10.08.2015



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı ilə təsdiq edilmişdir
Ümumtəhsil internat məktəblərinin nümunəvi
Əsasnaməsi

Ümumi müddəalar
1.         Ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, yetim və valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkilində, onların xalqımızın milli ənənələri ruhunda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsində mühüm əhəmiyyətə malik təhsil müəssisələridir.
2.         Ümumtəhsil internat məktəblərinin açılması, tipinin dəyişdirilməsi və fəaliyyətinin dayandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.
3.         Ümumtəhsil internat məktəbləri imkan və şərait nəzərə alınmaqla, əsas və ya orta təhsil bazasında təşkil olunur.
4.         Ümumtəhsil internat məktəbləri rayon (şəhər) təhsil şöbələrinin, habelə Təhsil Nazirliyinin tabeliyində olur. Xüsusi ümumtəhsil internat məktəbləri bilavasitə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
5.         Ümumtəhsil internat məktəbləri öz fəaliyyətində Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Ali Sovetinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, «Təhsil Qanunu»nu, bu Əsasnaməni və başqa normativ aktları rəhbər tutur.
6.         Ümumtəhsil internat məktəbləri məqsədindən asılı olaraq, aşağıdakı tiplər üzrə yaradılır:
    • Aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları üçün ümumi tipli ümumtəhsil internat məktəbləri;
    • yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəbləri;
    • sanator tipli ümumtəhsil internat məktəbləri.
7.         Ümumtəhsil internat məktəblərinin sinif və qruplarında şagirdlərin sıxlığı və bir sıra fənlərdən siniflərin iki qrupa bölünməsi müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.         Müvafiq maddi-tədris baza və kadr potensialı olduqda şagirdlərin və valideynlərin arzusu ilə ümumtəhsil internat məktəblərində təmayüllü siniflər təşkil edilə bilər.
Ümumtəhsil internat məktəblərinin şagirdləri və onların hüquqları
9.         Ümumtəhsil internat məktəblərinə aşağıdakılar qəbul olunurlar:
Ümumi tipli ümumtəhsil internat məktəblərinə:
    • çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər;
    • tək anaların (ataların) övladları;
    • səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud onları əvəz edənlərin) uşaqları;
    • qəyyumluğa (himayəyə), övladlığa götürülən uşaqlar;
Xüsusi ümümtəhsil internat məktəblərinə:
    • hər iki valideynini itirmiş yetim uşaqlar;
    • müxtəlif səbəblərdən (valideynlərin həbs edilməsi, ruhi xəstə olması, valideynlik hüququndan məhrum olunması, valideyn tərəfindən imtina edilməsi və s.) valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr.
Sanator tipli ümumtəhsil internat məktəblərinə:
    • qan-damar sistemində xəstəliklər olan uşaq və yeniyetmələr;
    • vərəmin ilkin, kiçik, sönməkdə olan formalarına tutulmuş uşaq və yeniyetmələr;
    • tənəffüs orqanlarında xroniki qeyri-spesifik xəstəliklər olan uşaqlar.
10.       Ümumi tipli ümumtəhsil internat məktəblərinə şagirdlər valideynin (yaxud onu əvəz edən şəxsin) ərizəsinə, xüsusi ümumtəhsil internat məktəblərinə yaşadıqları rayonun (şəhərin) icra hakimiyyətinin qərarına, sanator tipli ümumtəhsil internat məktəblərinə isə, uşaq poliklinikaları nəzdində təşkil edilmiş ixtisaslı həkim komissiyasının rəyinə əsasən qəbul olunurlar.
11.       Zəruri hallarda müvafiq rayon (şəhər) təhsil şöbəsinin, yaxud polis idarəsinin təqdimatı uşağın xüsusi ümumtəhsil internat məktəbinə qəbulu üçün əsas sayılır.
12.       Ümumi tipli ümumtəhsil internat məktəblərindəki təmayüllü siniflərə, təmayüllü ümumtəhsil internat məktəblərinə şagirdlər müsabiqə yolu ilə qəbul edilirlər.
13.       Xüsusi və sanator tipli ümumtəhsil internat məktəblərində şagirdlər tam dövlət təminatında saxlanılırlar.
14.       Ümumi tipli ümumtəhsil internat məktəblərində qüvvədə olan qanunlara uyğun olaraq, şagirdlərin saxlanması üçün valideynlərdən müəyyən olunmuş qaydalar üzrə haqq alınır.
