13.04.2016

Məktəb direktorunun funksiyaları

Sevinc Əliyeva, Abşeron rayonu, Xırdalan qəsəbəsi  3 nömrəli məktəb-liseyin direktoru
Sevinc Əliyeva,
Abşeron rayonu, Xırdalan qəsəbəsi
3 nömrəli məktəb-liseyin direktoru
Məktəbin idarə olunması mürəkkəb pedaqoji proses olub, onun həllinə verilən tələblər daim gözlənilməlidir. Bu işdə kollegiallıq gözlənilir, Təhsil qanunu və məktəbin Nizamnaməsi düzgün istiqamət üçün kompas rolunu oynayır. Bir qayda olaraq məktəbin geniş fəaliyyəti, təlim-tərbiyə prosesinin keyfiyyətli idarə olunmasında direktor öz məsuliyyətini dərindən dərk etməlidir. Məktəb direktoru öz funksiyalarını mükəmməl bilmədən təlim-tərbiyənin məqsədyönlü, planlı və mütəşəkkil təşkilində uğurlar qazana bilməz. Uzun illərin təcrübəsi göstərir ki, məktəb direktorunun gündəlik fəaliyyəti dinamik səciyyə daşımalıdır. Zəiflik yaranan kimi məktəbdə pedaqoji prosesin keyfiyyətinə təsir göstərən mənfi amillər artır. Rəhbərlik etdiyim Abşeron rayonu Xırdalan qəsəbəsi 3 nömrəli məktəbdə 1500-ə qədər şagirdin təlim-tərbiyə işi ilə məşğul olan 145 müəllimin hər birinin pedaqoji fəaliyyəti, şagird-müəllim, müəllim-şagird, məktəb-valideyn, valideyn-məktəb münasibətlərinin demokratik səviyyədə qurulmasında daim səyimi artırmağa çalışıram. Bu mühüm amil həyata keçirdiyim bütün çoxcəhətli funksiyaların reallaşmasında başlıca rol oynayır.

Elmi-pedaqoji ədəbiyyatlarda məktəb direktorunun funksiyaları barədə nəzəri materiallar çoxdur. Buna baxmayaraq, əsas diqqət aşağıdakı funksiyalara yönəlmişdir:
* Planlaşdırma və proqnozlaşdırma;
* təşkilati-sərəncamvermə;
* nəzəri-metodiki;
* məktəbin maliyyə təsərrüfat fəaliyyətinə rəhbərlik.
Qeyd olunan funksiyaların öhdəsindən gəlmək üçün məktəb direktorunun gündəlik planlaşmaların tam həllinə nail olmasını vacib sayırıq. Məktəbin illik fəaliyyətinin məcmusunu təşkil edən ümumi istiqamətlər, onların həyata keçirilməsində vasitə və yollarını müəyyən etməklə gözlənilən nəticələrin təhlilinə xüsusi diqqət göstərirəm. Mənim üçün planlaşdırmanın proqnozlaşdırılması daha çox əhəmiyyətlidir. Planlaşdırılan məsələlər kağız üzərində pedaqoji prosesdə real həllini tapmalıdır. Kurikulumun tətbiqində təhsilin məzmunu, onun təşkili (forma və üsulları) və qiymətləndirmə ilə əlaqədar bütün işlər nəticəyönümlü xarakter daşıyır. Məktəbdə təhsilin inkişafı ilə əlaqədar gözlənilən nəticələr proqnozlaşdırılaraq diaqnostik, formativ və summativ qiymətləndirmə aparmaqla təhlillər edilir.
