Təhsil haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun vətəndaşların Azərbaycan
Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi
sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin
tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri
üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində
baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz
xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən
strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında
təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır,
təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında
dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
I
fəsil. Ümumi müddəalar
Maddə
1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas
anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. abituriyent — ali təhsil və ya
orta peşə-ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri
təqdim etmiş şəxs;
1.0.2. adlı təqaüd — təhsildə uğurlu
nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında
fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və
fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd;
1.0.3. adyunktura — hərbi təhsil
müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların
hazırlanması forması;
1.0.4. akademiya — müəyyən sahə üzrə ali
və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi
tədqiqatlar aparan ali təhsil müəssisəsi;
1.0.5. akkreditasiya — təhsil
müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun
statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru;
1.0.6. attestasiya — hər bir təhsil
pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və
təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru;
1.0.7. bakalavr — bakalavriatı bitirmiş
şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi;
1.0.8. bakalavriat — müvafiq ixtisaslar
üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci
səviyyəsi;
1.0.9. distant (məsafədən) təhsil —
tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr
əsasında təşkil olunduğu təhsilalma forması;
1.0.10. dissertasiya — müvafiq elmi
dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işi;
1.0.11.
dissertant — dissertasiya işini yerinə yetirən şəxs;
1.0.12.
doktorant — doktoranturada təhsil alan şəxs;
1.0.13.
doktorantura — ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin
alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı
forması;
1.0.14. dosent —
ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə;
1.0.15. elmlər
doktoru — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə;
1.0.16. evdə
təhsil — müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili
forması;
1.0.17. əlavə
təhsil — vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə
təhsil proqramları əsasında verilən təhsil;
1.0.18. fəlsəfə
doktoru — elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə;
1.0.19. fərdi
təhsil — müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər,
habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün
tətbiq edilən təhsil forması;
1.0.20. fəxri
professor (doktor) — elmi-pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən
professorlara və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında
xüsusi xidmətləri olan xarici ölkə alimlərinə və ictimai xadimlərinə ali təhsil
müəssisəsi tərəfindən verilən akademik ad (dərəcə);
1.0.21. formal
təhsil — dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması;
1.0.22.
gimnaziya — əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən
şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil
müəssisəsi;
1.0.23. informal
təhsil — özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması;
1.0.24.
innovasiya — müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan
mütərəqqi xarakterli yeniliklər;
1.0.25. institut
(ali məktəb) — müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret
ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil
proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi;
1.0.26. ixtisas
— müvafiq təhsil sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət
növü;
1.0.27.
ixtisaslaşma — müvafiq peşə-ixtisas təhsili istiqamətinin tərkib hissələrindən
biri üzrə alınan peşə ixtisası;
1.0.28. kampus —
müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksi
(şəhərciyi);
1.0.29. kollec —
orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr
peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi;
1.0.30.
konservatoriya — musiqi sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan
ali təhsil müəssisəsi;
1.0.31.
qeyri-formal təhsil — müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə
əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil
forması;
1.0.32.
lisenziya — təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıq;
1.0.33. lisey —
ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq
təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsi;
1.0.34.
magistratura — ali təhsilin ikinci səviyyəsi;
1.0.35. magistr
— magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi;
1.0.36.
nostrifikasiya — təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi
proseduru;
1.0.37.
professor — yüksək elm və təhsil göstəricilərinə (xüsusi qabiliyyət tələb edən
sahələr istisna olmaqla) nail olan təcrübəli elmlər doktorlarına verilən elmi
ad, ali təhsil müəssisəsində seçkili vəzifə;
1.0.38.
rezidentura — tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis
hazırlığı forması;
1.0.39. sərbəst
(eksternat) təhsil — müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan
şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini
vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması;
1.0.40.
subbakalavr — orta ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas
dərəcəsi;
1.0.41. təhsil
krediti — fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə
ayrılan vaxtın ölçü vahidi;
1.0.42. tədris
planı — müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar
məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;
1.0.43. təhsil —
sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun
nəticəsi;
1.0.44. təhsil
investisiyası — təhsilin inkişafına sərmayə qoyuluşu;
1.0.45. təhsil
proqramı (kurikulum) — təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun
standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ
saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin
qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən
dövlət sənədi;
1.0.46. təhsil
məhsulu — təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları,
təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri;
1.0.47. təhsil
müəssisəsi — müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata
keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;
1.0.48. təhsil
müəssisəsinin muxtariyyəti — müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət
təhsil müəssisəsinə verilən müstəqillik;
1.0.49. təhsil
françayzinqi — təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin
rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik hüququnun
qorunması və s.) daxili və ya beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə
kompleks xidmətlər sistemi;
1.0.50. həkim —
baza ali tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi;
1.0.51. həkim-mütəxəssis
— müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən
ali peşə-ixtisas dərəcəsi;
1.0.52. tyutor —
ali təhsil müəssisəsində akademik məsləhətçi;
1.0.53.
universitet — ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər
hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi
elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsi.
Maddə 2. Təhsil haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Təhsil
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, təhsil sahəsinə aid olan digər normativ hüquqi
aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
2.2. Təhsil
qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya
hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının,
təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və
vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin
tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi
təminatların yaradılmasından ibarətdir.
2.3. Bu Qanun
Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə,
xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil
müəssisələrinə şamil edilmir.
Maddə 3. Təhsil sahəsində
dövlət siyasətinin əsas prinsipləri
3.0. Təhsil
sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
3.0.1.
humanistlik — milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının,
insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə
və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi
qəbul olunması;
3.0.2.
demokratiklik — təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin
dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və
azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin
artırılması;
3.0.3.
bərabərlik — bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına
imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;
3.0.4. millilik
və dünyəvilik — milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik
vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və
inkişaf etdirilməsi;
3.0.5.
keyfiyyətlilik — təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi
tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
3.0.6.
səmərəlilik — təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son
nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
3.0.7.
fasiləsizlik, vəhdətlik, daimilik — mövcud təhsil standartları, tədris
proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi
imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin
təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;
3.0.8. varislik
— təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti
nəslə (dövrə) ötürülməsi;
3.0.9.
liberallaşma — təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının
genişləndirilməsi;
3.0.10.
inteqrasiya — milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada
qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.