15.       Ümumtəhsil internat məktəbində müəyyən edilmiş qaydada ərzaq, geyim, tədris ləvazimatı və digər avadanlıqdan mövcud normativlər üzrə istifadə edən, onun təsdiq olunmuş rejiminə tabe olanlar internat məktəbinin şagirdləri hesab edilirlər. İstisna hallarda ərazidə başqa ümumtəhsil məktəbi olmadıqda, bəzi şagirdlərin göstərilən imtiyazlardan istifadə etməmək şərtilə ümumi tipli ümumtəhsil internat məktəbə qəbul olunmasına icazə verilir.
16.       Ümumtəhsil internat məktəbinin şagirdləri müəyyən edilmiş normativlər və qaydalar üzrə paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunurlar. İnternat məktəbini bitirən şagirdlərə istifadələrində olan paltar və ayaqqabını özləri ilə aparmalarına icazə verilir. İnternat məktəbini bitirən yetim və valideyn himayəsindən məhrum şagirdlərə respublika Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qaydada müvafiq güzəştlər edilir.
17.       Xüsusi ümumtəhsil internat məktəblərini bitirən şagirdlərə paltar və ayaqqabıdan əlavə, yataq ləvazimatı və müəyyən edilmiş miqdarda birdəfəlik pul vəsaiti verilir.
18.       Xüsusi ümumtəhsil internat məktəblərinin məzunları:
    • istehsalata işləməyə gedərkən istehsalat təlimi dövründə 6 ay, onlardan xroniki xəstəlikləri olanlar isə 1 il müddətinə internat məktəbdə saxlanıla bilərlər;
    • texniki-peşə, orta ixtisas və digər təhsil müəssisələrinə daxil olduqdan sonra tətil günlərində internat məktəbdə qala bilərlər. Həmin müddətdə onlar yeməklə təmin edilirlər.
19.       Ümumtəhsil internat məktəblərinin şagirdləri müəyyən edilmiş normativlər və tibbi-metodik tövsiyələr əsasında gün ərzində 4 dəfə yeməklə təmin olunurlar.
20.       Bir ailənin uşaqlarının (bacı-qardaşlar), habelə qohumluq əlaqəsi olan uşaqların eyni internat məktəbinə qəbul edilməsi məqsədə müvafiqdir. Həmin uşaqlardan hansınınsa tibbi göstəriciləri və ya sağlamlığının vəziyyəti uyğun gəlmirsə, o, digər müvafiq internat tipli müəssisəyə göndərilir.
21.       Xüsusi ümumtəhsil internat məktəbində tərbiyə alan eyni ailənin uşaqlarından hər hansı birinin övladlığa götürülməsi məsələsi ortalığa çıxarsa, buna bacı-qardaşları razılıq verməli və qərarda onların gələcək münasibətlərinin kəsilməsi şərtilə uşağın övladlığa götürülməsinə icazə verilmir.
22.       Müəyyən olunmuş qaydalar daxilində uşağı xüsusi ümumtəhsil internat məktəbinə qəbul edilmiş valideyn üzürlü səbəb olmadan 6 aydan artıq müddətdə uşağı ilə görüşə gəlməzsə, taleyi ilə maraqlanmazsa, internat məktəbinin rəhbərliyi onun valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldıra bilər.
23.       Ərazidə olan yetim və valideyn himayəsindən məhrum uşaqların müəyyənləşdirilməsi və xüsusi ümumtəhsil internat məktəblərinə göndərilməsi işinin təşkilində yerli təhsil şöbələri, sanator tipli ümumtəhsil internat məktəblərinə göndəriləcək uşaqların aşkara çıxarılmasında isə səhiyyə şöbələri bilavasitə məsuliyyət daşıyırlar.
24.       Yaranmış şəraitə və sağlamlığının vəziyyətinə görə, ümumi tipli və sanator tipli ümumtəhsil internat məktəblərində təhsil alan yetim və valideyn himayəsindən məhrum, habelə qəyyumluğa (himayəyə) götürülmüş uşaqlar onlar üçün müəyyən olunmuş imtiyazlardan istifadə edirlər.
