız şifahi razılığa əsasən gündəlik ödənilən məbləğlə kifayətlənməli olurlar. Xoşbəxtlikdən indi tikinti sahəsində vəziyyət yaxşılığa doğru dəyişməkdədir.
Əmək müqaviləsinin zəruri məqamları
Əmək müqaviləsinin bağlanması zamanı diqqətli olmaq niyə vacibdir? Başlanğıc üçün əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsindən sitata baxaq:
«Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər.»
Söhbət hansı şərtlərdən gedir? Gəlin 43-cü maddənin bütün bəndlərini nəzərdən keçirək. İlk üç bənd tamamilə aydındır, bu bəndlərə əsasən müqavilədə işçinin adı və soyadı, işəgötürənin adı, işçinin iş yeri göstərilməlidir. Bu məlumatlarsız heç bir razılaşma və ya müqavilə ola bilməz. Əmək müqaviləsinin sonrakı hissəsini daha diqqətlə oxumaq lazımdır.
Məcəllənin «ç» və «d» bəndləri əmək müqaviləsinin qüvvədə olduğu müddətin dəqiq göstərilməsini nəzərdə tutur. Yəni müqavilənin hansı gündən qüvvəyə mindiyi və hansı gündən qüvvədən düşdüyü müqavilədə dəqiq yazılmalıdır. Bu bəndlərin nə qədər vacib olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur.
“e” bəndi işçinin əmək funkasiyası ilə bağlıdır. Sadə dildə desək, sizdən əmək müqavilənizdə qeyd olunmayan işi görməyinizi tələb etsələr, nəzakətli şəkildə etiraz edə bilərsiniz, buna sizin tam haqqınız var. Məsələn, siz mağazada satıcı işinə götürülmüsünüz. Amma bir gün iş vaxtı anbara yük daşımağınızı istəyirlər. Siz sakit halda müqavilənizi çıxara, öhdəliyinizin nədən ibarət olduğunun qeyd edildiyi hissəni taparaq, sizdən tələb olunan əlavə işi yerinə yetirməkdən imtina edə bilərsiniz. Əmin olun ki, məhkəmə sizin tərəfinizdə olacaq.
“ə” bəndi ən vacib bənddir, burada «işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması» göstərilməlidir. Bunlar müqavilədə son dərəcə detallı, aydın şəkildə izah olunmalıdır. Müqavilədə əməkhaqqının veriləcəyi vaxtın da dəqiq göstərilməsi pis olmazdı. Yoxsa işəgötürən işçinin əməkhaqqını yalnız istədiyi vaxt ödəyəcək.
“f” və “g” bəndləri tərəflərin qarşılıqlı öhdəlikləri və qoya biləcəkləri əlavə şərtlər barədədir. Bunlar da vacib bəndlərdir. Siz müqavilənin mətnini diqqətlə oxumasanız, bir gün gözləmədiyiniz öhdəlikləri yerinə yetirməli olduğunuzu görərsiniz.
Əmək müqaviləsi bağlayanda nəyi unutmamalı?
Əmək müqaviləsinin surətini əldə etmədən işə başlamayın. Əlinizdə müqavilə olmasa, iş zamanı başınıza bir iş gələndə, öz hesabınıza müalicə olunmaq məcburiyyətində qalarsınız. Məhkəmədə nəyisə sübut etmək çətin olar.
Amma bu işin son həddidir. Gəlin ən çox buraxılan səhvlərdən danışaq. Yuxarıda qeyd etdiyimiz kimi işəgötürən dövlətə işçinin əməkhaqqına uyğun miqdarda vergi verməlidir və bu cür ödəmələrdən qaçmağın ən asan yolu - müqavilədə işçinin əməkhaqqının real miqdardan az (bəzən dəfələrlə az) göstərilməsidir. Bu halda işçinin “taleyi”- əməkhaqqı, işəgötürənin insafından asılı olur. Axı bu cür müqavilənin şifahi razılaşmadan elə bir fərqi yoxdur. İşəgötürən istəsə işçiyə müqavilədə göstərilidiyi qədər pul verər, əməkhaqqının bir hissəsini sonraya vəd edə bilər. İşçi narazılıq etsə və ya işdən qovulsa, işəgötürən öz vədini “unuda” bilər. Bu halda işçi məhkəməyə müraciət etsə belə, heç bir sənəddə qeyd olunmayan məbləği tələb etməyin mənası olmayacaq.
Beləliklə, əmək müqaviləsi kimi vacib sənədə imza atarkən əvvəl onun mətnini diqqətlə oxuyun, sizi qane etməyən bir şey varsa, mövqenizi müdafiə edin. Ən böyük səhv isə boş kağızı imzalamaq, ya da müqavilənin “köhnə tarixlə” bağlanmasına razılıq verməkdir. Müqavilənin şərtləri pozulanda etirazınızı dərhal bildirin, vaxt keçəndən sonra pozulma faktını sübut etmək çətin olur.
Aşağıdakı cədvəldə əmək müqaviləsinin hazırlanması zamanı ən çox buraxılan səhvlər və onların mümkün nəticələri göstərilib.
Cədvəl. Əmək müqavilələrinin hazırlanması zamanı ən çox buraxılan səhvlər
Əməkhaqqının ödənilməsi şərtləri göstərilmir (maaşın ölçüsü, tarif həddi, ruhlandırıcı ödəmələr və mükafatlar) | İşçi ən yaxşı halda əməkhaqqının minimal həddinə ümid edə bilər (2010-cu ilin 1 sentyabrından - 85 manat) |
Əməkhaqqının ödənilməsi tarixi göstərilmir | İşçi əməkhaqqını işəgötürənin istədiyi, işəgötürənə sərf edən vaxt alar |
İş rejimi göstərilmir (iş gününün başlandığı və qurtardığı vaxt, nahar saatı, iş və istirahət günləri) | İşəgötürən işçini istənilən gün işdə olmadığı üçün qova bilər |
İşçinin işi-peşəsi, öhdəliyi göstərilmir | İşçi onun peşəsi və öhdəliyinə heç uyğun olmayan işlərə cəlb oluna bilər |
İşçinin dərəcəsi göstərilmir (sinif, kateqoriya) | İşçinin əməkhaqqı veriləndə onun dərəcəsi nəzərə alınmaya bilər (AR Əmək Məcəlləsinin 57-ci maddəsi) |
İşəgötürən haqqında dəqiq məlumat verilmir | Əmək müqaviləsi pozularsa, işçi məhz kimə işlədiyini, kiminlə razılaşma imzaladığını sübut edə bilməz |
Sizə elə gəlir ki, işdə haqqlarınız qorunmur? Sizi işəgötürənin hərəkətlərinin qanuni olub-olmaması ilə bağlı şübhəniz var?Layiqli əmək testindən keçin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, eləcə də beynəlxalq hüquq normalarına görə hansı haqqlarınızın olduğunu öyrənin.
İş və əməkhaqqı haqqında blankı doldurun və tezliklə kolleqalarınızın Azərbaycanda nə qədər qazandığını biləcəksiniz.
Qazancim.az
0 коммент.:
Отправить комментарий