Maddə 4. Təhsilin əsas
məqsədi
4.0. Azərbaycan
Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
4.0.1.
Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli
ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına
hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil
və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
4.0.2.
milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş
dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran,
nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət
qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
4.0.3.
sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın
daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək
fəaliyyətinə hazırlamaq.
Maddə 5. Təhsil hüququna
dövlət təminatı
5.1. Dövlət hər
bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir
və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum
edilməsinə yol vermir.
5.2. Dövlət
cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən,
sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər
bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə
təminat verir.
5.3. Dövlət
mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda,
vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil
müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində,
ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin
edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın
artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün
bərabər imkanlar yaradılmasını təmin edir.
5.4. Dövlət hər
bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət
təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna
malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində
qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil
almaq hüququnu təmin edir.
5.5. Dövlət əmək
bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr
hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin
olunmasına şərait yaradır.
5.6. Dövlət
maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam
etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına
şərait yaradır.
5.7. Dövlət
milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə
təminat verir.
5.8. Dövlət
xaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı xüsusi layihələr və
proqramlar həyata keçirir.
Maddə 6. Təhsil sahəsində
dövlət standartları
6.1. Təhsil
sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun
olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən
az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar
məcmusudur.
6.2. Dövlət
təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar,
milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.
6.3. Dövlət
təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
6.4. Dövlət
təhsil standartları təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və
tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini,
hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin
səviyyəsini müəyyənləşdirir.
6.5. Bütün
təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili
təmin olunur.
6.6. Təhsil
müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada
müvafiq dövlət təhsil standartları əsas götürülür.
6.7. Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili üçün xüsusi dövlət standartları müəyyən
edilir.
Maddə 7. Tədris dili
7.1. Azərbaycan
Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili — Azərbaycan
dilidir.
7.2.
Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq,
xüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşma əsasında) ümumi
təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi
və Azərbaycan coğrafiyası fənləri tədris olunmaqla tədris müvafiq dövlət təhsil
standartları əsasında digər dillərdə də aparıla bilər.
7.3. Azərbaycan
dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları
təşkil olunur.
II fəsil. Azərbaycan
Respublikasının təhsil sistemi
Maddə 8. Təhsil sisteminin
quruluşu
8.0. Təhsil
sisteminə aşağıdakılar daxildir:
8.0.1. bütün
təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri
göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi
tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki,
ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və
sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları,
kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri;
8.0.2. təhsili
idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və
təşkilatlar;
8.0.3. təhsil
sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar,
cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.
Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi
9.1. Təhsilin
keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında
beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq
təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil
proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza,
infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və
elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq
müəyyən edilir.
9.2. Təhsil
müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və
beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi
inkişafında rolu ilə müəyyən edilir.
9.3. Təhsilin
keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi,
elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və akkreditasiya xidməti
tərəfindən müvafiq qaydada qiymətləndirilir.
Maddə 10. Təhsil proqramı
(kurikulum)
10.1. Təhsil
proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri
üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
10.2. Təhsil
proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla
bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları
daxildir.
10.3. Azərbaycan
Respublikasında təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən təhsil
proqramları həyata keçirilir.
10.4. Təhsil
proqramlarının yerinə yetirilməsi müddəti müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
10.5. Əlavə təhsil, distant təhsil və
digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq
edilir.
10.6. Sağlamlıq imkanları məhdud olan,
uzun müddət müalicəyə ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini,
sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi
ümumtəhsil proqramları müəyyən edilir və həyata keçirilir.
10.7. Azərbaycan Respublikasında
beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlxalq təhsil
proqramları üzrə mütəxəssis hazırlığı müvafiq qanunvericiliyə və təhsil
müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir.
Maddə
11. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər
11.1. Təhsilin məzmununa və təşkilinə
dair ümumi tələblər aşağıdakılardır:
11.1.1. təhsilalanlarda müasir tələblərə
və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində
yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;
11.1.2. öz üzərinə məsuliyyət götürmək,
kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və
inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və
vətəndaş formalaşdırmaq;
11.1.3. təhsilalanların fasiləsiz təhsil
almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və
dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini,
şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər
imkanlı olmasını təmin etmək;
11.1.4. yüksək intellektual səviyyəyə və
praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya
axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;
11.1.5. cəmiyyətin yüksək səviyyəli və
rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin
yaratmaq;
11.1.6. təhsil müəssisəsində tədris
prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi
əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və
psixoloji zorakılığa yol verməmək.
11.2. Təhsilin məzmununa və təşkilinə
dair ümumi tələblər bu Qanunla və digər normativ hüquqi aktlarla tənzimlənir.
Maddə
12. Təhsilin formaları
12.1. Azərbaycan Respublikasında
aşağıdakı təhsil formaları tətbiq olunur:
12.1.1. formal;
12.1.2. qeyri-formal;
12.1.3. informal.
12.2. Formal təhsilin təşkili qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə
13. Təhsilalma formaları
13.1. Azərbaycan Respublikasında
aşağıdakı təhsilalma formaları müəyyən edilir:
13.1.1. əyani;
13.1.2. qiyabi;
13.1.3. distant
(məsafədən);
13.1.4. sərbəst
(eksternat).
13.2. Azərbaycan
Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil
və fərdi təhsil təşkil oluna bilər.
13.3. Zəruri
hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma
formaları da tətbiq edilə bilər.
Maddə 14. Təhsil müəssisəsi
14.1. Təhsil
müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun
müəyyən edilir.
14.2. Azərbaycan
Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət
göstərir:
14.2.1. dövlət;
14.2.2.
bələdiyyə;
14.2.3. özəl.
14.3. Azərbaycan
Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək
məqsədi güdmür.
14.4. Təhsil
müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun
nizamnaməsi ilə müəyyən edilir.
14.5. Təhsil
müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edilir:
14.5.1.
məktəbəqədər təhsil müəssisələri (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq
bağçası, xüsusi uşaq bağçası);
14.5.2. ümumi
təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri,
ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri,
sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri,
xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün
məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr);
14.5.3.
məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər
idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, ekoloji tərbiyə və təcrübə
mərkəzləri, texniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri,
məktəbdənkənar iş mərkəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri
və s.);
14.5.4. ilk
peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri);
14.5.5. orta
ixtisas təhsili müəssisələri (kolleclər);
14.5.6. ali
təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.);
14.5.7. əlavə
təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.);
14.5.8. təhsil
fəaliyyətini həyata keçirən digər müəssisələr.
