Əmək münasibətlərini
tənzimləyən normativ – hüquqi aktlar.
Əmək bəşəriyyətin həyatında əvəzedilməz rola
malikdir. İnsanı heyvanlar aləmindən ayıran ilk cəhət də məhz əmək olmuşdur.
Tarix elmindən bizə məlumdur ki, ilk insanları heyvanlar aləmindən ayıran
başlıca cəhət onların əmək alətləri hazırlaya bilmələri və ondan istifadə etmək
bacarığı olmuşdur. Bundan sonra insan məhz bu bacarığına görə özü üçün həyat
vasitələri istehsal etmiş və istehlak etmişdir. Tarixin sonrakı dövrlərində də əməyin
səmərəli tətbiqi nəticəsində məhsuldar qüvvələr inkişaf etmiş, bu inkişaf nəticəsində
də iqtisadi-ictimai formasiyalar bir-birini əvəz etmişdir. Iqtisadiyyat elmindən
də bizə məlumdur ki, əmək yeganə dəyər yaradan kateqoriyadır. Əmək sərf
olunmayan hər hansı bir şey heç bir dəyərə malik deyil. Beləliklə, belə bir nəticəyə
gəlmək olur ki, insan cəmiyyətinin yaranmasında və inkişafında açar rolunu oynayır.
Cəmiyyətin həyatında əmək ictimailəşdikcə onun tətbiq edildiyi iqtisadi sahələrdə
unikal ictimai münasibətlər meydana gəlir. Bu ictimai münasibətlər əməklə bağlı
olduğu üçün əmək münasibətləri adlanır.
Əmək münasibətlərinin hüquqi tənzimlənməsi problemi
də daim aktual olmuşdur. Bu münasibətləri tənzimləyən hüquq normaları hüquq
elmində də özünəməxsus sahə yaratmışdır. Bu sahə “əmək hüququ” sahəsi adlanır.
Əmək münasibətlərini tənzimləyən hüquq normaları müxtəlif normativ aktlarda təsbit
edilmişdir. Bu aktlar aşağıdakı siyahıda verilmişdir:
1. Azərbaycan Respublikasının konstitusiyası;
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
3. Azərbaycan Respublikasının müvafiq qanunları;
4. Müvafiq İcra hakimiyyəti orqanlarının öz səlahiyyətləri
çərçivəsində qəbul etdikləri normativ – hüquqi aktlar;
5. Əmək – sosial, iqtisadi məsələlərlə bağlı Azərbaycan
Respublikasının bağladığı və tərəfdar çıxdığı beynəlxalq müqavilələr.
Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasının ərazisində bütün normativ - hüquqi aktlardan üstün hüquqi qüvvəyə
malikdir və birbaşa tətbiq edilir. Heç bir normativ – hüquqi aktın müəyyən
etdiyi qayda konstitusiyamızda təsbit edilən qaydalara zidd ola bilməz. Azərbaycan
Respublikasının Konstitusiyasının 35-ci maddəsi birbaşa əmək münasibətlərinə həsr
edilmişdir. Həmin maddədə qeyd edilir ki, Əmək fərdi və ictimai rifahın əsasıdır.
Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü,
peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Bu o deməkdir ki, hər kəs
peşə və məşğuliyyət növünü, iş yerini seçməkdə sərbəstdir. Lakin bu sərbəstlik
onun əmək qabiliyyətinə, yəni peşə bacarıqlarına uyğun olmalıdır. Həmin maddənin
növbəti hissələrində isə heç kəsin zorla işlədilməsinə yol verilmədiyini, məcburi
əməyin qadağan olunduğunu, belə halların yalnız məhkəmə qərarı əsasında, fövqəladə
vəziyyət zamanı və hərbi xidmət zamanı komandanlığın əmrlərinin yerinə yetirilməsi
zamanı yolverilən olduğu barədə göstəriş vardır. Bundan başqa əmək müqaviləsinin
bağlanmasına məcbur edilməyin yolverilməz olduğu da öz əksini tapmışdır. İşçilərin
sağlam və təhlükəsiz şəraitdə işləmək hüquqları, dövlətdən sosial müavinətlər
almaq hüquqları da təsbit edilmişdir. Bu maddənin son hissəsinə görə isə dövlət
öz öhdəsinə işsizliyin aradan qaldırılması kimi mühüm bir vəzifə götürür.