Məktəb direktoru kimi təşkilati və sərəncamvermə funksiyasını yerinə yetirərkən qazandığım pedaqoji təcrübəyə, normativ sənədlərə, metodik nümunələrə, dünya praktikasına, zəngin ənənə və müasir mütərəqqi faydalı iş üsullarına həmişə istinad etməyə çalışmışam. Çünki bu funksiyanın uğurlu icrası özündə çoxsaylı komponentlərin sistemli olaraq əlaqələndirilməsini tələb edir. Bunun üçün peşəkarlıq və mənəvi zənginlik vacibdir. Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarında deyilir: “Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”. Bu baxımdan düşünürəm ki, məktəb direktoru təşkilati və sərəncamvermə funksiyasını ilk növbədə şəxsi nümunəsi ilə optimallaşdıra bilər. Doğrudan da aşağıda sistemləşdirilən funksiyalar avteritarlıq deyil, mənəvi zənginlik və demokratik mühitin yaradılması ilə bağlıdır:
* planların həyata keçirilməsində qüvvələrin səfərbərliyi;
* pedaqoji kollektivin işini düzgün istiqamətləndirmək;
* məktəbdə sağlam mənəvi-psixoloji durumun yaradılmasının təmin olunması;
* dərslərin təşkilinə rəhbərlik;
* dərsdənkənar tədbirlərin təşkilinə ümumi rəhbərlik;
* kadrların düzgün seçilməsini təmin etmək;
* müəllimlərin səmərəli fəaliyyəti üçün zəruri şərait yaratmaq;
* pedaqoji əməyində fərqlənən müəllimlərin stimullaşdırılmasını həyata keçirmək;
* məktəbin ailə və ictimaiyyətlə əlaqəsini, şagird özünüidarəsini, valideyn komitəsinin işini istiqamətləndirmək;
* məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıya qoyulmuş vəzifələrin həllinə müvafiq əmrlər vermək.
Görüləcək işlərlə əlaqədar qeyd olunan funksiyaların hər birinin icra mexanizmi düşünmək, səhvə yol verməmək üçün direktor səbir, təmkin, dinləmək bacarığı, bilmək, anlamaq, təhlil etmək, dəyərləndirmək kimi mənəvi keyfiyyətləri mənimsəməlidir. Fikrimizi dərslərin təşkilinə rəhbərliklə əlaqədar bir funksiyanın nə qədər gərgin əmək, düşüncə, metodik bacarıq və peşəkarlıq tələb etdiyinə diqqət yönəltməyə istiqamətləndirmək istəyirəm. Məktəb direktoru müəllimlərin fəal dərsin aşağıdakı mərhələlərinin pedaqoji fəaliyyətində tətbiqini təmin etməlidir:
* Motivasiya – problemin qoyuluşu;
* tədqiqatın aparılması;
* informasiya mübadiləsi;
* informasiyanın müzakirəsi və təşkili;
* nəticələr və ümumiləşdirmə;
* yaradıcı tətbiqetmə;
* qiymətləndirmə və refleksiya.
Açıq etiraf etməliyik ki, fəal-təlim texnologiyasından səmərəli istifadə edən müəllimlərin sayı qənaətləndirici deyildir. Qarşıya qoyduğumuz əsas məqsəd ənənəvi dərsin ardıcıllığına aid olan ev tapşırığının yoxlanılması, öyrənilən mövzunun sorğusu, yeni motivasiyaya dair mühazirə, aydın olmayan məsələlərin açıqlanması və dəqiqləşdirilməsi, yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar, reproduktiv (təkraredici) tətbiqetmə, qiymətləndirmə mərhələlərindən imtina edərək fəal dərsin quruluşundan bacarıqla istifadə etməyə müəllimləri yönəltməkdir. Bu sahədə yeni nailiyyətlər qazanan müəllimlərdən Gülşən Hümbətova, Amaliya Məmmədova, Nigar İsmayılova, Günəş Sultanova və başqalarının adlarını inamla çəkə bilərik.
Müəllim fəal dərsin ümumi quruluşunu özündə ehtiva edən hər bir mərhələnin qarşısında olan vəzifələri dərindən dərk etməli və əməli fəaliyyətində tətbiqinə nail olmalıdır.
Məktəb direktorunun nəzarət metodiki funksiyalarının tərkibi daha çox səmərəli işləməyi tələb edir. Çünki qarşıya qoyulan vəzifələr, planlaşdırmalar, müəllimlərin dərsləri və bir çox digər tədbirlər müşahidə və təhlil edilmədikdə kollektivin ahəngdar, səmərəli fəaliyyətindən danışmağın heç bir əhəmiyyəti yoxdur. Müəllimlərin yaradıcı fəaliyyəti, məktəbdə müasir texnologiyaların və innovasiyaların tətbiqi metodiki işimizin daha çox vaxt ayırdığımız istiqamətlərinə daxildir.