14.6. Müxtəlif
tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət
göstərə bilər.
14.7. İbtidai və ümumi orta təhsil
müəssisələri azkomplektli formada da fəaliyyət göstərə bilər.
14.8. Təhsil müəssisəsində təhsil dövlət
hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan
Respublikasında xüsusi təyinatlı təhsil (hərbi, milli təhlükəsizlik və digər)
müvafiq təhsil müəssisələrində, bu Qanunun tələbləri nəzərə alınmaqla, dövlət
hesabına həyata keçirilir.
14.9. Təhsil müəssisəsində, təhsili
idarəetmə və digər təhsil orqanlarında siyasi partiyaların və dini qurumların
strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
14.10. Azərbaycan Respublikasında bütün
təhsil müəssisələrində təhsilalanların geyim formaları təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.
14.11. Dövlət ali təhsil müəssisəsinə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səlahiyyətlər çərçivəsində
muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik təhsil
müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi
tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə
sərbəstdir.
14.12. Təhsil müəssisəsinin yaradılması,
yenidən təşkili və ləğvi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata
keçirilir.
14.13. Dövlət bütün təhsil
müəssisələrinin, o cümlədən özəl təhsil müəssisələrinin inkişafını
qanunvericiliyə uyğun kreditlər vermək, qrantlar ayırmaq və dövlət təhsil
müəssisələrinə güzəştlər tətbiq etməklə təmin edir.
14.14. Təhsil müəssisəsinin
maddi-texniki bazası və təhsil infrastrukturu müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi normativlərdən aşağı olmamalıdır.
14.15. Təhsil müəssisəsi hüquqi şəxsdir
və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə
uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil
müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat
fəaliyyətini həyata keçirməkdə sərbəstdir.
14.16. Təhsil müəssisəsi qanunvericiliyə
və öz nizamnaməsinə uyğun olaraq ölkənin və xarici dövlətlərin ərazisində
filiallar açmaq (dövlət təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaq şərti ilə), habelə təhsilin inkişafı və təkmilləşdirilməsi
məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və
ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq hüququna
malikdir.
14.17. Təhsil müəssisəsi öz fəaliyyətinə
görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.
14.18. Azərbaycan Respublikasında
fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə
uyğun olaraq «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmalıdır.
Maddə
15. Təhsil müəssisəsinin təsisçisi
15.1. Təhsil müəssisəsinin təsisçisi
(təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici
dövlətlərin hüquqi şəxsləri, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
15.2. Təsisçiləri əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin
professor-müəllim heyətinin azı 80 faizini Azərbaycan Respublikasının
vətəndaşları təşkil etməlidir.
15.3. Xüsusi təyinatlı təhsil
müəssisələrinin təsis edilməsi qaydaları və onların siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.4. Təsisçinin məsuliyyəti, səlahiyyət
dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan
Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin
nizamnaməsi ilə müəyyən edilir.
Maddə
16. Təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin
akkreditasiyası
16.1. Azərbaycan Respublikasında hər bir
təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya)
almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz
verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis
edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş
il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici
hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq
(lisenziya) üç il müddətinə verilir.
16.2. Xarici hüquqi şəxslərin, onların
filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan
şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları
lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası
müqavilələrlə müəyyən edilir.
16.3. Təhsil müəssisəsinin
akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil
proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil
infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi
aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və
təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti
müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş
müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır.
16.4. Təhsil müəssisəsinin
akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada
yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq
keyfiyyət sənədinin — sertifikatın verilməsi ilə başa çatır.
16.5. Azərbaycan Respublikasında hüquqi
şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya)
verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi
təminat verilir.
Maddə
17. Təhsilin pillələri və səviyyələri
17.1. Azərbaycan Respublikasında
aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur:
17.1.1. Məktəbəqədər təhsil.
17.1.2. Ümumi təhsil:
17.1.2.1.
ibtidai təhsil;
17.1.2.2. ümumi
orta təhsil;
17.1.2.3. tam orta təhsil.
17.1.3. İlk peşə-ixtisas təhsili.
17.1.4. Orta
ixtisas təhsili.
17.1.5. Ali
təhsil:
17.1.5.1.
bakalavriat;
17.1.5.2.
magistratura;
17.1.5.3.
doktorantura.
17.2. Təhsilin
pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur.
Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun
qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara
dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.
17.3. Təhsilin
pillələri və səviyyələri üzrə fəaliyyət müvafiq qanunvericilik aktları ilə
tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər
növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
Maddə 18. Məktəbəqədər
təhsil
18.1.
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin
maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və
psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və
qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik
tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin
edir.
18.2.
Məktəbəqədər təhsil müvafiq təhsil proqramı əsasında həyata keçirilir.
18.3. Azərbaycan
Respublikasında məktəbəqədər təhsil üç yaşdan başlayır.
18.4. Beş yaşlı
uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18.5.
Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin
arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin
müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər.
18.6.
Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müvafiq qaydada metodiki və diaqnostik məsləhət
və əlaqələndirmə xidməti təşkil edilir.
Maddə
19. Ümumi təhsil
19.1. Ümumi təhsil təhsilalanlara
elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin
aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
19.2. Ümumi təhsil təhsilalanların
fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda
sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün
formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə,
cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən
edilməsinə imkan yaradır.
19.3. Ümumi təhsil müvafiq təhsil
proqramları əsasında həyata keçirilir.
19.4. Azərbaycan Respublikasında ümumi
təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir.
19.5. Ümumi təhsilin təhsil səviyyələri
üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19.6. Ümumi təhsil ümumtəhsil
məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda,
liseylərdə, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində, habelə
ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə
bilər.
19.7. Ümumi təhsil sistemində
təhsilalanların fiziki inkişafını təmin etmək və müxtəlif yaradıcılıq
qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları
tətbiq olunur.
19.8. Ümumi təhsili xüsusi
nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada qızıl və ya gümüş medalla təltif olunurlar.
19.9. İbtidai təhsilin məqsədi
təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan,
cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür
elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan
ibarətdir.
19.10. İbtidai təhsil müvafiq təhsil
proqramına əsasən həyata keçirilir.
