15.04.2016


"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndən




. Ümumtəhsil məktəbinin idarə olunması
5.1. Ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır.
5.2. Ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur. Pedaqoji şuranın əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
5.3. Ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, pedaqoji, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları və s.) yaradıla bilər.
5.4. Ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Məktəbin direktoru aşağıdakıları həyata keçirir:
5.4.1. konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir;
5.4.2. ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır;
5.4.3. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil edir;
5.4.4. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır;
5.4.5. məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir;
5.4.6 şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır;
5.4.7. məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflər irəli sürür, maddi-tədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir;
5.4.8. qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alır və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir;
5.4.9. bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır;
5.4.10. məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir.
5.5. Ümumtəhsil məktəbinin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik əsasında hazırlanmış öz nizamnaməsi ilə müəyyən olunur.
5.6. Ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.