26.08.2015

İŞ VAXTI
1. İş vaxtının anlayışı və növləri

İnsan hansı fəaliyyət növü ilə məşğul olmasından, sahibkarlıqla, muzdlu əməklə və ya həyətyanı sahəsində fərdi əməklə məşğul olmasından asılı olmayaraq əmək sərf edir. İctimai faydalı əməklə məşğul olmaq bütün dövrlərdə insanların əbədi həyat şərtidir. Əmək fəaliyyətinin bütün növləri üçün sərf olunmuş əməyin ümumi ölçüsü kimi iş vaxtı çıxış edir. İş vaxtının hüquqi tənzimlənməsi hər bir halda mümkün olmur. Məsələn, fərdi sahibkar özü müəyyən edir ki, nəqədər işləməli və ya istirahət etməlidir. Şairlər, yazıçılar və bu qəbildən olan yaradıcı insanların işinin qrafikləşdirilməsi mənasız bir şeydir. Lakin iş əmək müqaviləsi üzrə yerinə yetirilərkən məsələ başqacürdür. Burada normativ tənzimləmə mütləqdir. Çünki bu müqavilənin tərtib edilməsi və bağlanması özündə xüsusi məqsədlər ehtiva edir. Burada bir məqsəd zəruri əmək ölçüsünü müəyyən etmək, digər məqsəd isə onun müddətini məhdudlaşdırmaqla işçinin istirahət etməsi və sərf olunmuş qüvvəni bərpa etməsi üçün istirahət vaxtını təmin etmək.
İş vaxtı elə bir kateqoriyadır ki, o, müxtəlif elmlər – hüquq, sosiologiya, iqtisadiyyat və s. Tərəfindən öyrənilir. İqtisadi aspektə görə iş vaxtı iki hissədən – məhsuldar iş vaxtından və işdə fasilələrdən ibarətdir. Hüquqi aspektə görə iş vaxtı işçinin müəssisədaxili intizam qaydalarına görə əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyasını yerinə yetirdiyi vaxtdır. Beynəxalq Əmək Təşkilatının 1930-cu ildə qəbul etdiyi 30 nömrəli konvensiyaya görə iş vaxtı dedikdə zəhmətkeşin işəgötürənin sərəncamında olduğu dövr başa düşülür. Hazırda ölkəmizdə qüvvədə olan Əmək Məcəlləsində isə iş vaxtının leqal anlayışı verilməmişdir.
Əmək hüququ üzrə ədəbiyyatlarda müddətinə görə iş vaxtı a) tam işvaxtı;             b) qısaldılmış iş vaxtı; c) natamam iş vaxtı kimi təsnifləşdirilir.
Qüvvədə olan Əmək Məcəlləmizin 89- cu maddəsinə görə tam iş vaxtı — müddəti Əmək Məcəlləsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Həftəlik iş vaxtı bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.  Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Əmək Məcəlləsinin 91 – ci maddəsində isə qısaldılmış iş vaxtının anlayışı və şərtləri təsbit edilmişdir. Bu maddənin göstərişinə görə işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.
Natamam iş vaxtının anlayışı və şərtləri isə qüvvədə olan Əmək Məcəlləsinin 94 – cü maddəsində göstərilmişdir. Burada qeyd edilir ki, Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələriilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.





0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.