19.11. Azərbaycan Respublikasında
ibtidai təhsil altı yaşdan başlanır.
19.12. Valideynlərin və ya uşaqların
digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı
uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən
yaşda qəbul edə bilər.
19.13. Ümumi orta təhsilin məqsədi
təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak
fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan
fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik
və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya
vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz
gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən
ibarətdir.
19.14.
Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
19.15. Ümumi orta təhsil müvafiq təhsil
proqramına əsasən həyata keçirilir.
19.16. Ümumi orta təhsil səviyyəsində
yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq
dövlət sənədi verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti
pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.
19.17. Tam orta təhsil səviyyəsində
təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və
peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri
dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın
formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiyalarından və
digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin
əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət
saxlaması və s. təmin olunur.
19.18. Tam orta təhsil ümumi təhsilin
hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini
nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.
19.19. Tam orta təhsil səviyyəsində
təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.
19.20. Tam orta təhsil ümumi təhsilin
sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin
qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir.
Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli
sənəd — attestat verilir.
19.21. Tam orta təhsil haqqında sənəd
təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
Maddə
20. İlk peşə-ixtisas təhsili
20.1. İlk peşə-ixtisas təhsili əmək bazarının
tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında
müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların
hazırlanmasını təmin edir.
20.2. İlk peşə-ixtisas təhsili mülkiyyət
formasından asılı olmayaraq peşə-ixtisas təhsili müəssisələrində və təhsil
fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların,
müəssisələrin, əmək birjalarının, məşğulluq idarələrinin və digər müvafiq
qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər
üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır.
20.3. İlk peşə-ixtisas təhsili müvafiq
təhsil proqramları əsasında təşkil olunur.
20.4. İlk peşə-ixtisas təhsili
müəssisələrinə ümumi orta təhsil bazasında qəbul olunanlar peşə ixtisası ilə
yanaşı, tam orta təhsil almaq hüququna malikdirlər.
Maddə
21. Orta ixtisas təhsili
21.1. Orta ixtisas təhsili cəmiyyətin və
əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil
bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta
ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.
21.2. Orta ixtisas təhsili əsasən
kolleclərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq
strukturlarda həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə
başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
daxil olanlar həm də tam orta təhsil alırlar.
21.3. Orta ixtisas təhsili müvafiq
təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsilini başa vuran
məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd — diplom verilir.
21.4. Orta ixtisas təhsili haqqında
sənəd ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil
pilləsində ali təhsil almaq üçün əsas sayılır.
21.5. Orta ixtisas təhsili
proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin
edilir və bu təhsil pilləsini yüksək nəticələrlə başa vuran məzunların —
subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə
alınır.
Maddə
22. Ali təhsil
22.1. Ali təhsil pilləsində cəmiyyətin
və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və
elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir.
22.2. Azərbaycan Respublikasının ali
təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqoji kadrlar hazırlığı üç
səviyyəlidir:
22.2.1.
bakalavriat (tibb təhsili istisna olmaqla);
22.2.2.
magistratura (tibb təhsili istisna olmaqla);
22.2.3.
doktorantura.
22.3.
Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili
bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali
təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali
təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi
verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi
tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla,
bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
22.4.
Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi
tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur
və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul
olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr»
dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
22.5.
Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil
infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradıla
bilər.
22.6. Tibb
təhsili təhsil proqramlarına və dövlət təhsil standartlarına uyğun olaraq, əsas
təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq olaraq həkim və
həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin
məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
22.7. Xüsusi
qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi,
incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr
hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata
keçirilir. Bu ixtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 23. Doktorantura
23.1.
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və elmi-pedaqoji
kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin
edir.
23.2.
Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan
doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata
keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr
ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən
dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq
verilir.
23.3. Azərbaycan
Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:
23.3.1. Fəlsəfə
doktoru — elm sahələri göstərilməklə;
23.3.2. Elmlər
doktoru — elm sahələri göstərilməklə.
23.4.
Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin
verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.5. Ali təhsil
müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə
əsasında həyata keçirilir.
23.6.
Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə
müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət
nümunəli sənəd — diplom verilir.
23.7. Ali təhsil
müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi
dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Ali təhsil
müəssisələrinin müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə
dissertantların təhkim olunması və elmi dərəcələrin verilməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.8. Ali təhsil
müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri
nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan
Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:
23.8.1. dosent;
23.8.2.
professor.
23.9. Dosent və
professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23.10.
Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəxri professor (doktor)
adı vermək hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi qaydaları
və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
Maddə
24. Əlavə təhsil
24.1. Əlavə təhsil fasiləsiz təhsilin və
peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-ixtisas təhsilinin hər hansı
pilləsini bitirmək haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz
təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların
intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və
təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və
mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifəsini
daşıyır.
24.2. Azərbaycan Respublikasında əlavə
təhsil aşağıdakı istiqamətləri əhatə edir:
24.2.1. ixtisasartırma;
24.2.2. kadrların yenidən hazırlanması;
24.2.3. stajkeçmə və kadrların
təkmilləşdirilməsi;
24.2.4. təkrar
ali təhsil və orta ixtisas təhsili;
24.2.5. dərəcələrin yüksəldilməsi;
24.2.6. yaşlıların təhsili.
24.3. Əlavə təhsilin məzmunu və təşkili
qaydaları xüsusi təhsil proqramlarına uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
24.4. Əlavə təhsil ixtisasartırma və
yenidənhazırlanma qurumlarında, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış
müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə
fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
24.5. Müvafiq təhsil proqramları
əsasında əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq sənəd
verilir. İxtisasartırma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı
tədbirlər tətbiq edilir.
Maddə
25. Təhsil sistemində elmi araşdırmalar
25.1. Təhsil sistemində elmi
araşdırmalar təhsili idarəetmə orqanları tabeliyində fəaliyyət göstərən elmi
tədqiqat strukturlarında, ali təhsil müəssisələrində və onların müvafiq
qurumlarında və ya bölmələrində (elmi tədqiqat institutları, mərkəzlər,
kafedralar, laboratoriyalar və s.) aparılır.
25.2. Təhsil sistemində aparılan elmi
tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.
25.3. Təhsil sistemində elmi
araşdırmalar dövlət büdcəsinin vəsaitləri, qrantlar, müxtəlif fondların vəsaitləri,
təhsil müəssisəsinin büdcədənkənar vəsaitləri, habelə sifarişlər əsasında daxil
olan vəsaitlər hesabına həyata keçirilir.
