23.11.2015

Metodbirləşmələr.
Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili formaları (məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların işinin məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər işıqlandırılmışdır. Metodik kabinetin əməkdaşları və məktəb rəhbərlərinə kömək məqsədilə metodbirləşmələrin işinin məzmunu və təşkilinin bəzi cəhətlərinə toxunmaq istərdik.
Əsasnaməyə uyğun olaraq, rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və metodbirləşmə rəhbərlərini təlimatlandırmaq, məktəbdə aparılan metodik işin məzmunu, forma və üsullarına dair onların diqqətini pedaqoji texnologiyaların tətbiqinə yönəltməkdir. Ona görə də metodbirləşmələrin hesabatlılıq prinsipi əsasında fəaliyyətini təmin etmək, onlara məsləhətlər vermək, əməli kömək göstərmək, fəaliyyətini tənzimləmək baxımından metodik kabinetlərin əməkdaşları metodbirləşmə rəhbərlərinin yaxın köməkçisinə çevrilməlidir. Hər dərs ilinin əvvəlində metodik kabinetin əməkdaşları yerlərə metodbirləşmələrdə müzakirə edilən məsələlərə dair istiqamətverici tövsiyələr hazırlayıb göndərməli və onların işinin planlaşdırılmasında yaxından iştirak etməlidirlər.
Metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını  artırmaqda, təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini yüksəltməkdə,  yeni pedaqoji texnologiyaları və təlimin  müasir metodlarını praktik işdə tətbiq etməkdə  kömək göstərməkdir.
Məktəbdə metodbirləşmələrin işi necə təşkil olunmalıdır? Bu suala cavab vermək o halda mümkündür ki, metodik kabinetlərdə hər bir təhsil müəssisəsinin hazırda hansı təlim-tərbiyə vəzifələrini həll etdiyi, hansı problem üzərində işlədiyi, qarşıda duran problemlərin hansı qüvvə və bacarıqla həll edildiyi barədə dəqiq məlumat olsun. Müşahidələr göstərir ki, son illərdə dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması, yeni pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi sahəsində metodbirləşmələrdə məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda metodik kabinetlər bu təcrübədən vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını, nəzəri və metodik hazırlığını, onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir. Müəllimin dərsini müşahidə etmək, müxtəlif tədbirlərdə məruzə və mühazirələrini dinləmək, gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar.
Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli müəllimlərin "açıq dərs"lərinin təşkili, əyani və didaktik materialların hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil Nazirliyinin və yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı  metodik tövsiyə və göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı metodbirləşmələrin əsas fəaliyyət sənədidir. Ona görə də metodbirləşmələrin işini planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri, planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret kömək göstərmək zərurətindən irəli gələn tələbləri və rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetlərinin tövsiyələrini nəzərə almaq lazımdır. Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin əvvəlində fəaliyyət planı ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə göndərir. Metodbirləşmələrin iş planı onlardan istifadə edilərək tərtib olunur.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin və qabaqcıl məktəblərin iş təcrübəsi əsasında metodbirləşmələrin illik iş planının aşağıdakı formada tərtib edilməsi tövsiyə olunur:
  • metodbirləşmələrin tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi; metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr;
  • tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər;
  • metodbirləşmə iclaslarında müzakirə ediləcək məsələlər, məruzə mövzuları, tematik planlaşdırmalar, "açıq dərs"lər və dərslərdə qarşılıqlı iştirak, onların keçirilməsi və müzakirəsi üzrə metodik işləmələr qrafiki;
  • pedaqoji mühazirə üçün məruzələrin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin planlaşdırılması;
  • fənlərin tədrisi vəziyyəti və şagirdlərin bilik səviyyəsinin monitorinqi;
  • gənc müəllimlərlə işdə hamilik, stajkeçmə;
  • əyani vəsait və didaktik materialların hazırlanması;
  • normativ sənədlərin öyrənilməsi;
  • yaradıcı, novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
  • şəxsi təhsilini artırmaq üzrə müəllimlərin hesabatı.

0 коммент.:

Отправить комментарий

Həmkara Dəstək. Технологии Blogger.