25.       Yay tətili müddətində uşaqlar valideynləri (yaxud onları əvəz edən şəxslər) tərəfindən evə aparıla bilərlər. Bu və ya digər səbəblə bağlı evə aparılmayan uşaqlar üçün internat məktəbində yay-istirahət düşərgəsi təşkil olunur, yaxud putyovka ilə digər düşərgələrə göndərilirlər. Uşaqların yay istirahətinin təşkilində yerli icra hakimiyyətləri, təhsil və səhiyyə orqanları internat məktəblərinin rəhbərliyinə hərtərəfli kömək göstərməlidirlər.
26.       Yay tətili ilə yanaşı, dərs ili ərzində olan bayram və digər tətil günlərində də şagirdlər valideynin (yaxud onu əvəz edən şəxsin) ərizəsinə əsasən, evə gedə bilərlər. Başqa şəhər və rayonlara uşaqların tək, valideynin (yaxud onu əvəz edən şəxsin) müşayiəti olmadan yola salınmasına icazə verilmir.
27.       Ümumtəhsil internat məktəbinin şagirdləri, əsasən internatın yataqxanasında qalmalıdırlar. Müəyyən hallarda (yaşadığı ev yaxındadırsa, şəraitlə əlaqədar uşağın valideynin yanında qalması zəruridirsə, səhhəti ilə bağlı gecələr valideyn nəzarətinə ehtiyacı varsa və s.) valideynin ərizəsinə əsasən, ümumi və sanator tipli ümumtəhsil internat məktəblərinin bəzi şagirdlərinin yalnız axşam yeməyindən sonra öz evlərində gecələmələrinə icazə verilir. I-VI sinif şagirdlərinə valideynin və ya onu əvəz edən şəxsin nəzarəti olmadan müstəqil surətdə evə gedib-gəlməsinə icazə verilmir.
Ümumtəhsil internat məktəblərinə şagird qəbulu və şagirdlərin internat məktəblərindən buraxılışı
28.       Ümumtəhsil internat məktəblərinə şagird qəbulu haqqında mətbuatda və digər kütləvi məlumat vasitələrində elanlar verilir:
29.       Ümumtəhsil internat məktəblərinə şagird qəbulu il boyu aparılır.
30.       Qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
Ümumi tipli ümumtəhsil internat məktəblərinə:
    • doğum haqqında şəhadətnamənin əsli;
    • sağlamlıq haqqında arayış;
    • yaşayış yerindən arayış;
    • valideynlərin iş yeri və əmək haqqının məbləği barədə arayış;
    • 4 ədəd 3x4 ölçüdə fotoşəkil;
    • direktorun adına ərizə.
Xüsusi ümumtəhsil internat məktəblərinə:
    • doğum haqqında şəhadətnamənin əsli, yaxud həmin sənəd olmadıqda, uşağın yaşının təyin edilməsi barədə tibbi komissiyanın rəyi;
    • sağlamlıq haqqında arayış;
    • valideynləri və ya onları əvəz edən şəxslər barədə sənədlər (valideynlərin ölümü haqqında şəhadətnamələrin surəti, valideynlik hüququndan məhrum edilmə barədə məhkəmənin qərarı, valideynlərin xəstəliyi, uşaqlarını tərbiyə edə bilməməsi və ya axtarışda olması barədə sənədlər, valideynlərin olmadığını sübut edən digər sənədlər);
    • uşağın bacı və qardaşlarının, yaxın qohumlarının (baba, nənə, əmi, dayı, bibi, xala) yaşayış yeri barədə arayışlar;
    • valideynlərin ölümündən sonra qalmış əmlakın siyahısı və onun saxlanılmasına cavabdehlik daşıyan şəxslər haqqında məlumat;
    • uşağın adına olan mənzil sahəsi barədə sənədlər;
    • pensiya kitabçası (pensiya alan uşaqlar üçün), aliment ayrılması barədə məhkəmənin qərarı;
    • uşağın internat məktəbinə göndərilməsi haqda rayon (şəhər) icra hakimiyyətinin qərarı, yaxud təhsil şöbəsinin təqdimatı və buna əsasən, Təhsil Nazirliyinin göndərişi.