25.4. Təhsilin inkişaf problemləri ilə
bağlı elmi araşdırmalar innovasiya xarakteri daşımaqla, təhsil tarixinin
öyrənilməsinə, təhsilin təşkilinin və idarə olunmasının təkmilləşdirilməsinə,
tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni
texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların
hazırlanmasına və tətbiqinə yönəldilir.
Maddə
26. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları
26.1. Ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə,
müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş
qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini
sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
26.2. Ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən
imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
26.3. Hər bir təhsilalan, valideyn və ya
digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris
prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
26.3.1. təhsil müəssisəsinin
nizamnaməsi;
26.3.2. təhsil sahəsində fəaliyyət üçün
xüsusi razılıq (lisenziya);
26.3.3. təhsil müəssisəsinin dövlət
akkreditasiyası haqqında sənəd.
26.4. Ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində
əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada nəzərə alınır.
26.5. Dünya fənn olimpiadalarının,
yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq
ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu
olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26.6. Ali təhsil müəssisələrinin
magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə
27. Təhsil haqqında dövlət sənədi
27.1. Azərbaycan Respublikasında təhsil
fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət
akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və
səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq
təhsil haqqında dövlət sənədi verilir.
27.2. Təhsil haqqında dövlət sənədi
növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək
fəaliyyətinə başlamaq üçün əsas sayılır.
27.3. Müxtəlif səbəblərdən təhsilin hər
hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş qaydada arayış verilir.
27.4. Xarici ölkələrdə verilən təhsil
haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
qaydada həyata keçirilir.
Maddə
28. Təhsil müəssisəsində iaşə və tibb xidməti
28.1. Təhsil müəssisəsində iaşə və tibb
xidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və
normalara uyğun təşkil olunur.
28.2. Təhsil müəssisəsində iaşə xidməti
təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında
bağlanan müqavilə əsasında həyata keçirilir.
28.3. Təhsil müəssisəsində
təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz
tibbi xidmət göstərilir.
III
fəsil. Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları,
vəzifələri və sosial müdafiəsi
Maddə
29. Təhsil sahəsində dövlətin vəzifələri
29.0. Təhsil sahəsində dövlətin
vəzifələri aşağıdakılardır:
29.0.1. təhsil sahəsində vahid dövlət
siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək;
29.0.2. milli təhsil sisteminin inkişaf
konsepsiyasını və əsas prioritetlərini müəyyən etmək;
29.0.3. milli təhsil sisteminin inkişafı
üçün müxtəlif istiqamətli dövlət proqramlarını təsdiq etmək və onların icrasına
nəzarəti həyata keçirmək;
29.0.4. kadr hazırlığının
prioritetlərini və istiqamətlərini, yüksək dərəcəli elmi-pedaqoji kadr
hazırlığı proqramlarını müəyyən etmək;
29.0.5. təhsil sahəsində dövlət
siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini
aparmaq;
29.0.6. milli təhsil sisteminin dünya
təhsil sisteminə inteqrasiyasını, beynəlxalq standartlara cavab verən təhsil
şəraitinin və mühitinin yaradılmasını təmin etmək;
29.0.7. təhsil sahəsinin inkişafına
ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini və dövlət təhsil qrantlarının
məbləğini müəyyən etmək və dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini
həyata keçirmək;
29.0.8. hər büdcə ili üzrə dövlət təhsil
sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (şagirdə,
tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarını və maliyyə
normativlərini müəyyən etmək;
29.0.9. ilk peşə-ixtisas, ali və orta
ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını müəyyənləşdirmək;
29.0.10. müəyyən edilmiş qaydada
abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək;
29.0.11. «Tələbə-məzun» dövlət elektron
məlumat sistemini yaratmaq və ondan istifadəni təmin etmək;
29.0.12. təhsil pillələri üzrə dövlət
təhsil standartlarını və proqramlarını (kurikulumları) təsdiq etmək və təhsilin
müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirmək;
29.0.13. dövlət təhsil müəssisələrinin
rəhbərlərini qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin etmək və
vəzifədən azad etmək;
29.0.14. dövlət təhsil müəssisəsində
çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş
həddini müəyyən etmək;
29.0.15. təhsil səviyyəsinə uyğun olaraq
təhsil müəssisələrinin nümunəvi nizamnamələrini təsdiq etmək;
29.0.16. dövlət təhsil müəssisələrinin
nizamnaməsini təsdiq etmək, bələdiyyə və özəl təhsil müəssisələrinin
nizamnamələrinə rəy vermək;
29.0.17. təhsil prosesinin təşkilinə
dair ümumi tələbləri müəyyən etmək;
29.0.18. təhsil sahəsində
dövlətlərarası, regional və beynəlxalq inkişaf proqramlarının həyata
keçirilməsini təmin etmək;
29.0.19. təhsil
sahəsində vahid statistik məlumat sisteminin yaradılmasını təmin etmək;
29.0.20. təhsil
haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydalarını təsdiq
etmək;
29.0.21. xarici
ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin
müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların
tanınmasını və nostrifikasiyanı həyata keçirmək;
29.0.22. təhsil
müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək;
29.0.23. təhsil
müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normaları
təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə təminat
normativlərini müəyyənləşdirmək;
29.0.24. təhsil
müəssisəsinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermək və onu ləğv etmək;
29.0.25. ilk
peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təsnifatını təsdiq
etmək;
29.0.26. təhsil
müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirmək;
29.0.27. təhsil
müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;
29.0.28. təhsil
müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və akkreditasiyanı
həyata keçirmək;
29.0.29. təhsil
müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o
cümlədən yekun attestasiyasının aparılması qaydalarını müəyyən etmək və
attestasiyanı həyata keçirmək;
29.0.30. təhsili
idarəetmə orqanlarının, təhsil müəssisələrinin, təhsillə bağlı ictimai
birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini
təşkil etmək;
29.0.31. təhsil
müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək;
29.0.32. təhsil
sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları
dəyişdirmək və ləğv etmək;
29.0.33. təhsil
müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris
vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;
29.0.34. elmi
dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən etmək;
29.0.35. dövlət
təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o cümlədən
mükafatlandırılmasını həyata keçirmək, xüsusi istedadı ilə fərqlənən
təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;
29.0.36. dövlət
təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya
texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;
29.0.37. baza
tədris planlarını və proqramlarını təsdiq etmək;
29.0.38.
mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı
müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;
29.0.39. icbari
ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
29.0.40. dövlət
təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;
29.0.41.
