08.12.2015

MÖHKƏM ÜNSİYYƏT VACİB ŞƏRTDİR

Təhsil sistemində müəllim-valideyn münasibətləri haqqında 
Müasir dövrdə məktəb qarşısında duran əsas vəzifə hərtərəfli inkişaf etmiş şəxsiyyət, humanist insan tərbiyə etməkdən ibarətdir. Müstəqil həyata yola saldığımız hər bir gəncin tərbiyəsi qayğısına qalmalı, onlarda ən gözəl insani keyfiyyətləri formalaşdırmağa çalışmalıyıq. Bütün bu vəzifələri yerinə yetirmək üçün hamımız ölkəmizdə təhsil islahatının həyata keçirilməsində fəal iştirak etməliyik. Konstitusiyamızın ailə ilə bağlı olan 34-cü maddəsində qeyd olunur: ...Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. Məktəbdə təlim-tərbiyə prosesində sinif rəhbəri önəmli rol oynayır. O, valideynlərlə möhkəm əlaqə yaratmaq, şagirdlərin təlim-tərbiyəsi işində onların köməyindən istifadə etmək, onlara pedaqoji-psixoloji məsləhətlər vermək, şagirdlərin ev tapşırıqlarını tənzimləmək kimi vəzifələri yerinə yetirir. Valideyn- uşağın ilk müəllimi və psixologudur. Onun əsas vəzifələrindən biri övladlarının məktəbdə tərbiyə və təhsil almalarına qayğı göstərmək və ya ailədə dövlət standartları səviyyəsində təhsil almalarını təmin etmək, uşaqların fiziki və psixoloji sağlamlığına, istedad və qabiliyyətlərinin inkişafı qayğısına qalmaq, xalqın milli-mənəvi dəyərlərinə, ənənələrinə, qanunlarına, insan hüquqlarına hörmət hissi tərbiyə etməkdir. Dövlət valideynlərə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərir, onların hüquqlarını müdafiə edir. Bununla yanaşı, məktəb öz övladlarının icbari təhsili qayğısına qalmayan valideynlər haqqında dövlət orqanları qarşısında məsələ qaldırır. Müasir dövrdə biz-müəllim və valideynlər təlim-tərbiyə işinin təşkilinə birgə yanaşmalı, məktəbin ictimai həyatında, gündəlik dərs məşğələlərində tez-tez, yaxından iştirak etməliyik. Yaşadığımız XXI əsrdə informasiya axını çoxalıb, kompüter texnologiyaları həyatımıza geniş nüfuz edib. Hətta məktəbə getməmiş bağça uşaqları da mobil telefondan, kompüterdən, televizordan istifadə edirlər. Artıq demokratik, hüquqi, dünyəvi bir respublikada yaşayırıq. Şagirdlərə bunları qadağan edə bilmərik. Lakin həm sinif rəhbəri, həm də valideynlər uşaqlara bu informasiya vasitələrinin əhəmiyyətli və zərərli cəhətlərini izah etməyə çalışmalıdırlar. Yəni, bütün bu vasitələr elektromaqnit dalğaları ilə işləyir. Elektrik və maqnit sahələrinin insan bədəninə zərəri haqqında hamımızda müəyyən qədər məlumatlar var. Gün ərzində 1-1,5 saatdan artıq bu vasitələrdən istifadə etmək sağlamlığa ziyandır. Sinif rəhbəri və valideynlər arasında əlaqələr elə yüksək səviyyədə qurulmalıdır ki, bu əlaqələr uşaqlarda Azərbaycan xalqının istədiyi yüksək əxlaqi keyfiyyətlərin formalaşmasına kömək etsin. Nəticə yönümlü kurikulumların tətbiqinə başlandığı bu dövrdə şagirdlərin təlim-tərbiyə prosesinin müvəffəqiyyətlə başa çatmasında ev tapışırıqları əsas yer tutur. Yeni təhsil proqramlarında bütün fənlər üzrə valideynlər üçün yeni söz və ifadələrdən istifadə olunur. Əgər sinif rəhbəri, fənn müəllimləri və valideynlər arasında müntəzəm əlaqə olarsa, dərs məşğələlərində iştirak edərlərsə, hərtərəfli məlumatlı olacaqlar. Əsas yeni anlayışları diqqətinizə yetiririk: -Məzmun standartları, motivasiya, inteqrasiya. -Ev tapşırıqlarının həcmi və yerinə yetirməsi qaydaları. -Açar sözlər, resurslar, layihə, araşdırma. -Şagirdlərin təlim nəticələrinin qiymətləndirmə üsul və vasitələri, şagirdlərin təqdimat vərəqləri və s. Məktəb, müəllim və valideynlər arasında qurulacaq yüksək, hərtərəfli əlaqələr bütün bu anlayışların düzgün izah olunub başa düşməsində, şagirdlərin gələcəkdə təhsillərinin müvəffəqiyyətlə davam etdirilməsində, müxtəlif peşələrə yiyələnməsində, hərbi vətənpərvərlik ruhunda tərbiyələnməsində əsas rol oynayır.
Əlvan MUSTAFAYEV, Balaqusar kənd orta məktəbinin fizika müəllimi, sinif rəhbəri

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.