Ümumtəhsil məktəb şagirdlərinin
mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri
Əsrlərdən
bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər
bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm
ruhlu seçmə nümunələri onları mütaliə edən hər bir şəxs üçün əsl həyat
məktəbidir.
Şəxsiyyət
olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində,
dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə
çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı
və məntiqi təfəkkürünün,idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə
həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu
müstəsna əhəmiyyət kəsb edir. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi
hazırkı dövrdəmillidəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni
irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində
və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr
çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir.
Hazırkı
vaxtda elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar insanların
məşğulluq və maraq dairəsi, ilbəil təkmilləşən texniki informasiya vasitələri
ilə məlumatlanmaq imkanları genişlənsə də, mütaliə inkişafetdirici amillər
arasında öncül mövqeyini saxlamaqdadır.
Bununla
belə, aparılan pedaqoji müşahidələr və təhlillər göstərir ki, son zamanlar
ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda
mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata
keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləmişdir. Bununla əlaqədar
şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri
bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə
vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.
Qeyd
olunanlara əsasən, ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə
istiqamətləndirilməsi işində səmərəli sistemin yaradılması məqsədilə
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini
rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. Naxçıvan
MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil
İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki
ümumi təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki:
1.1.Bu
əmrin məzmununun pedaqoji kollektivlərə çatdırılmasını təmin etsinlər.
1.2.Aşağıda
qeyd olunan istiqamətlər əsasında şagirdlərin mütaliəyə həvəsləndirilməsi və
onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı
hazırlayıb icrasını təmin etsinlər:
-
hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və
xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanması;
- məktəb
kitabxanalarının yeni nəşrlərlə zənginləşdirilməsi, bunlarda dərs ili ərzində
bədii əsərlərin oxusunun və müzakirəsinin təşkili;
-
məşhur yazıçıların, o cümlədən ədəbiyyat sahəsində Nobel mükafatına layiq
görülmüş yazıçıların, eləcə də tanınmış Azərbaycan ədiblərinin yaradıcılığı və
əsərlərinin məzmunu haqqında şagirdlərə məlumatların çatdırılması yolu ilə onların
bu əsərləri mütaliə etməyə istiqamətləndirilməsi;
-
şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşlərinin keçirilməsi, bu
prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılması,
müvafiq təbliğat işlərinin həyata keçirilməsi;
-
şagirdlərin oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr
tamaşalarına aparılması və onların müzakirəsinin keçirilməsi;
-
oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər
şəklində səhnələşdirilmiş tamaşa nümunələrinin təşkili;
-
şagirdlər tərəfindən oxunan və tamaşa olunan əsərlərin onların iştirakı ilə
müzakirəsinin keçirilməsi, bu əsərlər əsasında yuxarı sinif şagirdlərinin
təəssürat, rəy və mülahizə xarakterli inşa yazmalarının təşkil edilməsi;
-
məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər
barədə ən mükəmməl rəy” müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin,
hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsi;
-
məktəblərdə oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin
reytinqinin müəyyən edilməsi və bu əsasda onların arasında sağlam rəqabət
mühitinin yaradılması;
-
mütaliə etdikləri kitablar barədə rəy və mülahizələrinin digər həmyaşıdları ilə
onlayn mühitdə paylaşmalarına şagirdlərin istiqamətləndirilməsi və bununla
əlaqədar onlara lazımi mənəvi və texniki dəstək göstərilməsi;
1.3.Əmrin
yerinə yetirilməsinin gedişi barədə 2015-ci ilin aprelində Nazirliyə hesabat
göndərsinlər.
2.
Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) bu əmrlə müəyyən edilmiş
tədbirlərin həyata keçirilməsinin təmin olunması istiqamətində davamlı
təşkilati işlər həyata keçirsin, təqdim edilən hesabatların təhlilini aparıb
müvafiq təkliflər hazırlasın.
3.
İqtisadiyyat şöbəsi (R.Orucov), Əsaslı tikinti və təchizat idarəsi (A.Axundov)
ümumtəhsil məktəb kitabxanalarının davamlı olaraq bədii əsərlərlə
zənginləşdirilməsi üçün müvafiq ədəbiyyatın alınmasını təmin etsinlər.
4.İnformasiya
şöbəsi (E.Əliyev) şagirdlərin mütaliəsi işinin təşkili ilə bağlı görülən
tədbirlərin KİV-lərdə işıqlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi”
qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini
təmin etsin.
5.Əmrin
icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl
CABBAROV,
Azərbaycan
Respublikasının təhsil naziri
16 dekabr
2014-cü il
№1279
0 коммент.:
Отправить комментарий