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik
yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli
dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin
öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud
uşaqların müvafiq olaraq xüsusi təhsil və sosial müdafiə müəssisələrinə
göndərilməsini təmin etmək;
29.0.42. təhsil
sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və
qiymətləndirməni təmin etmək.
Maddə 30. Təhsil müəssisəsinin
idarə olunması
30.1. Təhsil
müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna,
digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir.
30.2. Dövlət təhsil müəssisəsinə
rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət
təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil
müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və
pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə
əsasən müəyyən edilir.
30.3. Bələdiyyə təhsil müəssisəsinə
rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə təhsil müəssisəsinin
rəhbəri (rəhbərliyi) həyata keçirir.
30.4. Özəl təhsil müəssisəsinə
rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçilər (himayəçilər, qəyyumlar)
şurası tərəfindən təyin edilmiş özəl təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi)
həyata keçirir.
30.5. Təsisçisi (təsisçiləri) əcnəbilər,
vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə
kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan
şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin
müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Göstərilən təhsil
müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyi müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılır. Həmin təhsil müəssisəsinin dövlət
qeydiyyatına alınması təhsil müəssisəsi rəhbərinin və onun müavininin
namizədliyi razılaşdırıldıqdan sonra həyata keçirilə bilər.
30.6. Təhsil müəssisəsinin idarə
olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə təhsil
müəssisəsində idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi,
elmi-metodiki, pedaqoji, məktəb, valideynlər, təhsilalanlar, qəyyumlar şuraları
və s.) yaradıla bilər. Bu qurumların yaradılması qaydaları və səlahiyyətləri
təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
30.7. Təhsil müəssisəsinə rəhbərlik
həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən
təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.
30.8. Dövlət təhsil müəssisəsində
akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji
işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin
tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.
30.9. Təhsil müəssisəsinin idarə
edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla,
dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə
yol verilmir.
Maddə
31. Təhsil prosesinin iştirakçıları
31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
31.0.1. təhsilalanlar — uşaqlar,
şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, doktorantlar və
başqaları;
31.0.2. təhsilverənlər (pedaqoji
işçilər) — müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, tərbiyəçilər,
müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq
rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik
psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri,
metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil
müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan
mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil
müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə
orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin
və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil
müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə və
digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
31.0.3. valideynlər və ya digər qanuni
nümayəndələr;
31.0.4. təhsili idarəetmə orqanları və
bələdiyyələr;
31.0.5. təlim-tərbiyə prosesində iştirak
edən digər fiziki və hüquqi şəxslər.
Maddə
32. Təhsilalanların hüquq və vəzifələri
32.1. Təhsilalanların hüquq və
vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər
normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun müəyyən edilir.
32.2. Bütün təhsil müəssisələrinin
təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
32.3. Təhsilalanların hüquqları
aşağıdakılardır:
32.3.1. qanunvericilikdə nəzərdə
tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq;
32.3.2. təhsil müəssisəsini, təhsilin
istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;
32.3.3. dövlət təhsil standartlarına
uyğun keyfiyyətli təhsil almaq;
32.3.4. müvafiq qaydada təhsilin
təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti seçmək;
32.3.5. ali təhsil müəssisəsinin tədris
planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin
miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;
32.3.6. təhsil müəssisəsinin mövcud
infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət,
idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;
32.3.7. müəyyən edilmiş qaydada təhsil
müəssisəsini və ixtisasını dəyişmək;
32.3.8. elmi tədqiqat fəaliyyəti ilə
məşğul olmaq;
32.3.9. fasiləsiz təhsil almaq;
32.3.10. sağlamlıq üçün təhlükəsiz və
zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11. insan ləyaqətini və şərəfini
alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
32.3.12. müəyyən edilmiş qaydada təhsil
müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;
32.3.13. müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb
etmək;
32.3.14. dövlət orta peşə-ixtisas
təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun
olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
32.3.15. dövlət və bələdiyyə ümumi
təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin olunmaq;
32.3.16. təhsil prosesinin təşkilində və
idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə
etmək;
32.3.17. təhsil müəssisəsinin elmi,
ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak
etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;
32.3.18. elmi-praktik konfransların,
seminarların, yığıncaqların və görüşlərin, habelə təhsil həyatı ilə bağlı digər
tədbirlərin keçirilməsində iştirak etmək;
32.3.19. qanunvericilikdə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
32.4. Təhsil müəssisəsində
qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil
prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.
32.5.
Təhsilalanların vəzifələri aşağıdakılardır:
32.5.1. dövlət təhsil standartlarına
uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
32.5.2. pedaqoji işçilərin şərəf və
ləyaqətinə hörmətlə yanaşmaq;
32.5.3. təhsil müəssisəsinin
nizamnaməsinin tələblərinə riayət etmək;
32.5.4. dövlət, cəmiyyət, ailə və özü
qarşısında məsuliyyətini dərk etmək;
32.5.5. təhsil sahəsində qanunvericiliyin
tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl
etmək;
32.5.6. qanunvericilikdə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə
33. Təhsilverənlərin hüquq və vəzifələri
33.1. Təhsilverənlərin hüquq və vəzifələri
Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi
aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr,
təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də
işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə
tənzimlənir.
