. Kollektiv əmək mübahisələri
Kollektiv əmək mübahisələrinin həlli qaydaları Əmək
Məcəlləsinin 40- 43 – cü fəsillərinin normaları ilə nəzərdə tutulmuşdur. Kollektiv
əmək mübahisələrinin həllinin Əmək Məcəlləsi ilə müəyyən edilmiş üsulları və
qaydası, habelə kollektiv əmək mübahisələrinin həlli üsulu kimi tətillərin həyata
keçirilməsinin hüquqi əsasları bütün işəgötürənlər və onların birlikləri,
müvafiq icra hakimiyyəti orqanları, əmək kollektivləri və həmkarlar ittifaqları
təşkilatları üçün məcburidir(Əmək Məcəlləsinin 259-cu maddəsinin birinci hissəsi).
Dövlət
qulluqçularının kollektiv əmək mübahisələrinin həlli qaydaları Əmək Məclləsi ilə
müəyyən edilmiş normalara uyğun olaraq dövlət qulluğu haqqında müvafiq normativ
hüquqi aktla - qanunla tənzimlənir.
Kollektiv
müqavilə və sazişlərin icra edilməməsi və ya tam həcmdə icra edilməməsi, habelə
digər əmək və sosial məsələlərlə əlaqədar kollektiv tələblər işçilərin və ya həmkarlar
ittifaqları təşkilatının ümumi yığıncağında irəli sürülür. Qərar işçilərin səs
çoxluğu ilə, həmkarlar ittifaqları təşkilatında isə onun nizamnaməsində digər qərarlar
üçün nəzərdə tutulmuş qaydada qəbul olunur. İşçilər kollektiv tələbləri irəli sürməklə bərabər
işəgötürənlə danışıqlarda onların adından iştirak etmək üçün öz səlahiyyətli
nümayəndələrini ayıra bilər və ya danışıqların aparılmasını həmkarlar
ittifaqları təşkilatına həvalə edə bilərlər.
Əmək
Məcəlləsinin 262 - ci maddəsinin 4-cü hissəsinin göstərişinə uyğun olaraq işəgötürənin
iqtisadi imkanlarına uyğun olmayan tələblərə yol verilmir. Tələblər iqtisadi
imkanlarına uyğun olmadıqda işəgötürən bunu auditor rəyinə əsasən sübut etməlidir.
Tələblər iqtisadi imkanlarına uyğun olmadıqda işəgötürən bunu auditor rəyinə əsasən
sübut etməlidir.
İşəgötürən
kollektiv tələblərin ona təqdim edildiyi vaxtdan 5 iş günü müddətində öz qərarını
yazılı formada işçilərə və ya həmkarlar ittifaqları təşkilatına bildirməlidir.
İşəgötürən kollektiv tələblərdən tam və ya qismən imtina etdikdə və ya tələblərə
cavab verilməsini gecikdirdikdə, kollektiv əmək mübahisəsi başlanmış hesab
olunur. İşəgötürən kollektiv əmək mübahisəsinin başlanması haqqında 3 iş günü
müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə məlumat verməlidir.
Kollektiv
sazişlərlə əlaqədar tələblərə 1 ay müddətində baxılır. Kollektiv əmək mübahisələri
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada barışdırıcı üsullardan və tətillərdən
istifadə etməklə həll olunur.
Kollektiv
əmək mübahisəsinin həll edilməsi üçün aşağıdakı barışdırıcı üsullardan istifadə
oluna bilər:
- razılaşdırıcı
komissiyadan;
- vasitəçidən;
- əmək
arbitrajından.
Tərəflər
bu üsullardan birindən və ya hamısından, yaxud mübahisənin daha tez həllinə səbəb
ola biləcək digər üsuldan istifadə edilməsi barədə öz aralarında razılığa gələ
bilərlər. Əldə edilmiş razılıq protokolla rəsmiləşdirilməlidir. İşçilər
kollektiv əmək mübahisəsinin həlli gedişində öz tələblərini müdafiə etmək məqsədi
ilə istehsal prosesinə mane olmadan işdən kənar vaxtlarda iclaslar, yığıncaqlar
keçirmək hüququna malikdirlər.
