İŞ
VAXTI
1.
İş vaxtının anlayışı və növləri
İnsan hansı fəaliyyət növü ilə məşğul olmasından,
sahibkarlıqla, muzdlu əməklə və ya həyətyanı sahəsində fərdi əməklə məşğul
olmasından asılı olmayaraq əmək sərf edir. İctimai faydalı əməklə məşğul olmaq
bütün dövrlərdə insanların əbədi həyat şərtidir. Əmək fəaliyyətinin bütün növləri
üçün sərf olunmuş əməyin ümumi ölçüsü kimi iş vaxtı çıxış edir. İş vaxtının
hüquqi tənzimlənməsi hər bir halda mümkün olmur. Məsələn, fərdi sahibkar özü müəyyən
edir ki, nəqədər işləməli və ya istirahət etməlidir. Şairlər, yazıçılar və bu qəbildən
olan yaradıcı insanların işinin qrafikləşdirilməsi mənasız bir şeydir. Lakin iş
əmək müqaviləsi üzrə yerinə yetirilərkən məsələ başqacürdür. Burada normativ tənzimləmə
mütləqdir. Çünki bu müqavilənin tərtib edilməsi və bağlanması özündə xüsusi məqsədlər
ehtiva edir. Burada bir məqsəd zəruri əmək ölçüsünü müəyyən etmək, digər məqsəd
isə onun müddətini məhdudlaşdırmaqla işçinin istirahət etməsi və sərf olunmuş
qüvvəni bərpa etməsi üçün istirahət vaxtını təmin etmək.
İş vaxtı elə bir kateqoriyadır ki, o, müxtəlif elmlər
– hüquq, sosiologiya, iqtisadiyyat və s. Tərəfindən öyrənilir. İqtisadi aspektə
görə iş vaxtı iki hissədən – məhsuldar iş vaxtından və işdə fasilələrdən ibarətdir.
Hüquqi aspektə görə iş vaxtı işçinin müəssisədaxili intizam qaydalarına görə əmək
müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyasını yerinə yetirdiyi vaxtdır.
Beynəxalq Əmək Təşkilatının 1930-cu ildə qəbul etdiyi 30 nömrəli konvensiyaya
görə iş vaxtı dedikdə zəhmətkeşin işəgötürənin sərəncamında olduğu dövr başa
düşülür. Hazırda ölkəmizdə qüvvədə olan Əmək Məcəlləsində isə iş vaxtının leqal
anlayışı verilməmişdir.
Əmək hüququ üzrə ədəbiyyatlarda müddətinə görə iş
vaxtı a) tam işvaxtı; b) qısaldılmış
iş vaxtı; c) natamam iş vaxtı kimi təsnifləşdirilir.
Qüvvədə olan Əmək Məcəlləmizin 89- cu maddəsinə görə
tam iş vaxtı — müddəti
Əmək Məcəlləsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində
işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz
saatdan artıq ola bilməz. Gündəlik
normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan
artıq müəyyən edilə bilməz.
Həftəlik iş vaxtı bir qayda
olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin
xarakterindən asılı olaraq işəgötürən və ya Azərbaycan
Respublikasının Nazirlər Kabineti həftəlik
tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük
iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7
saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan
və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox
ola bilməz.
Əmək
Məcəlləsinin 91 – ci maddəsində isə qısaldılmış iş vaxtının anlayışı və
şərtləri təsbit edilmişdir. Bu maddənin göstərişinə görə işçilərin ayrı-ayrı
kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının
xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi ilə və müvafiq
normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri
ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər
üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan
işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36
saatdan artıq olmamalıdır.
Natamam
iş vaxtının anlayışı və şərtləri isə qüvvədə olan Əmək Məcəlləsinin 94 – cü
maddəsində göstərilmişdir. Burada qeyd edilir ki, Əmək müqaviləsi bağlanarkən,
habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı
ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə
bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin
davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və
fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının
məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti
müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini
tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud
uşağı olan qadınlara ərizələriilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud
iş həftəsi) müəyyən etməlidir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək
funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı
razılığı ilə müəyyən edilir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən
işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək
hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
0 коммент.:
Отправить комментарий