33.2. Təhsilverənlərin hüquqları
aşağıdakılardır:
33.2.1. normal əmək, elmi-pedaqoji iş və
təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
33.2.2. təhsil müəssisəsinin
nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında
fəal iştirak etmək;
33.2.3. tədrisin formasını, metodlarını
və vasitələrini sərbəst seçmək;
33.2.4. şərəf və ləyaqətinə hörmətlə
yanaşılmasını tələb etmək;
33.2.5. təhsil müəssisəsində vəzifə
tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;
33.2.6. ixtisasını artırmaq, yeni
ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;
33.2.7. müəyyən edilmiş hallarda və
qaydada mükafatlandırılmaq və təltif olunmaq;
33.2.8. təhsil müəssisəsində uzun müddət
qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan
professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar
saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə
məsləhətçi-professor vəzifəsini tutmaq;
33.2.9. qanunvericilikdə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
33.3. Təhsilverənlərin vəzifələri
aşağıdakılardır:
33.3.1.
təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
33.3.2. təhsil proqramlarının
mənimsənilməsini təmin etmək;
33.3.3. təhsilalanlarda fəal vətəndaş
mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda
tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
33.3.4. şəxsi nümunəsi ilə
təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və
qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə,
dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf
mühitə hörmət və qayğı hissləri aşılamaq;
33.3.5. pedaqoji etika və əxlaq
normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi
göstərmək;
33.3.6. təhsilalanların şərəf və
ləyaqətinə hörmət etmək;
33.3.7. uşaq və gəncləri fiziki və psixi
zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən
çəkindirmək;
33.3.8. ixtisas və elmi-pedaqoji
səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər,
sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;
33.3.9. qanunvericiliklə müəyyən edilmiş
qaydada attestasiyadan keçmək;
33.3.10. qanunvericilikdə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə
34. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
34.1. Valideynlərin və ya digər qanuni
nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır:
34.1.1. yetkinlik yaşına çatmayan
övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə
müəssisəsini seçmək;
34.1.2. təhsil prosesinin təşkili,
tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan
şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat
almaq;
34.1.3. təhsilalanların hüquqlarını
müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq
etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının
yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
34.1.5. qanunvericilikdə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
34.2. Valideynlərin və ya digər qanuni
nümayəndələrin təhsil sahəsində vəzifələri aşağıdakılardır:
34.2.1. övladlarının (qəyyumluğunda və
ya himayəsində olan şəxslərin) erkən yaşlarından fiziki, əxlaqi və intellektual
inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin
olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq;
34.2.2. övladlarını (qəyyumluğunda və ya
himayəsində olan şəxsləri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq,
əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri
dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
34.2.3. qanunvericilikdə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə
35. Təhsilalanların sosial müdafiəsi
35.1. Dövlət ümumi təhsil
müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət
hesabına təmin olunurlar.
35.2. Dövlət ilk peşə-ixtisas, orta
ixtisas və ali təhsil müəssisələrində təhsilalanların fəaliyyətini
stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə müəyyən edilmiş qaydada
təqaüdlər, o cümlədən adlı təqaüdlər verilir və yardımlar göstərilir.
35.3. Təhsilalanlar üçün qanunvericiliyə
uyğun olaraq digər sosial müdafiə tədbirləri də tətbiq edilə bilər.
35.4. Özəl təhsil müəssisələrində
təhsilalanların sosial müdafiəsi müəssisənin nizamnaməsi ilə tənzimlənir.
Maddə
36. Təhsilverənlərin sosial müdafiəsi
36.1. Dövlət təhsilverənlərin sosial
müdafiəsinə təminat verir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif)
maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas
dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.
36.2. Dövlət və bələdiyyə təhsil
müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək
haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.
36.3. Dövlət və bələdiyyə təhsil
müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi
dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
36.4. Sağlamlıq imkanları məhdud,
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə
şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı
uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı
ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil işçilərinin əmək
haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada
əlavələr olunur.
36.5. Pedaqoji profilli ixtisaslar üzrə
ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil
müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
36.6. Təhsilverənlərə qanunvericiliklə
müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.
IV fəsil. Təhsilin iqtisadiyyatı
Maddə 37. Təhsil sistemində
mülkiyyət münasibətləri
37.1. Təhsil müəssisəsinin
əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun
mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan
olunmayan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus
əqli mülkiyyət məhsullarından ibarətdir.
37.2. Təhsil
müəssisəsi təsisçi tərəfindən torpaq sahəsi, bina və qurğular, avadanlıq,
təhsil, istehsal, sosial, mədəni, tibb, iaşə və idman obyektləri, maddi-texniki
baza və digər əmlakla təmin edilir.
37.3. Təhsil
müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması
və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil
müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi
və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.
37.4. Dövlət
təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və
genişləndirilməsi dövlət büdcəsinin vəsaitləri və büdcədənkənar vəsaitlər
hesabına həyata keçirilir.
37.5. Təhsil
müəssisəsi göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq,
müalicə-profilaktik və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak,
o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri və s. əldə
edə bilər.
37.6. Dövlət
mülkiyyətində olan təhsil müəssisəsinin (məktəbəqədər təhsil müəssisələri
istisna olunmaqla) özəlləşdirilməsi qadağandır.
37.7. Dövlət
təhsil müəssisəsinin büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına
əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.
37.8. Dövlət təhsil
müəssisəsinin istifadəsinə verilmiş əmlakın geri qaytarılması qanunvericiliklə
tənzimlənir.
37.9. Təhsil
müəssisəsinin müflis elan edilməsi müvafiq qanunvericiliyə uyğun həyata
keçirilir.
Maddə 38. Təhsil
müəssisəsinin maliyyələşdirilməsi
38.1. Dövlət
təhsilin inkişafına dövlət büdcəsindən və digər mənbələrdən vəsaitlər ayırır.
38.2. Təhsil
müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə
müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar almaq
hüququna malikdir. Bu mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət
təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və
onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə edilir.
38.3. Dövlət ali
və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin
inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilə
bilər.
38.4. Dövlət
təhsil müəssisəsinin maliyyələşdirilməsi təhsilin hər pilləsi üzrə müəyyən
edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər təhsil
müəssisəsinin tipinə, növünə və kateqoriyasına uyğun olaraq hər bir təhsilalana
düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.
38.5. Zəruri hallarda
müvafiq icra hakimiyyəti orqanının qərarı ilə azkomplektli dövlət ümumi təhsil
müəssisələri mövcud normativlərdən üstün maliyyələşdirilə bilər.
38.6. Dövlət
təhsil müəssisəsi nizamnaməsinə uyğun olaraq, ödənişli təhsildən əldə olunan və
digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi
həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir,
təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.
38.7. Dövlət
təhsil müəssisəsinin inkişafına, təhsilalanların təhsil haqlarının və təhsillə
bağlı xərclərinin ödənilməsinə uzunmüddətli və fərdi kreditlər verilməsini,
elmi tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının
maliyyələşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün
müvafiq qaydada qrantlar ayrılmasını təmin edir. Kreditlərin və qrantların
verilməsi qaydaları və şərtləri müvafiq qanunvericilik aktları ilə müəyyən
edilir. Dövlət təhsil və elmi tədqiqat qrantları təhsil müəssisəsinin digər
fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilə bilməz.
