08.04.2016

  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29.04.2015-ci il tarixli 511 nömrəli əmri ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

1. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli Sərəncamı, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14.04.2010-cu il tarixli 67 nömrəli, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 nömrəli, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 24.11.2011-ci il tarixli 191 nömrəli qərarlarına, Təhsil Nazirliyinin “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında” normaların təsdiq edilməsi ilə bağlı 26.01.1999-cu il tarixli 59 nömrəli əmrinə uyğun olaraq hazırlanmışdır.
 1.2. Bu Qaydalar Təhsil Nazirliyi (bundan sonra Nazirlik) sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblərində, ümumtəhsil internat məktəblərində və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylərdə) və peşə liseylərində (bundan sonra - müəssisə) müəllimlərə tələbatın müəyyənləşdirilməsini, müəllimlərin, digər pedaqoji işçilərin işə qəbulunu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir.
 1.3. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi və ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir və bu məqsədlə komissiyalar yaradılır.
1.4. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Yerdəyişmənin nəticələri Nazirliyin bazasına daxil edilir. Nazirlik yerdəyişmənin mövcud qaydalara uyğunluğunu yoxlayır və müvafiq rəyini tabelik üzrə təhsili idarəetmə orqanlarına təqdim edir.
1.5. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin Nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəssisə rəhbərinin, həmin müəssisələrdən digər dövlət ümumi təhsil müəssisələrinə dəyişdirilməsi isə tabelik üzrə təhsili idarəetmə orqanının təqdimatı əsasında Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə müsabiqə yolu ilə həyata keçirilir.
 1.6. İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Nazirliyin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə dəyişdirilməsi tabelik üzrə təhsili idarəetmə orqanının təqdimatı əsasında Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə müsabiqə yolu ilə həyata keçirilir.
1.7. Ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələrində təhsilini başa vurmamış, həmçinin qeyri-pedaqoji təhsilli və xaricdə təhsil alaraq təhsil sənədi 3 Nazirlik tərəfindən tanınmamış şəxslərin müəssisələrə müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir.
1.8. Ümumtəhsil məktəblərinin tədris planında “İctimai fənlər” bölməsində nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin saathesabı, əvəzçilik qaydasında və ya müddətli əmək müqaviləsi ilə işə qəbulu qadağandır. 1.9. Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.
 1.10. Azərbaycan Respublikasının ərazisində yerləşən dövlət təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə başa çatdıqdan sonra, proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilir.
1.11. Müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər yalnız müsabiqədən keçdiyi ixtisas üzrə dərs apara bilərlər. Bu qaydalar qüvvəyə mindikdən sonra müəssisələrə işə qəbul olunan müəllimlər ikinci ixtisas üzrə dərs aparmaları üçün onların həmin ixtisasdan da mərkəzləşdirilmiş müsabiqədə iştirak etməsi tələb olunur.
 1.12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli Qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada Nazirlik tərəfindən baxılır. Həvəsləndirmə tədbirləri şamil olunan müəllimlərin iş yeri öz istəyi əsasında dəyişdirildikdə, onlara əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi dayandırılır.
1.13.Müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının rəyi nəzərə alınmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir. Müddətli müqavilə ilə işə qəbulun nəticələri Nazirliyin bazasına daxil edilir. Nazirlik işə qəbulun mövcud qaydalara uyğunluğunu yoxlayır və müvafiq rəyini tabelik üzrə təhsili idarəetmə orqanlarına təqdim edir.  
1.14. Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоqpedaqоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, mühəndis-teхniki, tədris-köməkçi işçilər, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
1.15. Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Rayon Dövlət İdarəsi (şöbəsi) və tabelik üzrə təhsili idarəetmə orqanı ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
1.16. Təhsil sisteminə daxil olan xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) müəllimlərin və digər pedaqoji işçilərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında, müəssisə rəhbərləri tərəfindən təşkil olunan müsahibə yolu ilə həyata keçirilir.
 1.17. Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar.
1.18. İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və bu Qaydalar əsasında baxılır.
1.19. Tabelik üzrə təhsili idarəetmə orqanları və Nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələri il ərzində işə qəbul və işdən azad olunan, iş yerini dəyişən müəllimlər və digər işçilər, həmçinin yaranan vakant yerlər haqqında məlumatları ən geci 5 gün müddətinə Nazirliyin proqram təminatına daxil edir. Məlumatların düzgünlüyünə görə tabelik üzrə təhsili idarəetmə orqanlarının və Nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
 2. Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi
2.1. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 nömrəli Qərarına uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir. 2.2. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkadan çox olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 12 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 12 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.3. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkadan çox olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
2.4. Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar 6 (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə müəssisə rəhbəri tərəfindən hər dəfə 1 il olmaqla 5 ildən çox olmayaraq uzadıla bilər.
 2.5. Çalışmanın yaş hədinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli Qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabelik üzrə idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
2.6. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimin yerinə müddətli əmək müqaviləsi ilə işə götürülən işçilərə həmin dərs yükü verilir və tarifləşmə cədvəlində qeyd edilir. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilir.
 2.7. Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir.
 2.8. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.
2.9. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.
3. Müsabiqənin keçirilməsi
3.1. Müəllimlərin iş yerinin dəyişdirilməsi və işə qəbulu 3 mərhələdən ibarət olmaqla (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yolu ilə həyata keçirilir.
 3.2. İş yerinin dəyişdirilməsi müsabiqəsində yalnız müəssisələrdə müddətsiz müqavilə əsasında müəllim işləyənlər iştirak edə bilərlər. 3.3. İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.
3.4. Müsabiqənin I mərhələsində (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi) namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatlar yoxlanılır. Elektron ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə ərizəçi məsuliyyət daşıyır. 3.5. Müsabiqənin II mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramının məzmununa, metodika və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir.
3.6. Test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda, müsabiqə komissiyası namizədin elektron ərizəsindəki göstəricilərini araşdırmaqla müvafiq qərar qəbul edir.
3.7. Müsabiqənin III mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, şəxsi keyfiyyətləri və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılır. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə), şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsabiqə komissiyasına təqdim etməlidirlər.
8 3.8. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı və ya müsahibə proqramının meyarlarına uyğun olmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir.
 3.9. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.
3.10. İşə qəbul üzrə müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan yerlər üçün əlavə yerləşdirmə keçirilir. Keçid balı toplayaraq seçdiyi vakant yerə işə qəbul oluna bilməyən namizədlər əlavə yerləşdirmədə iştirak edə bilərlər.
3.11. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır.
3.12. Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına, Nazirliyin birbaşa tabeliyində olan müəssisələrə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir.
 4. Qaydaların pozulmasına görə məsuliyyət
 4.1. Müəllimlərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.