22.02.2016

Amerikada oxuyan tələbə: “Bu, verdiyim ən yaxşı qərardır” – “Uğur formulu”

Təhsil Nazirliyi və Lent.azinformasiya agentliyinin birgə layihəsi olan, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Gəncliyin uğur formulu” layihəsinin budəfəki qonağı Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya İnstitutunun tələbəsi Ramil Məhərrəmovdur.
Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü R.Məhərrəmov ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. Lent.az R.Məhərrəmovla olan müsahibəni təqdim edir.

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?
- Dünyanın ən aparıcı ali məktəblərindən biri hesab olunan Massaçusets Texnologiya İnstitutunda təhsil ixtisasım üzrə ən müasir, tətbiqi, keyfiyyətli bilik və bacarıqlar əldə etməyə, peşəkar bacarıqlarımın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə imkan verir. Massaçusets Texnologiya İnstitutunun Sloan İdarəetmə Məktəbində təhsil dünyanın ən qabaqcıl tədris metodlarına və texnologiyalarına əsasən aparılır. Bu ali məktəbin məzunları dünya səviyyəli idarəetmə mütəxəssisləri hesab olunur və hələ təhsil illərindən dünyanın ən qabaqcıl, tanınmış şirkətlərinə işə dəvət olunurlar. Sözsüz ki, burada təhsil almaq barədə qərarım həyatımda verdiyim ən yaxşı bir neçə qərardan biridir.
- İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?
- İxtisasımla bağlı, ilk mərhələdə “The Essays of Warren Buffet”, “Too Big Too Save”, “Business Dynamics”, “Data, Model and Decisions?”, eləcə də “Principles of Corporate Finance” kitablarını seçmişəm.
- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?
- Daha praktik və tətbiqə əsaslanan təhsil kurrikulumunun və tədrisin aparılmasını, universitetlər və müəssisələr arasında daha sıx münasibətlərin qurulmasını, tədris prosesində dünya səviyyəli tətbiqi məsələlərin həllinə əsaslanan tədris texnologiyalarından daha geniş istifadə olunmasını, idarəetmə sahəsində dərslərin praktik təcrübəsi olan müəllimlər tərəfindən aparılmasını arzu edərdim.
- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?
- Ölkəmizin mədəniyyətini, kulinariyasını, ədəbiyyatını, turizm imkanlarını tərənnüm edən kitablar və jurnallar gətirmişəm. Bütün bunları kitabxanalara, müəllimlərə və yoldaşlarıma paylamışam. Bunların arasında ən mühümü Qarabağ münaqişəsi və onun ölkəmizə təsirləri ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitab və broşurlardır. Həmçinin, təhsil aldığım məktəbdə ölkəmiz və onun dünya sivilizasiyasına töhfələri barədə bir neçə məruzə aparmışam.
- Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?
- Sürətlə dəyişən və inkişaf edən dünyada ölkəmizin inkişafı, daha da müasirləşməsi və dünya ölkələri arasında ən yüksək səviyyəyə yüksəlməsi üçün hər bir gəncin əzm və fədakarlıqla çalışmasına ehtiyac var. Gənclər bu istiqamətdə bilik və bacarıqlarının ən yüksək səviyyədə inkişaf etdirilməsi üçün daim yorulmadan çalışmalı, yeni idarəetmə və informasiya texnologiyalarını öyrənməli, onların mahir istifadəçisinə çevrilməli, dünyada, regionda və ölkəmizdə gedən prosesləri yaxından izləməli, çalışdıqları təşkilatlarda, yaşadıqları ərazinin sosial-iqtisadi həyatında fəal iştirak etməlidirlər. Gənclər müasir texnologiyaların tətbiqinə əsaslanan, mühəndislik problemlərinin həllinə yönəlmiş, iş yerləri yaradan müəssisələrin qurulmasına cəhd etməlidirlər. Gənclərə asudə vaxtlarını ictimaiyyətə yararlı fəaliyyətə həsr etmələrini, hər gün ölkəmiz və dünya üçün müsbət dəyər yaradan təşəbbüslər göstərməyi, səmərəli fəaliyyətlə məşğul olmağı tövsiyə etmək istərdim.
- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?
- Bizim məktəbdə müəllim–tələbə münasibətləri ən yüksək səviyyədə qurulub. Tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün müəllimlərimiz əzmlə çalışırlar. Tələbələr müəllimlərə böyük hörmət və ehtiram göstərirlər. Müəllimlər tələbələrin real dünyaya maksimum səviyyədə hazırlanması üçün çalışır, aparıcı müəssisə və şirkətlərlə bərabər layihələr reallaşdırır, praktik təcrübə mübadiləsinə üstünlük verirlər.
- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?
- Massaçusets Texnologiya İnstitutunda tələbələrin mühüm qismini əcnəbilər təşkil edir. Təhsil və təhsildən kənar mühitdə xarici tələbələrlə yerli tələbələr arasında heç bir fərq qoyulmur. Xarici tələbələrin effektiv təhsil almaları üçün bütün şəraitin yaradılmasına cəhd edilir.
- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?
- Ölkəmizin təhsil sistemində müsbət islahatlar və dəyişikliklər gedir. Ancaq əmək bazarı, iqtisadi inkişaf strategiyası və ali təhsil arasındakı sinerjinin, koordinasiyanın gücləndirilməsi daha faydalı olardı. Ali təhsil prosesinin daha da müasirləşdirilməsinə, dünyanın aparıcı təhsil müəssisələri ilə tətbiqi əməkdaşlığın genişləndirilməsinə, birgə tədris layihələrinin qurulmasına ciddi ehtiyac var. Həmçinin, dünyadakı bilik ehtiyatlarının əsasən ingilis dilində olmasını nəzərə almaq və ingilis dilli proqramların genişləndirilməsi əhəmiyyətli olardı.
- Çətinlikləriniz varmı?
- Dövlətimizin və Massaçusets Texnologiya İnstitutunun dəstəyi sayəsində heç bir çətinliyim yoxdur.
- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?
- Təhsil prosesinin intensivliyi ilə əlaqədar asudə vaxtım çox az olur. Asudə vaxtım olanda iqtisadi və biznes xəbərlərini, yeni texnologiyaların sosial-iqtisadi təsirləri barədə tədqiqatları mütaliə edirəm. Eləcə də ictimai faydalı tədbirlərdə, konfransların təşkilində iştirak edirəm. Bacardığım qədər universitet klublarında təmsil olunur, ölkəmizlə bağlı təqdimatlar edir, səhm birjalarını izləyir və idmanla məşğul oluram. Xüsusi olaraq qeyd etməliyəm ki, Massaçusets Texnologiya İnstitutunun Azərbaycanla əməkdaşlıq proqramının yaradılması üzərində də işləyirəm.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.