38.8. Dövlət
təhsil sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb
edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir
və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər
verilir.
38.9. Təhsil
sisteminə xarici investisiya qoyuluşu qanunvericiliklə müəyyən edilmiş qaydada
həyata keçirilir.
Maddə 39. Dövlət və
bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi mənbələri
39.0. Dövlət və
bələdiyyə təhsil müəssisələri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
39.0.1.
qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
39.0.2. ödənişli
təhsildən daxil olan vəsaitlər;
39.0.3. hüquqi
və fiziki şəxslərin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin,
xarici hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq verilən qrantları,
vəsiyyət olunan vəsaitləri, ianələri və yardımları;
39.0.4. müsabiqə
əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları;
39.0.5. təhsil
müəssisəsinin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə
müəyyən edilmiş digər xidmətlərdən əldə etdiyi vəsaitlər;
39.0.6. hüquqi
və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və
kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsait;
39.0.7. dövlət
orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə
əldə olunan vəsaitlər;
39.0.8. təhsil
müəssisəsinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş
avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan
digər əmlakın satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
39.0.9. təhsil
müəssisəsinin beynəxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq
əldə etdiyi qrantlar və vəsaitlər;
39.0.10.
qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
Maddə
40. Özəl təhsil müəssisəsinin maliyyələşdirilməsi
40.1. Özəl təhsil müəssisəsi aşağıdakı
mənbələrdən maliyyələşdirilir:
40.1.1. təhsil xidmətlərinə görə əldə
etdiyi vəsaitlər;
40.1.2. təsisçilərin (himayəçilərin)
vəsaitləri;
40.1.3. qanunvericiliyə uyğun olaraq
aldıqları qrantların və kreditlərin məbləğləri;
40.1.4. hüquqi və fiziki şəxslərin
ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;
40.1.5. təhsil, elm, istehsal, məsləhət
(konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə
etdikləri vəsaitlər;
40.1.6. qanunvericiliklə qadağan
edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər.
40.2. Özəl təhsil müəssisəsi öz maliyyə
vəsaitlərini sərbəst idarə edir.
40.3. Özəl təhsil müəssisəsi təhsil
haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun
olaraq sərbəst müəyyən edir.
40.4. Özəl təhsil müəssisəsi ilə
təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında
münasibətlər müqavilə ilə tənzimlənir.
Maddə
41. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti
41.1. Təhsil müəssisəsi əlavə gəlir əldə
etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul
ola bilər.
41.2. Təhsil müəssisəsi sahibkarlıq
fəaliyyətindən əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək hüququna
malikdir. Dövlət təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi
gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə
yönəldilir.
41.3. Təhsil müəssisəsi sahibkarlıq
fəaliyyətini həyata keçirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş
qaydada hüquqi şəxslər yarada bilər və ya başqa hüquqi şəxslərin fəaliyyətində
iştirak edə bilər.
Maddə
42. Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi
42.1. Təhsil müəssisəsində təhsilin
dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində
təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin,
o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması
üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.
42.2. Bu Qanunun 42.1-ci maddəsinə uyğun
olaraq iddia yalnız akkreditasiya olunmuş təhsil müəssisəsi barədə
akkreditasiya xidməti tərəfindən verilən mənfi rəyə əsasən qaldırıla bilər.
V
fəsil. Təhsil sahəsində beynəlxalq əlaqələr
Maddə
43. Təhsil sahəsində beynəlxalq əməkdaşlıq və xarici əlaqələr
43.1. Təhsil sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı
beynəlxalq müqavilələr əsasında həyata keçirilir.
43.2. Təhsil müəssisəsi qanunvericiliyə
və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin elm və
təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa
əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr
bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına
(ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola və əməkdaşlığın digər
formalarını həyata keçirə bilər.
43.3. Təhsil müəssisəsi beynəlxalq
səviyyəli birgə elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi
tədqiqat və layihə-konstruktor işlərinin, elmi-praktik konfransların,
simpoziumların keçirilməsi, tələbələrin, magistrlərin, doktorantların,
müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədi, patent və ya onlarla
bağlı hüquqların özgəninkiləşdirilməsi və bu qəbildən olan digər fəaliyyətlə
müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq
hüququna malikdir.
43.4. Təhsil müəssisəsinin (xüsusi
təyinatlı təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinin keyfiyyətini
yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan
Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərini gözləməklə
müstəqil olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici
dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, laboratoriyalar,
texnoparklar və s.) yaratmaq hüququ vardır.
43.5. Təhsil müəssisəsinin birbaşa
beynəlxalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir.
Maddə
44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ
44.1. Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya
ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil
müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr
əsasında həyata keçirilir.
44.2. Azərbaycan Respublikası
vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil
sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ
hüquqi aktlarla tənzimlənir.
44.3. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna
olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ
yoxdur.
VI
fəsil. Keçid və yekun müddəaları
Maddə
45. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Maddə
46. Keçid müddəaları
46.1. Bu Qanun qüvvəyə minənədək
verilmiş elmlər namizədi alimlik dərəcəsi müvafiq sahə üzrə fəlsəfə doktoru
dərəcəsinə bərabər tutulur.
46.2. Bu Qanun qüvvəyə minənədək
aspiranturada təhsil alan şəxs doktorant statusu əldə edir.
Maddə
47. Qanunun qüvvəyə minməsi
47.1. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
47.2. Bu Qanunun qüvvəyə mindiyi gündən
Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli, 324 nömrəli Təhsil
Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 24, maddə
1031; 1994-cü il, № 16, maddə 216; 1995-ci il, № 7, maddə 123; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226, № 4,
maddələr 287, 294, № 6, maddə 450; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 5,
maddələr 285, 286; 2001-ci il, № 3, maddə 138, № 11, maddə 672, № 12, maddələr
731, 736; 2003-cü il, № 1, maddə 1; 2004-cü il, № 4, maddə 202, № 6, maddə 415;
2007-ci il, № 11, maddə 1049) qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 19 iyun 2009-cu il
№
833-IIIQ
«Azərbaycan»
qəzetində dərc edilmişdir (8 sentyabr 2009-cu il, № 199) («VES Consultancy»
LLC).
© VES Consultancy LLC
0 коммент.:
Отправить комментарий