Bundan başqa Konstitusiya tətil hüququnu da özündə təsbit etmişdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq hüquq normaları
ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi
hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi, Azərbaycan
Respublikası Konstitusiyasının ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət,
təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan
hüquqlarının və azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları; Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına
və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin
yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin
iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin,
habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim
edən normalar təsbit edilir.
Əmək münasibətlərini tənzimləyən digər qanunlar dedikdə mülkiyyət,
sosial təminat, vergi, sahibkarlıq fəaliyyəti, insan hüquqlarının müdafiəsi ilə
bağlı münasibətlərini tənzimləyən, əmək normalarının pozulmasına görə mülki,
inzibati və cinayət məsuliyyəti nəzərdə tutan qanunlar nəzərdə tutulur (“Məşğulluq
haqqında” AR Qanunu, “Əmək miqrasiyası haqqında” AR Qanunu, Mülki Məcəllə,
Vergi Məcəlləsi, “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanunu, “Həmkarlar
ittifaqı haqqında” AR Qanunu, İnzibati Xətalar
Məcəlləsi, Cinayət Məcəlləsi və s.).
Müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul
etdikləri normativ aktlar dedikdə, Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin, müxtəlif nazirliklərin, komitələrin, dövlət
agentlik və xidmətlərinin qəbul etdikləri aktlar başa düşülməlidir. Yuxarıda
adları qeyd olunan dövlət orqanlarının o aktları əmək qanunvericiliyinə
daxildir ki, onlar məhz əmək münasibətlərinin tənzimlənməsinə xidmət etmiş
olsunlar. Bu barədə Prezidentin fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını,
nazirlik, komitə və xidmətlərin əsasnamələrini, və “qaydalar”ını misal göstərmək
olar.
Bundan başqa Azərbaycan Respublikasının ərazisində həm də Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr də qüvvədədir və
onların əmək münasibətlərini tənzimləyən hissəsi əmək qanunvericiliyinin
ayrılmaz hissəsi hesab olunur. Həmin aktların ölkəmizin ərazisindəki hüquqi
rejimi belədir: əgər həmin beynəlxalq aktlarla Azərbaycan Respublikasının
Konstitusiyasının və referendumla qəbul edilmiş digər aktlarının normaları
arasında ziddiyyət yaranarsa, onda Azərbaycan Respublikasının Konstitusiyası və
referendumla qəbul edilmiş aktlar üstün hüquqi qüvvəyə malikdir və onların
normaları tətbiq edilməlidir.
Beynəlxalq aktların normaları ilə digər ölkədaxili aktların normaları
arasında arasında ziddiyyət yarandıqda isə beynəlxalq aktların normaları tətbiq
edilməlidir. Azərbaycan Respublikası 19 may 1992-ci ildən Beynəlxalq Əmək Təşkilatının
üzvüdür və bu təşkilatın 60-dan çox konvensiyasını ratifikasiya etmişdir. Azərbaycan
dövlətinin tərəfdar çıxdığı əmək, sosial və iqtisadi məsələlərlə bağlı beynəlxalq
müqavilələrə aşağıdakıları misal çəkmək olar: insan hüquqları haqqında Ümumi Bəyannamə;
mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt; Avropa Sosial Xartiyası;
İllik ödənişli məzuniyyətlər haqqında 52 nömrəli Konvensiya; əmək haqqının
mühafizəsi haqqında 95 nömrəli Konvensiya və s.
Bütü bu normativ aktlar bazar iqtisadiyyatı şəraitində kapitalla əməyin
barışdırılmasına, habelə insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin
qorunmasına xidmət edir.
0 коммент.:
Отправить комментарий