Sanator tipli ümumtəhsil internat məktəblərinə:
    • doğum haqqında şəhadətnamənin əsli;
    • təlim müvəffəqiyyəti cədvəli (məktəbli uşaqlar üçün);
    • yaşayış yerindən arayış;
    • valideynlərin iş yerindən arayış;
    • uşağın uçotda olduğu poliklinikanın sahə həkiminin göndərişi, yaxud xəstəlik tarixçəsindən çıxarış;
    • uşağın tibbi-dövriyyə vərəqi;
    • internat məktəbinin tibb komissiyasının rəyi;
    • uşağın internat məktəbinə qəbulu haqda valideynin (yaxud onu əvəz edən şəxsin) ərizəsi.
31.       Sanator tipli ümumtəhsil internat məktəblərinə uşaqların göndərilməsi üçün əsas hesab edilən tibbi göstəricilər səhiyyə orqanlarının təsdiq etdiyi müvafiq sənədlərlə müəyyənləşdirilir.
32.       Şagirdlərin sanator tipli internat məktəbdə saxlanma müddəti internat məktəbin həkim komissiyası tərəfindən müəyyən olunur. Tibbi göstəricilərə əsasən, şagirdin saxlanma müddətini komissiya uzada bilər.
33.       Sanator tipli ümumtəhsil internat məktəblərinə qəbul edilmiş şagirdlər müalicə başa çatdıqdan sonra, əvvəllər oxuduqları ümumtəhsil məktəbinə qayıdırlar. Burada onlar internat məktəbinin verdiyi sənədlərə əsasən, əlavə yoxlama aparılmadan müvafiq sinfə qəbul edilirlər.
34.       Xüsusi ümumtəhsil internat məktəblərini bitirən şagirdlərə müvafiq təhsil sənədi ilə yanaşı, doğum haqqında şəhadətnamə, sağlamlıq və internat məktəbində dövlət himayəsində olması barədə arayışlar, yaxın qohumları haqda məlumat, pasport (yetkinlik yaşına çatanlara), mənzil və əmək hüququnu təsdiq edən sənədlər verilir.
Təlim-tərbiyə işinin təşkili
35.       Ümumtəhsil internat məktəblərində təlim-tərbiyə prosesinin təşkili müasir elmi-pedaqoji, metodiki nailiyyətlərə əsaslanır, daim təkmilləşdirilir və şagirdlərin möhkəm bilik zəminində təhsil almasına xidmət edir.
36.       Sanator tipli ümumtəhsil internat məktəblərində təlim-tərbiyə işləri ilə yanaşı, müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə ciddi diqqət verilir. Müalicə-sağlamlıq tədbirləri Səhiyyə Nazirliyinin qüvvədə olan göstərişlərinə əsasən yerinə yetirilir.
37.       Təlim-tərbiyə prosesi dövlət standartları səviyyəsində hazırlanmış tədris planları və proqramları əsasında həyata keçirilir. Tədrisin təşkilində mühazirə, seminar, zaçot və s. formalardan istifadə edilə bilər.
38.       Ümumtəhsil internat məktəblərində şagirdlər bilik və bacarıq səviyyəsinə görə ayrı-ayrı siniflərdə komplektləşdirilə bilər.
39.       Ümumtəhsil internat məktəblərində hər bir şagirdin maraq dairəsi, qabiliyyəti diqqətlə öyrənilməli, onların bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılmalıdır. Bu və ya digər sahə üzrə istedadlı şagird aşkar olunarsa, internat məktəbinin rəhbərliyi onun müvafiq təmayüllü internat məktəbinə, gimnaziyaya və ya liseyə qəbul edilməsi barədə məsələ qaldıra bilər.
40.       Ümumtəhsil internat məktəblərində şagirdlərin əmək tərbiyəsinə ciddi diqqət yetirilir, internat məktəbinin rəhbərliyi uşaqların meyl və maraqlarına görə peşə öyrənmələrinə şərait yaratmaq məqsədilə, lazımi tədbirlər görür, bununla əlaqədar müxtəlif təsərrüfatların, istehsalat müəssisələrinin imkanlarından səmərəli istifadə edir.
41.       Buraxılış və sinifdən-sinfə keçirmə imtahanları respublika Təhsil Nazirliyinin təsdiq etdiyi Təlimata əsasən həyata keçirilir. Sinifdən-sinfə keçirmə imtahanlarının zəruriliyi pedaqoji şura tərəfindən müəyyən edilir.
42.       Ümumtəhsil internat məktəblərində ümumi təhsilin müəyyən olunmuş müddətdən əvvəl başa çatdırılmasına yol verilir. Belə hallarda şagirdlərin bilik səviyyəsinin dövlət proqramları tələblərinə uyğun olub-olmaması müvafiq təhsil orqanları tərəfindən müəyyənləndirilib rəsmiləşdirilir.