Tərəflərin
nümayəndələri, razılaşdırıcı komissiya, vasitəçi, əmək arbitrajı kollektiv əmək
mübahisəsinin tez və ədalətlə həlli üçün bütün imkanlardan istifadə etməyə
borcludurlar. Zəruri hallarda kollektiv əmək mübahisəsinin həllinin barışdırıcı
üsullarından istifadə olunması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş müvafiq
müddətlər tərəflərin razılığı ilə uzadıla bilər.
Əgər
tərəflər mübahisənin həllinin dinc üsullarından istifadə edəcəkləri barədə
razılığa gəlmişlərsə, onda bu üsullarla kollektiv əmək mübahisəsinin həllinə
nail olunmadıqda tətilə yol verilir. İşəgötürən mübahisənin barışdırıcı
üsullarla həllini əsassız olaraq uzatdıqda, habelə barışdırıcı üsullarla əldə
edilmiş razılaşmaları yerinə yetirmədikdə əmək kollektivinin, həmkarlar
ittifaqları orqanının birbaşa tətil keçirmək hüququ yaranır. Tətildə iştirak
etmək könüllüdür. Zor tətbiq etməklə və
ya zor tətbiq etmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı
olmasından istifadə etməklə onu tətildə iştirak etməyə və yaxud
iştirakdan imtina etməyə məcbur edən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş
qaydada məsuliyyət daşıyırlar.
Tətil
keçirilməsi haqqında qərar işçilərin yığıncağında (konfransında) və yaxud həmkarlar
ittifaqları təşkilatı (birliyi) tərəfindən Əmək Məcəlləsinin 262-ci maddəsində
müəyyən edilmiş qaydada qəbul edilir. Tətilin başlanmasına ən geci 10 iş günü
qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı işəgötürənə tətil
keçiriləcəyi barədə yazılı məlumat verməlidir.
Kollektiv
əmək mübahisəsinin həllinin istənilən mərhələsində qısamüddətli (bir saata qədər)
xəbərdarlıq tətili keçirilə bilər. Xəbərdarlıq tətili barədə qərar Əmək Məcəlləsinin
262-ci maddəsinin qaydalarına əməl edilməklə qəbul edilir. Tətilə ən geci 3 iş
günü qalmış bu barədə işəgötürənə yazılı məlumat verilməlidir.
Tətilə
ümumi yığıncaq (konfrans) tərəfindən seçilmiş və ya həmkarlar ittifaqları
orqanının qərarı ilə yaradılmış tətil komitəsi başçılıq edir. Tətil komitəsi
işçilərin ümumi yığıncağını (konfransını) çağırmaq, işçilərin marağına toxunan
məsələlər üzrə işəgötürəndən məlumat almaq, münaqişəli məsələlər üzrə rəy
hazırlanması üçün mütəxəssislər cəlb etmək hüququna malikdir. Tətil komitəsinin
tətili müvəqqəti dayandırmaq hüququ vardır. Tətilin yenidən başlanacağı barədə
işəgötürənə 3 iş günündən gec olmayaraq məlumat verilməlidir.
Tətil
komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:
- işəgötürənlə
danışıqları davam etdirir;
- işəgötürənin
və ya onların nümayəndələrinin, habelə tətildən imtina etmiş işçilərin sərbəst
surətdə müəssisəyə (iş yerinə) gəlib-getmələrinə mane olan, bu şəxslərin
sağlamlığına qəsd edən, şərəf və ləyaqətini alçaldan hərəkətlərin müəyyən
edilmiş qaydada qarşısını alır;
- işəgötürənin
nümayəndələri ilə birlikdə müəssisənin əmlakının mühafizəsini təşkil
edir;
- tətil
fondu yaradılmışsa, onun idarəçiliyini həyata keçirir;
- tətil
fondunun vəsaitlərinin xərclənməsi barədə əmək kollektivi və ya həmkarlar
ittifaqları orqanı qarşısında hesabat verir.
