08.12.2015

Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

«Təhsil haqqında» Azərbaycan Respublikası Qanununu tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.27-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 40 (qırx) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilsin.
Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 (yetmiş) manat məbləğində əlavə ödənilsin.
2. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birləfəlik yardım ödənilsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
3.1.hər il iyul ayının 1-dən gec olmayaraq, növbəti tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək kontingentin sayını müəyyənləşdirsin və bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq məlumat təqdim etsin.
3.2.gənc mütəxəssislərin dövlət sifarişinə uyğun real tələbat olan ümumi təhsil müəssisələrinə göndərilməsi, onlardan səmərəli istifadə edilməsi və tələbatın ödənilməsi istiqamətində əməli tədbirlər görsün.
4. Bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin dövlət büdcəsinin «Yerli xərclər»inin «Təhsil xərcləri» bölməsinin müvafiq xərc yarımmaddələri hesabına ödənilməsi təmin edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında» 2004-cü il 22 iyun tarixli, 85 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №6, maddə 500; 2006-cı il, №4, maddə 376) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında» 2004-cü il 22 iyun tarixli, 85 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə» 2006-cı il 17 aprel tarixli, 107 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 376) qüvvədən düşmüş hesab edilsin.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  
          
 A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 14 aprel
  2010-cu il
№ 67

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.