43.       Ümumtəhsil internat məktəblərində şagirdlərin dərsdənkənar vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafı məqsədilə klublar, studiyalar, dərnəklər, özfəaliyyət kollektivləri, idman bölmələri yaradılır, müntəzəm olaraq konsertlərə, teatr tamaşalarına, muzeylərə, ekskursiyalara, gəzintilərə aparılır, ərazinin, eləcə də respublikanın flora və faunasının, tarix və mədəniyyət abidələrinin öyrənilməsi təmin edilir.
44.       Təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində internat məktəbinin müəllim və tərbiyəçiləri eyni dərəcədə məsuliyyət daşıyırlar.
45.       Ümumtəhsil internat məktəblərində dərsdənkənar vaxtlarda təşkil olunan iş prosesi şagirdlərin milli ənənələrimiz, vətənpərvərlik ruhunda böyüməsini, dilimizi, tariximizi, mədəniyyətimizi öyrənməsini, saf əqidəli, fiziki cəhətdən sağlam, bədii-estetik duyumlu vətəndaşlar kimi yetişməsini təmin etmək istiqamətində qurulmalıdır.
46.       Ümumtəhsil internat məktəblərində müəllim və tərbiyəçilər təlim-tərbiyə işlərini təkmilləşdirmək məqsədilə, qabaqcıl pedaqoji təcrübəni müntəzəm olaraq öyrənməli və öz fəaliyyətlərində tətbiq etməlidirlər. Bununla yanaşı, internat məktəblərinin rəhbərliyi müvafiq təhsil orqanlarının yaxından iştirakı ilə internatın qabaqcıl müəllim və tərbiyəçilərinin iş təcrübəsinin öyrənilməsi, yayılması, habelə pedaqoji işçilərin əməyinin stimullaşdırılması üçün müvafiq əməli tədbirlər həyata keçirir.
Ümumtəhsil internat məktəblərinin idarə olunması. Pedaqoji kadrlar
47.       Ümumtəhsil internat məktəblərinin ictimai özünüidarəsinin ali orqanı internat məktəbinin ümumi yığıncağıdır (konfransıdır). Konfrans ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsində nəzərdə tutulmuş səlahiyyət və qaydalar daxilində fəaliyyət göstərir.
48.       Konfranslar ildə bir dəfədən az olmayaraq keçirilir. Konfranslar arasında ali ictimai özünüidarə orqanı məktəb şurasıdır. Məktəb şurası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq Əsasnaməyə uyğun fəaliyyət göstərir.
49.       Ümumtəhsil internat məktəblərində təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək, pedaqoji işçilərin peşə ustalığını, yaradıcılıq meylini artırmaq üçün pedaqoji şura yaradılır və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə uyğun fəaliyyət göstərir.
50.       Ümumtəhsil internat məktəblərinin bütün kateqoriyadan olan işçilərinin hüquq və vəzifələri, daxili intizam və iş qaydaları bu Əsasnamənin tələbləri baxımından hazırlanmış Nizamnamədə öz əksini tapmalıdır. Nizamnamə hər bir ümumtəhsil internat məktəbində hazırlanır və tabe olduğu təhsil orqanında təsdiq edildikdən sonra qüvvəyə minir.
51.       Təlim-tərbiyə prosesinin idarə edilməsini və internat məktəbinin gündəlik fəaliyyətinə rəhbərliyi direktor həyata keçirir. Direktor seçkisi «Təhsil Qanunu»na uyğun olaraq aparılır. Özünü doğrultmayan direktor vaxtından əvvəl konfrans tərəfindən geri çağırıla bilər.
52.       Ümumtəhsil internat məktəbinin direktoru ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsində müəyyən olunmuş hüquq və səlahiyyətlər daxilində fəaliyyət göstərir.
53.       Ümumtəhsil internat məktəblərində psixoloji xidmət fəaliyyət göstərir. Psixoloji xidməti internat məktəbinin psixoloqu həyata keçirir və o, statusuna görə pedaqoji işçilərə bərabər tutulur.
54.       Ümumtəhsil internat məktəblərində uşaq və gənclərin ictimai təşkilatları mövcud qanunvericiliyə və öz Nizamnaməsinə uyğun yaradılır.
