Xəzər rayonu Ə.Quliyev adına 121 saylı tam orta məktəbdə keçirilən tədbirdə dilimizin tarixindən, inkişaf yolundan bəhs edilib, xalq şairlərimizin dilimiz haqqında yazdığı ən gözəl nümunələr səsləndirilib
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili Günü elan edilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda Beynəlxalq Ana Dili Günü ilə məktəblərdə keçirilən tədbirlərə toxunacağıq. Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması, həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərdiyinə görə ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Beynəlxalq Ana Dili Günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. AMEA-da Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda institutun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Azərbaycan dilinin dövlət dili kimi rəsmən tanınmasında ümummilli liderin xidmətlərini qeyd edib. Alim onun Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini söyləyib. Dilimizin orijinallığının qorunub-saxlanması, inkişaf etdirilməsi və nüfuzunun yüksəldilməsinin dövlətin dilçilik sahəsində siyasətin əsas prinsipi olduğunu söyləyən alim, milli ideoloji prinsiplərin qorunmasının zəruriliyindən danışıb. Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlər haqqında məlumat verərək dilimizin tətbiqi işinin təkmilləşdirilməsi və s. ilə əlaqədar qəbul olunan sərəncamlardan irəli gələn vəzifələrin həlli istiqamətində görülən işlərin vacibliyini nəzərə çatdırıb. M.Nağısoylu Prezident tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq institutda müəyyən işlərin aparıldığını qeyd edib. Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov YUNESKO tərəfindən 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi təsdiq edilməsinin bütün dünyada ana dilinə diqqətin artırılmasına səbəb olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, bu əlamətdar günün keçirilməsi xalqların dil və mədəniyyətinin qorunması məqsədini daşıyır. Dünya azərbaycanlıları da yaşadıqları ölkələrdə bu əlamətdar günlə bağlı silsilə tədbirlər keçirirlər. Tədbirdə “Dilimizin qayğıları”, “Ana dili güvənc yerimizdir”, “Azərbaycan ədəbi dilinin qaynaqları”, “Müasir Azərbaycan dilində baş verən proseslər”, “Ana dilinin təbliğində müasir informasiya texnologiyalarının rolu” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. Tədbirdə vurğulanıb ki, Ana dilini qorumaq, inkişaf etdirmək hər bir vətəndaşın müqəddəs borcudur. Belə tədbirlərin məktəblərdə təşkil edilməsinin böyük əhəmiyyəti var. Şagirdlərin Ana dilimizi dərindən bilməsi onların milli-mənəvi dəyərlər ruhunda, Vətənə məhəbbət hissi ilə böyüməsində böyük rol oynayır. Bakı şəhəri Xəzər rayonu Əmirəhməd Quliyev adına 121 saylı tam orta məktəbdə keçirilən "21 fevral Beynəlxalq Ana Dili Günü" adlı tədbir də bu qəbildəndir. Məktəbin ibtidai sinif müəllimi Gülər Hüseynovanın rəhbərlik etdiyi 1ç sinif şagirdləri doğma dilimiz Azərbaycan dilinə olan sevgilərini söylədikləri şeirlərdə, oxuduqları nəğmələrdə, canlandırdıqları səhnələrində yüksək səviyyədə əks etdiriblər. Milli-mənəvi dəyərlərimizi əks etdirən tədbirdə dilimizin tarixindən, inkişaf yolundan bəhs edilib, xalq şairlərimizin dilimiz haqqında yazdığı ən gözəl nümunələr səsləndirilib. Tədbirdə Milli Təhsil Şurasının sədri Əjdər Ağayev, Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəbin direktoru Elşən Qafarov da iştirak edib, öz çıxışlarında tədbir haqqında xoş təəssüratlarını bildiriblər. Dəyərli insan Akif Abdullayevin rəhbərlik etdiyi 121 saylı tam orta məktəbin hələ birinci sinif şagirdlərinin bu cür milli ruhda böyüməsi, milli dəyərlərimizə bu cür hörmətlə yanaşması xoş təəssürat oyadır. Bu cür vətənpərvər, Vətəninə, xalqına, doğma dilinə bağlı gələcəyin yetişməsində, təbii ki, məktəblərin, təhsil ocaqlarının, müəllimlərin rolu çox böyükdür. Xalqa, dövlətə, cəmiyyətə yararlı gənclər yetişdirmək böyük şərəfdir. Daha bir tədbir Xətai rayonundakı 56 saylı orta məktəbdə təşkil edilib. “Beynəlxalq Ana Dili Günü və multikulturalizm” mövzusunda keçirilən tədbirdə məktəbin direktoru Hicran Qarabəyli fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. Bildirilib ki, Ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Tədbirdə digər çıxış edənlər Azərbaycan dilinin qorunması və saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycan xalqının çoxəsrlik qədim mədəniyyət ənənələrindən söz açıblar. Qeyd edilib ki, dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Vurğulanıb ki, cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər. Tədbirdə multikulturalizm barədə də məlumat verilib. Bildirilib ki, Prezidentin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb. Ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunədir. Sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndiriblər. Anar Miriyev
|
0 коммент.:
Отправить комментарий