Əmək məzuniyyəti haqda nələri bilməliyik?
İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunlarla tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. Azərbaycanda məzuniyyət hüququnu tənzimləyən qanun 1999-cu ildən qüvvəyə minib və bu qanuna son dəyişiklik 2006-2010-cu illərdə reallaşıb. Əmək Məcəlləsinə görə, işçilər vəzifəsindən, əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyət hüququna malikdirlər. Ümumiyyətlə məzuniyyətin fərqli növləri var. Bunlara sosial məzuniyyət, təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət, əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti və s. aiddir. Sadalanan məzuniyyət növlərinin yalnız birindən bütün işçilər istifadə edə bilir. Bu, ödənişli əsas və əlavə məzuniyyətlərdir. Bu məzuniyyət növündən əsasən yay aylarında istifadə edilir. Odur ki, mövzunun aktuallığını nəzərə alıb əsas və əlavə əmək məzuniyyəti haqda bir qədər ətraflı bəhs edəcəyik. Əlbəttə ki, mütəxəssislərin və hüquqşünasların köməyilə...
Ölkə qanunları vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Qanuna əsasən kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, məsul vəzifələrdə olan dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, kitabxanaçılara, laborantlara, dayələrə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçiləri və əczaçılara əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. Bəzi kateqoriyadan olan işçilərin əmək məzuniyyəti isə 56 təqvim günü müddətində nəzərdə tutulur. İllik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan tədris müəssisələrinin rəhbər işçiləri, tərbiyəçiləri, təlimatçıları, dərnək və musiqi rəhbərləri, konsertmeysterlər, xormeysterlər, hərbi rəhbərlər bu kateqoriyaya aiddir. Uşaq evləri, məktəbəqədər müəssisələrin rəhbər və işçilərinə, məşqçi müəllimlərə, elmlər namizədi elmi dərəcəsi olanlar üçün əmək məzuniyyəti 42 gündür.
Kənan Həsənli- hüquqşünas: “Müharibədə, döyüş əməliyyatlarında iştiraka görə də xüsusi müddət nəzərdə tutulub. Qanunda göstərilir ki, əgər Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edibsə, 1941-45 ci illərdə gedən döyüşlərdə iştirak edibsə, həmin şəxslərə 46 gün müddətində məzuniyyət verilir”.
Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilməlidir. Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillər üçün əmək məzuniyyəti azı 42 təqvim günüdür. Qanunlar əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin verilməsini də nəzərdə tutur. Bura yeraltı işlərdə çalışanlar, əmək şəraiti zərərli və ağır olanlar və s. daxildir. Belə işçilər üçün əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əlavə məzuniyyət hüququ azyaşlı uşaqları olan analara da verilib. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ var.
Namiq Əhmədov- mühasib: “Himayəsində 16 yaşa qədər uşaq olan anaya iki gün, bu yaşda üç və daha artıq və ya himayəsində 16 yaşınadək əlil uşağı olan analara 5 gün məzuniyyət verilir. Bu da o deməkdir ki, həmin günlər təyin edilən əmək məzuniyyətinin müddəti üzərinə əlavə edilir”.
Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası da qanunlarla tənzimlənir. Başqa sözlə stajdan asılı olaraq məzuniyyət müddətinə əlavələr edilməsi mümkündür.
Kənan Həsənli- hüquqşünas: “Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin də qərarı var. Belə ki, 29 noyabr 2000-ci ilə qədər işçi eyni müəssisədə çalışdığı halda bu hüquqlardan yararlana bilərdi. Lakin staj müxtəlif müəssisələrdə qazanılsaydı yararlana bilməzdi. Amma Konstiutusiya Məhkəməsinin 2000-ci il qərarından sonra "bir müəssisədə" anlayışı ləğv olundu və işçinin daha əvvəl hansı müəssisədə işlədiyindən asılı olmayaraq stajla bağlı əlavə məzuniyyətlərin verilməsi təmin edildi”.
Xidməti müqavilə əsasında işləyənlərin isə ödənişli əsas məzuniyyət hüququ yoxdur. Xidmət müqaviləsində işəgötürən və işçi terminləri olmur, burada tərəflər sifarişçi və icraçıdan ibarətdir. Odur ki, məzuniyyət məsələləri yalnız tərəflərin qarşılıqlı razılığı əsasında həll edilə bilər.
Kənan Həsənli- hüquqşünas: “Əmək məzuniyyəti məsələləri Əmək Məcəlləsi əsasında tənzimlənir. Məcəllənin 6-cı maddəsində göstərilir ki, bu məcəllə hansı şəxslərə şamil edilmir. Orada ilk olaraq hərbi qulluqçular, hakimlər və mülki müqavilə ilə işləyən şəxslər sadalanır. Beləliklə bir nəticəyə gələ bilərik ki, xidmət, podrat, tapşırıq müqaviləsi kimi mülki müqavilə əsasında işləyənlər işəgötürəndən əmək məzuniyyəti tələb edə bilməzlər”.
Əmək Məcəlləsinə görə, işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Buna görə də işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona kompensasiya ödənilməlidir.
Kənan Həsənli- hüquqşünas: “İşçi hər hansı səbəbdən öz məzuniyyət hüuqundan istifadə etmədiyi halda onun məzuniyyət hüququ işəgötürən tərəfindən kompensasiya şəklində pul əvəzində ödənilməlidir. Bu münasibətlər Əmək Məcəlləsinin 135 və 140-cı maddəsilə tənzimlənir. Orada birbaşa göstərilir ki, səbəbindən asılı olmayaraq kompensasiya ödənilməlidir”.
Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. İstirahət günləri həmin təqvimə daxildir. Bayram günlərinə gəlincə...
Namiq Əhmədov- mühasib: “Məzuniyyət təqvimində bayram günləri varsa, məzuniyyət müddəti hesablanarkən həmin bayram günləri nəzərə alınmır. Tutaq ki, işçi 1 mayda əmək məzuniyyətinə çıxırsa, və 30 təqvim günü məzuniyyət hüququ varsa, mayda 2 bayram günü olduğu üçün həmin günlər məzuniyyət təqvimindən çıxılır. Beləliklə, həmin işçi işə iyun ayının 2-də çıxır. Yəni ki, məzuniyyətin müddəti 2 gün uzadılır”.
Əsas əmək məzuniyyəti xüsusi düstur əsasında hesablanır. Bu sadə düsturu bilən işçi öz məzuniyyət haqqını çox asanlıqla ayırd edə bilər.
Namiq Əhmədov- mühasib: “Əmək məzuniyyətinə çıxan dövrdən etibarən son 12 ayın əməkhaqqları götürülür və bölünərək orta aylıq əməkhaqqı çıxarılır. Həmin orta aylıq əməkhaqqı 30,4-ə bölünür. Bu zaman bir günlük əməkhaqqı tapılır və bu rəqəm verilən əmək məzuniyyəti günlərinin sayına vurulur”.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.
Xəyalə Mürsəl
0 коммент.:
Отправить комментарий