19.08.2015

Əmək müqaviləsinin anlayışı və bağlanması.

Əmək müqaviləsi vətəndaşların konstitusion əmək hüququnun realizə forması kimi və əmək hüquq münasibətlərinin müəyyən müddətdə mövcud olmasının əsası kimi vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin əsas aparıcı formasıdır. Çünki məhz əmək müqaviləsi müasir əmək münasibətlərinin tələbatına tam cavab verir. Əmək müqaviləsinin bağlanmasında sərbəstlik, buna məcburetmənin yolverilməzliyi, vətəndaşın öz qabiliyyətinə və peşəsinə uyğun iş yeri seçməsi azadlığı, muzdlu əməyin tətbiqi, qarşılıqlı hüquq və vəzifələr daşımaq və sair prinsiplərin tələblərinə cavab verən əməyin yeganə realizə üsulu əmək müqaviləsidir.  Əmək müqaviləsi, hüquqi fakt kimi əmək hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış edir. Bütün sivilizasiya əmək müqaviləsini əsas forma kimi qəbul edir.
Əmək müqaviləsinin forması. Əmək müqaviləsinin forması dedikdə müqavilənin  ifadə forması nəzərdə tutulur. Əmək müqaviləsi yalnız yazılı halda bağlanmalıdır. Yalnız  bu halda o əmək münasibətlərinin əsası kimi tanınır. Fərdi xarakter daşıyır. Tərəflərin razılığı ilə əmək müqaviləsi Azərbaycan respublikasının Əmək Məcəlləsinə (bundan sonra Əmək Məcəlləsi) əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilməlidir. Bu müqavilə ən azı iki nüsxədən ibarət olmalıdır. Tərəflərin imza və möhürləri ilə təsdiq edilməlidir. Bir nüsxə işçidə, bir nüsxə isə işəgötürəndə qalmalıdır.
Əmək müqaviləsinin tərəfləri işəgötürən və işçidir. Bu müqavilənin məzmunu qanunvericiliyin tələbinə riayət edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Bu o deməkdir ki, trəflər qanunvericiliyə zidd olan heç bir hüquqa sahib ola bilməz və vəzifə daşıya bilməz. Əmək Məcəlləsində nəzərdə tutulan hallardan başqa müqavilə şərtlərinə birtərəfli qaydada dəyişikliklər edilə bilməz.
Əmək müqaviləsi müddət əlamətinə görə müddətsiz və müddətli olur. Müddətsiz əmək müqaviləsi odur ki, onun bağlanması zamanı işçi ilə işəgötürən  bu müqavilənin qüvvədə olma müddətini müəyyənləşdirməmişlər. Müddətli müqavilə isə odur ki, bu zaman tərəflər müqavilənin qüvvədə olma müddətini konkret olaraq göstərmişlər. Tərəflər arasındakı razılığın nəticəsindən asılı olaraq bu müddət 5 ilədək müddətə bağlanıla bilər. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Bunun üçün hər iki tərəfin razılığı vacibdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə onda müqavilə müddətsiz bağlanmalıdır. Burada istisna kimi yalnız  Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar nəzərdə tutulub. əmək müqaviləsinin qüvvədə olma müddəti ilə bağlı digər bir şərt də odur ki, müddət müəyyən edilmiş əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, müddətsiz hesab edilməlidir.
Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini təqdim edir. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. Dövlət sosial sığorta şəhadətnaməsini də ilk dəfə əmək fəaliyyəti ilə məşğul olmağa başlayanlar təqdim etməyə bilərlər. Bundan başqa əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması zəruri olan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilməlidir (məsələn, müəllim işə qəbul edilərkən ondan həmin peşəyə uyğun pedoqoji təhsilinin olmasını sübut edən diplomu mütləq işəgötürənə təqdim etməlidir).
Elə iş yerləri və peşələr də vardır ki,onlara işə qəbulla bağlı əmək müqaviləsi bağlanılarkən mütləq işçinin sağlamlığı haqqında tibbi arayış təqdim edilməlidir. Belə işlərə işçinin səhhətinəmənfi təsir göstərən amillər olan ağır, zərərli əmək şəraitli işyerlərini, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan iş yerlərini misal göstərə bilərik. Belə əmək şəraitli peşələrin, vəzifələrin, iş yerlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Əmək Məcəlləsinin göstərişinə görə həmin Məcəllədə nəzərdə tutulmayan, habelə işin xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin işəgötürən tərəfindən tələb edilməsi qadağandır.

Əmək müqaviləsinin özündə başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir. İşçi Əmək Məcəllənin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgötürənin razılığı və ya tapşırığı ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir. Əgər bu müddətdə yazılı əmək müqaviləsi bağlanmırsa işəgötürən müvafiq qaydada məsuliyyətə cəlb edilir. 

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.