16.12.2015

Stasionar şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI




"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Stasionar şəraitdə təhsilin təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
 


Bakı şəhəri, 29 may 2002-ci il 
№ 88

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 29 may tarixli, 88 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Stasionar şəraitdə təhsilin təşkili
QAYDALARI

1. Stasionar şəraitdə təhsilin təşkili Qaydaları "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq stasionar müalicədə olan sağlamlıq imkanları məhdud şəxslərin ümum-təhsil tədris proqramlarına uyğun təhsili ilə əlaqədar məsələləri tənzimləyir.
2. Sağlamlıq imkanları məhdud şəxslər stasionar tibb müəssisələrində uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarkən, Təhsil Nazirliyi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir.
3. Stasionar tibb müəssisəsində təlim-tərbiyənin təşkili və ona rəhbərlik stasionar tibb müəssisəsinin yaxınlığında yerləşən ümumtəhsil məktəbi tərəfindən həyata keçirilir.
4. Stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar. Bu zaman onların əməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə uyğun olaraq ümumi təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödənilir.[1]
5. Ümumi metodik rəhbərlik və stasionar tibb müəssisəsində sağlamlıq imkanları məhdud şəxslərlə keçirilən dərslərə nəzarət yerli təhsil orqanları tərəfindən həyata keçirilir.
6. Sağlamlıq imkanları məhdud şəxslərin təlimi ümumtəhsil məktəbinin sadələşdirilmiş proqramı əsasında təsdiq edilmiş xüsusi tədris planı üzrə aparılır.
7. Sağlamlıq imkanları məhdud şəxslərlə təlim işi qrup və ya fərdi formada aparılır. Qrupla məşğələ eyni sinifdən olan 4-15 nəfər sağlamlıq imkanları məhdud şəxs olduqda aparılır.
Müalicə aparılan şöbədə 4-dən 15-ə qədər I-IV sinif şagirdləri olarsa, sinif-komplekt təşkil edilir.
V-XI sinif şagirdləri üçün qrupla məşğələ iki sinifin birləşdirilməsi yolu ilə aparılır (V- VI, VI-VII, VII-VIII, VIII-IX, IX-X, X-XI).
8. Stasionar müalicədə olan sağlamlıq imkanları məhdud şəxslərlə məşğələlərin başlanılması vaxtını və təlimin təşkili formasını xəstənin səhhətindən asılı olaraq baş həkim müalicə həkiminin təklifi əsasında müəyyən edir. Bu barədə xəstəlik tarixində qeyd aparılır.
9. Müəllimlər təlim-tərbiyə işini sağlamlıq imkanları məhdud şəxslərin vəziyyətini nəzərə alaraq baş həkimlə razılaşdırılmış cədvəl üzrə qurur. Hər bir sağlamlıq imkanları məhdud şəxsin gündəlik dərs yükü I-IV siniflərdə 2, V-IX siniflərdə 3, X-XI siniflərdə 3,5 saatı aşmamalıdır.
10. Stasionar tibb müəssisəsinin baş həkimi tədris işinin təşkili üçün lazımi şərait yaradır və məşğələlərin vaxtını təyin edir.
Stasionar tibb müəssisələrində müalicə alan sağlamlıq imkanları məhdud şəxslərlə aparılan həftəlik məşğələlərə ayrılan saatların miqdarı aşağıdakı kimidir:

Siniflər
Fərdi məşğələlər (saat)
Qrup məşğələləri (saat)
I-III
3
12
IV
4
12
V
4
18
VI-VII
5
18
VIII
5
18
IX
6
18
X-XI
6
21

11. Stasionar tibb müəssisələrində sağlamlıq imkanları məhdud şəxslər onların gündəliyinə və təhsil aldıqları məktəbin arayışına əsasən müvafiq sinif proqramlarına uyğun dərslərə cəlb edilirlər.
12. Sağlamlıq imkanları məhdud şəxslərlə aparılan məşğələlərin qeydiyyatı üçün sinif jurnalı ayrılır. Bu jurnalda dərsi aparan müəllim stasionar tibb müəssisəsinə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında məlumatları qeyd edir: soyadı, adı, atasının adı, doğulduğu il, məktəbin nömrəsi, sinifi, stasionar tibb müəssisəsinə daxil olduğu tarix, məşğələlərin başlanması və qurtarması, aparılan saatların miqdarı.
Sağlamlıq imkanları məhdud şəxslərin biliyinin qiymətləndirilməsi və keçilmiş mövzular sinif jurnalında qeyd edilir.
Stasionar tibb müəssisəsindən evə yazılandan sonra sağlamlıq imkanları məhdud şəxslərin haqqında yuxarıda göstərilən məlumatlar bu müəssisənin təlim-tərbiyə işini bilavasitə təşkil edən ümumtəhsil məktəbinə göndərilir.
13. Sağlamlıq imkanları məhdud şəxslər stasionar tibb müəssisəsində dərs ləvazimatları ilə tam dövlət təminatındadırlar.
14. Stasionar tibb müəssisəsindən evə yazılarkən sağlamlıq imkanları məhdud şəxslərə hər bir fənn üzrə cari və rüblük qiymətlər olan arayış verilir. Bu arayış stasionar tibb müəssisəsində təlim-tərbiyə işini təşkil edən ümumtəhsil məktəbinin direktorunun və baş həkimin imzaları və möhürləri ilə təsdiq edilir.
15. Stasionar tibb müəssisəsində təhsil alan sağlamlıq imkanları məhdud şəxslərdən ibarət kontingentin qeydiyyatı onların stasionar tibb müəssisəsinə qədərki təhsil aldıqları məktəblərin statistik hesabatında aparılır.
16. Sağlamlıq imkanları məhdud şəxslərin sonrakı təhsili, sinifdən-sinfə keçirilməsi, buraxılış imtahanlarından azad olunması psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında həyata keçirilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       10 iyun 2013-cü il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 19 iyun 2013-cü il, № 131)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI




0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.