55.       Ümumtəhsil internat məktəblərində şagirdlərin ərzaq məhsulları ilə təminatına və iaşə xidmətinin təşkilinə aidiyyəti ticarət təşkilatları, onların yerlərdəki nümayəndələri cavabdehdirlər. İaşə xidmətini yerli dövlət orqanları təmin edir, yeməyin keyfiyyətinə dövlət nəzarətini səhiyyə orqanları həyata keçirirlər.
56.       Ümumtəhsil internat məktəblərinə pedaqoji işçilər təyin edilərkən, onların elmi-nəzəri, metodiki hazırlığı, peşə ustalığı, uşaqlarla işləmək qabiliyyəti, həssalığı və məsuliyyəti, işə yaradıcı münasibəti ciddi surətdə nəzərə alınmalıdır.
Tibbi və sanitar-gigiyena xidməti
57.       Ümumtəhsil internat məktəblərində uşaqların sağlamlıqlarının mühafizəsi, sanitar-gigiyena tələblərinin gözlənməsi vacib şərtlərdən sayılır və internat məktəbinin rəhbərliyi həmin məsələlərin lazımi qaydada həyata keçirilməsi ilə əlaqədar ardıcıl və təsirli tədbirlər görməlidir.
58.       Ümumtəhsil internat məktəblərinə tibbi xidməti Səhiyyə Nazirliyinin müvafiq idarə və tibb müəssisələri göstərirlər. Tibbi xidmətin təşkili yerli dövlət orqanları tərəfindən həyata keçirilir.
59.       Şagirdlərin sağlamlığının qorunması və internat məktəbində ciddi sanitar-gigiyena rejimi yaradılması üçün əsas məsuliyyət burada çalışan tibbi xidmət işçilərinin üzərinə düşür.
60.       İnternat məktəbinin həkimi:
    • uşaqların il ərzində 2 dəfədən az olmayaraq dərinləşdirilmiş tibbi müayinədən keçirilməsini təşkil edir. Xəstəliklərin qarşısını almaq məqsədilə, profilaktik işlər həyata keçirir və onun səmərəliliyini nəzarətdə saxlayıb ardıcıl yoxlayır;
    • şagirdlərin sağlamlığının vəziyyətinə, fiziki, psixoloji inkişafına nəzarət edir, lazım olan hallarda onların müalicəsi üçün tədbirlər görür;
    • uşaqların sağlamlığının qorunması ilə bağlı əyani təşviqat xarakterli tədbirlər keçirir, mühazirələr, söhbətlər təşkil edir;
    • uşaqların düzgün qidalanmasına, yeməklərin keyfiyyəti və kolorililiyinə, menyuların mövsümə və milli mətbəxə uyğun tərtibinə nəzarət edir və metodiki tövsiyələr verir;
    • şagirdlərin fiziki əməklə bağlı tədbirlərə və peşəyönümü işlərinə, idmana cəlb edilməsinin onların sağlamlığına uyğun olub-olmaması barədə rəy verir;
    • internat məktəbində epidemioloji və sanitar-gigiyena rejiminə mövcud qaydalara uyğun surətdə əməl olunmasına ardıcıl nəzarət edir.
61.       İnternat məktəbinin rəhbərliyi şura iclaslarında direktorun yanında keçirilən müşavirələrdə həkim və tibb bacılarının tibbi xidmətə dair hesabatını dinləyir, onların qaldırdığı məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görür.
Ümumtəhsil internat məktəblərinin maddi-tədris bazası, maliyyələşdirilməsi, təsərrüfat və hesabat işləri
62.       Ümumtəhsil internat məktəblərinin maliyyə vəsaiti normativlər əsasında müəyyən edilən büdcə və büdcədənkənar təxsisatlardan yaranır.
63.       Ümumtəhsil internat məktəbləri tabelik qaydasına görə yerli təhsil orqanları, yaxud Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir.
64.       Ümumtəhsil internat məktəblərinin maliyyə fondu, əsasən aşağıdakı mənbələrdən yaranır:
    • büdcədən ayrılmış vəsait;
    • mülkiyyət formasından asılı olmayaq, təsərrüfat hesabında olan müxtəlif müəssisələrin və təşkilatların vəsait qoyuluşları;
    • idarə və təşkilatların, xeyriyyə cəmiyyətlərinin, vətəndaşların könüllü olaraq verdiyi vəsait;
    • yardımçı təsərrüfatdan, tədris-təcrübə sahəsindən, tədris emalatxanalarında hazırlanan məhsulun satışından əldə edilən gəlir.