Müasir təhsillə bağlı yanaşmaların mahiyyətini məktəb direktoru müstəqil olaraq öyrənməyə maraqlı olmalıdır. Kurikulumun tətbiqinə yönəlmiş təlim kurslarının ən aktual mövzusu “Təhsil fəlsəfəsi və təlim-tədrisin təşkilində onun əhəmiyyəti”dir.
Uzun illər ənənəvi təlim zamanı təhsil fəlsəfəsinin elmi cəhətdən öyrənilməsi zərurəti yaranmamışdır. Elə bu səbəbdən təhsil fəlsəfəsi indi bütün pedaqoji işçilər üçün yeni anlayış təsiri bağışlayır. Təhsil fəlsəfəsi deyiləndə nə başa düşürsünüz? sualına müəllimlərin cavabları aşağıdakı suallar ətrafında formalaşdırıldıqda məntiqi səciyyə daşımış olur:
* Təhsil nə üçün lazımdır?
* Sizcə öyrənən kimdir?
* Məktəbdə təlim mühiti necə olmalıdır?
Şübhəsiz, verilən cavablar fərziyyə xarakteri daşıyacaqdır.
Hər bir müəllim öz təhsil fəlsəfəsini müəyyənləşdirməlidir.
Təhsil fəlsəfəsinin özündə ehtiva etdiyi aşağıdakı suallara uyğun olaraq bu anlayışın yığcam tərifini formalaşdırmaq olar:
* Təhsilin əhəmiyyəti nədər ibarətdir?
* Təhsil hansı məqsədi daşımalıdır?
* Təlim prosesində öyrənənin rolu nədən ibarət olmalıdır?
* Təhsil öyrənənin hansı ehtiyaclarını ödəməlidir?
* Məktəbin əsas vəzifəsi nədən ibarətdir?
* Uğurlu təhsil və təlim mühiti necə olmalıdır?
* Öyrənməni təmin edən təlim necə təşkil edilməlidir?
* Təlim prosesində hansı strategiyalardan istifadə edilməlidir?
* Təlim prosesində müəllimin rolu nədən ibarət olmalıdır?
* Təhsilin məzmununu (kurikulumu) hansı məsələlər təşkil etməlidir?
Metodik ədəbiyyatlarda verilən təhsilin fəlsəfəsinin yığcam ifadəsinə əsaslanaraq qeyd edə bilərik.
Təhsilin məqsədi və şagirdin iştirak baxımından təlimin xüsusiyyətləri, müəllimin bilikləri çatdırmaq, intellekt cəhətdən müstəqil öyrənənlər yetişdirmək, mənəvi və siyasi dəyərlər aşılamaq istəyi, konsepsiyaların özünəməxsusluğu, təhsilin idarə edilməsinin qanunauyğunluqları və bir çox amillər təhsilin fəlsəfəsini müəyyən edir.
Ekspertlər müəllimin təhsil fəlsəfəsinin müəyyən olunmasında dörd yanaşma baxımından verilən sualların cavablandırılmasına üstünlük verirlər. 11 sualdan ibarət olan test suallarının hər birinin dörd mümkün cavabları vardır. Cavablandırma müstəqil düşüncəyə əsaslanaraq təhsil fəlsəfəsinə uyğun aparılır. Dörd fəlsəfi yanaşmaya proqressivizm, perennializm, essentializm və ekzistentializm daxildir. Şərti olaraq test cavablandırılarkən mənim təhsil seçimim: proqressivizm üzrə (10), perrenizlizm (2), essentializm (3) və eksizentializm (1)-dirsə, hesablamaya görə nəticə söyləmək olar.
Yekun 16 xaldan üstünlüyü proqressivizm təşkil edir. Demək, təhsil fəlsəfəsi proqressivizmdir. Araşdırma aparsaq, aydın olur ki, seçimim müasir tələblərə cavab verir. Çünki proqressivizm tərəfdarları təhsilin məzmununa xüsusi əhəmiyyət verməyi vacib sayırlar. Bildirilir ki, təlim prosesinin mərkəzində daha çox şagird dayanmalıdır. Onların ideyaları fəal təcrübə yolu ilə sınaqdan çıxarılmalıdır. Bu aktiv olan, fəal təlimdir.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.