Tətil
başa çatdıqda, qanunsuz elan edildikdə, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar
qadağan edildikdə işçilərin ümumi yığıncağının (konfransının) və ya müvafiq həmkarlar
ittifaqları təşkilatının qərarı ilə tətil komitəsinin səlahiyyətlərinə xitam
verilir.
Tətildə
iştirakdan imtina etmiş şəxslərin öz əmək funksiyasını davam etdirmək hüququ
vardır. Bu mümkün olmadıqda, həmin işçilərin əmək haqqı işçinin təqsiri olmadan
məcburi boşdayanma hallarında əmək haqqının ödənilməsi qaydalarına uyğun olaraq
ödənilir.
İşi
davam etdirən işçilərin əmək funksiyasını yerinə yetirmələrinə mane olmadan tətilçilər
iş yerində və ya bilavasitə müəssisənin yaxınlığında sərbəst toplaşaraq
danışıqların gedişini müzakirə etmək, mitinqlər və digər kütləvi tədbirlər
keçirmək hüququna malikdirlər.
İşəgötürən
tətilçilərin tələbini qəbul etdikdə, tərəflər barışıq sazişi bağladıqda və ya
işçilər tətili davam etdirməkdən imtina etdikdə tətil başa çatmış hesab olunur.
Tətil qanunsuz elan edildikdə, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar
qadağan edildikdə dərhal dayandırılmalıdır.
Hərbi
və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası qanunvericiliyinə
uyğun olaraq işçilərin tətil hüququ məhdudlaşdırıla və ya qadağan oluna
bilər. Dövlətin sosial-iqtisadi siyasətinin aparılmasının ümumi prinsiplərinin
razılaşdırılması ilə bağlı hallardan başqa, siyasi məqsədlər güdən tətillərə
yol verilmir.
İnsanların
sağlamlığı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bəzi xidmət sahələrində
(xəstəxana bölməsi, elektrik enerjisi təchizatı, su təchizatı, telefon rabitəsi,
hava və dəmiryol nəqliyyatını idarəetmə xidməti, yanğından mühafizə xidməti) tətillərin
keçirilməsi qadağan edilir. Bu sahələrdə yaranmış kollektiv əmək mübahisəsini tərəflər
barışdırıcı üsullarla həll edə bilmədikdə məcburi arbitraj tətbiq edilir. Məcburi
arbitraj Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən yaradılır və həmin orqan tərəfindən təsdiq edilmiş əsasnamə əsasında
fəaliyyət göstərir. Məcburi arbitrajın tərkibi mübahisə edən tərəflərlə
razılaşdırılmaqla 5 nəfərdən az olmayaraq tək sayda təsdiq edilir. Müvafiq icra
hakimiyyəti orqanı məcburi arbitrajda mübahisəyə tez və qərəzsiz baxılmasını təmin
edir. Məcburi arbitrajın qərarları mübahisədə iştirak edən bütün tərəflər üçün
məcburidir və dərhal icra edilməlidir.
İşəgötürən
tətildə iştirak edən işçilərin tətil dövrü üçün əmək haqqını tam və ya qismən
ödəyə bilər. Əmək haqqının ödənilməsindən imtina mübahisə üçün əsas ola bilməz.
Qanunsuz
elan edilmiş tətili davam etdirən şəxslər işəgötürənə vurulan ziyana görə məhkəmənin
müəyyən etdiyi məbləğdə maddi məsuliyyət daşıyırlar. Digər işəgötürənlər tətilin
maliyyələşdirilməsinə görə işəgötürənə vurulan ziyanın, əldən çıxmış qazanc da
nəzərə alınmaqla tam məbləğində məsuliyyət daşıyırlar. Maddi məsuliyyətlə əlaqədar
işlərə mülki mühakimə icraatının qaydalarına uyğun olaraq baxılır. İşəgötürən
qanunsuz elan edilmiş tətilin davam etdirilməsini təşkil edən işçiləri intizam
məsuliyyətinə cəlb edə bilər.
0 коммент.:
Отправить комментарий