65.       İnternat məktəblərinin büdcə vəsaiti və müxtəlif mənbələrdən toplanmış gəliri toxunulmazdır. İnternat məktəbinin maliyyə vəsaiti bütünlüklə öz ixtiyarındadır və həmin vəsaiti bölüşdürmək hüququna malikdir.
66.       Ümumtəhsil internat məktəblərinin müstəqil mühasibatlığı olmalıdır. Mühasibat və statistika uçotunun aparılması, xərclər smetasının icrası mövcud qaydalar əsasında internat məktəbinin Nizamnaməsi ilə müəyyənləşdirilir.
67.       İnternat məktəbinin ştat cədvəli, işçilərin əmək haqqı stavkası və vəzifə maaşları mövcud qaydalara uyğun olaraq, direktor tərəfindən müəyyən edilir.
68.       Ümumtəhsil internat məktəblərinin tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədləri ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsində müəyyən edilmiş siyahıya uyğun aparılır.
69.       Ümumtəhsil internat məktəblərində tədris prosesinin təşkilində sinif-dərs forması əvəzinə başqa formalardan istifadə olunarsa, əmək haqqı ümumi əmək haqqı fondu hesabına ödənilir.
70.       Ümumtəhsil internat məktəbi şagirdlərin təlim-tərbiyəsini, sosial-məişət şəraitini, sağlamlığının mühafizəsini təmin etmək üçün müasir tələblər əsasında təchiz olunmuş fənn kabinetlərinə, laboratoriyalara, sinif və yataq otaqlarına malik tədris və yataqxana binalarına, yeməkxanaya, təsərrüfat qurğularına, hamam, camaşırxana, tir və yardımçı xidmət otaqlarına, gigiyena otağına, tibb məntəqəsinə, akt və kino zalına, istilik və su sistemlərinə, tədris-təcrübə sahəsinə malik olmalıdır.
71.       Şagirdlərin gəzintilərə, ekskursiyalara, tamaşalara, mədəni-kütləvi tədbirlərə aparılıb-gətirilməsi, ərzağın, inventar-avadanlığın daşınması üçün internat məktəblərinə avtobus və yaxud yük maşını və s. nəqliyyat vasitələri ayrılır. Nəqliyyat vasitələrinin alınması üçün xərclər smetasında qənaət olunmuş vəsaitdən istifadə edilməsinə icazə verilir.
72.       Ərzaq, kənd təsərrüfatı məhsulları ilə təminatı yaxşılaşdırmaq və şagirdləri ictimai-faydalı əmək prosesinə cəlb etmək üçün internat məktəblərində mövcud qaydalar üzrə yardımçı təsərrüfat yaradılması məqsədəuyğundur. Belə təsərrüfatların yaradılmasına yerli dövlət orqanları hərtərəfli yardım etməlidirlər.
73.       Yardımçı təsərrüfatdan əldə edilən gəliri, habelə mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat hesablı müəssisə və təşkilatların, eləcə də ayrı-ayrı vətəndaşların köçürdüyü vəsaiti cəmləşdirmək üçün ümumtəhsil internat məktəbinin yerli bank müəssisəsində xüsusi hesabı açılır. Xüsusi hesabda toplanmış vəsait şagirdlərin maddi-məişət şəraitinin yaxşılaşdırılmasına, işçilərə pul mükafatı verilməsinə, imkansız ailələrdən gəlmiş uşaqlara maddi yardım edilməsinə, mədəni-kütləvi tədbirlərin keçirilməsinə və digər bu kimi məqsədlərə istifadə olunur.
74.       Ümumtəhsil internat məktəblərində mövcud qaydalara əsasən, kargüzarlıq işləri aparılır, tabelik üzrə müvafiq təhsil orqanına hesabat verilir.
75.       Ümumtəhsil internat məktəbi hüquqi şəxs səlahiyyətinə malikdir, üzərində respublikanın gerbi olan dəyirmi möhürü, internat məktəbinin və tabe olduğu təşkilatın adı yazılmış ştampı və ünvan lövhəsi vardır.


© VneshExpertService LLC

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.